"Orxan Fikrətoğluna dedim ki..." - Tahir Əmiraslanovla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Orxan Fikrətoğluna dedim ki..." - Tahir Əmiraslanovla MÜSAHİBƏ

Ötən gün tanınmış yazıçı Orxan Fikrətoğlunun Milli Kulinariya Mərkəzinin baş direktoru təyin edilməsi ilə bağlı xəbərlər yayıldı. Orxan Fikrətoğlu bu vəzifədə əfsanəvi kulinar – Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Təşkilatının rəhbəri Tahir Əmiraslanovu əvəzləyəcək. Bu təyinata görə Orxan Fikrətoğlunu qınayanlar da, təqdir edənlər də oldu. Bəs nə dəyişəcək?

Publika.az-ın budəfəki "Cümə söhbəti"ndə suallarımızı kulinar Tahir Əmiraslanova ünvanladıq.

O bildirdi ki, təyinat münasibətilə Orxan Fikrətoğlunu təbrik edib, amma...

"Amma"sını bilmək istəyənlər üçün müsahibəni təqdim edirik:

- Tahir müəllim, Orxan Fikrətoğlunun Milli Kulinariya Mərkəzinə baş direktor təyin olunmasına münasibətiniz necədir? Orxan bəy sizə necə, hansı formada kömək edəcək?

- Vallah, nə bilim, bu barədə heç bir fikrim yoxdur. Onu Orxanın özündən soruşmaq lazımdır ki, necə köməklik göstərəcək. Bu təyinat aprel ayında olub və xəbəri eşidən kimi Orxanı təbrik etmişəm. İndi Dövlət Turizm Agentliyi dövlətin əlidir. Yəqin ki, dövlət belə məsləhət görüb. Mən onların nə düşündüyünü bilmirəm. Orada da islahatlar var. Kimisə işdən çıxarmaq, kimisə vəzifəyə təyin etmək onların səlahiyyətində olan məsələdir. Bəlkə də bu gün televiziyalarda kulinariya təqdimatlarına daha çox ehtiyac var. Yəqin belə məsləhət görüblər ki, Orxan müəllimi bu vəzifəyə təyin ediblər. Mən burada elə bir şey görmürəm. Məni çıxarıblar, onu təyin ediblər, canları sağ olsun.

- Sizi işdən çıxarmaları üçün hər hansı bir səbəb görürsünüzmü?

- Ola bilər ki, mən Dünya İslam Kulinariya Təşkilatının prezidenti seçildiyim və işlərim çoxaldığı üçün belə bir addım atmağı düşünüblər. Eyni zamanda, Azərbaycan Kulinariya Assosiasiyasının da prezidentiyəm. Doğrusu, işlərim çoxalıb. Orxan Fikrətoğlu ilə bizim lap çoxdan salam-kalamımız, dostluğumuz var.

- Siz yenə də assosiasiyanın sədri olaraq qalırsınız. Bundan sonrakı planlarınız nədir?

- Vallah, mən dəqiq deyə bilmərəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinə tabe olan dövlət təşkilatıdır. Biz bu təşkilatı 1991-ci ildə yaratdıq. Onu formalaşdırdıq. Hazırda da ölkəmizə xidmət göstərir. Orxan Fikrətoğlu hələ ki, o vəzifəyə təzə təyin olunub. Milli Kulinariya Assosiasiyasının qeyri-hökumət təşkilatı olaraq və Milli Kulinariya Mərkəzi ilə bağlı müqavilələri var. Bu müqavilələr bir neçə il bundan əvvəl bağlanıb. Biz bir-birimizlə həmişə qarşılıqlı əlaqədə işləmişik. Bu iki qurum hər zaman bir-birinə maddi və mənəvi dəstək olub. Milli Kulinariya Mərkəzi dövlət təşkilatıdır. Milli Kulinariya Assosiasiyası isə dünyanın üç böyük təşkilatında Azərbaycanı təmsil edir. Söhbət həm Dünya Kulinariya Təşkilatından, həm də İslam Kulinariya Təşkilatından və UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatından gedir. Biz həmişə dövlətin siyasətini xaricdə təmsil etmişik. Yəni mərkəzin qoyduğu şərtləri həmişə xaricə çıxarmışıq. Daxildə də Assosiasiya Mərkəzi bu işdə kömək edib. Dövlət gedib sponsor axtara bilməzdi. Amma assosiasiya gedib sponsorları tapırdı. COVID-19 pandemiyasından sonra Kulinariya Mərkəzi assosiasiyaya daha çox kömək etməyə başladı. Ondan əvvəl isə Milli Kulinariya Mərkəzi olaraq biz mərkəzə daha çox kömək edirdik. Ona görə də düşünürəm ki, son təyinatla bağlı hay-küyə səbəb olacaq bir şey yoxdur.

- Belə başa düşdüm ki, Orxan Fikrətoğlunun təyinatı ilə bağlı sizinlə məsləhətləşməyiblər...

- Dövlət necə istəyirsə, o cür də addım atır. Ora dövlət təşkilatıdır. Kimin hansısa vəzifəyə təyinat almasına heç kim müdaxilə edə bilməz. Vallah, gözləyirdim ki, mən nə vaxtsa bu işdən çıxacam. Gözləyirdim, intəhası... Dövlət vəzifəsində çalışan hər bir adam gözləməlidir ki, sabah onu ya başqa yerə göndərə bilərlər, ya da yerinə kimisə qoya bilərlər. Bu, normal bir prosesdir.

- Orxan bəy açıqlamasında söylədi ki, sizə milli irs zəminində yardım edəcək. Həm də sizə və agentliyə tarixi, diplomatik və siyasi sahədə yardım etməyi düşünür. Kulinariya, siyasət, tarix... Bu sahələr bir-birinə nə qədər uyğundur?

- Vallah, onu Orxan müəllim daha yaxşı bilir. Dünyada kulinariya siyasəti mövcuddur. Əlbəttə, bizim də kulinariya siyasətimiz var. Baxmayaraq ki, beynəlxalq təşkilatlarda belə bir siyasət yoxdur. Amma biz Orxan müəllimlə danışdıq, söhbət etdik. Yenə deyirəm, mən özüm də onu bu təyinat münasibətilə təbrik etmişəm, əməkdaşlıq imkanlarımıza baxacağıq. İndi sözdür, deyirik. Əməkdaşlığımızın hansı formada olacağını zaman göstərəcək. Bu, ikimizin, Milli Kulinariya Assosiasiyasının İdarə Heyətinin, eləcə də Orxan müəllimin kollektivinin əzmindən, istəyindən asılı olacaq bir məsələdir.

- Bəs mərkəzlə assosiasiya arasındakı müqavilənin aqibəti necə olacaq?

- Ortada müqavilə var və o müqavilə pozulmayıb. Mən bu barədə Orxan müəllimlə də danışmışam. Dövlət Turizm Agentliyinə də müqaviləyə xitam verib-verməyəcəyimizi soruşdum. Dedilər ki, işləyirik, xitam verməyək. Hələlik Milli Kulinariya Assosiasiyası ilə Milli Kulinariya Mərkəzi arasında bağlanan müqavilə öz qüvvəsindədir. Mənim son dövrlərdə yüküm xeyli artmışdı. Ola bilər, dövlətin başında olanlar düşünüblər ki, Tahir Əmiraslanovun yükü bu qədər artıb. Dünya İslam Kulinariya Təşkilatının prezidenti olmaq o qədər də asan bir şey deyil. Oraya da hər adam seçilmir. Bu bizim üçün bir şansdır və ölkəmiz də bu şansdan yararlanmalıdır.

- İslam Kulinariya Təşkilatının rəhbəri kimi mədəniyyət paytaxtımız olan Şuşa ilə bağlı hansı planlarınız var?

- Mən istəyirəm ki, Şuşada daimi olaraq islam kulinariyası, ümumiyyətlə, kulinariya festivalları keçirilsin. Gələcəkdə bizim imkanımız yaranacaq ki, Şuşanı Dünya İslam Kulinariya Mədəniyyəti Mərkəzi edək. Mehriban xanım Əliyeva Lənkəranı kulinariya mərkəzi etdi. Şuşanı da daimi olaraq yeni islam kulinariya mərkəzi etmək mümkündür. Bu, bir daha göstərəcək ki, Şuşa müsəlmanlara, azərbaycanlılara xas bir mədəniyyəti özündə təcəssüm etdirən şəhərdir. Dünya ictimaiyyətinin düşüncəsinə də bu amil təsir göstərə bilər. Biz bu məsələni Orxan Fikrətoğlu və Dövlət Turizm Agentliyi ilə də məsləhətləşəcəyik. Digər qurumlara da bu barədə yazılacaq. Əgər istəsələr, əgər dövlət lazım bilərsə, edəcəyik. Mən Şuşada dünya islam mətbəxinin paradını təşkil etmək istəyərdim. Hətta mətbəx günləri də keçirmək mümkündür. Bu, bir gün də, beş gün də ola bilər. Paraddan sonra onlar çəkilişlər edirlər, yayırlar. Belə olan halda insanlar görəcək ki, Azərbaycan mədəniyyətinin Şuşa kimi incisi var. Beləliklə, oraya dəvət alan Malayziya, İndoneziya kimi ölkələr də Şuşaya turist göndərməkdə maraqlı olacaqlar. Eyni zamanda, biz bu cür tədbirlərdən istifadə edib onlara Azərbaycanı göstərə bilərik. Mədədən ürəyə, ürəkdən isə beyinə çox yaxın yol var.

- Orxan Fikrətoğlu bildirir ki, milli kulinariyanın dijital formatda, yeni televiziya variantında təqdimatı bütün dünyaya çıxarılacaq. Buna ehtiyac varmı?

- Vallah, orada o, rəhbərdir. Yəqin ki, bütün bunları orada məsləhətləşib. Bəlkə də Orxan müəllim bu ideyanı o cür görür. Nəsə edirlərsə, yəqin ki, xeyri olar. Amma mən o sahədə mütəxəssis deyiləm. Televiziyada göstərmək, onu təqdim etməklə bağlı tam şərh verə bilmirəm.

- Bütün televiziyalarımızda demək olar ki, mətbəx verilişləri var. Bəlkə onların hamısını bir yerə toplayıb kulinariya ilə bağlı ayrıca mətbəx açmaq lazımdır?

- Ola bilər. Televiziya işini bilmədiyim üçün onun necə olacağı haqqında fikir söyləməkdə çəkinirəm. Onun necə olacağını, kim tərəfindən maliyyələşdiriləcəyini də bilmirəm. Orxan müəllim bunu daha yaxşı şərh edə bilər, çünki bu onun sahəsidir. Kulinariya ilə bağlı nə zaman müraciət etsələr, dəstək verəcəyik. Bizim birgə layihələrimiz də mövcuddur. Bəzi kitablarımız artıq hazırdır. Bir neçə kitab çap olunmalıdır. Orxan müəllim də söylədi ki, həmin kitabları çap etdirəcək ki, qalmasın... Hazırda bəzi səbəblərə görə işlər ləng gedir. Amma yəqin ki, çap işləri yekunlaşacaq. Biz danışmışıq ki, bu kimi işlərlə məşğul olaq. Yenə deyirəm, otuz ilə yaxındır ki, iki qurum arasında müqavilə işləyir. Biz 2018, ya da 2019-cu ildə bu müqaviləni yenilədik. Çünki ayrılıqda işləmək o effekti vermir. Dövlətlə ictimai təşkilat bir olanda gücümüz də artırdı. QHT Agentliyi də bu məqsədlə yaradıldı. Yəni QHT-lərlə dövlət arasındakı əlaqə sıx olsun. Prezident də dəfələrlə ictimaiyyətə müraciət edib ki, ictimaiyyət dövlət quruculuğunda daha fəal olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm