Xüsusi
Qarabağda ekoloji terrorun izlərini silmək üçün hansı işlər görülür? - DETALLAR
6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi;
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, işğaldan azad olunan torpaqlarımıza ermənilərin vurduğu ekoloji terrorun hesablanması uzun prosesdir və bu istiqamətdə ciddi işlər aparılır.
Millət vəkilinin Publika.az-a müsahibəsini təqdim edirik:
- 2021-ci ildə ekologiyanın çirklənməsinin qarşısının alınması sahəsində ölkəmizdə hansı işlər həyata keçirildi? Mövcud ekoloji vəziyyəti necə qiymətləndirirsiniz?
- Ekoloji çirklənmə bütün dünyanın problemidir, dövrün acı reallığıdır. Son 200 ildə xüsusilə texnologiyaların və iqtisadiyyatın inkişafı ilə əlaqədar bu proses sürətlənib. Bu inkişaf ətraf mühitin çirklənməsinin artmasına gətirib çıxarır. Odur ki, ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferin çirklənməsinin qarşısının alınması tək Azərbaycan üçün deyil, ümumbəşəri prosesə çevrilib. Demoqrafik artımı da üzərinə gəlsək, hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin olmaz. Sözsüz ki, hər bir dövlətin ekoloji siyasəti var, o cümlədən də Azərbaycanın bu sahədə apardığı konkret strategiyası mövcuddur.
Həm istəyirik ki, yaxşı yaşayaq, həm də daha çox məhsul istehsal edək. Amma istehsal məhsulları ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Bu zərəri azaltmağın yolları da var. Bunun üçün dünya ölkələri birləşməlidir. Məsələ ondadır ki, bu çirkləndirmələr sonda atmosfer havasının pisləşməsinə gətirib çıxarır. Son 100 ildə orta hesabla 0,8 dərəcəyə yaxın istiləşmə qeydə alınıb.
Problemlər çoxdur, daşqınlar, sellər yaranır, bir tərəfdən də quraqlıq əmələ gəlir. Bu templə davam etsək, növbəti 100 il ərzində atmosfer havasının temperaturu 2-4 faizə qədər yüksələ bilər. Bunun qarşısını almaq üçün Azərbaycan öz qanunvericiliyində mühüm dəyişikliklər edəcək. Təkcə yaz sessiyası dövründə bu sahədə 2 əsas qanun qəbul etdik. Birincisi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun idi. Çalışırıq ki, bu gün dünyada prioritet olan istiqamətləri ölkəmizdə tətbiq edək. İkinci qanun layihəsi enerji mənbələrindən səmərəli istifadə ilə bağlıdır.
Yeni qanun layihələrinin əhəmiyyəti odur ki, Azərbaycan özünün ekologiyasına yaxşı bucaqdan baxmaqla yanaşı, dünya ekologiyasına da öz töhfəsini vermək əzmindədir və bu proses gedir. Dünyanın bir çox şirkətləri ilə bərpa olunan enerji mənbələrindən istifadə haqqında müqavilələr imzalanır. Şirkətlər özləri də Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir.
- Sadiq bəy, Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsi son ayların aktual problemlərindən biridir. Bu ekoloji fəlakətin qarşısının alınması istiqamətində atılan addımlardan hansı nəticələr əldə olunub?
- Məlumdur ki, Almaniyanın “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində Ermənistandan başlanğıcını götürən və Azərbaycan ərazisindən keçən Oxçuçay sənaye tullantıları ilə çirkləndirilir. Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları və Avropada yaşayan azərbaycanlılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birbaşa olaraq məktub ünvanlamışdı. Eyni zamanda beynəlxalq təşkilatlara və Almaniya dövlətinə müraciətlər olundu. Bu, bir hüquqi prosedurdur və inanıram ki, müsbət nəticələr əldə ediləcək.
- Ermənilərin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına vaxtı ilə vurduğu ekoloji terrorun miqyasının ölçülməsi hansı səviyyədədir? Azad olunmuş hansı ərazilər kənd təsərrüfatı üçün yararlı hesab oluna bilməz?
- Bu, geniş bir statistikadır, biz oranı tam təftiş edib bitirə bilməmişik. Bu sahədə dövlətin apardığı işlər var, komissiya fəaliyyət göstərir, həm də “Azərkosmos”un peyk imkanlarından istifadə olunur. Hələ ərazini öyrənirlər, ərazilərin bir hissəsi təmizlənib, hətta əkin sahələri də var. İşğaldan dərhal sonra ağacəkmə kampaniyalarına da başlamışdıq. Bütövlükdə ermənilər oranı elə vəziyyətə salıb ki, yenidən bərpa olunmalı işlər çoxdur.
İşğal dövründə Azərbaycan dəfələrlə məsələ qaldırmışdı, bu günə də qədər dünyanı erməni vandalizminin izləri ilə tanış etməyə çalışır. Sərsəng su anbarı 100 min ha ərazini suvarmaq üçün zamanında tikilib. Bu illər ərzində onlar torpağa su lazım olanda suvarmanın qarşısını almağa çalışıb, lazım olmayanda isə əksinə, su veriblər. Beləliklə torpağı deqradasiyaya uğramağa məcbur ediblər, ağacları yandırıblar. Müharibə dövründə isə fosfor bombası atmaqla torpaqları yandırırdılar. Onların fəsadları tədqiq olunmalıdır, sözsüz ki, vaxt aparan bir prosesdir. Ziyanın xəritəsi tam cızılacaq və təmizləmə işləri həyata keçiriləcək.
Ermənilər meşələrimizi yandırıblar, 2000 yaşı olan tarixi ağacları məhv ediblər. Bunların müəyyən statistikası var və yenə davam etdirilir. Hər halda Azərbaycanın bugünkü gücü, qüdrəti və o torpaqları cənnətə çevirmək əzmi bütün proseslərin öhdəsindən gələcəyinə bir işarədir.
- Ekoloji təhlükəsizliyi təmin etmək üçün ilk növbədə hansı addımlar atılır? Vəziyyəti sabitləşdirmək üçün regional səviyyədə görülən işlər haqqında nə demək olar?
- Ekoloji təhlükəsizlik - insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir. Bu funksiyanı dövlət boynuna götürür, amma insanlarımız da bu prosesə qoşulmalıdır. İşğaldan azad olunmuş ərazilərdəki vəziyyəti nəzarətə almaqla bütövlükdə flora və faunanın qorunması, eyni zamanda şirin su hövzələrinin qorunması və təbii olaraq bundan istifadənin stimullaşdırılması, yaxud suyun yaxşılaşdırılması - hamısı ekoloji təhlükəsizliyə aid olan məsələlərdir. Sadaladığım bütün sahələr üzrə qanunlar və müvafiq sərəncamlar ekoloji təhlükəsizliyin qorunmasına yönəlib.
Məsələn, birinci xanım Mehriban Əliyevanın başlatdığı “Hərəyə bir ağac əkək” kampaniyası, “Təmiz Şəhər” ASC-nin yaradılması, İDEA İctimai Birliyi tərəfindən görülən işlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyasəti, həmçinin yeni texnologiyaların tətbiqi suvarma sistemlərinin təhlükəsizlik strategiyasına aiddir.
- Cəmiyyət olaraq vətəndaşlar ekoloji problemlərin qarşısının alınmasında nə qədər duyarlı və aktivdir?
- Bu, yaralı yerimizdir, proses çox zəifdir. Bəlkə də bu, maarifləndirmədən asılıdır. Ətraf mühitin qorunması və ekoloji təmizlik məsələsində problemlərimiz var. Keçən il ərzində sellofan torbaların və birdəfəlik qabların qadağan olunması haqqında layihə hazırlandı. Çünki bunların heç biri təkrar emala getmir, 800-1200 il ərzində çürüməyən maddələrdən hazırlanır. Sözsüz ki, bu məhsulların istehsaldan çıxması birbaşa vətəndaşlardan asılıdır. Amma yenə də hansısa formada satılır. Hansı marketə girsəniz, bu torbalardan görəcəksiniz. Bəlkə də nəzarətin zəif olmasından irəli gəlir.
Maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Adicə bir siqaret kötüyü bir neçə kvadratmetr ərazini zəhərləyir. Meşə yanğınlarında da vətəndaşlarımız az məsuliyyət daşımır. Meşədə hər hansı bir şüşə qırığı qalır və günəş şüasından meşə alovlana bilər. Bunları zəif halqamız kimi qəbul etmək olar. Hesab edirəm ki, təbliğatımızın zəif olmasının rolu az deyil. Cizgi filmlərində belə bunun təbliğatını aparmalıyıq, ekoloji mədəniyyətin formalaşması üçün mühit yaratmalıyıq.
- Tullantıların idarə olunma səviyyəsi və utilizasiyası qənaətbəxşdirmi?
- Ümumiyyətlə, bu, bütün dünyada qənaətbəxş deyil. Amma ümidimizi üzməməliyik, bu sahədə də işlər gedir. Rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, Bakı şəhərində 1,5 milyon tona yaxın istehsal və məişət tullantıları yaranır. Bunun da təqribən 20-25 faizi təkrar emal olunur.
Bakıdakı Balaxanı zavodunda həm tullantılar yandırılır, həm də çeşidləmə zavodları fəaliyyət göstərir. Çox sevindirici haldır ki, bu sahədə tullantı zavodlarımız yeni texnologiyaların tətbiqi ilə qurulur və tullantıların yandırılmasından enerji istehsal etmək mümkündür. Filterlərdən keçəndən sonra tullantılar yananda tüstülər əmələ gəlir, bu da çöküntü yaradır. Onu da poliqonda neytrallaşdırırlar.
Qeyd edim ki, Amerika Birləşmiş ştatlarında tullantıların təkrar emalı 30 faizdir, 14 faizi yandırılır. Avropada isə 30-40 faizi yandırılır.
- Ekoloji təmizliyə görə, Azərbaycan dünya ölkələri arasında neçənci yerdə dayanır? Ümumiyyətlə, belə bir statistika varmı?
- Belə bir statistika ilə tanış deyiləm, bəlkə də hansısa qeyri-hökumət təşkilatları bu barədə araşdırma aparıb. Onu deyə bilərəm ki, zəhərli qazların atmosferə buraxılması üzrə 28 faizlə Çin dünyada birinci yeri tutur. ABŞ 7 faizlə ikinci yerdə dayanır, daha sonra 5 faizlə Rusiya gəlir. Dördüncü yerdə isə 3 faizlə Yaponiya qərarlaşıb.
Azərbaycanda atmosferə olan zəhərli tullantıların statistikası isə 0,15 faizdir.
Aytən Məftun
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO