Paşinyanın istəyi odur ki, Qarabağda... - Sabiq nazir SENSASİON DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

Paşinyanın istəyi odur ki, Qarabağda... - Sabiq nazir SENSASİON DETALLARI AÇDI

Hazırda bütün dünyanın diqqəti Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindədir. Daha dəqiq desək, ilk olaraq Bakı və İrəvan demarkasiya və delimitasiya məsələlərini öz aralarında həll etməlidir. Bunun üçün Rusiya öz vasitəçiliyini təklif edir, Ermənistan isə Qərbi sərhəd zolağına dəvət etmək niyyətindədir.

Hadisələrin bundan sonrakı axarı hansı istiqamətdə dəyişəcək? Ermənistan böyük sülhə “hə” deyəcəkmi? Buna qarşı çıxanlar kimlərdir?

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində bildirib ki, Ermənistan sülhə “hə” desə də, bəzi güclər buna imkan verməyəcək:

- Tofiq müəllim, bir il ərzində Ermənistanda sülhə doğru nələr dəyişdi? Ermənistandakı gərginliklərin, sərhəddəki olayların kökündə nələr dayanır?

- İlk olaraq gəlin, nə baş verdiyini siyasi konteksdə təhlil edək; deməli, bir ildən sonra ermənilərin çaşqınlıq dövrü onunla nəticələndi ki, Ermənistan ictimaiyyəti, eləcə də Ermənistan dövləti yenə də konfrantasiya yolunu seçdilər. Bu ondan görsənir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, dövlət sərhədlərini tanımaqdan imtina edir. Beləliklə, onlar Qarabağla bağlı siyasətlərinə davam etmək niyyətindədirlər. Hətta onların konfrantasiya yolunu seçməsini Zəngəzur dəhlizilə bağlı tutduqları mövqedən də aydın şəkildə görmək mümkündür.

- Sərhəddə baş verənlər nədən xəbər verir?

- Əgər onlar qarşılıqlı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısaydılar, o zaman normal sərhəd xəttləri formalaşacaqdı. O zaman sülh proseslərində addımbaaddım, çətinliklə də olsa irəli gedəcəkdilər. Amma ermənilər ayrı yol seçdilər. Ermənistan Azərbaycanla dövlət sərhədini təmas xəttinə çevirmək istəyirlər. Biz başa düşürük ki, təmas xətti güc əsasında formalaşır. Təmas səttinin beynəlxalq statusu fərqlidir. Yəni müvəqqətidir. Amma bu vəziyyət ermənilərə imkan verəcək ki, onlar Azərbaycan ərazilərini rəsmi şəkildə tanımadan “Arsax siyasəti”nə davam eləsinlər. Üstəlik, onlar çox yaxşı başa düşürlər ki, Azərbaycan hərbi baxımdan güclü ölkədir. Təbii ki, Azərbaycan ermənilərin istənilən təxribatlarına cavab endirmək imkanlarına malikdirlər. Ümumiyyətlə, geopolitik vəziyyət onu göstərir ki, bir tərəfdən 10 milyonluq Azərbaycan, digər tərəfdən 80 milyonluq Türkiyə və bu ölkələrə qarşı ərazi iddiaları irəli sürmək çox təhlükəli bir siyasətdir. Məhz buna görə də ermənilər bu təxribatlara əl atırlar. Böhranı daha da böyüdürlər. Bundan sonra öz müttəfiqlərindən kömək istəyir. Onlara bununla bağlı müraciət ünvanlayırlar. Əvvəlcə kömək istəyirlər, sonra vasitəçilik etməyi xahiş edirlər, daha sonra hansısa formada müşahidəçilər məsələsini qaldırırlar. Hətta bəlkə də Qərbdən sülhməramlıların gətirilməsini istəyəcəklər.

- Sonrakı mərhələdə ermənilərin əsas hədəfi nə ola bilər?

- Daha sonra beynəlxalq baxımından hansısa təminatlar almağı fikirləşirlər. Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlarının qarşısını alan ermənilərin gücü, ordusu deyil, hansısa beynəlxalq mövcudluqdur. Çünki onun formatı hələ ki, sual altındadır. Yəni, əsas məqsəd və strategiya budur. Bəzən eşidirik ki, ictimaiyyətdə müəyyən narahatlıq, çaşqınlıq var. Yenə şəhidlər, yenə hərbi əməliyyatlar... buna görə müəyyən narahatlıqların olduğunu deyirlər. Amma insanlar başa düşməlidirlər ki, bu seçim bizim seçimimiz deyil. Biz ermənilərin işğalçılıq siyasətinin davamına cavab verməyə məcburuq. Allah şəhidlərimizə rəhmət etsin. Onlar Azərbaycan maraqlarına qarşı irəli sürülən mənfur siyasətə qarşı mübarizə yolunda şəhid olublar. Təssüflər olsun ki, sərhəddə baş verən erməni təxribatları Ermənistanın konfrantasiya yolu seçdiyinin göstəricisidir. Belə görünür ki, gələcəkdə də konfrntasiya dövrü bizim üçün qaçılmazdır.

- Bəziləri düşünür ki, sərhəddəki erməni təxribatları həm də Ermənistanın daxilindəki gərginliklərdən qaynaqlanır. Yəni, daxildəki gərginliyin Paşinyan tərəfindən sərhəddə yönəldildiyini düşünənlər də var. Bu fikirlə razılaşırsınızmı?

- Biz başa düşməliyik ki, kənar qüvvələrin – Rusiyanın və digərlərinin əsas marağı nədədir. Onlar istəyirlər ki, gərginlik və münaqişə vəziyyəti davamlı olsun. Onlar bundan istifadə edərək hər iki ölkəyə öz təsirlərini göstərmək istəyirlər. Əvvəllər bu qarşıdurmanın əsas yeri, mərkəzi Qarabağ idi. 44 günlük müharibədəki qələbədən sonra Azərbaycan gərginlik mərkəzini Ermənistanla sərhədə keçirdi. Bu, bizim xeyrimizədir. Onsuz da böyük oyunçuların bizdən əl çəkməyəcəyini başa düşməliyik. Həmin güc mərkəzləri onsuz da hansısa mərhələdə qarşıdurma yaradaraq bundan öz məqsədləri üçün istifadə edəcəklər. Hazırda əsas gərginlik nöqtəsi dövlət sərhədindədir. Hazırda dövlət sərhədində yeni bir təmas xətti yaranıb. Əvvəllər təmas xətti Qarabağda idi, indi bu xətt 100 kilometrdən də çox qərbə doğru gedib. Nə etmək olar, ermənilər bizə ayrı yol qoymayıblar. O ki, qaldı Ermənistandakı daxili siyasi vəziyyətə, bəli, vəziyyətin gərginləşdirilməsində bu amil də mövcuddur. Hiss olunur ki, Ermənistandakı bəzi qüvvələr Rusiyanın təsirindən azad olmağa meyillidirlər. Bu da onunla bağlıdır ki, Qərbdən kimsə gəlib Rusiyanı təminatçı kimi əvəz eləsin. Bu ya olmalıdır, ya da olmamalıdır, başqa yol düşünmürlər.

- Bəs Qərb buna hazırdırmı?

- İndiki vəziyyətdə Qərb ölkələrinin buna hazır olduğunu düşünmürəm. Ona görə də biz bir məsələni özümüz üçün aydınlaşdırmalıyıq. Yəni, hələlik Ermənistanda Rusiyanın dominantlığı mövcuddur. Dövlət sərhədi zolağında təmas xəttinin formalaşmasında təkcə Ermənistan yox, bəlkə kənar oyunçular da maraqlıdırlar. Çünki bu vasitə ilə onlar iki ölkəyə öz təsirini göstərəcəklər.

- Kənar oyunçular deyəndə əsasən kimləri nəzərdə tutursunuz?

- Rusiyanı və Qərbi. Yəni, ATƏT-in Minsk qruplarının həmsədrləri nəzərdə tutulur. Biz başa düşməliyik ki, burada onların da öz maraqları var. Onların arasında böyük seçim də yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, təmas xəttinin Qarabağdan dövlət sərhədinə keçməsi strateji baxımdan Azərbaycanın xeyrinədir.

- Son hadisələrdəki üstünlüyümüz diplomatik masada nələri dəyişəcək?

- Bilirsiniz, beynəlxalq hüquq baxımından ermənilərin mövqeyi çox zəifdir. Azərbaycan tələb edir və istəyir ki, Ermənistan bizim sərhədlərimizi tanısın. Ermənistan öz sərhədini tanımırsa, deməli, avtomatik olaraq öz sərhədlərini də qüvvədən salmış olur. Çünki iki ölkə arasındakı sərhədi tərəflərdən biri tanımırsa, o zaman, sən sənin sərhədlərini tanıyanlar hörmət qoymursan – deməkdir. Bunu ona görə də deyirəm ki, sərhəd məhfumu indi təmas xətti məhfumu ilə dəyişdirilib. Bunun səbəbkarı isə elə Ermənistanın özüdür. Elə bu baxımdan da bizim məntiqə söykənən mövqeyimiz çox güclüdür.

- Belə görünür ki, son hadisələr hələ bir müddət diplomatik masada elə də önəmli rol oynamayacaq? Yəni Ermənistan hələ də sülhə gəlmək istəməyəcək?

- Bunun səbəblərini yuxarıda vurğuladım. Ermənistanın sülhmə gəlməsi üçün beynəlxalq təzyiq edilməyəcək. Əsas məsələ budur. Moskva da Bakı və İrəvan arasında bu və ya digər şəkildə gərginliyin qalmasının tərəfdarıdır. Onlar hiss edirlər ki, Qarabağda məsələlər elə öz-özünə həllini tapır. Yəni ermənilər orada yaşamaq istəmirlər. Qarabağdakı erməniləri də orada güclə saxlamaq mümkün deyil. Düşünürəm ki, həmin məsələ yaxın bir neçə ilin ərzində öz həllini tapacaq. Amma münaqişə davam edəcək. Kənar oyunçular münaqişənin davamını daha çox sərhəddə görürlər. Ona görə də indi Ermənistan-Azərbaycan sərhədində təmas xətti formalaşır.

- Demarkasiya və delimitasiya məsələləri öz həllini tapandan sonra da ermənilər sərhəddə təxribatlar törədə bilərmi?

- Mən bunu istisna eləmirəm. Amma siyasi baxımdan onların təxribat törətmələri çox çətin olacaq. Sonuncu təxribata baxaq; Ermənistanın müdafiə naziri Karapetyan Xankəndinə getdi. Bunun adı təxribatdır, bu bəllidir. Eyni zamanda, Azərbaycanın suverenliyinə qarşı da bir cinayətdir. Amma Ermənistan rəsmi olaraq Azərbaycan ərazilərini tanıyandan sonra bu cür təxribatlara imkan qalmayacaq. Azərbaycanın bir hissəsinə icazəsiz gələn müdafiə naziri – indi işdən də çıxarılıb- daha heç yerə gedə bilməyəcək. Ermənistanın müdafiə naziri Azərbaycandan icazə almadan gələcək? Bu mümkün deyil. Çünki beynəlxalq səviyyədə hər bir ölkə buna çox mənfi baxacaq. Deməli, sən sülh istəmirsən, sülhə qarşı çıxırsan. Bu baxımdan onlar nə etdiklərini bilirlər. Ermənilərin son təxribat cəhdləri gücün deyil, daha çox zəifliyin nümayişinə oxşayır. Hər halda müharibə hələ bitməyib, o mənada ki, Ermənistan hələ də bizə qarşı ərazi iddialarına son qoymayıb.

- Bəs Paşinyan niyə israrla ATƏT-in Minsk qrupunu regiona gətirməyə çalışır? Bu davamlı təkidin arxasında Qərbin özü dayanır, yoxsa Paşinyan Rusiyadan Ermənistanı tamamilə qoparmaq, Qərbə sığınmaq istəyir?

- Son hadisələr göstərir ki, İrəvan Moskvanın yanında öz etibarını itirib. Açıq desək, bunun üçün bəzi əsaslar da var. İndi beynəlxalq baxımdan təmas xəttinin təsbit olunması üçün orada ermənilərə mütləq xarici mövcudluq lazımdır, ermənilər bu cür düşünür. Ermənilər istəyir ki, ATƏT-in və ya hansısa beynəlxalq qurumun müşahidəçilərinin orada dayanmasını istəyirlər. Beləliklə ermənilər bu yolla onların arxasından öz məkrli siyasətlərinə davam etməyə çalışacaqlar. Çünki zərbə alacaqlarından əməlli-başlı qorxurlar.

- Son nəticədə Ermənistan sülhə gələcəkmi? Buna inanaqmı?

- Bilirsinizmi, xarici oyunçular konflikti idarəetmə vasitəsilə bu regionu idarə edirdilər. Onlara da konflikt, münaqişə lazımdır. Nikol Paşinyan sülhə gəlmək istəsə də, istəməsə də, Azərbaycan bunda israrlı olsa da, olmasa da bu həmin güclər üçün elə də önəm kəsb etmir. Onlar üçün vacib amil gərginlikdir. Həmin gərginlik vasitəsi ilə regionu idarə edirlər. Bu baxımdan bəhs olunan məsələ Paşinyanlıq deyil. Bəlkə də Nikol Paşinyan ürəyində istəyir ki, Qarabağ da onlar üçün bitsin, azad yaşasınlar və öz işləri ilə məşğul olsunlar. Amma yuxarıda qeyd etdiyim güclər buna imkan vermirlər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm