Təranə Vahidin duyğulu etirafları: “Keçmiş işğal olunmuş, gələcək sirr pərdəsinə bürünmüşdü”
Bizi izləyin

Xüsusi

Təranə Vahidin duyğulu etirafları: “Keçmiş işğal olunmuş, gələcək sirr pərdəsinə bürünmüşdü”

Bu yaxınlarda yeni nəşr olunan “Qarışqa təqvimi” kitabı ilə ilk qış Milli Kitab Satış-Sərgisində təqdimat və imza gününü keçirən yazıçı-jurnalist Təranə Vahid qeyd edir ki, sözün nəfəs aldığını, hərdən sevincdən yanağının allandığını, utananda gözünü yerə dikdiyini, söz fəslində qol-budaq atıb, artıb-çoxaldığını çox dərindən hiss edir. Yazıçı həm də hesab edir ki, yaxşı sözlər heç vaxt dəyərini itirmir.

Publika.az-a müsahibə verən yazıçı iç dünyasını və həyat fəlsəfəsini bölüşüb:

- Bu yaxınlarda bir şair kitab təqdimatında dedi ki, həyatında yazmaqdan mənalı heç nə görmür. Bəs siz həyatın mənasını nələrdə görürsünüz?

- Həyat başdan-başa mənadır, sadəcə biz insanlar öz həyatımızı mənalandırmağı bacarmırıq. Həyat tək yazmaqdan ibarət deyil. Yaxşı yazmaq üçün həyatı yaxşı tanımalısan. Hər səhər günəşi görmək, yağış yağanda torpağın necə sevindiyinin şahidi olmaq, balaca bir quşun özünü oda-közə vurub ciddi-cəhdlə yuva qurmağına tamaşa etmək, hələ dişləri çıxmamış bir körpənin təbəssümündə dünyanı görmək... bunlar həyatın mənası deyil? Dünyaya ürəyimizin, ruhumuzun gözüylə baxsaq, yaşadığımız hər anda məna taparıq.

- Biz ən dəyərli vaxtımızı və sözləri ən yaxın insanlara pay veririk. Vaxt gəlir və günlərin birində o insanlarla yollarımız ayrılır. Ən çox dəyərdən düşən o sözlərə heyfimiz gəlir. Sözünüzün dəyərini itirənlər çox olub?

- Qərb insanı üçün vaxt qızıldır. Biz çox vaxt “vaxtı öldürmək” üçün əldən-ayaqdan gedirik. O ki qaldı sözümün dəyərini itirənlərə... mənə elə gəlir ki, yaxşı söz heç vaxt dəyərdən düşmür.

- Hansı sözlər ağır yük olub boynunuzdan asılır?

- Sözlə yaxşı yola gedirəm. Sözün nəfəs aldığını, hərdən sevincdən yanağının allandığını, utananda gözünü yerə dikdiyini, söz fəslində qol-budaq atıb, artıb-çoxaldığını hiss edirəm. Sözlər də mənə sevgiylə, qayğıyla, həssaslıqla yanaşır. Ona görə də sözləri boynumdan yox, ürəyimdən asıram. Hərdən bu sözlər buluda dönüb ağ vərəqə yağır. Biz buna əsər deyirik.

- Hər hekayə və roman həyatı sıfırdan yazmaq deməkdir və bu, olduqca zəhmətli bir yoldur. Hər şeyi bir kənara qoyub yeni həyata başlamaq necə hissdir?

- Yer üzündə saysız-hesabsız şeirlər, romanlar, hekayələr, bir sözlə, sənət əsərləri var. Onların qiyməti orijinal olmağındadır. Məsələn, Migel de Servantes Saavedranın “Don Kixot” romanından yer üzündə bir dənədir. Başqa əsərlər də eynən. Sən sıfırdan başlayırsan və heç kimin ağlına gəlməyən bir süjet qurursan. Yeni zamanda, yeni məkanda obrazlar doğulur, onlara ad qoyursan, tale yazırsan, səslərini belə eşidirsən. Sözün düzü, Allah bizi yaratdığı kimi sən də nəsə yaratmağa cəhd edirsən. Yaradan sözüylə yaradıcılıq sözünün kökü burdan qaynaqlanır. Deyəsən, çox uzağa getdim... (gülür) Sıfırdan başlamaq və mənzil başına çatmaq – son misranı, son cümləni yazmaq həyatda olduğu kimi əsərdə də çətindir.

- Bəs siz həyata sıfırdan başlamaq məcburiyyətində qalmısınızmı, bu mərhələni necə aşmısınız?

- Doğulduğum torpaq – Laçın rayonu nankor qonşularımız tərəfindən işğal olunanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsiydim. Belə bir vaxtda doğma kəndimizdən, gözəl insanlarımızdan, isti yuvamızdan ayrı düşmüşdük. Marqaret Mitçellin “Küləklə sovrulanlar” əsərində olduğu kimi bütün dünyamız dağılmışdı. Həyat sıfırın üstündə var-gəl edirdi. Keçmiş işğal olunmuş, gələcək sirr pərdəsinə bürünmüşdü.

O çətin dövrdə həyatın soyuq üzünə gülümsəməyi bacardım. Bu, həyata meydan oxumaq idi. Hərdən mənə elə gəlir ki, həyatım elə bir romandır, sadəcə, oturub yazmaq lazımdır. Kim bilir, bəlkə nə vaxtsa yazdım...

- Personajlarınızı qələminizin redaktəsindən keçirirsiniz, ya onları elə olduğu kimi, bütün günah və ayıbları ilə gözlər önünə sərirsiniz?

- Mənə elə gəlir ki, siz mənim heç bir hekayəmi oxumamısınız (gülür).

- Siz mənimçün yeni kəşf olunmusunuz.

- Fərqli yazı tərzim var. Yazdığım yeni hekayəni hərdən aylarla bir kənara qoyuram. Bir müddətdən sonra təkrar-təkrar oxuyuram. Tam əmin olmayınca, heç bir hekayəmi çapa yollamıram.

Sualınızın ikinci tərəfinə gələndə, “ədəbiyyat” sözünün kökü “ədəb” sözündəndir. İnsanlara hörmət etdiyim kimi, sözə də hörmət edirəm. Ədəbiyyat ağlına gələni yazmaq deyil, ədəbiyyat sözü gözəl sənətə çevirmək sənətidir.

- Təranə xanım, həyatınızın hansı mərhələsini yaşayırsınız?

- Ağlıma ərəfə sözündən uyğun söz gəlmədi. Yəhudilər demiş, öz planlarımdan danışıb Tanrını güldürmək istəmirəm, amma yaradıcılığımda yeni bir dönəmin başlanğıcını hiss edirəm. Arzularımın sərhədi genişdir. Bir yazar olaraq özümə inanıram.

- Rəqabətə məğlub olmusunuz?

- Rəqabəti sevmirəm. İnsan yarış atı deyil. Ədəbiyyatda hər kəsin öz balaca planeti var, rəqabət aparınca yaxşı əsər yazıb yazdığından zövq alsan daha yaxşıdır.

- Hansı günahınızdan imtina etmək istərdiniz?

- Deyirlər, ən mömin insan gün ərzində qırx min günah edir. O hesabdan günahsız insan yoxdur. Allah bizi böyük günahlardan saxlasın. Hərdən zarafatla deyirəm ki, sol çiynimdəki mələklər işsiz-gücsüz darıxır (gülür). Bilmədən etdiyim günahlara görə belə tövbə etməyi bacarıram.

- Təranə Vahid ədalətli yazıçıdır, yoxsa mərhəmətli?

- Ədalətli olan mərhəmətli olar.

- “Qarışqa təqvimi” adlı kitabınız Türkiyədə çap olunub. Türkiyəli oxucular tərəfindən necə qarşılanıb?

- Bu ilin mart ayında İstanbulda Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Qarışqa təqvimi” hekayələr kitabım çap olundu və hazırda Türkiyənin əksər kitab evlərində satışdadır. Sevindirici xəbər də budur ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabla bağlı xüsusi qurumu var. Hər il nəşriyyatların çap etdikləri kitablar arasından seçim edib ən yaxşılarını alıb kitabxanalara bağışlayırlar. Çox şadam ki, mənim kitabım da seçilən kitablar arasındadır. “Qarışqa təqvimi”nin bu uğurunu ilk dəfə sizinlə bölüşürəm.

Onu da qeyd edim ki, bu yaxınlarda “Qanun” nəşriyyatı “Qarışqa təqvimi”ni çap etdi. Dekabrın 16-da ilk qış Milli Kitab Satış-Sərgisində təqdimat və imza günü oldu.

- Hekayələrinizdə kədər və intihar mövzusu qırmızı xətt kimi keçir. Bunun xüsusi bir səbəbi varmı?

- “İntihar” ən çox sevilən hekayələrimdən biridir. Adı “İntihar” olsa da, əsər xoşbəxtliklə qurtarır.

O ki qaldı kədərə, sevincin o biri üzü kədərdir. Yolumuzun sonuna kimi bu iki hiss bizə yoldaşlıq edəcək.

- Çarlz Bukovski deyir ki, özünüzü sevdirməyə cəhd göstərməyin, sevilməyə tərk edin. Bəs siz nə düşünürsünüz, ümumiyyətlə, nə zamansa özünüzü sevdirmək cəhdləriniz uğursuz alınıbmı?

- Çarlz Bukovskinin fikrinə hörmət edirəm. Bu söz ona məxsusdur. Düşünürəm ki, zorla sevgi yaratmaq olmaz. Sevgi işıqdır, qəlbdən qəlbə axmalıdır. Özümü sevdirmək üçün heç vaxt cəhd etməmişəm, heç bir addım da atmamışam. Çünki məni olduğum kimi sevənlər həmişə olub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm