Xüsusi
Bakı kəndləri gender məsələsində rayonlardan 50 il geridə qalır - Şəhla İsmayıl
Publika.az “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla müsahibənin ikinci hissəsini təqdim edir:
Birinci hissəni BURADAN oxuya bilərsiniz.
- Şəhla xanım, Azərbaycanda gender bərabərliyi ilə bağlı durum necədir?
- Azərbaycanın hər yeri eyni vəziyyətə malik deyil, Bakının özü bir başqa, kəndləri isə tamam başqadır. Məsələn, Bakı bu məsələdə rayonlardan 50 il öndədir, rayonlar da Bakının kəndlərindən 50 il qabaqdadır. Bakı ilə kəndlərinin inkişafı arasında 100 il zaman lazımdır ki, onlar paytaxtın durumuna gəlib çata bilsin. Bakı kəndlərinin hansında görmək mümkündür ki, qızlar kafe səviyyəsində toplaşıb adicə ad günlərini qeyd etsinlər. Ancaq ildən-ilə müsbətə doğru gedir. Cəmiyyət inkişaf edir, ölkə getdikcə müasirləşir. İnsanların xarici ölkələrə, o cümlədən də Qərbə çatımlılığı artır. Hazırda patriarxal yanaşmalara sahib olsa da, Azərbaycan cəmiyyətinin qayəsi müasirliyə, inkişafa yönəlikdir. Lakin bu addımlarla bizim gender bərabərliyinə çatmağımız uzun illər çəkəcək. Çünki 3 səviyyədə problem var. Birinci səviyyə qanunlarla bağlıdır. Bəzi cəmiyyətlərdə dəyişiklik yuxarıdan aşağı, bəzilərində isə aşağıdan yuxarı gedir. Azərbaycan cəmiyyətində isə sürətlə inkişaf etmək üçün yuxarıdan aşağı model daha yaxşı işləyir. Hökumət tərəfindən müəyyən qayda və qanunlar tətbiq olunarsa, cəmiyyətimiz o mərhələyə daha erkən çatacaq. Buna görə də dövlətdən gözləntilərimiz də çoxdur.
src="/storage/files/upload/a110ecd5336440c2bda6a7526ce72cdff8be199c.jpg" style="width: 619px; height: 412.667px;" class="fr-fic fr-dib fr-fil">
- Hazırda mövcud olan gender bərabərliyi ilə bağlı qanunlar qeyd etdiyiniz mərhələyə çatmaq üçün kifayət etmirmi?
- Gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması haqqında qanunlar var, amma reproduktiv sağlamlıq və ailə planlaşdırılmasını tənzimləyən qanunumuz 12 ildən çoxdur qəbul olunmaqdadır, ancaq qəbul olunmur. Gender bərabərliyi üzrə milli fəaliyyət planımız da yoxdur. Qadınlar, sülh və təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi bu mövzuda olan 10 qətnamədən biridir. Azərbaycanın 30 illik dönəmdə müharibə şəraitində olan bir ölkə kimi bu milli fəaliyyətə malik olmaması bağışlanmazdır. Bəzi qanunlarda isə işlənməyən məqamlar var. Məsələn, “Məişət zorakılığı haqqında” qanununda mühafizə orderlərinin verilməsi halları çox çətinliklə olur. Bunun üçün müvafiq qurumlara müraciət edəndə inandırmağa çalışırlar ki, bu işdən vazkeç. Ailənin dağılması alqışlanan bir məsələ deyil. Ancaq qadın daim zorakılığa məruz qalırsa, ildən-ilə şiddət daha da artırsa, özümüzü aldatmağın yeri yoxdur. Mühafizə orderi verilən zaman hər iki tərəflə iş aparmaq lazımdır. Burada ciddi problemlərin olması qanunda olan boşluqla əlaqədardır.
Vətəndaş cəmiyyəti burada çox böyük rol oynaya bilər, ancaq ölkəmizdə 2014-cü ildən faktiki olaraq dondurulmuş vəziyyətdədir. Çünki vətəndaş cəmiyyətinin qeydiyyatını, fəaliyyətini, maliyyəsini nizamlayan qanunvericilik tam blokdadır. Elə bir şərtlər qoyulur ki, onlar istədikləri fəaliyyəti qura bilmirlər. 2014-cü ilə qədər 4200 vətəndaş cəmiyyəti var idisə, bu gün bu rəqəm 10 dəfə azalıb. funksional olaraq 500 təşkilat ortaya çıxa bilirsə, böyük şeydir. Ancaq bu, 10 milyon əhalisi olan ölkə üçün çox azdır. Heç onların hamısı inkişaf edə bilmir, dəfələrlə işinin miqyasını azaltmaq məcburiyyətindədir. Vətəndaş cəmiyyətinin durumunu düzəltmək üçün böyük və sərt addımlar atılmalıdır. Ən azından 2014-cü ildəki vəziyyətə qayıdılmalıdır ki, dövlətin maddi, fiziki çatdırmadığı işlərin bir hissəsini vətəndaş cəmiyyəti onun çiynindən götürsün.
Digər məsələ cəmiyyətdir. Cəmiyyət bu gün maarifləndirmə proqramlarından məhrumdur. Televiziyalarda insanların bilik və bacarığına hesablanan maarifləndirici verilişlər demək olar ki, yox səviyyəsindədir. Bilavasitə gender bərabərliyi və qadın hüquqları məzmunlu proqramlar yoxdur. Bəziləri xanımlara aid ola bilər, ancaq mətbəx, dəb səviyyəsindədir ki, bu da əks mesajlar verir. Bunun olmağındansa, olmaması yaxşıdır, çünki onlar streotipləri bir qədər də dərinləşdirir. Onlara görə qadına ancaq moda, makiyaj maraqlı ola bilər, iqtisadiyyat, siyasət kimi ağır mövzularda danışanda isə kişiləri ön plana çıxarırlar. Aralıq mövzular, mətbəx işləri isə qadınlara aid edilir. Bayağı, zövqsüz, əksər hallarda səviyyəsiz əyləncə tipli verilişlər hazırlanır. Cəmiyyətin onsuzda patriarxal yanaşma kökləri var, onları bu çuxurdan çıxarmaq lazımdır. Biz isə onu bir az da uçuruma çəkirik. Vətəndaş cəmiyyəti faktiki olaraq sıfırdır, TV verilişlərinin səviyyəsi aşağıdır. Sosial şəbəkələr ucqar yerlərə çatmır, şəbəkələrin bəlli auditoriyası var ki, əksəriyyəti onsuz da müasirdir. Dövlət proqramları da ya yoxdur, ya çatımlı deyil, ya da yaxşı idarə edilmir. Cəmiyyəti qaldırmaq üçün göstərilən səylər təəssüf ki, yetərli deyil.
- Bəs inkişaf üşün nə edilməlidir, cəmiyyət necə irəli getsin?
- İlk növbədə paralel gedilməlidir, yuxarıdan aşağı olan proqramlara diqqət yetirilməli və vətəndaş cəmiyyətinin üzərindən blok götürülməlidir. Vətəndaş cəmiyyətinin hesabına 2014-cü ilə qədər bir çox işlər görülüb. Ancaq indi onun yeri boş qalıb, təcrübə göstərir ki, boş yer boş qalmır. Ekstremist, dini radikallar o yeri tutur. Əslində, Azərbaycanı daha təhlükəli ideyalar, qruplar doldura bilər. Bu gün həmin yeri dolduracaq ən kübar, sivil, dünyəvi kateqoriya məhz vətəndaş cəmiyyətidir.
- Təmsil etdiyiniz təşkilat bu sahədə hansı işləri görür?
- “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyəti 20 ildir fəaliyyət göstərir və 5 istiqamət - gender bərabərliyi, iqtisadi inkişaf, səhiyyə, sülh quruculuğu və hüquq maarifçiliyi üzrə çalışırıq. Əsas hədəfimiz qadınların iştirakçılığını artırmaq, onları gücləndirməklə Azərbaycanın güclənməsinə dəstək verməkdir. Təşkilatımızın nailiyyətləri çoxdur. 200-ə yaxın müxtəlif növdə materiallar, 30-a yaxın videomaterialları, 4 mindən çox böyük tədbirləri mövcuddur. 1-i Azərbaycan, 5-i beynəlxalq olmaqla, 6 şəbəkənin üzvüdür. ABŞ-da yerləşən Qadın sülh qurucularının qlobal şəbəkəsinin Azərbaycanda yeganə üzvüdür. Qadın benefisiarlarımızın sayı yarım milyondan çoxdur. Onlar bizim bilik-bacarığımızdan, resurslarımızdan bəhrələnib. Bir çox sahələrdə xidmətlərimiz var. Azərbaycanda 1325 saylı qətnamənin ilk milli fəaliyyət planının mətnini biz hazırlamışıq, ikinci mətni də biz hazırlayırıq və bu prosesə töhfə veririk.
- Uğurlarınıza görə Fransa hökuməti sizə “Xidmətlərə görə verilən Milli Cangavər Ordeni” mükafatı verdi. Bildirdiniz ki, “Azərbaycanda bircə qızımız belə məktəbə getmək əvəzinə ərə getməyə məcbur olunursa, bircə qadınımız belə gündəlik təhqir olunur, əzilir, öldürülürsə xidmətlərimiz hələ yetərli deyil”.
- Fransa hökumətindən mükafat almağım çox xoş sürpriz oldu. Bu, dünya praktikasında mövcuddur və 25 il ərzində gender bərabərliyi sahəsindəki əməyimə görə verilən mükafatdır. Mükafatın adındakı xidmətlərə görə sözü mənə toxundu. Şübhəsiz ki, mənim də, təşkilatın da bu mövzuda Azərbaycanda böyük əməyi var, bir sıra ilk layihələrə imza atmışıq. Ancaq bu gün 20 il əvvəllə müqayisədə Azərbaycan qadının durumu çoxmu fərqlidir, bəzilərində irəliləyiş var, amma bəzilərində də biz geridəyik. Demək olar hər gün mediada hansısa qadının qətl edildiyi xəbərini izləyirik və bunu Azərbaycana yaraşdırmıram. Qadınlar bıçaqlanır, başı kəsilir, zorakılığa məruz qalır, bu, sadəcə qətl deyil, bu həm də amansız törədilən qətldir. Gender əsaslı zorakılıq o qədər dərində, aqressiv bir nöqtədədir ki, biz demək olar ki, gündəlik olaraq bunu eşidirik. Artıq heç kəs təəccüblənmir, əvvəllər belə bir hal olanda gündəmi tuturdu, bir neçə gün media ondan danışırdı, bu gün artıq sanki adiləşib.
src="/storage/files/upload/b813884e5bb6e376993ebb5d4f633e9233aec7d6.jpg" style="width: 578px; height: 385.333px;" class="fr-fic fr-dib fr-fil">
- Bu, çox yazılıb, çox danışılır deyəmi adiləşib?
- Xeyr, bu, həqiqətən də həddindən artıq çoxdur. Bu əməli törədən şəxslərə qarşı sərt cəzaların tətbiq olunmaması bunun sayını artırır. Mənəvi tərəfdən bunu saxlaya bilmirik, ancaq hüquqi tərəfdən bunun qarşısının almaq olar. Sərt cəzalar olmalıdır, amansız qətl ilə adi qətl fərqləndirilməlidir. Qadının bədənini siqaretlə yandırıb, ona işgəncə verib, daha sonra öldürməklə sadəcə öldürməyin arasında fərq olmalıdır. Bunu biz təəssüf ki, görmürük. Cinayət Məcəlləsində bir sıra boşluqlar var. Məsələn, zorlanma məsələsində. Zorlanma ayrıca bir maddədirsə, ər tərəfindən zorlanmaya zorlanma kimi baxılmır və kriminallaşmayıb. Hansı ki, ər tərəfindən təcavüz də əslində kriminallaşmalıdır və müvafiq cəzasını çəkməlidir. Bu gün Azərbaycan selektiv abortlara gorə dünyada 2-ci yerdədir. Ana bətnində qız uşağının məhz qız olduğu üçün tələf edən, oğlan istəyən bir cəmiyyətik biz. “Bir qızım var, ikincisini də qız istəmirəm, və yaxud da heç yoxdur, heç qız da istəmirəm” fenomeni ilə üz-üzəyik. Ancaq heç bir həyəcan təbili çalmırıq. İllərdir ki, biz bunu dəyişə bilmirik. Hansı xidmətlərdən söhbət gedə bilər?! Səsimizi hər zaman yüksək ucaldırıq, zorakılıq törədilən zaman istənilən məsələdə öz sözünü deyən cəsarətli təşkilatlardan biriyik. Amma bizim etdiklərimiz vəziyyəti dəyişməyə tam şəkildə yetərli deyil. Buna görə də Fransa hökumətinə çox təşəkkür edirəm və bu mükafat mənim üçün həm stimul, həm də böyük məsuliyyətdir. Ümid edirəm ki, həqiqətən bir neçə ildən sonra əməyimizin bəhrəsini görəcəyik və bunu xidmət hesab edə bilərik.
- Gender bərabərliyi deyəndə niyə daha çox qadınlardan danışırıq? Bu yaxınlarda 200-dən çox kişinin zorakılığa məruz qalması ilə bağlı statistika yayılmışdı. Bu sahədə kişilərlə bağlı vəziyyət necədir?
- Kişilərə də şiddət göstərilir, sizin qeyd etdiyiniz 200-dən çox kişi fiziki zorakılığa məruz qalıb. Çoxları elə bilir ki, ya cinsi, ya da fiziki zorakılıq olur. Düşünürlər ki, fiziki döyülmürsə, söyülmürsə, zorakılıq yoxdur. Əslində, zorakılıq 4 kateqoriyaya bölünür - psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıq. Kişilər də, qadınlar da psixoloji və iqtisadi zorakılığa daha çox məruz qalırlar, nəinki cinsi və fiziki zorakılığa. Qadınlara istədiyi sahədə işləməyə, və ya ümumiyyətlə işləməyə qoymurlar, onun məvacibi ailə büdcəsinə gedir, maliyyə savadlılığı ilə bağlı problemlər var və qadın onu sərbəst idarə edə bilmir. Bunlar iqtisadi zorakılıqdır. Qadınlarla bağlı psixoloji zorakılığa gəlincə, qadını hətta bəzən valideyn evinə qoymurlar, hər şeyi icazə ilə etməlidir, nələrdənsə asılıdır, bir sıra qadağalar qoyurlar, hansısa işə gedə bilməz, geyim qadağası, təhsilini davam etdirə bilməz və s. Kişilərdə də çox ciddi zorakılıq halları var. Təəssüf ki, araşdırma nəticələrimiz yoxdur. Lakin araşdırmaya ehtiyac var ki, bu 200 zorakılıq halı hardan qaynaqlandı, hətta bunların içərisində ölüm halları da var. Qadın kişini qətlə yetirir. Bəlkə zorakılığı birinci kişi başladıb, qadını incidib o həddə çatdırıb, və yaxud da ola bilər ki, elə bir vəziyyət olub ki, qadın dözməyib və onu öldürüb. Bu, qadına bəraət qazandırmır. Təkcə qadın qətllərini və ümumi olaraq qətlləri bir kateqoriya olaraq tanımırlar.
Eyni zamanda, qadın və kişilər arasında intihar sayı statistikasında kişilər daha çoxdur. Bu, ölkənin iqtisadi və sosial durumundan qaynaqlanır. İntiharların altında bu problemlərdən qaynaqlanan kişilərə qarşı zorakılıq var. Bunu hamıya şamil etmək olmaz. Psixoloji olaraq da kişilər daha çox qadınların ifrat istəkləri, hədsiz qısqanclıqları ilə qarşılaşırlar. Hər dəqiqə başı kişini axtarmaq, izləmək onun psixikasını korlaya bilir ki, nəticədə də kişilər həyat yoldaşları tərəfindəm psixoloji zorakılığa məruz qalır. Bu sahədə həm kişilərin, həm də qadınların bərabərliyinə yönəlik addımları dəstəkləyirəm. Kor-koranə qadındır deyə hər situasiyada ona haqlı demək doğru deyil. Buna görə də mövzuya bütöv baxmaq lazımdır.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO