Xüsusi
Ermənistan Putinə KƏLƏK GƏLİR? - Detallar AÇILDI
“Soçi görüşünün mütləq nəticələri olacaq. Çünki baş nazir müavinlərinin Moskva görüşü bitməyib, davam edir”.
Bunu Publika.az-ın “Cümə söhbəti”nin budəfəki qonağı, politoloq İlqar Vəlizadə deyib.
- İlqar bəy, Soçi görüşünün nəticəsiz olduğu haqda xəbərlər yayılır. Mqer Qriqoryanın razılaşmaya imza atmadığı bildirilir. Nələr baş verir?
- Moskvada hər üç ölkənin baş nazirlərinin birinci müavinlərinin görüşünün davamı olacaq. Bu haqda yayılan digər informasiyalara baxanda, təhlil edəndə də bunu aydın şəkildə görmək mümkündür. Hələ ki, tərəflər Moskva görüşünü başa vurmayıblar. Ermənistan təmsilçisi Mqer Qriqoryan da hələ ki, Moskvadadır. Qriqoryanın Moskva səfəri təxminən bu gün axşam saatlarında bitməlidir. Hələ axşam saatlarına bir qədər müddət var. Təəssüflər olsun ki, Moskva görüşü ilə bağlı bir o qədər də nikbin danışmaq mümkün deyil. Çünki nikbin elementlər çox azdır. Görünən odur ki, Ermənistan tərəfi danışıqlar masasında olan razılaşmalara əməl etmək istəmir. Çox güman ki, İrəvan hansısa yeni şərtlər irəli sürməyə cəhdlər göstərir. Ən azından Rusiya və Azərbaycan bu məsələdə eyni mövqedən çıxış edir. Bu, mənim qənaətimdir.
- Bakı ilə Moskvanın eyni mövqedən çıxış etməsinə zərurət nədən qaynaqlanır?
- Çünki Moskva görüşünü Rusiya hazırlayıb. Üstəlik, məhz Rusiyanın baş naziri hər iki ölkəyə səfər edib, hər iki tərəfi bu görüşə razı salıb. Ötən həftə Rusiya Prezidenti Vladimir Putin də gələn həftə – yəni bu həftə razılaşmanın əldə olunacağına ümid etdiyini vurğulamışdı. Hər halda bu, Rusiyanın dövlət başçısının açıq formada ifadə etdiyi fikirlər idi. Bir sıra mənbələrdən bunu görə bilərik. Görünən odur ki, erməni tərəfi müzakirələrlə bağlı hansısa manevrlər etmək istəyir. Masada olan danışıqlara əməl etmək niyyətində deyil. İrəvan bu məqamda hansısa şərtlər irəli sürür.
- Bəs İrəvanın şərtləri fonunda Bakı və Moskva hansısa təzyiq mexanizmini yenidən ön plana ata bilərmi?
- Söhbət təzyiqdən gedirsə, biz ümid edə bilərik ki, bir sıra təzyiqlər nəticəsində yenə də Ermənistan müəyyən gündəliyə razılaşa bilər. Burada təzyiqlər yalnız Azərbaycan tərəfindən olmayacaq. Eyni zamanda Rusiya tərəfindən də Ermənistana təzyiqlər olacağını gözləyirəm. Çünki bu məsələ Rusiyanın da birbaşa marağındadır. Baxın, Soçi görüşünün əsas mahiyyəti və prinsipiallığı ondan ibarətdir ki, bu görüş Kreml üçün müsbət imic baxımından önəmli nəticələrə gətirib çıxarmalı idi. Yəni biz danışdıq, görüşdük və müəyyən bir nəticəyə gəldik. Əslində, bu nəticəni bizimlə yanaşı, Rusiya tərəfi də gözləyir. Erməni tərəfi isə bu nəticədən “vaz keçib”. Düşünürəm ki, diplomatik və digər kanallar vasitəsi ilə Ermənistanı yola gətirmək üçün bir sıra təzyiqlər olacaq.
- Bu gedişlə Ermənistan yenidən Dəmir yumruq “həb”ini qəbul edə bilərmi?
- Bilirsiniz, Dəmir yumruq onsuz da hər zaman yerindədir. Biz keçən il də bunu gördük. Ötən ilin hadisələrinə nəzər salanda görə bilərik ki, Azərbaycanın Dəmir yumruğu işə düşəndə Ermənistanın Rusiyadan imdad diləməsi heç bir nəticə vermir. Son nəticə etibarı ilə İrəvanın Kremldən istədiyi dəstək gəlmədi. Düşünürəm ki, vəziyyət prinsipial olaraq dəyişir.
- Belə olan halda İrəvan nəyə ümid edir?
- Doğrusu, mən də Ermənistanın indiki vəziyyətdə nəyə ümid etdiyini bilmirəm. Bəlkə də Ermənistan 15 dekabrda keçirilməsi nəzərdə tutulan Brüssel görüşünə ümid edir. Amma bu ümidlər də çox zəif görünür. Avropa İttifaqının onlara hansısa yardımlar göstərəcəyini düşünürlərsə, yanılırlar. Aİ-nin dəstəyindən sonra Ermənistanın mövqelərinin güclənəcəyinə İrəvanın ümid etməsi çox zəif ehtimaldır.
- Ötən gün Qarabağda atışmalar baş verdi. Ermənistan bununla diqqəti sərhəddən Qarabağa yönəltmək istəyir?
- Bu, Ermənistanın ənənəvi siyasətidir. Həmin siyasət ondan ibarətdir ki, erməni tərəfi danışıqlar masasındakı razılaşmalarla bağlı müəyyən konkretliklərdən yayınmaq istəyirsə, bu cür təxribatlara əl atır. 44 günlük müharibədən əvvəl də o zamankı təmas xəttində bu cür hallar tez-tez baş verirdi. Daha sonra biz bu cür təxribatları ermənilərin timsalında dövlət sərhədində gördük. İndi də rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə çaxnaşma yaratmaqla məşğuldurlar. Bu çaxnaşmanı törətməkdə bir məqsədləri var. Onlar daha sonra deyəcəklər ki, biz “xoş niyyətlə” çıxış edirik, amma Azərbaycan tərəfi bizim “xoş niyyətimizi” qəbul etmək istəmir. Görünən odur ki, indiki məqamda Ermənistanın ənənəvi siyasəti də heç bir nəticə vermir. Onlar indiyə kimi heç bir təxribatı arqument kimi siyasi masada “işə keçirə” bilməyiblər. Hər halda son 1 ilin nəticələri də bunu göstərir. Ona görə də Ermənistanın bu cür çaxnaşma, təxribat siyasəti olduqca uğursuzdur. Bütün hallarda Ermənistana təzyiqlərin edilməsi qaçılmazdır.
- Moskva İrəvanın bu əməllərinə, təxribatlarına, eləcə də Qərbə meylliliyinə göz yuma bilərmi?
- Ümumiyyətlə, Moskva heç vaxt bu hadisələrə göz yummayacaq. Baxın, Zəngəzur dəhlizinin Ermənistanın ərazisindən keçən hissəsi Rusiyanın nəzarətində olacaq. Əgər bu dəhliz Kremlin nəzarətində olacaqsa – onsuz da bu, belədir – Rusiya bu dəhlizin işləməsini istəyəcək. Çünki bu dəhlizin işləməsi Rusiyanın regiondakı nüfuzunu daha da artıracaq. Rusiya bu dəhlizin açılması ilə regionda daha təsirli oyunçuya çevriləcək. İndiki məqamda Moskvanın oyunlarını məhz İrəvan pozur. İrəvan sərhəddə gərginliyi yaradır, sonra Rusiyaya müraciət edir, Moskva da öz növbəsində ermənilərə heç bir cavab vermir. Hətta Rusiya heç imkan da verməyib ki, Ermənistan tərəfi ona yazılı surətdə müraciət ünvanlasın və öz müraciətini rəsmiləşdirsin. Çünki bu dəst-xətt Rusiyanın marağında deyil. Düşünürəm ki, Rusiya və Ermənistan arasında ziddiyyətlər artsa, o zaman belə bir vəziyyətdə bizim də manevr imkanlarımız genişlənəcək. İrəvana təzyiq imkanımız artacaq. Rusiya Ermənistana birbaşa hərbi təzyiq göstərə bilməz. Amma biz bunu edə bilərik. Məsələnin əsas tərəfi də məhz bundadır. Fikrimcə, Soçi görüşünün yekunlarına diqqətlə baxmalıyıq. Bəzi hallarda qeyri-nikbin ifadələrlə rastlaşırıq. Deyilir ki, guya Soçi görüşündən sonra heç bir nəticə əldə olunmadı. Düşünmürəm ki, səslənən bəzi fikirlər reallığa uyğundur. Biz sadəcə Ayın görünən tərəfini görə bilirik. Məsələnin pərdəarxasında baş verənləri görə bilmirik. Bəzən deyirlər ki, heç bir sənəd imzalanmadı. İş sənəddə deyil axı… Əsas məsələ danışıqlarda və razılıqlardadır. Həmin razılıqlar şifahi də ola bilər. Əsas məsələ odur ki, Ermənistan şifahi razılıqlara əməl etsin. Düşünürəm ki, bu dəfə sənəd imzalamamaqla bağlı Ermənistana şans verilib. Deyiblər ki, sizin daxili gərginliyinizi nəzərə alırıq, amma gərək söz verəsiniz ki, problemləri özünüz çözəcəksiniz. Söz verməyəcəksə, problem onun problemidir, o zaman məsələ başqa cür həll ediləcək. Bizim də məsələni başqa cür həll etmək imkanımız var.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO