Xüsusi
Qərb Bakıya fokuslanır: biz gedəcəyik, yoxsa onlar gələcək? - MÜSAHİBƏ
Bu həftənin əsas gündəm məsələlərindən biri Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri idi. Bu səfər onun İrəvana gedişindən öncə baş tutdu. Üstəlik, Prezident Nauseda Azərbaycandan olan iş adamlarını ölkəsinə dəvət etdi. Özü də Azərbaycanın Qərbin investorlarını Qarabağa – işğaldan azad edilmiş ərazilərə dəvət etdiyi bir məqamda... İndi sual olunur, bizmi Qərbə gedəcəyik, yoxsa onlar Qarabağa gələcək?
Digər məsələ Rusiyaya sanksiyalar fonunda Qərbin Bakı neftinə fokuslanmasıdır. Alternativ enerji bazarı kimi Qərb Azərbaycanı da nəzərdən keçirir. Deyəsən, Rusiya-Ukrayna savaşı fonunda Avropa Azərbaycan neftinin qoxusunu daha yaxından almaq istəyir.
Publika.az-ın budəfəki “Cümə söhbəti”ndə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətləşdik.
Müsahibəni təqdim edirik:
- Çingiz müəllim, Litva Prezidenti Gitanas Nausedanın Ermənistandan öncə Azərbaycana səfərinə və burada səsləndirdiyi fikirlərə münasibətiniz necədir? Onun azərbaycanlı iş adamlarını ölkəsinə dəvət etməsi bizim üçün gələcəkdə hansı perspektivlər vəd edə bilər?
- Litva prezidentinin Azərbaycana səfəri təbii ki, mühüm aspektlərdən baxsaq görərik ki, olduqca önəmlidir. Yəni Avropa məkanını təmsil edən bir dövlətin rəhbərinin İrəvandan öncə Bakıya səfər etməsi və Azərbaycan həqiqətlərini öz gözləri ilə görməsi olduqca önəmli idi. Eləcə də onun cənab Prezident İlham Əliyevlə görüşü və Ermənistan-Azərbaycan münasibətlərində rəsmi Bakının mövqeyini öyrənməsi də bizim üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Litvanın dövlət başçısı Azərbaycanda gedən müəyyən uğurlu islahatlar, Qarabağda başlanmış və yenidənqurma işləri ilə əlaqədar tam məlumatlanmış şəkildə Ermənistana səfər edəcək. Daha doğrusu, artıq bu səfər gerçəkləşib. Belə başa düşürəm ki, Prezident Gitanas Nauseda bu həqiqətləri gördükdən sonra Ermənistan tərəfinin Litva prezidentini hansısa formada aldatmağa cəhd imkanları məhdudlaşacaq. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Gitanas Nausedanın azərbaycanlı iş adamlarını Litvaya dəvət etməsi də normal qarşılana bilər.
- Bizim iş adamlarının Avropada fəaliyyət təcrübəsi varmı?
- Bizim iş adamlarımız bu vaxta qədər Avropada müəyyən işlər görüblər. Mən Serbiyada yol çəkilişində Azərbaycan şirkətlərinin iştirakını xatırlayıram. Belə hesab edirəm ki, təkcə yol çəkilişində deyil, digər sahələrdə də Azərbaycan bu məkanlarda öz bilik və bacarıqlarını investisiya yatıraraq ortaya qoya bilər. Biznes strukturlarında müəyyən mühüm çalışmaları həyata keçirmək mümkündür. Nəzərə alaq ki, hazırda Azərbaycanın özünün investisiya qoyuluşuna ehtiyacı var. Biz Avropanın və digər Qərb ölkələrinin Qarabağda investisiya qoymalarına çalışırıq. Bu baxımdan hesab edirəm ki, Qarabağda investisiya qoyuluşundan kənar qalan iş adamlarının Avropada işə başlaması olduqca önəmlidir. Bu, Avropa-Azərbaycan münasibətlərinin istiləşməsinə və yaxşı fonda daha da inkişaf etməsinə xidmət edən məqamlardan biridir.
- Hazırda Azərbaycan-Avropa İttifaqı münasibətləri hansı səviyyədədir? Baş verən hadisələr fonunda Azərbaycanın nüfuzu Qərbdə daha da artacaqmı? Rusiyaya qarşı tətbiq olunan sanksiyalar alternativ enerji bazarı olaraq Azərbaycana Qərbin marağını artıracaqmı?
- Azərbaycan Qərb və Avropa üçün layiqli tərəfdaşdır. Eyni zamanda nəzərə alaq ki, Azərbaycanın enerji resurslarına Qərbin ehtiyacı var. Bu ehtiyac günü-gündən artmaqdadır. Bu baxımdan hesab edirəm ki, hazırkı tendensiya Azərbaycanın həm də siyasi mövqeyinin artımına gətirib çıxaracaq. Yəni normal əməkdaşlıq və tərəfdaşlıq, eyni zamanda Azərbaycan həqiqətlərinin Avropa tərəfindən dərk edilməsi və Azərbaycanın haqq səsinə dəstək vermələrinə gətirib çıxara bilən məqamlardan biridir. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin şimal qonşumuza tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq artıq Avropa və Qərb dünyada alternativ enerji mənbələrinin axtarışına çıxıblar. Alternativ enerji mənbələrinin əldə olunmasına cəhdlər göstərirlər. Eyni zamanda bu istiqamətdə əlaqələr qurmağa çalışırlar. Belə bir şəraitdə Azərbaycanın enerji resurslarına qarşı Qərbin istəyi və Avropanın bizim enerji resurslarımızdan bəhrələnməyi üçün sifarişlər həddən çox artacaq. Bu fonda Azərbaycan dövləti həmişə olduğu kimi, dövlətimizin siyasi və iqtisadi maraqlarını qorumaqla Qərblə bu sahədə etdiyi əməkdaşlıq həm də ölkəmizin siyasi nüfuzunun güclənməsinə gətirib çıxaracaq. Onsuz da Qərbin Azərbaycanın enerji resurslarına ehtiyacı həmişə olub. Amma indi Avropanın Rusiya ilə yaranmış problemləri bu marağı daha artırıb. Təbii ki, Azərbaycan Qərbin bu istəyindən ciddi və düşünülmüş şəkildə faydalanmalıdır. Bu da bizim dövlət müstəqilliyimizin güclənməsi, ölkəmizin müəyyən problemlərinin həlli istiqamətində apardığımız siyasətə yeni dəstəklərin əldə olunmasına gətirib çıxara bilən məqamlardır.
- Bir neçə gün əvvəl Şuşada "Xarıbülbül" Festivalı keçirildi. Bu kimi festivallar, tədbirlər gələcəkdə Şuşanın dünyaya açılmasına hansı töhfələri verə bilər?
- Şuşa işğaldan azad olunduqdan sonra oraya ilk səfərlər başlanan gündən Azərbaycanın mədəniyyət paytaxtında bir çox tədbirlər, festivallar keçirilib. Eyni zamanda orada siyasi bəyannamələr imzalanıb. Ötən ilin 15 iyununda qardaş Türkiyə ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıra biləcək Şuşa Bəyannaməsi imzalanıb. Şuşada hər bir beynəlxalq tədbir keçirildikcə onun dünyadakı nüfuzu da get-gedə artmaqdadır. Şuşa orada baş tutan festivallarla, beynəlxalq tədbirlərlə öz qapılarını dünyaya açır. Onun beynəlxalq aləmdə Azərbaycanın mədəniyyət beşiyi kimi nüfuzu daha da yüksəlir. Ölkəmizə gələn və Şuşanı ziyarət edən qonaqlar da bu əsrarəngiz mədəniyyət beşiyindən xoş təəssüratlarla ayrılır.
- Həftənin ən çox müzakirə olunan məsələlərindən biri də türk dünyasının diaspor təşkilatlarının birləşməsi ilə bağlı idi. Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının belə bir təcrübəsi var. Digər türkdilli ölkələrin diaspor təşkilatları ilə birgə fəaliyyət bizə nə verə bilər?
- Türkiyə ilə Azərbaycan ayrılmaz bir varlıqdır; can qardaşı, qan qardaşıdır. Heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməz. Biz bir millət, iki dövlətik. Təbii ki, dünyada baş verən proseslərlə əlaqədar, eləcə də Ermənistan və bəzi dövlətlərin türklüyə qarşı apardıqları anti-türk təbliğatları ilə bağlı olaraq təbii ki, bizim diaspor təşkilatlarımız birləşməlidir. Daha doğrusu, birlikdə fəaliyyət göstərməlidir. Ona görə də mən Azərbaycanın diaspor təşkilatlarının uğurlu işlərini qeyd etməklə həm də Türkiyənin və digər türk dövlətlərinin diaspor təşkilatları ilə daha sıx əlaqələrinin qurulmasında olduqca maraqlı görünürəm. Belə hesab edirəm ki, bu, türk birliyinə və türk dünyasına xidmət edən hal ola bilər.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO