• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Putindən Paşinyana TƏRS ŞİLLƏ: Rusiya erməniləri Qarabağda necə tələyə saldı? - DETALLAR/VİDEO

  • Xüsusi
  • 18 Noyabr 2021 08:00
  • 15 823 Baxış
Putindən Paşinyana TƏRS ŞİLLƏ: Rusiya erməniləri Qarabağda necə tələyə saldı? - DETALLAR/VİDEO

Video əlavə olunub.

xxx

Ermənistanın Azərbaycanla dövlət sərhədindəki təxribatları rəsmi Bakının səbr kasasını daşırdı. Azərbaycan tərəfi 8 noyabrdan bu yana silsilə xarakter alan erməni təxribatlarına sərt şəkildə qarşılıq verdi.

Baş verənlərə Kremlin reaksiyası da maraqlı idi. Ermənistan baş nazirinin “41 kvadratkilometr ərazi itirmişik” ifadəsindən sonra da Moskva ağzına su alıb oturdu. Heç Ermənistanın güvəndiyi KTMT də məsələyə qarışmadı. Bir sözlə, Ermənistan tək qaldı. Azərbaycan isə öz dəmir yumruğunun kölgəsini Ermənistanın başı üzərində saxladı və 8 saatdan sonra İrəvan Bakının gücü qarşısında ağ bayraq qaldırdı.

Bəs bundan sonra nə baş verəcək? İrəvan sərhədlərin demarkasiya və delimitasiyasıyla bağlı Bakı ilə danışıqlar masasına oturacaqmı? Bu toqquşmanın Zəngəzur dəhlizinin açılmasına nə kimi təsiri olacaq? Sərhədlər hansı xəritələr əsasında müəyyənləşəcək?

Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında söylədi ki, Ermənistan hələ də ağıllanmayıb. Onun sözlərinə görə, İrəvan ağıllanana qədər Bakı onunla sərt dillə danışacaq.

- İlqar bəy, dünənki 8 saatlıq toqquşmanın təhrikedici səbəbləri nələr idi? Doğrudanmı diplomatik imkanlar tükənmişdi?

- Əlbəttə, tükənmişdi. Təəssüf ki, Ermənistan tərəfi heç nədən nəticə çıxarmır. Çünki hazırkı Ermənistan rəhbərliyi bəsit və dar düşüncəlidir. O qədər dar düşüncəlidirlər ki, reallıqları dərk etmək istəmirlər. Onlara təkcə Azərbaycan yox, elə Rusiya tərəfindən də dəfələrlə deyilib ki, demarkasiya və delimitasiya məsələlərini həll edin. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da noyabrın 3-də brifinqdə çıxış edərək söylədi ki, gərginliyin yeganə çıxış yolu delimitasiya və demarkasiya proseslərinin başlanmasıdır. Yəni Moskva və Bakı bu fikirləri İrəvana açıq şəkildə çatdırırdı. Bilmirəm, Ermənistana başqa hansı dillə izah olunmalıdır ki, demarkasiya məsələsinə başlasınlar. Ermənilər düşünürdülər ki, öz oyunlarını oynaya, öz gedişlərini edə bilərlər. Ona görə də bəsit və lazımsız addımlar atırdılar. Həmin təxribatlardan birini də bir neçə gün bundan əvvəl törətdilər. Təxminən 60-a yaxın erməni hərbçisi sərhədə göndərilmişdi. Adama deyərlər, sən hansı silahla, hansı imkanlarınla buna gedirsən?! Bu, kifayət qədər uğursuz bir addım idi. Həmin addımın nəticələrinə də kifayət qədər doğru qiymət vermədilər. Ondan sonra Ermənistanda müdafiə naziri dəyişildi.

- Yeri gəlmişkən, Karapetyanın yerinə 35 yaşlı tarix müəllimi Suren Papikyan müdafiə naziri təyin olundu. Yeni nazirin gəlişindən 1 gün sonra daha genişmiqyaslı təxribatlara start verdilər...

