Xüsusi
Fars körfəzindən Şimali Avropaya 300 milyonluq bazar: “3+3” necə işləyəcək?
Bu gün Moskvada Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Xarici işlər nazirlərinin müavinləri bir araya gələcək. Sözsüz ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Eyni zamanda Moskva və Tehran da bu formata “hə” deyib. Amma Gürcüstan bu formata Rusiya amilinə görə çox soyuq yanaşıb.
Ekspertlərin fikrincə, İran, Türkiyə və Rusiyanın əhali sayı, ümumilikdə, 300 milyon nəfərdən çoxdur. Bu, Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarıdır və “3+3” formatı bu ölkələrlə ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Publika.az-ın “Cümə söhbəti”ndə bu formatın işləyib-işləməyəcəyindən danışdıq.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, bu format Fars körfəzindən Şimali Avropaya qədər uzanan bir kommunikasiyanı əhatə edəcək:
- Tofiq müəllim, “3+3” formatından gözləntiniz nədir? Gürcüstansız “3+3” işləyəcəkmi?
- İlk olaraq onu qeyd edim ki, bu formatın Gürcüstansız işləməyinə heç bir şübhəm yoxdur. Çünki Gürcüstanın bu formata qoşula bilməməsinin yalnız bir səbəbi var. Həmin səbəb isə Rusiyanın “3+3” formatında təmsil olunmasıdır. Vəssalam, başqa problem görmürəm. Bu baxımdan da Tiflisə “3+3”də təmsil olunmaq sərf etmir. Digər bir məqamı da bu yerdə demək lazımdır; bu format üçün maraqlı olan tərəflər də kifayət qədər çoxdur. Hansı ölkəni desəniz, həmin dövlətlə bağlı bir neçə fakt gətirə bilərik, bu formatın onlar üçün maraqlı olduğunu söyləmək mümkündür. Bu da çox uzun siyahı olacaq. Bir sözlə, “3+3” formatında hansısa irəliləyişə nail olmaq, eləcə də bir sıra istiqamətlərdə nəticələr qazanmaq imkanları kifayət qədər çoxdur.
- Uzaq qohumdan yaxın qonşu yaxşıdır – deyə bir məsəl var. Öz problemlərimizi özümüz həll edək, başqalarını qarışdırmayaq – prinsipini bu formatdan gözləməyə dəyərmi?
- Bu formatdan danışırıqsa, ilk növbədə siyasi və iqtisadi maraqlar göz önünə gəlir. Onlardan danışmalıyıq. Bir çoxları düşünür və dilə gətirir ki, bu formatla bağlı Rusiyanın hansı maraqları var?! Gəlin, baxaq və formatda təmsil olunan dövlətləri “3+3”də birləşdirən maraqlara nəzər salaq; Rusiya – Kreml Cənub Dəhlizinin işlək vəziyyətə gətirilməsində maraqlıdır. Eyni zamanda Moskva Gürcüstandan asılı olmadan Türkiyə ilə dəmir yolu əlaqələrinin yaradılmasını istəyir. Təbii ki, bu, gələcəkdə baş tutacaq. Digər tərəfdən, Rusiya bu format vasitəsi ilə Ermənistan üzərində nəzarəti daha da artırmağı hədəfləyir. Dəhlizi nəzarətdə saxlamaq rusların marağındadır. Müxtəlif rakurslardan baxanda görürük ki, burada hər bir dövlətin öz maraqları mövcuddur.
- İran bu formata “hə” deməklə ondan nələr umur?
- İranla ona görə kommunikasiya yaradılır ki, Fars körfəzindən tutmuş Finlandiyaya qədər dəmir yolu şəbəkələri birləşəcək. Belə olan halda İran üçün tranzit imkanlar daha da genişlənəcək. Azərbaycan üçün bu format ona görə maraqlıdır ki, ölkəmiz bu tranzit yolların üzərində yerləşir. Digər məsələ ondan ibarətdir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru yolla əlaqələr yaranacaq. Bütün bunlar əslində kommunikasiya mövzusudur və “3+3” formatının əsas faktorudur.
- Tiflis və Sxinvali regionu arasındakı kommunikasiyaların bərpası, Gürcüstan və Rusiyanın bir-birinə daha sıx inteqrasiyası ilə bağlı bu format gələcəkdə hansısa töhfələr verə bilərmi? Bir sözlə, Tiflis “3+3”lə bağlı gələcəkdə fikrini dəyişəcəkmi?
- Açığı, indiki mərhələdə mən bunun üçün əsaslar görmürəm. Bu format işlək vəziyyətə gətiriləndən sonra bəlkə də Gürcüstan orada hansısa faydaları özü üçün tapa bilər. Amma indiki mərhələdə onlar üçün Rusiya işğalçı dövlətdir. Məhz buna görə də gürcülər bu cür əlaqələri dəstəkləmirlər. Bu da məntiqlidir. Gürcüstanı bu mənada başa düşmək olar. Gələcəkdə vəziyyətin dəyişməsi mümkündür. Ola bilər ki, Rusiya özünün Gürcüstanla bağlı siyasətində müəyyən dəyişikliklər etsin. Bunu da demək çətindir. Amma indiki mərhələdə Gürcüstan üçün hər hansı perspektiv görmürəm. Digər məsələ ondan ibarətdir ki, kimsə bu formatda öz maraqlarını görürsə, qoşulması mümkündür. İstəməyən də yenə özü bilər. Kimisə güc yolu ilə bu formatda əməkdaşlığa gətirməyin tərəfdarı deyiləm.
- Bəs Ankara-İrəvan münasibətləri bu kontekstdə hansı formada inkişaf edə bilər?
- Təbii ki, bu məsələnin həm siyasi, həm də kommunikativ əngəlləri mövcuddur. Bütün bunlarla yanaşı, Ankaranın İrəvanla mövqeyinin formalaşmasında Bakının mövqeyi çox önəmli bir məsələdir. Amma eyni zamanda Türkiyənin Ermənistanla bağlı öz iradları da var. Bu baxımdan, məsələlərin bir-birinə bağlılığı, koordinasiyası şəklində bəlkə də Türkiyə bu cür taktikanı seçə bilər. Hətta deyərdim ki, seçməyə hazırdır, çünki “3+3” formatının əsas təşəbbüskarları Azərbaycanla Türkiyədir. Ankara ilə İrəvan arasında iqtisadi kommunikasiyalar yaranandan sonra bəlkə də siyasi məsələləri həll etmək üçün daha münbit şərait yaranacaq.
- Tofiq müəllim, Türkiyə və Rusiyanın əhalisi 300 milyondan çoxdur. Bu da “3+3” üçün çox yaxşı bazar deməkdir...
- Ümumiyyətlə, bu platformanın perspektivləri çox böyükdür. Baxın, Fars körfəzinə qoşulmağın özü böyük imkanlar vəd edir. Böyük bazarları özünə qoşmaq baxımdan deyirəm. Burada tranzit maraqları olduqca böyükdür. Eyni zamanda Şimali Avropanın və Avropanın bəzi maraqları da bu formatla üst-üstə düşə bilər. Şimali Avropanın, Rusiyanın və İranın dəmir yollarından istifadə böyük kommunikativ, tranzit əlaqələr imkanı deməkdir. Görünən odur ki, bu platforma süni, hansısa söz və ya “addım” üçün yaradılan bir format deyil. Bunun arxasında çox ciddi iqtisadi maraqlar mövcuddur. Onun potensialı elə indidən görünür. Regionda davamlı sülhün yaşaması üçün bu, cəlbedici bir perspektivdir. Ermənistan ictimaiyyətinin fikirlərini dəyişmək baxımından da “3+3” bir vasitə ola bilər. Çünki Ermənistandakı qərbyönlü meyllərin icrası üçün Türkiyə faktoru əsas rol oynayacaq. Mən belə düşünürəm. Çox deyirlər ki, onlar Avropanın bir hissəsidir. Amma görürük ki, coğrafi baxımdan bu məsələlər Türkiyəsiz mümkün deyil.
- Bəzi Qərb dairələri “3+3”ü gözdən salmaq üçün bəzən onu “Astana” formatı ilə əlaqələndirirlər, hətta eyniləşdirirlər. Guya Suriya ilə bağlı məsələləri öz aralarında həll etmək üçün Rusiya, İran və Türkiyə yeni format yaradıblar. Yəni digər ölkələri bu formatda əhəmiyyətsiz sayırlar...
- Bilirsiniz, bir çox müxtəlif yerlərdə olan siyasi dairələr bu məsələyə bir az şübhə ilə yanaşırlar. İranın bu formata cəlb olunması bəzi dairələri narahat edir. Onlar fikirləşirlər ki, İran bu formatla böyük layihəyə cəlb olunub. Hələ də İranın Qərblə problemləri öz həllini tapmayıb. Söhbət nüvə problemindən gedir. İstəsəniz digər gərginlik elementlərini də tapmaq olar. Amma “Astana formatı” ilə “3+3”ü müqayisə etmək düzgün deyil. Çünki həmin format digər ölkəyə və digər problemə həsr olunub. Həmin format Suriyaya aiddir, bu format isə iqtisadi məsələləri özündə əks etdirir. Digər məsələ orada gedən konfliktlə bağlıdır. Bizim dəstəklədiyimiz format isə tamamilə fərqli bir məsələ ilə əlaqədardır. Yəni “3+3” post-konflikt dönəmində sülhün cəlbedici mənzərəsini özündə əks etdirir. “Astana formatı”nda isə hələ ki, sülhdən danışılmır. Hətta orada sülh əsas hədəfdir.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO