Qarabağa gələn fransız tarixçidən İNANILMAZ ETİRAFLAR: Bu, çox təsirli faktdır, ermənilər... (ÖZƏL)
Bizi izləyin

Xüsusi

Qarabağa gələn fransız tarixçidən İNANILMAZ ETİRAFLAR: Bu, çox təsirli faktdır, ermənilər... (ÖZƏL)

"Ermənistan 30 il ərzində işğal etdiyi torpaqları məhv etməkdən başqa heç bir iş görməyib".

Publika.az-a bu sözləri özəl müsahibəsində bir neçə həftə öncə Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə səfər edən tanınmış fransız tarixçi, jurnalist Alen Roumestand deyib. O, sözlərinə belə başlayıb:

- Təxminən bir il öncə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin hücumu ilə cəbhədə toqquşmalar baş verdi. Hər şey buradan başladı. Müharibə nəticəsində minlərlə insan öldü. Bu da kədərli məqamdır. Lakin bir müddət sonra Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli saziş imzalandı. Nəhayət, rus sülhməramləlarının da yollandığı Qarabağ azad olundu. BMT-nin qətnamələrinə məhəl qoymayan Ermənistan 30 il sonra Azərbaycanın tarixi ərazisindən çıxdı. Düşünürəm ki, bununla da beynəlxalq hüquq bərqərar oldu.

- Lakin razılaşaq ki, fransız mətbuatı daha çox ermənipərəst məqalələr yayımladı...

- Təəssüf edirəm ki, Fransa mətbuatı bu münaqişənin iç üzünü göstərmədən, tarixi faktlara əsaslanmadan kobud səhvlərlə dolu dayaz informasiya yaydı. Məncə, belə önəmli məsələlərə obyektiv baxmaq, qərəzsiz məlumat verməyə məcburuq.

- Amma sizin kimi qərəzsiz dürüst fransızlar da az deyil. Cənab Roumestand, Azərbaycana səfəriniz zamanı ilk təəssüratlarınız necə oldu?

- Heydər Əliyev adına Hava limanına enən kimi "Qarabağ Azərbaycandır" yazısı ilə qarşılaşırsan. Bilirəm ki, bu şüarın Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyəri var. Paytaxt Bakını gəzirəm. Ətrafımda pravoslav kilsəsi, sinaqoqlar, xüsusilə qeyd etməliyəm ki, erməni kilsəsi məscidlər kimi eyni həssaslıq və sayğı ilə qorunur. Alov Qüllələri deyilən binanın ən hündür nöqtəsində durub, şəhəri seyr edirəm. Mənzərə o qədər gözəl və sakitdir ki, sanki ölkə yenicə müharibədən çıxmayıb. Əslində isə Azərbaycan 30 il öncə Ermənistanın işğal etdiyi tarixi torpaqlarını geri qaytarıb. Bu 44 günlük müharibənin xalqınızın yaddaşından silinməyəcəyinə əminəm.

- Və Qarabağ səyahəti...

- Doğrusu, Qarabağa gedən yollarda müharibənin fəsadlarını hiss etdim. Dağıdılmış ərazilər, kəndlər, şəhərlər məndə çox kədərli təəssürat oyatdı. Bununla yanaşı, yenidən qurma işləri, salınan səliqəli yollar, müasir layihələr üzərində yaradılacaq şəhərlərin 30 il sonra Qarabağa can verəcəyinə inanıram. 30 il öncə doğma torpağından məcburi köçürülən minlərlə insan artıq qalib vətəndaş kimi evlərinə geri dönəcəklər.

- Yəqin minalanmış ərazilərimizi də gördünüz...

- Bütün məntəqələrdə işğaldan azad edilmiş ərazilərin adları yazılıb. Minalı ərazilərdə isə beynəlxalq təşkilatların xəbərdarlıq stendləri asılıb. Təəssüf ki, bu minalanmış ərazidə vəzifə borcunu yerinə yetirərkən iki jurnalistin şəhid olduğunu da öyrəndim. Qarşı tərəf hələ də gizlədilmiş minaların tam xəritəsini verməkdən imtina edir. Bu isə həm təhlükə, həm də mina axtaranlar üçün həyat riski deməkdir.

- Şuşa səfərinin xüsusilə unudulmaz olduğunu təxmin edirəm...

- İşğal dövründə tamamilə dağıdılmış Füzulidən sonra Şuşaya yollandıq. Şuşa həqiqətən də, Azərbaycanın döyünən ürəyi, mədəniyyət mərkəzidir. Şəhərə ayaq basan kimi bərpa işlərinin sürətlə davam etdiyinin şahidi oldum. Azərbaycanın onlarla tanınmış şəxsləri məhz Şuşada doğulublar. Xurşidbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəyovun büstlərini gördüm. Bulaq suyu içdim. Küçə boyu qayğısız oynayan uşaqlar çox xoşbəxt görünürdülər. Burada artıq market, qonaq evi, otel, mənzillər, bir sözlə, yaşayış üçün hər cür şərait yaradılıb. Bu da məni çox sevindirdi. Doğrudur, müharibənin izləri hələ sovuşmayıb, amma hadisələrin müsbətə doğru dəyişəcəyini hiss edirəm. Xarici işlər naziriniz Ceyhun Bayramovun da əcnəbi diplomatlarla görüşü, Şuşaya səfərlər buna sübutdur. Bilirəm ki, Cıdır düzü, Azərbaycan əsgərlərinin Şuşanın azad edərkən qalxdığı dağlar xalqınızın qürur mənbəyi, həmçinin qələbənin simvoludur. Şuşada görünən Xankəndi şəhəri isə xüsusilə diqqətimi çəkdi. Ermənilər bu şəhəri Dağlıq Qarabağın paytaxtı Stepanakert adlandırsalar da, nə beynəlxalq hüquq, nə də elə Ermənistan dövlətində belə bir qanuni sənədə rast gəlmədim.

- Fransada yaşayıb fəaliyyət göstərən soydaşımız Mirvari Fətəliyevanın ən doğma kəndinə qayıdışına da şahidlik etdiniz? Nə hisslər keçirdiniz?

- Doğrudur. Səfər zamanı 2010-cu ildən Fransa vətəndaşı olan Mirvari Fətəliyeva da bizimlə idi. 28 il sonra işğal zamanı tərk etdiyi doğma Qubadlı rayonuna - Xanlıq kəndinə geri dönürdü. Həmin vaxt uşaq olsa da, hər şey yaddaşında bəlkə də ən canlı xatirə kimi qalıb. Amma təəssüf ki, minlərlə Qarabağlı kimi Mirvari də nə evini, nə də evinə aparan yolları yerində tapa bildi. İşğal zamanı xarabalığa dönmüş ərazilərə baxıb ikiqat kədərləndi. Doğrudur, heç vaxt silinməyən doğma evini tapdı. Amma hər şey dağıdılmış, məhv edilmişdi. Onun bu çarəsiz, bir yandan da ümidli axtarışları, sevincə qarışmış kədəri məni çox duyğulandırdı. Böyüdüyü həyət, uşaqkən kitab oxumaq üçün budaqlarına dırmaşdığı ağacı görüb çox sevindi. İki il öncə dünyasını dəyişən atasının məzarına aparmaq üçün torpaq götürdü. Təəssüf ki, Mirvarinin atası öz doğma kəndini görmədən dünyasını dəyişib.

Onunla söhbət zamanı öyrəndim ki, ailələrindən Qarabağ uğrunda döyüşüb, şəhid olanlar da var. Amma Mirvari də digər qarabağlılar kimi, keçmişə deyil, gələcəyə baxmaq, azad torpağında sülhün bərqərar olmasını istəyir.

- Doğrudur. Bu, hamımızın arzusudur. Başqa hansı rayonlarımızda oldunuz?

- Zəngilan və Cəbrayılda da olduq. Şuşadan sonra mənzərə birdən dəyişməyə başladı. Təəssüf ki, ermənilər buranı da səhraya döndəriblər. Bizi müşayiət edən avtomobillə hərbi hissənin qarşısına gəldik. İsti qarşılandıq. Çay və meyvəyə qonaq olduq. Təsəvvür edirsiniz, burada hamı Tokio Olimpiya Oyunları izləyirdi?! Özü də azərbaycanlı boksçu qələbə qazanıb, növbəti mərhələyə keçirdi. Düşünürəm ki, bu da qələbənizin növbəti simvolu idi.

- Xalqımızın həqiqətən sülhsevər, tolerant olduğuna canlı şahidlik etdiniz. Elə deyil?

- Ümumiyyətlə, həm tanıdığım, həm də son səfərində tanımaq imkanı qazandığım azərbaycanlıların bir istəyi var - Qarabağda sülh içəində yaşamaq, bu əraziləri minalardan təmizləyib yenidən gözəlləşdirmək. Əminəm ki, Azərbaycan ərazisində yaşayacaq ermənilər də konstitusiyanızın bütün hüquqlarına sahib olacaqlar. Azərbaycanlıların da yeganə istəyi sülhdür. Bu, çox aydın görünür. İstər siyasətçiniz, istərsə də sadə vətəndaşınız bu faktı təsdiqləyir. Baxmayaraq ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsi dövründə ermənilər bu ərazidə minlərlə mina gizlədib, işğaldan azad edilmiş ərazilərdə normal həyata dönmək çox vaxt aparacaq, siz yenə də sülh içərisində yaşamaq istəyirsiniz. Çünki bildiyim qədər hələ sovet dövründə Azərbaycanda on minlərlə erməni rahat yaşayıb. Marağımı çəkən digər məsələ də o oldu ki, məcburi köçkün və digər ərazilərinizdən olan insanlar məmnuniyyətlə Qarabağa dönüb məskunlaşmağı arzulayırlar. 30 ol öncə Şuşada məcburi köçkün düşənlər arasında artıq yaşlanmışlar var. Mənə dedilər ki, onların bir neçəsi doğma şəhərlərinə geri dönəndən sonra vəfat ediblər. Bununla da ən böyük arzularını yerinə yetiriblər. Düşünürəm ki, bu, çox təsirli faktdır. Diaspor Komitəsinin rəhbəri Fuad Muradovla söhbət zamanı o da süıhpərvərliyinizi təsdiqlədi. Hətta atasının fransızca danışdığını, Fransanı sevdiyini bildirdi. Düşünürəm ki, Muradov Diaspor sahəsində həqiqi peşəkardır.

Ümumiyyətlə, Azərbaycan dünyəvi, eyni zamanda öz ənənələrinə sadiq ölkədir. Həm müxtəlif millətlərə, həm də əcnəbi investorlara qapısı hər zaman açıqdır. Təəssüf ki, Ermənistan Azərbaycanla Fransa arasında münasibətə mənfi təsir göstərir. Bir yandan da 30 il ərzində işğal etdiyi torpaqları məhv etməkdən başqa heç bir iş görməyib.

Leyla Sarabi,

Foto: Rüfət Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm