Azərbaycanın kriminallaşan məktəbləri: təhsil ocaqlarında uşaqlara nə öyrədilir?
Bizi izləyin

Xüsusi

Azərbaycanın kriminallaşan məktəbləri: təhsil ocaqlarında uşaqlara nə öyrədilir?

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması hadisəsi baş verib. Bildirilib ki, VIII a sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IX b sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib. Bu, artıq 3-cü hadisədir ki, məktəbdə şagirdlərin bir-birinə bıçaqla xəsarət yetirməsi qeydə alınıb. Gündəmi işğal edən daha bir xəbər isə Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin 8-ci sinif şagirdini döyməsi videosu oldu. Belə hadisələr o qədər tez-tez təkrarlanır ki, az qalsın normal qəbul oluna... Hər halda təhsil ocaqlarında ardıcıl olaraq zorakılıq və kriminal olayların baş verməsi ciddi narahatlıq və suallar doğurur... Bütün bunlar müəllim-şagird münasibətləri arasındakı yazılmış və yazılmamış etik davranış qaydalarının pozulması və sosial münasibətlərə hörmətsizliyin ifrat formasıdır. Bu, təkcə məktəbin və təhsilimizin imicinə kölgə salmır, eyni zamanda cinayət hadisəsini törədən şagirdin də parlaq gələcəyini itirməsinə yol aça bilər. Odur ki, Azərbaycanda təhsil səviyyəsinin keyfiyyəti ilə bağlı mövcud problemlərin üzərinə belə halların əlavə olunması vəziyyəti daha da qəlizləşdirir. Bəs nə etməliyik ki, övladlarımız cinayət hadisələrinə əl atmasın, məktəblər cinayət beşiyinə dönməsin?

Publika.az məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu gün uşaqlar ona görə kriminal hadisələri törədirlər ki, onlarla heç kim işləmir:

Təhsildə ciddi problemlər

“Hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bilirik ki, bütün şagirdlər eyni psixologiyaya, eyni əxlaq və tərbiyəyə malik deyillər. Onların hər birinin xüsusiyyətləri fərqlidir. Əlbəttə ki, təhsil öz ətrafında kifayət qədər böyük bir kontingenti birləşdirir. 1,6 milyon şagird, 150 min müəllim və buraya valideynləri də daxil etsək, neçə milyon insan prosesin aktiv iştirakçısına çevrilir. Odur ki, zaman-zaman xoşagəlməz hallar baş verir. Amma bu o demək deyil ki, baş verməlidir. Nəticə etibarı ilə məktəblərdə cinayət hadisələrinin baş verməsi onu göstərir ki, təhsilin idarəetməsində ciddi problemlər var, məktəblərə nəzarət yox həddindədir, şagird-müəllim münasibətləri pozulub. Bu da bir çox məktəblərdə məktəb direktorlarının məktəblərə nəzarət etməməsinin nəticəsidir, onların başları qarışıb şəxsi işlərinə və pul yığmağa. Təbii ki, şagirdlər sosial şəbəkələrin, TikTok-un təsiri ilə müəyyən qədər dəcəlliyə meyllidirlər. Hər halda müəllim pedaqoqdur, heç bir halda şagirdlərin göstərdiyi dəcəlliyə və şuluqluğa fikizi zorakılıqla reaksiya verə bilməz. Bu, ciddi pozuntudur və hesab edirəm ki, məktəb müəllimləri 2014-cü ildə qəbul edilmiş etik davranış qaydalarına əməl etməlidirlər. Təbii ki, uşaqlar tədrisin təşkilinə, gedişinə mane ola bilirlər və olurlar. Amma biz onlara digər tərbiyəvi üsulları tətbiq edərək müəyyən qədər tədrisə cəlb etməliyik, məşğul etməliyik. Bu gün uşaqlar ona görə kriminal hadisələr törədirlər ki, onlarla heç kim işləmir. Biz həmin uşaqlarla işləməliyik. Ola bilsin ki, onlara bizim verdiyimiz dərs maraqsızdır, lakin biz onlarda maraq oyadıb digər tapşırıqlar verməklə işlətməliyik. Bu gün uşaqlar dərslərdə bekar qalırlar və yekun nəticədə həm dərsin gedişinə, həm başqa uşaqlara mane olurlar.

src="/storage/files/upload/fb15d2d311150516da3ba701b4e20405c375819f.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Təbii ki, müəllimin şagirdi döyməsi müasir pedaqoji qaydalara ziddir. Amma şagirdə sərbəst hərəkət etmək icazəsi verilirsə, deməli, məktəblərin idarəetməsi pozulub. Bu gün məktəblərin idarəetməsindəki boşluqlar, Təhsil Nazirliyinin hadisələrə reaksiya verməməsi neqativ hadisələrin artmasına gətirib çıxarır. Təhsil Nazirliyi məktəblərə nəzarət etmir, sadəcə simvolik olaraq bir-iki şəkil çəkdirib gedirlər. Odur ki, bu xoşagəlməz hallar mütəmadi olaraq artır. Gəncədə də iki qız şagirdi bir-birini bıçaqlamışdı, eyni zamanda Bakı şəhərində iki gün ərzində iki dəfə şagirdin digər şagirdi bıçaqlaması qeydə alınıb, ya da müəllimin şagirdi döyməsi videoları yayılır. Biz artıq bu xəbərlərdən yorulmuşuq, övladımızı məktəbə göndərməyə qorxuruq, çünki Təhsil Nazirliyi nəzarət etmir, hər an övladımızın başına təhlükə gələ bilər”.

Yetkinlik yaşına çatmayanların cinayəti çox vaxt ailə şəraiti ilə əlaqələndirilir

Sosioloq və publisist Əhməd Qəşəmoğlu isə hesab edir ki, birbaşa Təhsil Nazirliyini günahlandırmaq olmaz. O, sözlərinə belə davam edib:

src="/storage/files/upload/36d182a80b7545c24052c6720fd72cb58673c3ad.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

“Biz səhərdən axşama qədər sosial işçilərlə bu məsələləri təhlil edirik. Uşaqların cinayət hadisələrinə meylliliyi daha çox ailələrdə olan gərginliklə bağlıdır. Təsəvvür edin ki, son illərdə təxminən 100 nikaha 32 boşanma düşür, bu da o deməkdir ki, ailələr arasında mübahisələrin yaşanması qaçılmazdır. Deməli, 80 faizə qədər ailələrdə çox böyük gərginlik var. Xalqımızın yeni nəsli belə ailələrdə böyüyür. Dəhşətli məsələ odur ki, yeni nəsil gərginlik içində yetişir. Deməli, səbəbin böyük bir hissəsi ailədədir və təbii ki, sonra məktəbdə təhsil sistemindədir. Çünki təhsil ocaqlarımızda indi məktəb mühiti yoxdur. Həm ailədə, həm də təhsil sistemində günah görürəm. Ümumən humanitar siyasətimizdə ciddi dəyişikliklər olmalıdır. Bu məsələləri başlı-başına buraxmışıq”.

Ailədə rifahın olmaması

Tanınmış psixoloq-psixoterapevt Elmir Əkbərin sözlərinə görə, pandemiya səbəbilə şagirdlərin uzun müddət onlayn şəkildə təhsil alması və ümumilikdə karantin rejimi uşaqlarda ciddi psixoloji problemlər yaradıb.

“Bu, çox acınacaqlı və cəmiyyətimizdə dəyərlərin nə dərəcəyə gəlib çatdığını göstərən bir məsələdir. Eyni zamanda böyük bir faciədir. Bu işdə koronavirus səbəbilə elan edilən karantin rejiminin də təsiri danılmazdır. Hələ karantin rejimi yeni tətbiq edilməyə başlayanda, Ümumdünya Səhiyyə Təşkilatı da, Beynəlxalq Psixoterapiya Assosiasiyası da insanların psixi durumlarında çox ciddi, ağır dəyişikliklərin olacağını demişdilər. Biz indi bunun nəticəsini görürük, ailələrdə, valideynlərin öz aralarında, valideyn-övlad münasibətlərində çox ciddi problemlər var.

Səhiyyə Nazirliyini və ya Təhsil Nazirliyini bu işdə qınamağın tərəfdarı deyiləm. Bəli, hadisə məktəbdə baş verib. Amma hadisənin səbəbi məktəbdirmi? Əgər metroda baş versəydi, metropoliteni qınamalı idik? Və yaxud da hansısa muzeydə cinayət hadisəsi baş verərsə, muzeymi məsuliyyət daşıyır? Ən böyük problem Azərbaycanda psixoloji və psixoterapevtik xidmətin sıfırdan da aşağı olmağıdır. Bu xidmət bizdə yoxdur, ondan da sui-istifadə edənlər var. Psixoloq və psixoterapevt olmayanlar özlərini psixoloq adlandırır. Hətta səhv etmirəmsə, 2015-ci ildə həkim-psixoterapevt ixtisası bizdə rəsmi şəkildə ləğv edilib, bu isə böyük bir faciədir. Bütün dünyada həkim-psixoanalitik, loqoterapevt ixtisasları ayrıldığı halda bizdə isə ixtisas ümumiyyətlə kökündən ləğv edilib.

src="/storage/files/upload/905f38f08467dce98a39f93038578a6bb41dadb1.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Psixoloji xidmət kimə aiddir, heç kimə bəlli deyil. Məni qorxudan odur ki, sabah diplomunda əsl psixoterapevt yazılan peşəkarları deyil, kiminsə qohumunu, tanışını və ya pulu olan birini bu işə cəlb edə bilərlər. Odur ki, məktəblərdə belə faciələrin sayı günü-gündən artmaqdadır, hələ bundan da betəri olacaq. Bizdə nə qədər ki, həkim-psixoterapevt ixtisası bərpa olunmayacaq, psixoloji və psixoterapevt müalicə tam mənasında doğru xidmət göstərməyəcək.

Məktəblərdəki psixoloqların da birmənalı qınanılmasının əleyhinəyəm. Bəli, məktəblərdə də psixoloq olmayanlar bu ixtisasda çalışa bilər ki, bu da qəti yolverilməzdir. 3-6 ay ərzində kurs keçməklə adam psixoloq ola bilməz. Başqa bir məsələ odur ki, onlardan nə tələb edə bilərik, hansı xarici təhsil alıb, nə təcrübə qazanıb?.. Xarici təhsil ona görə önəmlidir ki, bizdə psixoterapiya məktəbi yoxdur, vaxtı ilə mövcud olan isə çoxdan dağıdılıb. Bu səbəbdən də biz Kanada, Almaniya, Avstriya kimi inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmalıyıq. Çünki psixologiyanın vətəni oradır. Onların təcrübəsindən yararlanıb doğru şəkildə qurulmalıyıq. Ümumiyyətlə, psixoloq kliniki tibbi psixoloq deyil, o, məktəbdə müəyyən hadisələri aşkarlayıb şagirdləri və ya müəllimləri vaxtında kliniki tibbi psixoloqlara, həkim-psixoterapevtlərə yönləndirməlidir. Onun özünün fəaliyyəti kifayət qədər dar çərçivədədir. Məktəb psixoloqlarının qazancları elə vəziyyətdədir ki, öz üzərlərində çalışa bilmirlər. Odur ki, saytınız vasitəsilə Təhsil Nazirliyinə müraciət edirəm ki, psixoloqlar üçün müəyyən təlimlər və kurslar təşkil edilsin. Bir neçə xarici ölkənin universitetlərinin koordinatoruyam, bu işdə böyük məmnuniyyətlə dəstək göstərərəm. Bacaran insanları bu işə cəlb edək, kiminsə xalasıqızı və xalasıoğlunu yox. Vəziyyət bərbaddır. Biz müasir dünyanın qanunları ilə yaşayırıq, ötən əsrdə yox. Müasir dünyanın qanunlarına görə, cəmiyyətin birinci dayaq sütunu psixoterapiya və psixoloji xidmətdir. Çox istərdim ki, Səhiyyə, Təhsil və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səsimi eşitsin”.

Yetkinlik yaşına çatmayanların cinayət törətməsinin səbəbi nədir?

Psixoloq Tünzalə Aslanova qeyd edib ki, məktəbdə şagirdlər arasında cinayət hadisələrinin sayı gündən-günə artır:

“Son müraciətlərdən görürük ki, övladların bir-birinə qarşı aqressiv münasibəti, zorakılığa meyllililik artıb. Xüsusən də yeniyetməlik çağında olan uşaqların valideynlərinin bu formada şikayətlərinə daha çox rast gəlirik. Səbəbləri müxtəlif ola bilər. Çox yayılan və məşhurlaşan - aqressiv oyunlar səbəblər arasında birinci gəlir. Oyun asılılıqlarının çoxalması günümüzün problemlərindən biridir. Valideynlər etiraf edir ki, uşaqlarını oyundan ayırmaq istədikdə ağır təpkiləri ilə qarşılaşırlar. Nəzər salsaq, görərik ki, zorakılığa meyllilik, vurmaq, döymək və öldürmək, bıçaqlamaq və güllələmək kimi oyunlardan istifadə daha çox yayılıb.src="/storage/files/upload/a05711d963dff42870bf6b2321c080457c9d5f2a.jpg" style="width: 502px; height: 334.667px;" class="fr-fic fr-dib">

Yeniyetməlik yaş dönəmi onsuz da hormonal dəyişikliklərə bağlı olaraq uşaqların aqressivlik yaşadığı bir dönəmdir. O dönəmdə uşaqların ruhsal durumları daha tez-tez dəyişir. Ruhi vəziyyətlə bağlı olaraq onlar hirslərinə nəzarəti itirə bilərlər, əsəb və emosiyalarını cilovlaya bilmirlər. Ümumiyyətlə, insanın öz hərəkətinin nəticələrini dərk etməsi 25 yaşdan sonra tam formalaşır. Yeniyetmələrlə işləyən müəllimlər yeniyetmə psixologiyasını bilməlidirlər. Yeniyetməlik dövründə uşaqları olan valideynlər daha çox maariflənməlidir, uşaqları ilə düşmən yox, dost olmalıdırlar. Çünki həmin dövrdə daha çox aqressivlik göstərirlər. Ailə uşaqlarının bu aqressivliyinə qarşı daha səbirli və tutumlu olmalıdır. Aqressiv insana aqressiv reaksiya vermək problemin daha da şiddətlənməsinə gətirib çıxaracaq. Bizə isə həmin dönəmdə sakitlik lazımdır. Valideynlər uşaqları ilə daha mülayim davranmağa çalışsın, dost olsunlar. Dost olduqca valideynlər uşaqlarının dost çevrələri ilə də yaxından tanış olmaq imkanı qazanacaq. Dost olduqca valideyn uşağının oyununa baxa biləcək, baxdıqca da oyunun nəbzini daha yaxşı anlayacaq, daha doğru istiqamət verməyə çalışacaq.

Yeniyetməlik dövründə həm də uşaqların özünü təsdiq etmək arzuları olur. Özlərini sosial çevrələrində göstərmək və təsdiq etmək üçün müəyyən metodlara əl atırlar. Ən çox yayılmış metodlardan biri oğlan uşaqlarının ciblərində bıçaq saxlaması və ya zərərverici əşya ilə gəzməsidir. Belə kəsici alətləri göstərmək və istifadə etmək cəhdlərini onların özünü təsdiq etmək mexanizmi kimi qiymətləndirirlər və elə düşünürlər ki, bunu etdikcə cəmiyyətdə bir status qazanacaqlar. Odur ki, valideynlərə tösviyə edirik ki, övladının davranışlarında narahatlıq yaradan əlamətlər sezirsə və mübarizə apara bilmirsə, gizlətmək yerinə psixoloq və nevroloqlara müraciət edib düzgün istiqamət alsınlar”.

Bir məqsəd uğrunda yaşamağı öyrədə bilmirik

Qabaqcıl təhsil işçisi”, 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biri, 31 nömrəli məktəbin 40 illik müəllimi və tanınmış şair Kamalə Abıyeva hesab edir ki, valideyn müəllimə kömək etməyəndə uşağına yol göstərmək olmur.

“13 sinif buraxmışam, onları yadıma saldım, bu şagirdlər arasında 3-4 nəfərin yolu elə gətirib ki, layiq olmadıqları həyatı yaşamağa məcbur qalıblar. Qalan bütün uşaqlar, zəif oxuyanlar belə özünə bir peşə tapıb, biri sürücü, biri usta olub və s. Hamısının bir məqsədi var idi. Məktəbin səhvi ondadır ki, uşaqları məqsədli yetişdirmirlər. Günahımız odur ki, övladlarımıza bir məqsəd uğrunda yaşamağı öyrədə bilmirik. Burada təkcə təhsil sistemi deyil, valideynlər də günahkardır. Məktəb, ailə və o uşaqların əlində olan telefonlar... Uşaqlar məktəbdə telefondan daha az istifadə edirlər, çox yerdə dərsdən əvvəl telefonlar yığılır, bir də dərs qurtaranda verilir.

Cizgi filmlərində məqsədyönlü arzular yox, ancaq dava-dalaş, səs-küylü dialoqlar eşitmək olur. Hamısı əyninə qəribə paltarlar geyinir və hamısı bir-biri ilə vuruşur. Nə qədər pisləsək də, sovet dövründə biz başqa tərbiyə üsulları ilə böyüyürdük. Uşaqların əvvəl oktyabryata, sonra pioner, sonra komsomola keçmək və ali məktəbə qəbul olub bir sənətə yiyələnmək arzusu olurdu. Yuxarı sinflər üçün peşəyönümlü məktəblər var idi, indi bunlar yoxdur. Uşaqlarla söhbətləşmək lazımdır. Fizika müəllimi kimi ancaq fizik yetişdirməmişəm, əlbəttə ki, birinci qrupa gedənlər, bu fənlə məşğul olanlar çox olub. Həm də həmişə eşitdiyim “Kamalə müəllimə şəxsiyyət yetişdirir” sözləri ilə qürur duymuşam, çalışmışam ki, vətənə layiqli vətəndaş verim, özünə qiymət verən insan yetişdirim.

src="/storage/files/upload/5f1728f5d08854cfa0046860893d34790c3bb8ef.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Müəllimlərin dərsdən sonra sinif saatları var, məktəblərə gedib yoxlasaq, görərik ki, bunu demək olar ki, aparmırlar. Vicdanlı müəllim olmaq lazımdır ilk növbədə. Biz buraxdığımız məhsulun cəmiyyətə ötürüldüyünü, o cəmiyyətdə bizim və övladlarımızın da yaşadığını düşünməliyik. Təkcə müəllimləri günahlandırmaq olmaz, öz təcrübəmdən deyə bilərəm ki, uşağa kömək etmək istəmişəm, amma valideyn elə sərt təpki verib ki, məcbur olub geri çəkilməli olmuşam. Müəllimlə şagirdin sosial mediaya sızmış konflikt video görüntülərinə “Gedib o müəllimin saçını yolardım, nə ixtiyarı var ki, uşağıma bir söz desin” kimi çox çirkin rəylər yazılır. Bəlkə də bir müəllimin şilləsi o uşağı gələcək həyatın şillələrindən qoruyacaq. Amma bir müəllimin laqeydliyi cəmiyyətə nə qədər ziyan vuracaq. Valideyn bunu da düşünməlidir. Müəllimin sözü ilə dava salmaq yox, əksinə, düşünmək lazımdır. Əgər bir neçə müəllim bir uşaqdan şikayət edirsə, onun valideyni ayılmalıdır, uşağına daha dərindən nəzarət etməlidir. Ümumiyyətlə, bizdə məktəb və ailə münasibəti düzgün qurulmur”.

Pedaqoq qeyd edib ki, Azərbaycan təhsilindən son dövrlərdə demək olar ki, hamı narazıdır:

“Testlə qiymətləndirmənin əleyhinəyəm və məktəblərdə köçürmə var ki, bunun da qarşısını ala bilmirik. Test üsulu uşaqları bədbəxt edir, heç nə oxumur və mühakimə etmirlər. Uşaqlar müəyyən şeyləri əzbərləyib robotlaşır. Deyirlər ki, test məntiqi inkişaf etdirir. Etdirmir! Əvvəllər inşalar yazardıq, onun qiyməti nəzərə alınardı, indi isə bu, nəzərə alınmır. Birinci ordan başlamaq lazımdır ki, uşağın məktəbdə gündəlik fəaliyyəti qiymətlənməlidir, jurnallara qiymət yazılmır, uşaq bilmir ki, gündəlik danışsın, ya danışmasın. İstənilən sinfə girib soruşsanız, dərsi danışa bilən üç nəfər uşaq tapa bilmərsiniz”.

K.Abıyeva vurğulayıb ki, 50 faiz ailə, ətraf, baxdıqları filmlər, mətbuat və 50 faiz təhsil günahkardır:

“Nə qədər tənqid etsək də, cəmiyyət biz özümüzük və onu biz özümüz yetişdirməliyik. Yaxşı olar ki, məktəblərlə valideynlər tam əlbir işləsinlər. Valideynlər çox vaxt deyir ki, vaxtım yoxdur. Övladının həyatını hökmən qorumalısan, onun yeməyi və geyimi vicdanlı bir insan kimi yetişdirilməsindən önəmli deyil.

Çalışdığım məktəbdə bir gün uşaqlardan telefonlar yığılmışdı. Gördüm ki, valideynlər qapının ağzında toplaşıb. Hamı şikayətlənirdi ki, niyə uşağımızın telefonu əlindən alınıb. Bu valideynlərin çoxu məktəbə gəlib uşağının dərsləri ilə maraqlanmayanlar idi. Bir dəfə gəlib müəllimdən soruşmayıblar ki, uşağımdan razısan, ya narazı. Atırlar məktəbin üstünə. Bir telefona görə heç vaxt məktəbə gəlməyən valideyn də gəlmişdi. Övladının taleyinə belə bəsit yanaşır, uşağının bir insan kimi nə etdiyi onu narahat etmir, amma telefona görə narahat olur. Valideyn müəllimə kömək etməyəndə uşağına yol göstərmək olmur”.

Nəticə

Mütəxəssis rəyləri onu deməyə əsas verir ki, səbəb nə tək müəllimlərdə, nə də valideynlərdədir. Uşağın parlaq gələcəyi birmənalı olaraq həm ailədəki, həm də məktəbdə gördüyü təlim-tərbiyədən asılıdır. Razıyam ki, bu mövzu mətbuatda təkrar-təkrar işlənir və ciddi bir effekt vermir. Bununla belə, bir şagirdin məktəb yoldaşına bıçaq çəkməsinə laqeyd qalmaq olmaz. Media həm də cəmiyyətin görən güzgüsü və danışan səsidir, odur ki, bu problemlər öz həllini tapana qədər biz bu mövzuda nə yazmaqdan, nə də danışmaqdan imtina etmək fikrindəyik. Yeniyetmələrin psixologiyası çox incə məsələdir, bu yaşda kiçik bir hərəkət onların taleyinə təsir edəcək. Odur ki, yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin artmaması üçün ailədə vəziyyətin yaxşılaşdırılması, valideynlərin savadının artırılması çox vacibdir. Şagirdlərin cinayətə meylliliyinə gəlincə, belə görünür ki, sadəcə təhsil almaq istəyindən deyil, həm də qanunla müəyyən edilmiş sərhədlərdən çox uzaqlaşıblar. Amma onlar bu mənəvi uçuruma qəfil düşmürlər... Odur ki, yeniyetməni hüquq pozuntusuna və ya cinayətə sövq edən səbəbləri öyrənmək vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm