Xüsusi
Azərbaycanı qəlbində daşımaq daha vacibdir - Səfirlə MÜSAHİBƏ
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə aprelin 27-də Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması, bu illər ərzində görülən işlər və gələcəkdə görülməsi nəzərdə tutulan planlar barədə suallarımızı cavablandırıb.
Publika.az səfirlə müsahibəni təqdim edir:
- Cənab səfir, 27 aprel tarixində Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam oldu. Ölkələr arasındakı ikitərəfli münasibətləri necə xarakterizə etmək olar və 30 il ərzində hansı uğurlar əldə olunub?
- Azərbaycan və Macarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq və dostluq əlaqələrinə əsaslanır. Diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində siyasi, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilib. Macarıstanın 44 günlük Vətən müharibəsi dövründə ədalətli, beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi ölkə rəhbərliyinin yeritdiyi uzaqgörən xarici siyasət kursunun və diplomatiyasının mühüm uğurudur. Bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığımız davam etdiriləcək. Qeyd edim ki, bu yanaşma təkcə Azərbaycanın deyil, Macarıstanın da mövqeyini əks etdirir. Belə ki, 27 apreldə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Budapeşt şəhərində təşkil edilmiş fotosərgidə çıxış edən Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin aparat rəhbərinin müavini Tamas Torma bu otuz ilin növbəti 300 ilin təməl daşı olduğunu vurğulayıb. Göründüyü kimi, Macarıstan ölkələrimiz arasındakı strateji tərəfdaşlığı uzunmüddətli perspektivdə nəzərdən keçirir.
- Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin inkişafı üçün daha hansı addımları atmağı düşünürsünüz?
- Macarıstanla müxtəlif sahələrdə əlaqələri daha da inkişaf etdirmək üçün ciddi potensial mövcuddur. İki ölkənin liderləri arasında şəxsi əlaqələr yüksək səviyyədədir. İqtisadi sahədə, xüsusən ticarət dövriyyəsinin artırılması istiqamətində iş aparılacaq. Enerji sahəsinə gəldikdə, 2023-cü ilin sonundan başlayaraq Azərbaycan qazının Macarıstana ixrac olunması nəzərdə tutulur. Eyni zamanda növbəti il Türk dünyasının mədəniyyət paytaxtı olacaq Şuşa və Avropanın mədəniyyət paytaxtı olacaq Macarıstanın Vesprem şəhəri arasında əməkdaşlığın qurulması qarşıda duran mühüm məsələlərdəndir. Məlum olduğu kimi, Macarıstan hökuməti hər il 200 nəfər azərbaycanlı tələbəyə bu ölkənin ali təhsil müəssisələrində təqaüdlə təhsil almaq imkanı yaradır. Bununla yanaşı, Azərbaycan tərəfi də macar tələbələrə təqaüd ayırır. Macarıstanda ölkəmizdəki təhsil imkanlarının təşviqi diqqət mərkəzində saxlanılan əsas sahələrdəndir. Bütün bunlardan əlavə, qarşılıqlı maraq doğuran digər sahələrdə Azərbaycan və Macarıstanın aidiyyəti qurumları arasında təcrübə mübadiləsinə şərait yaratmaq istiqamətində iş aparılır.
- Macarıstanın Türk Dövlətləri Təşkilatına çox isti münasibəti və müşahidəçi qismində çıxış etməsini necə qiymətləndirirsiniz?
- Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak etsə də, kifayət qədər fəaldır və təşkilatın həyata keçirdiyi tədbirlərə mühüm töhfə verir. Buna nail olunmasında TDT-nin Budapeşt şəhərində fəaliyyət göstərən Nümayəndəlik Ofisi və şəxsən ofisin rəhbəri səfir Yanoş Hovari tərəfindən aparılan əlaqələrdirmə işi təqdirəlayiq rol oynayır. İkitərəfli münasibətlərlə yanaşı, ölkələrimiz TDT çərçivəsində sıx əməkdaşlıq edirlər. Macarlar türk xalqları ilə ortaq köklərə malik olduqlarını daim dilə gətirir və bizi qardaş xalq olaraq qəbul edirlər. Dillərimizdə, mədəni dəyərlərimizdə və adət-ənənələrimizdə çoxsaylı oxşarlıqlar mövcuddur.
src="/storage/files/upload/64e7a47250bf5fcfa3f53ce09aefd9af3b87dec1.jpg" style="width: 546px; height: 728px;" class="fr-fic fr-dib">
- Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərinin möhkəmlənməsində Macarıstan hansı rolu oynayır?
- Macarıstan bir sıra məsələlərdə, o cümlədən qeyri-qanuni miqrant axını, Rusiyaya qarşı enerji sahəsində olan sanksiyalarla əlaqədar rəsmi Brüssellə müəyyən fikir ayrılıqları yaşasa da, Avropa İttifaqında üzvlük ölkənin seçdiyi əsas istiqamətdir. Macarıstanın Aİ üzvü olaraq Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstək bizim üçün olduqca dəyərlidir. Bununla yanaşı, Azərbaycan öz növbəsində Avropa İttifaqı və Aİ üzvü olan dövlətlərlə ayrı-ayrılıqda uğurlu əməkdaşlıq münasibətlərinə malikdir.
- Macarıstanda azərbaycanlılara münasibət necədir? Ümumiyyətlə, burada yaşayan soydaşlarımızın ən böyük problemi nədir?
- Macarıstanda azərbaycanlılara münasibət kifayət qədər müsbətdir. Burada hazırda yaşayan soydaşlarımızın böyük əksəriyyətini Macarıstanda təhsil alan tələbələr təşkil edir. Hazırda 800-dən artıq tələbə bu ölkənin ali təhsil müəssisələrində təhsil alır. Onlarla keçirilən görüşlərimdə gənclərimiz mövcud şəraitdən məmnunluqlarını ifadə edirlər. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi Macarıstanda yaşayan azərbaycanlıların birliyinin formalaşdırılmasında mühüm rol oynayır.
- Macarlarla azərbaycanlıları əsasən hansı mədəni dəyərlər, kulinariya və adətlər birləşdirir?
- Qeyd etdiyim kimi, macarlar türk xalqları ilə ortaq tarixi və mədəni köklərə malik olduqlarından həyatımızın ən müxtəlif sahələrində vahid dəyərlərin şahidi olmaq mümkündür. Dillərimiz və cümlə quruluşlarımız arasında bənzər cəhətlər çoxdur. Macar millətinin əsasında duran on tayfadan ikisinin məhz türk əsilli olduğu hesab edilir. Ölkənin adının ingilis dilində tərcüməsinin də (Hungary) “on ox” (On ogur) sözündən gəldiyi iddia edilir. Bizans imperatoru tərəfindən macar tayfalarının konfederasiyasının ilk rəhbəri sayılan Arpada ünvanlanan məktublarda onun “Türk tayfalarının knyazı” adlandırıldığı qeyd edilir.
- İkinci Qarabağ müharibəsində bir çox dövlətlərdən fərqli olaraq Macarıstan ədalətli mövqe sərgilədi. Sözsüz ki, bu dəstək xalqımızı sevindirirdi. Cənab səfir, bəs Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdırmı? İki ölkə arasında əməkdaşlıq sahələri əsasən hansı sferadadır?
- Xatırladım ki, Macarıstan Vətən müharibəsi dövründəki ədalətli mövqeyi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 25 min avro qrant ayırmaqla ölkəmizə dəstəyini nümayiş etdirib. Əlbəttə, macar şirkətləri Azərbaycanın işğaldan azad edilmiş bölgələrində aparılan bərpa və yenidənqurma işlərində iştirak etməyə böyük maraq göstərirlər. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun ölkəmizə son səfərində onu 24 macar şirkətinin nümayəndələri müşayiət edib. Macarıstan “Eximbank”ı bu məqsədlə 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb. Əsas əməkdaşlıq sahələrinə su ehtiyatlarının idarə olunması, “ağıllı şəhərlər”, dəmiryol tikintisi, işıqlandırma texnologiyaları, heyvandarlıq daxildir.
- Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir? Bildiyimiz kimi, Azərbaycanda Macarıstan şirkətləri fəaliyyət göstərir, bəs Macarıstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri varmı?
- 2021-ci ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsinin həcmi 35 milyon dollar təşkil edib. Lakin bu həcmin artırılması üçün böyük potensial mövcuddur və fəaliyyətim dövründə bu istiqamətə xüsusi diqqət ayrılacaq.
- Hər il orta hesabla neçə azərbaycanlı turist Macarıstanı ziyarət edir? Pandemiya bu rəqəmlərə necə təsir edib? Ümumilikdə bu istiqamətdə qarşılıqlı turizm əlaqələrinin inkişaf perspektivlərini necə görürsünüz?
- Azərbaycan və Macarıstan arasında birbaşa reysin olması, “Wizz Air” aviaşirkəti tərəfindən həftədə iki dəfə həyata keçirilən uçuşlar, şübhəsiz, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına mühüm töhfə verir. Pandemiya ilə əlaqədar turistlərin sayında azalma müşahidə olunsa da, artıq məhdudiyyətlərin aradan qaldırılması turizmin yenidən canlanmasına təkan verir. Eyni zamanda vətəndaşlarımızın səyahətləri ilə bağlı müşahidələrimiz göstərir ki, Macarıstan son təyinat ölkəsi olmaqla yanaşı, digər Avropa ölkələrinə səfər edən azərbaycanlılar üçün tranzit ölkəyə çevrilir.
- Macarıstana təhsil almağa gələn tələbələrin sayı hər il artır. Tələbələrin seçiminin səbəblərini nədə görürsünüz?
- Macarıstan hökuməti tərəfindən hər il təmin edilən 200 təqaüd yeri tələbələrin seçimlərinə nəzərəçarpan təsir göstərən bir amildir. Bununla yanaşı, Macarıstanın Eötvöş Lorand Universiteti, Korvinus Universiteti, Seqed Universiteti və digərləri yüksək səviyyədə təhsil almaq imkanları təmin edərək gənclərin diqqətini cəlb edirlər. Bu il Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində məzuniyyət mərasimində iştirak edərkən həmin universitetin rəhbərliyi tərəfindən azərbaycanlı tələbələrin bilik səviyyəsinin və təhsil prosesinə yanaşmasının nümunə kimi göstərilməsi məndə böyük fəxr hissi doğurdu.
- Cənab səfir, regionumuzu Avropa ölkələrində tanıtmaq üçün hansı tədbirlər görə bilərik?
- Son illərdə Azərbaycanda təşkil edilmiş dünya səviyyəli tədbirlər ölkəmizin Avropa məkanında tanıdılmasına mühüm töhfə verib. Hazırda da Azərbaycan həqiqətlərinin və mədəniyyətinin bu regionda təbliği istiqamətində iş davam etdirilir. Macarıstanda Macar Turan Fondu tərəfindən hər il təşkil edilən qurultayda (Kurultaj) ölkəmizin bu il daha geniş miqyasda, atçılarımızın iştirakı ilə təmsil olunması istiqamətində aparılan iş məhz bu məqsədə xidmət edir.
src="/storage/files/upload/9bf44bc6038bb59149a7dfcaec8c5d154a580a27.jpg" style="width: 494px; height: 659.036px;" class="fr-fic fr-dib">
- Tahir bəy, bu illər ərzində Azərbaycandan uzaqda yaşamaq sizə nə qazandırdı və nələrdən məhrum etdi? Xaricdə rastlaşdığınız hansı məişət qanunu və ya mental dəyərləri ölkəmizdə görmək istərdiniz?
- Vətəndən, doğmalardan uzaqda yaşamaq asan olmasa da, fikrimcə, istənilən ölkədə yaşayarkən Azərbaycanı qəlbində daşımaq daha vacibdir. Böyük Britaniyada işlədiyim dövrdə məndə nizam-intizam qaydalarına əməl etmək vərdişi formalaşıb. Sevindirici haldır ki, artıq Azərbaycanda da bu istiqamətdə inkişaf nəzərə çarpır. Belə ki, Azərbaycan vətəndaşı olaraq “ASAN xidmət” və DOST mərkəzlərində qarşılaşdığım şərait məndə böyük məmnunluq doğurdu. Xalqımız çox zəngin mənəvi və mədəni dəyərlərə malikdir. Başqa xalqların dəyərlərini fərq qoymadan mənimsəyərək milli kimliyimizi itirməyimiz düzgün olmazdı.
- Bir çox ölkələrdə yüksək vəzifələrdə çalışmısınız, bunun arxasında böyük bir zəhmət yatır. İşinizin ağırlığı həyatınıza necə təsir edir?
- İşimi ağır adlandırmaq istəməzdim, çünki insan sevdiyi işlə məşğuldursa, hər bir çətinliyin öhdəsindən gəlmək ona asan gəlir. Əlbəttə, hər bir işdə olduğu kimi, yorulduğum anlar olur, lakin bu zaman şeir yazmaqla, ədəbiyyat oxumaqla və filmlər izləməklə istirahət etməyi seçirəm. Düzdür, bunun üçün asudə vaxt tapmaq həmişə mümkün olmur.
Mənim vəzifəm dövlət qulluqçusu vəzifəsidir. Burada hansı sözün vurğulanması əhəmiyyətlidir. Mən dövlət sözünü qabardaraq vəzifəmin verdiyi səlahiyyətlərə diqqət yönəltmək yerinə, qulluqçu sözünü ön plana çəkirəm. Xalqıma və dövlətimə qulluq etmək mənim üçün böyük şərəfdir.
Aytən Məftun
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var