- Bəli, biz ümid edirdik ki, yeni nazir bir az başqa cür davranacaq. Çox güman ki, yeni müdafiə naziri də öz sələfinin yolu ilə getməyi qərara aldı. Əslində, nazirlər icraçıdırlar. Bunların hamısı baş nazir Nikol Paşinyanın tapşırıqlarıdır. Hadisələrin gedişi də göstərdi ki, Azərbaycan öz sərhədlərində möhkəm dayanıb. Yəni Azərbaycan öz ərazilərini heç kəsə təhvil vermək niyyətində deyil. Digər tərəfdən, Ermənistanın əbəs yerə etdiyi müraciətlər onu göstərir ki, Rusiya da həmin çağırışlara reaksiya verə bilmir. Yəni Moskva normal reaksiya verməyib. Rusiya dəfələrlə Ermənistana deyib ki, gəlin, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı üçtərəfli komissiya yaradaq. Həmin üçtərəfli komissiya çərçivəsində problemlər danışıqlar yolu ilə aradan qaldırılsın. Çünki xəritələr də bəllidir.

- Söhbət hansı dövrün xəritələrindən gedir? Hansı xəritələr əsas götürüləcək?

- Söhbət 1975-76-cı illərin hərbi topoqrafik xəritələrindən gedir. İşlər də həmin xəritələr üzərində aparılmalıdır. Ermənilər bu çağırışlara da məhəl qoymadılar. Ona görə də Rusiya ermənilərə kömək etmədi.

- Belə görünür ki, Rusiyanın son hadisələrə susması onun razılığının əlaməti idi?

- Bəli, tamamilə doğrudur. Bu məsələdə Rusiya Azərbaycanla eyni mövqedə dayanıb. Yeri gəlmişkən, ötən ilin payızında 44 günlük Vətən müharibəsi başlayanda Rusiya prezidenti oktyabrın 9-da məsələyə münasibət bildirmişdi. İrəvandan Moskvaya nə qədər müraciətlər var idi. Axırda Rusiya bildirmişdi ki, baş verən hadisələr Azərbaycanın suveren əraziləri daxilindədir, bizim məsuliyyət zonamızda deyil. Ona görə də heç nə edə bilmərik - söyləmişdilər. Yəni KTMT-yə daxil olan ərazilər olmadığı üçün Kreml belə bir bəyanat vermişdi. Yenə də həmin məsələlərin yaşandığının şahidi olduq. Ermənilər yenə də həmin tələyə düşdülər.

- Dünənki toqquşma bitəndən təxminən 10-15 dəqiqə sonra ermənilər İrəvanda Rusiya əleyhinə mitinq keçirdilər. “Rusiya, get” şüarları səsləndirdilər. Ermənistan siyasi rəhbərliyi bu cür aksiyaları təşkil etməklə hələ də ağıllanmadığını göstərir?

- Əlbəttə. Bu, belədir. Ermənilər hələ də ağıllanmayıblar. Onlar düşünməlidirlər ki, Ermənistanı bu məsələdə də növbəti dəfə Rusiya xilas edib. Elə 44 günlük müharibənin nəticələrinin daha ağır olmasından da Ermənistanı Rusiya və Fransa xilas edə bilmişdi. Çünki Ermənistanın öz gücü yoxdur. Eyni zamanda ortalıqda bəzi siyasi qrupların maraqları da var. İrəvandakı həmin siyasi qruplar yaxşı başa düşürlər ki, onlar Rusiyasız heç bir iş görə bilməzlər. Sadəcə olaraq bundan istifadə etmək istəyirlər. Həmin şəxslərin arxasında dayanan siyasi qruplar yenidən hakimiyyətə gəlsə, onlar yenə də Rusiyanın ayağına düşəcəklər. Çünki onların başqa variantı yoxdur. Sadəcə olaraq, bu, bir oyundur və onu da aparırlar, insanları çaşdırırlar. Ümumiyyətlə, Ermənistan cəmiyyəti çox bərbaddır. 30 il ərzində onların düşüncələri dəyişməyib. Üstəlik, bu 30 illik bir dövrdə onların fərli başçıları da olmayıb. Hər dəfə erməni cəmiyyətini aldadıblar. İndi də aldatmağa davam edirlər. Yəni Nikol Paşinyanın xalqa həqiqəti deməyə, real vəziyyətin nədən ibarət olmasını söyləməyə cürəti çatmır. Paşinyan özündə cürət tapıb erməni cəmiyyətinə deməlidir ki, qəbul etsəniz də, etməsəniz də sizin vəziyyətiniz budur. Çünki nə orduları var, nə də vuruşa bilərlər. Burada yeganə yol erməni cəmiyyətinin reallıqları qəbul etməsidir. Həmin reallıqlar üzərində öz gələcək planlarını qurmalıdırlar.

- Ermənistan baş naziri günün sonunda 41 kvadratkilometr ərazi “itirdiklərini” söylədi. Həmin ərazilər onsuz da tarixi Azərbaycan torpaqlarıdır. Həmin ərazilərin danışıqlar masasındakı aqibəti necə olacaq?

- İlk olaraq Nikol Paşinyandan soruşmaq lazımdır ki, sən demarkasiya, delimitasiya aparmısanmı, xeyr, aparmayıb. O zaman Nikol Paşinyan hansı əsasla həmin torpaqları öz ərazisi kimi qələmə verir?! Çünki həmin ərazidə sərhəd zolağı, bunun üçün normal infrastruktur yoxdur. Bunlar olmadıqda Paşinyan hansı əsasla həmin əraziləri özününkü kimi təqdim edə bilər?! Demarkasiya aparılandan sonra Azərbaycan Ordusu həmin sərhədi aşsaydı, zəbt etsəydi onun ixtiyarı var idi ki, nəsə desin. Hazırda həmin ərazilərlə bağlı nəsə demək üçün onun əlində heç bir əsas yoxdur. Düşünürəm ki, Paşinyanın bu cür sərsəmləmələri daha çox daxili auditoriyaya hesablanıb. Doğrudur, onlar danışıqlar prosesində bu məsələləri qaldıracaqlar. Əslində, bizim də qaldırdığımız bir çox məsələ var. Həmin məsələlərin qarşısında Nikol Paşinyan aciz qalacaq. Qazaxın 7 kəndi, eləcə də Naxçıvan istiqamətindəki Kərki kəndimiz hələ də işğal altındadır. Digər ərazilərimizdə də hələ ki, sərhədlərimiz müəyyənləşdirilməyib. Düşünürəm ki, bu məsələdə öz mövqeyimizdən çəkinməməliyik. Güc mövqeyindən çıxış etməliyik. 44 günlük müharibədə etdiyimiz kimi... O vaxt da, bu gün də həmin mövqedən çıxış etdik. Bu, bizim ən uğurlu dəst-xəttimizdir. Çünki onlar başqa dili başa düşmürlər.

- Ermənistanın təxribatlarına cavab olaraq onlara dəyən dəmir yumruq İrəvanı danışıqlar masasına oturdacaqmı?

- Əlbəttə, bu, birmənalıdır. Digər tərəfdən, ermənilər vaxt udmağa çalışırlar. Onların nə üçün vaxt qazandığı da anlaşılan deyil. Əksinə, onlar vaxtı itirirlər, udmurlar. Eyni zamanda son hadisələrin axarı, Rusiyanın bu məsələyə reaksiyası da onu göstərir ki, ermənilərin arxasında heç kim dayanmır. Bilmirəm, ermənilər Fransaya, ya başqalarına arxalanır, amma heç kim onlara kömək etməyəcək. Bu gün ABŞ da bəyanat verdi ki, tezliklə delimitasiya və demarkasiya prosesinə başlanmalıdır. Onların nəyə ümid etdiyi, niyə vaxt uzatdığı anlaşılmır. Gec-tez ermənilər masa arxasında oturmağa məcbur olacaqlar. Çünki başqa variantları qalmayacaq. Başqa imkanları da yoxdur...

- Bəs Zəngəzur dəhlizinin açılmasına icazə verməsələr, vəziyyət necə olacaq?

- Ona artıq razılıq verdilər. Zəngəzur dəhlizi ilə bağlı ermənilərin düşüncələri boş şeylərdir. Zəngəzur dəhlizi ilə bağlı razılıq artıq çoxdan əldə olunub. Hazırda işlər gedir. Rusiya baş nazirinin müavini boş-boşuna regiona tez-tez səfər etməz. Zəngəzur dəhlizi ilə bağlı Rusiya büdcəsindən də müəyyən işlər üçün vəsait ayrılıb. Mən belə düşünürəm... Çünki Ermənistan ərazisindən keçən dəmir yolu xətti Rusiyaya məxsusdur. Bununla bağlı heç bir problem ola bilməz. Dünənki toqquşmaların da Zəngəzur dəhlizi ilə bağlı heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi də bildirir ki, kommunikasiyaların açılmasına etiraz etmirlər. Fikrimcə, son gərginliklər Zəngəzur dəhlizinin açılması məsələsinə mənfi təsir göstərməyəcək.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR