Xüsusi
Aprel döyüşlərinin şahidi: “Mərmini düşmənin “dod”undan düz içəri saldı...”
2016-cı ilin şanlı aprel zəfərindən, dördgünlük müharibədən 6 il ötür. Düşmənin təxribatları bu dəfə onlara baha başa gəlmişdi. Dörd gün davam edən savaşda Azərbaycan Ordusu 2 min hektardan artıq ərazini yağı düşmən tapdağından azad eləmişdi.
Budəfəki həmsöhbətimiz həmin döyüşlərin iştirakçısı, Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Etimad Qəhriyevdir. Etimad Qəhriyevlə aprel döyüşləri və onun sonrakı 44 günlük müharibə üçün hansı rolu oynamasından danışmışıq.
Əvvəlcə qəhrəmanımız haqqında qısa arayış: 1992-ci ilin 12 avqustunda Şəmkir rayonunun Ağlavaşlı kəndində doğulub. İxtisası pedaqoqdur. Azərbaycan dili və ədəbiyyatı müəllimdir. Hazırda Daşkəsən rayonunda şagirdlərə dilimizin və ədəbiyyatımızın incəliklərini öyrədir. 2016-cı ilin aprel döyüşləri başlayanda leytenant kimi Azərbaycan Ordusunda xidmətdə olub. 2020-ci ilin 44 günlük müharibəsi dövründə isə peşəkar zabit kimi Qazax rayonunun müdafiəsinin təşkilində yaxından iştirak edib. Ailəlidir, 2 övladı var.
src="/storage/files/upload/9605fd0f3e74b4e6b077af7e6f4da53f91b9b4d9.jpg" style="width: 625px; height: 469.484px;" class="fr-fic fr-dib">
Ehtiyatda olan baş lentenat Etimad Qəhriyevin Publika.az-a müsahibəsini təqdim edirik:
- Cənab baş leytenant, aprel döyüşlərinin başlamasının səbəbi sizcə nə idi? Həmin dövrdə ön xəttdə nələr baş verirdi? Düşmən hansı təxribatlara əl atırdı?
- 2016-cı ilin mart ayı boyunca düşmənin təxribatları çoxalmışdı. Bizim hərbi hissədən, eləcə də digər hərbi hissələrdən gələn məlumatlara əsasən, şəhidlər verirdik. Snayperlə bizim əsgərlərimizə atəş açırdılar, şəhidlərimiz olurdu. Bundan başqa postlarımıza basqınlar etməyə də cəhd göstərirdilər. Həmin mart ayında bizim hərbi hissə də 7-8 şəhid vermişdi. Dəqiq sayını indi deyə bilmirəm, çünki üzərindən xeyli vaxt keçib, bəlkə də şəhidlərimizin sayı 8-9 idi. Aprel döyüşlərindən əvvəl elə son şəhid də bizim hərbi hissənin şəhidi idi. Rəhmətlik kiçik çavuş Abbaszadə Elşadı postda xidmət apararkən ermənilər atəşkəsi pozaraq snayperlə vurmuşdular. Tərtərin Kəngərli kəndindən idi. Hadisə martın 25-i, axşamtərəfi baş vermişdi. Bu, artıq Azərbaycan Ordusunun səbrini daşıran məqamlardan oldu. Bundan sonra başa düşdük düşmən bilərəkdən vəziyyəti daha da gərginləşdirməyə çalışır.
src="/storage/files/upload/b0b1a24582d5a3ee4d16087ac4919c87f5df28f6.jpg" style="width: 655px; height: 653.027px;" class="fr-fic fr-dib">
- Bəs aprelin 1-dən 2-nə keçən gecə nələr yaşanmışdı?
- Aprelin 1-dən 2-nə keçən gecə düşmən yenə də təxribatlara əl atdı. Dərhal əks-hücum əməliyyatı hazırlandı və düşmənə tutarlı cavablar verməyə başladıq. Daha sonra Seysulan istiqamətində hərbçilərimizin qrup şəklində keçidi reallaşdı. Bu, artıq əks-hücum əməliyyatının başlanğıcı idi. Biz bundan daha sonra xəbər tutmuşduq. Ardınca, Seysulan, Çiləbürd, Ağdərə - Suqovuşan istiqamətində arxadan qradlarla, top mərmiləri ilə düşmənin mövqeləri vurulmağa başlandı. Düşmən də bizə cavab verməyə cəhd göstərdilər. Artilleriya və minaatanlarla bizim bölüyümüzü atəşə tuturdular. Düşmən tərəfi əsasən 82 və 120 mm-lik minaatanlardan istifadə edirdi. Biz həmin istiqamətdə tapşırığa əsasən mövqe müdafiəsində oturduq. Bizim rezerv taborumuz sağ cinahımızdan keçərək Seysulan istiqamətində irəliləməyə başladı. Düşmən hücuma keçən qüvvələrimizi mühasirəyə almasın deyə, biz arxadan onları qoruyurduq. Əgər tapşırıq gəlsəydi, biz də həmin an onlara köməyə gedəcəkdik. Görünür, döyüşlərin gedişatında buna ehtiyac olmadı, biz də müdafiə mövqelərində möhkəmləndik. Amma keçid edən qruplarımız döyüşə atılanda düşmən də bizim durduğumuz postlara hücum etməyə cəhd göstərdilər. Buna baxmayaraq, onların bütün hücumlarını uğurla dəf elədik. Çox qısa bir müddət ərzində düşmənin “keçilməz” dediyi müdafiə səddləri yarıldı. Düşmənin uzun illər yaratdığı “yenilməz ordu” mifi darmadağın oldu.
- Sizin xidmət etdiyiniz ərazidə yaralanan, şəhid olanlar var idimi?
- Həmin vaxt bizim postda bir zabitimiz yaralandı. Leytenant Səlimovu vurmuşdular. Təzə xidmətə başlamışdı. Yarası o qədər də ağır deyildi, əlindən yaralanmışdı. Çox şükür, şəhidimiz olmadı. Həmin vaxt mən öz xidmət etdiyim postda post başçısı idim. Bəzi məqamlarda aktiv döyüşlərə qatılırdıq, bəzi hallarda isə postlarda gücləndirməni təşkil edirdik. Həmin döyüşlər vaxtı maraqlı bir məqam da baş vermişdi. Baş leytenant Məmmədov Bəşir var idi, indi ordudan tərxis olunub. Həmin zabit düşmənin bizimlə üzbəüz olan mövqeyini – biz ona “dod” deyirik” – darmadağın elədi. Təxminən 180-200 metr məsafədən düşmən minaatanlarla həmin müşahidə məntəqəsindən bizim postlarımızı atəşə tuturdular. Məmmədov Bəşir isə “TBG 7 v” mərmisini düz “dod”un balaca müşahidə pəncərəsindən içəri salmışdı. Düşməni susmağa məcbur eləmişdi. Həmidov Sabir adlı bir çavuşumuz isə düşmənin Ağdərə istiqamətində hərəkətdə olan təchizat hədəfini vurdu. Özü də pulemyotla... Sonra ermənilərin başqa bir hərbi maşınını da məhv elədi.
src="/storage/files/upload/6f46f041f32bc030b35b63bf32f16fb381e334a9.jpg" style="width: 688px; height: 387.898px;" class="fr-fic fr-dib">
- Düşmən deyəsən, həmin dövrdə təminiat yollarını da hədəf alırdı... Bu, sursat baxımından çətinlik yaradırdımı sizə?
- Aprelin beşində, atəşkəs imzalanan ərəfədə artıq mənim də xidmət apardığım ön mövqelərdə silah-sursat çatışmazlığı yaranmışdı, sursatımız tükənirdi, əlavə sursat gətirilə bilmirdi. Çünki düşmən təminat yollarını vururdu. Bizim durduğumuz yerin şərti adı “Tülkü dərəsi” adlanırdı. Təminat maşınlarımızın hərəkətinə ermənilər maneələr yaradırdılar. Yolları vurudular. Bizi blokadada saxlamaq istəyirdilər. Ən çətin yerdə yerləşən postlardan biri də məhz bizim olduğumuz mövqe idi. Amma Tərtərdən olan bəzi taksi sürücüləri həmin vaxt bizim köməyimizə yetdilər. Onlar həyatlarını riskə ataraq bizə yemək-içmək, ərzaq gətirirdilər. Mən deyərdim ki, aprel döyüşləri ordumuz üçün əsl sınaq mərhələsi idi. Bəzi silahlarımız ilk dəfə həmin döyüşlərdə sınaqdan çıxdı. “TOS-1A” adlı bir silah var idi, ona “Cəhənnəm alovu” deyirdilər. Həmin silah çox effektiv oldu. Düşməndə əməlli-başlı qorxu yaratmışdı. Snayper və digər təyinatlı silahlarımız da ilk dəfə dördgünlük müharibədə sınaqdan çıxdı. Aprel döyüşləri 44 günlük Vətən Müharibəsində qazanılan qələbəmizin faktiki olaraq başlanğıcı idi. Vətən Müharibəsinin təməli də orada qoyuldu.
src="/storage/files/upload/1d4b89bef449ed1b7c41af8e8fad4219e1571714.jpg" style="width: 679px; height: 382.366px;" class="fr-fic fr-dib">
- Aprel döyüşləri bizə qazandırdığı hansı üstünlüklər oldu? Biz 4 gün ərzində nələri qazandıq?
- Ermənilər də ilk dəfə olaraq kimlərlə döyüş əməliyyatı apardığını orada başa düşdü. Aprel döyüşləri ordumuzun döyüş əzmini də qaldırdı. Sanki Vətən Müharibəsindəki gələcək döyüşlərin kiçik bir modeli idi. Talış istiqamətindəki aparıcı yüksəkliklər düşməndən azad edildi. Lələtəpə də düşmən tapdağından xilas olmuşdu. Ümumilikdə 2 min hektardan çox ərazini öz nəzarətimizə qaytarmışdıq. Allah şəhidlərimizə rəhmət eləsin. Düşmən ilk dəfə o zaman Azərbaycan Ordusunun gücünü gördü. Amma aprel döyüşlərindən özlərinə dərs çıxarmadılar. Nəticə lap pis oldu. Vətən Müharibəsi dövründə də ehtiyat qüvvə olaraq orduya cəlb olunmuşduq. Həmin dövrdə biz Qazax istiqamətində əlavə ehtiyat qüvvə kimi cəmləşmişdik. Çox şükür ki, şanlı qələbəmizi görmək bizə qismət oldu. Bir daha deyirəm, Aprel döyüşləri heç zaman unudulmamalıdır. Biz bu qəhrəmanlıq tariximizi nəsildən-nəsilə ötürərək yaşatmalıyıq.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO