Öz sağlamlıqlarını falçıya da, ekstrasensə də... - Qalib Əsədov
Bizi izləyin

Xüsusi

Öz sağlamlıqlarını falçıya da, ekstrasensə də... - Qalib Əsədov

Publika.az həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının üzvü Qalib Əsədovla müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissəni buradan oxuya bilərsiniz.

- Sinirlərimizi neqativ təsirlərdən uzaq tutmaq üçün nə etməliyik?

- Bu, mümkün deyil, ətrafımızda həm neqativ, həm də pozitiv emosiyalar var. Bəzən biz neqativ emosiyalara özümüzü həddən çox təlqin edirik və bu, bizi ağrıdır, sonra da bunun əzabını çəkirik. Yadda saxlamaq lazımdır ki, sizə qarşı kobud rəftar edirlərsə, bu, sizin günahınız deyil, qarşınızdakı adamın tərbiyəsinin problemidir. Adamın sadəcə səviyyəsi kifayət qədər yüksək olmadığı üçün üstünüzə qışqırır və öz intellektinin aşağı olduğunu nümayiş etdirir. Bunları özünüzə dərd etməyin! Və yaxud haqsızlıq olunubsa, biz daim bunun haqqında düşünməyə başlayırıq, yuxumuz qaçır. Nəzərə alın ki, bu, yenə də sizin yox, qarşınızdakı insanın vicdan problemidir. Qarşılaşdığınız vəziyyət onun vicdansız olmasının əlamətidir.

Ətrafımızda bizə pozitiv verə biləcək sonsuz səbəblər var, onları görmürük, tənbəllik edirik. Hər səhər yemək yedikdən sonra gözəl musiqi qoşub, 10 dəqiqəlik idman və rəqs etmək olar. Bu, gün ərzində bizdə pozitiv emosiyalar yaradacaq.

Zövq verən iş və hobbilərdən istifadə edərək gün ərzində özümüzün pozitiv emosiya mərkəzinin tonusunu yüksəkdə saxlaya bilərik. İstənilən neqativ düşüncə irrasionaldır, qeyri-düzgündür və düşüncənin təhrif olunması sayılır. Məntiqimizi işə salsaq, istənilən neqativ düşüncəyə qalib gələ bilərik.

Baxın, adi bir misal çəkim. Tənqid olunduqda əsəbləşmək bir çox insanın ayrılmaz parçasıdır. Əslində, demək olar ki, hər kəs üçün keçərlidir. Bacarıqsız, çirkin, axmaq, savadsız, kobud, dardüşüncəli tipli sözlərin bizə deyilməsini sevmirik.

İnsanlar xüsusilə tənqidin haqsız olduğunu düşündükdə əsəbləşirlər. Amma bu cümlə yanlışdır. İnsanlar sizi əsəbləşdirə bilməzlər. Hətta indiyədək heç əsəbləşdirməyiblər. Sizi əsəbləşdirən tək varlıq özünüzsünüz. İnsanların sizə dedikləri ilə bağlı düşüncələriniz sizi əsəbə sürükləyir. Və bu düşüncələrinizi incələsək, analizinizdə xəta olduğunu görə bilərik. Bunu qısa olaraq 2 punkt şəklində ümumiləşdirəcəm.

1. Tənqid haqsızdırsa, əsəbləşməniz yanlışdır. Çünki burada siz deyil, qarşı tərəf yanılır. Bu da gözləniləndir. Nədir, yoxsa hər kəsin mükəmməl olacağını və səhv etməyəcəyini gözləyirdiniz?

2. Tənqid haqlıdırsa, bu, hər zaman belə olacağı mənasına gəlməz. Özünüzü inkişaf etdirə və səhvlərinizi düzəldə bilərsiniz. Hər birimiz səhv edirik və bu, ürəyin qan nasoslaması qədər təbii bir hadisədir.

- Niyə nevrologiyada bu qədər qəribə müalicələr var? Masajlar, akupunktura, zəlilər, osteopatiya, fizioterapiya üsulları...

- Ümumiyyətlə, bütün dünyada təbabət elmi üsullara istinad edən ənənəvi və xalq təbabətinə əsaslanan qeyri-ənənəvi metodlara ayrılır. Şəxsən mən ənənəvi təbabət, çoxsaylı təcrübələr əsasında sübut olunmuş elmin tərəfindəyəm. Müxtəlif elmi cəmiyyətlər tərəfindən təsdiq olunmuş bir sistemdir.

Bir də qeyri-ənənəvi metodlar var. Dağlama, zəli, akupunktura kimi üsullar xalq təbabətidir və nevrologiya elmi ilə əlaqəsi yoxdur. Bunların nəinki nevrologiyaya, tibb elminə aidiyyəti yoxdur. Dünyanın hər yerində insanlar hər 2 metoddan istifadə edir. İnsanların hansı metodla müalicə almaq istəməsi sırf onların seçimidir. Mən heç vaxt elmi təsdiqi olmayan və ya tibbi təhsili olmadan müalicə metodları ilə məşğul olan insana öz sağlamlığımı etibar etmərəm. İnsanlar var ki, öz sağlamlıqlarını falçıya da, ekstrasensə də etibar edə bilirlər.

Fizioterapiya isə bir elmi metoddur, masaj, müxtəlif vannalar, elektrostimulyasiya və s. metodlar dünyanın hər yerində tətbiq olunur.

- İnsanın ruh halı özünə nə zaman əzab verir?

- Yuxarıda qeyd etdiyim kimi, bəzən psixoemosional gərginlik səbəbli insanın əhvali ruhiyyəsi enir. Onda depressiya, həyəcan, yuxusuzluq, narahatlıq kimi hallar yaranır. İnsan çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, qələmin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması onu qıcıqlandırır. Ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır. Ən çox yuxu pozğunluğu olur, xəstə yata bilmir. Yatağa uzandıqda yuxulaya bilməyəcəyindən qorxur, yuxusu çox səthi olur, qorxulu yuxular görür. Odur ki, xəstə səhər yuxudan qalxdıqda çox əzgin, yorğun və əsəbi olur.

Belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya özbaşına aldığınız yuxu dərmanını istifadə etmək yerinə həkimə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əminəm ki, bizim ölkədə də bir çoxları bu problemlərdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir.

- Həyatın axarı bəzən bizi enişli-yoxuşlu bir yola aparıb çıxarır. Və fərqinə varanda ki, biz nəyisə hardasa səhv etmişik, o zaman özümüzü cəzalandırmağa başlayırıq.

- Hamımız səhv edirik, dünyada səhvsiz insan yoxdur. Hərdən deyirəm “İndiki ağlım gəncliyimdə olsaydı, bu səhvləri etməzdim”. Eyni zamanda da deyirəm ki, əgər o səhvləri etməsəydim, bugünkü halım olmazdı. Etdiyimiz hər hansı səhv bizi kamilliyə aparır, öyrədir. Odur ki, səhvdən qorxmayın. İstənilən sahənin eksperti o sahə üzrə çox sayda səhvlər etmiş adamdır. Ekspert məşğul olduğu sahədə çox sayda səhv edir və həmin sahənin mükəmməl bilicisinə çevrilir. Sizi öldürməyən istənilən uğursuzluq sizi daha güclü və ağıllı edir.

- Sosial şəbəkədə tez-tez faydalı və həyat sevincini çoxaldan məlumatlar paylaşırsınız. Odur ki, depressiya mövzusunda da fikirlərinizi öyrənmək istərdik. Belə bir fikir var ki, artıq günah da sizə həzz vermirsə, deməli, depressiyadasınız. Depressiyadan çıxmaq üçün hansı həyat tərzinə başlamalıyıq?

- Gözəl mövzuya toxunurunuz. Bəli, elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadır. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depressiya haqqında məlumat verməyə çalışacam.

Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa, bu, onun depressiyada olduğunu göstərir.

1- özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması

2- qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu

3- daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək

4- işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə problemlərinin olduğunu düşünmək

5- digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması, özünə qapanmaq

6- enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə

7- yuxu pozğunluğu

8- iştahsızlıq və yaxud əksinə, çox yemək

9- baş, boyun, kürək kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək

10- spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək

11- özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək

12- gələcəyə ümidsizlik

13- işdən əli üzülmək və heç bir iş görə bilməmək.

Depressiya bəzən səbəb olmadan meydana çıxır. Bəzən isə stressli həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb çox uzun müddətdə çəkə, hətta bir ömür boyu qala, ya da qısamüddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər. Depressiyada olduğunuzu bilmək üçün ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Sizdə bu şikayətlərin bir neçəsi varsa, həkimə müraciət etməyiniz məsləhətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm