Savaşdan sonra milli mənlik şüuru: vətənpərvərlik tərbiyəsində YENİ DÖNƏM
Bizi izləyin

Xüsusi

Savaşdan sonra milli mənlik şüuru: vətənpərvərlik tərbiyəsində YENİ DÖNƏM

6.3.10 Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin əsas prioritet məsələlərindən biri heç şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi oldu. Son 30 il ərzində sistemli, düzənli işlər mərhələli şəkildə həyata keçirilməyə başlandı. 1993-cü ilin yayında Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə bu istiqamətdə görüləcək işlər konsepsiya halına salındı. 1996-cı ilin 2 fevralında gənclərin ilk ümumrespublika qurultayı keçirildi və 2 fevral Gənclər Günü elan olundu.

2003-cü ilin 15 oktyabrından sonra Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətə xüsusi diqqət və qayğı göstərildi. Gənclərin milli mənlik şüurunun inkişafı, onlarda vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində silsilə ədəbi-mədəni tədbirlər həyata keçirildi. Kitablar dərc olundu. Filmlər çəkildi. Mediada, kütləvi informasiya vasitələrində xeyli sayda tərbiyələndirici məlumatlar, yazılar, süjetlər hazırlandı. Şübhəsiz ki, bütün bunlar gənclərimizin milli ruhda böyüməsi istiqamətində atılan əsas təməl daşlarından idi.

44 günlük Vətən müharibəsi dönəmində biz bunun müsbət nəticələrini gördük. Son 17 il ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi. Orduda bir nəfər də olsun fərari olmadı. Hətta yaralı əsgərlər döyüş meydanından çıxmır, son damla qanına qədər düşmənə qarşı döyüşməyi özünə şərəf bilirdi. Nəticə isə göz önündədir: Ermənistan dövləti vətənsevər azərbaycanlı gənclərin önündə DİZ ÇÖKDÜ!

44 günlük Vətən müharibəsindən sonra da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində yeni layihələrə start verilib. Adıçəkilən məsələ ilə bağlı mədəniyyətin bir sıra sahələrində işlər görülüb və ya görülməkdədir. Həm film, həm rəsm, həm heykəltaraşlıq, həm də ədəbiyyat sahəsində atılan addımlar doğrudan da təqdirəlayiqdir.

İndi isə görülən işlərə bir az ətraflı nəzər salaq; Başlayaq film sahəsindən;

Kino:

"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyi həm "Azərbaycanfilm", həm də "Salnamə" sənədli filmlər studiyasına Qarabağ döyüşləri ilə bağlı 2 film sifariş verib:

"Bunun hər ikisi Bakı Media Mərkəzi ilə müştərək aparılır. Onlardan biri 44 günlük müharibəyə həsr olunmuş bir filmdir. Burada döyüş müddəti və döyüşdən sonrakı prosesləri özündə ehtiva edən eksklüziv kadrlar yer alacaq. Həmin çəkiliş qrupu ordunun arxasınca Şuşaya girən ilk çəkiliş qruplarından biri olub. Artıq bu yöndə də iş gedir. Eyni zamanda "Azərbaycanfilm" Bakı Media Mərkəzi ilə birgə "Biz" adlı layihənin çəkilişlərinə başlayıb. Burada rejissor Bakı Media Mərkəzinin direktoru Orman Əliyevdir. Yəni bu yöndə işlərimiz gedir. 44 gün içərisində Azərbaycan Ordusu bir tarix salnaməsi yazdı. Bu tarixi filmlərə köçürmək bizim işimizdir və bu yöndə də işlər davam edir".

Onu da əlavə edək ki, Fariz müəllimin haqqında bəhs etdiyi filmlərdən biri artıq hazırdır. Belə ki, "YARAT" Müasir İncəsənət Mərkəzində rejissor Məzahir Həşimovun "Sizə məktub var" filmi ekranlara çıxmağa hazırdır. Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bu film Birinci Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir. Hərbi hospitalda çalışan tibb bacısı Səidə yaralı əsgərə sevgi duymağa başlayır. Onun sevgisi əsgər tərəfindən də diqqət və simpatiya ilə qarşılanır. Sağalmış əsgər yenidən müharibəyə qayıtmalı olur və Səidəyə söz verir ki, ona məktublar yazacaq. Səidə hisslərini uşaqlıq dostu Nadir ilə bölüşür, lakin Nadirin müharibəyə yollanması onu daha da məyus edir. Müharibə xəbərləri onun yeganə ümidinə çevrilir.

Mütəxəssislər də bildirirlər ki, görülən işlər, çəkilən filmlər gənclərimizin bundan sonrakı mənəvi tərbiyəsində böyük rol oynayacaq.

Ədəbiyyat:

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərlinin sözlərinə görə, şeir və nəsr sahəsində də xeyli işlər görülüb. Prezident təqaüdçüsü F.Cəfərli qeyd edib ki, bir çox ədəbi təşkilatlar şəhidlərimiz, qazilərimizlə bağlı kitablar, qəhrəmanlıq salnamələri qələmə alıblar: "Özbək şairi Xosiyat Rüstəmin "44 gün" kitabı Vətən müharibəsindən bəhs edir. Kitabın Bakıda təqdimatı da oldu. Bir çox şairlərimiz ayrı-ayrılıqda şəhidlərimizlə bağlı şeirlər, poemalar, romanlar, bədii araşdırma mətnləri, oçerklər qələmə alıblar. Sözsüz ki, görülən işlər gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayacaq. Hətta onlarla ssenari də yazılıb. Daha yaxşı əsərlər də qələmə alınacaq, mən buna inanıram. Bu il Şuşada Vaqif Poeziya Günləri keçirildi. Gənc, orta yaşlı, yaşlı şairlər Şuşanın hüzuruna çıxdılar. Şeirlərini söylədilər. Bu, işğaldan azad olunandan sonra Şuşada ilk poeziya bayramı idi".

Sözümüzün təsirini qüvvətləndirmək üçün qeyd edək ki, noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində "Qarabağın Qara Kitabı" və "Qarabağ – qələbəyə doğru" adlı kitabların təqdimatı keçirilib. Təqdim edilən yeni kitablar əlamətdar olaraq Zəfər ayında Azərbaycanın qədim və füsunkar diyarına – Qarabağa həsr olunub. "Qarabağın Qara Kitabı"nda Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə, "Qarabağ – qələbəyə doğru" nəşrində isə İkinci Qarabağ müharibəsinin gedişatından, parlaq qələbə ilə azad edilmiş ərazilərin təmizlənməsi və bərpasından bəhs edilir.

Rəssamlıq:

Qarabağ və Zəfər ab-havasında son 1 il ərzində çəkilən ən maraqlı səsgətirən tablolardan biri heç şübhəsiz ki, Xalq rəssamı Sakit Məmmədovun "Qarabağnamə" əsəridir. Əsər demək olar ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın minillik tarixinə, xalqımızın adət-ənənələrinə, xarakterinə, qələbəmizin ruhuna həsr olunub.

Araşdırmaçı Azər Turan hesab edir ki, tablonun gündoğanı da, günbatanı da Qarabağdır:

“Günbatanda - "Qarabağnamə"nin sonunda Xudafərin körpüsü tamamlanmamış təsvir olunub. Xudafərinin qalan hissəsi "Qarabağnamə"nin pərdəarxasındadır. Çünki "Qarabağnamə"də Qarabağ bitsə də, Azərbaycan davam edir... Tablonun mərkəzi və yuxarı hissəsində Ümummilli liderin və Ali Baş Komandanın qrafik üslubda yaradılmış portretləri var. Sakit Məmmədov bunu qrafik üslubda həll etməyi lazım bilib. "Qarabağnamə"nin zirvə məqamı da bu hissədədir. Halənin içində şəhidlərin haqqa yürüyüşü və bir az aralıda üzü niqablı atlı... Bu mənada "Qarabağnamə" bir sənət məbədidir. Ona bir də məbəd gözü ilə baxın. Ümummilli liderin, Ali Baş Komandanın və üzü niqablı müqəddəsin, behişt yolunda sıralanmış şəhidlərin təsviri qübbənin mərkəzindədir. Azərbaycan Müdafiə Nazirliyinin simvolu da. Bədr olmamış hilalımız - ayparamız da... Könül istərdi ki, Sakit Məmmədovun bu əsərinin əsasında Şuşada əzəmətli bir məbəd də inşa olunsun..."

Musiqi:

Musiqi sahəsində də Zəfər gününə, 44 günlük Vətən savaşındakı vətənpərvərlik hisslərinin tərənnümünə geniş yer verilib. Mütəllim Mütəllimovun "Zəfər marşı", Çinarə Məlikzadənin "Azərbaycan" musiqiləri sadə insanlar tərəfindən maraqla qarşılandı. Bu istiqamətdə akademik musiqi əsərlərinin yazılması ilə bağlı media resurslarında mütəmadi xəbərlər eşidirik.

Bir sözlə, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində 44 günlük Vətən müharibəsindən sonra da silsilə, ardıcıl və kompleks işlər davam etdirilir. Sözsüz ki, bütün bunlar gənc nəslin gələcək tərbiyəsində mühüm rol oynayacaq.

Tural Turan

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm