Xüsusi
Vətən müharibəsi iştirakçısı: “O hadisə heç vaxt gözümün önündən getmir...”
Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi iştirakçısı Anar Mehrəliyev Publika.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
Tanıtım: Polkovnik-leytenant Anar Mehrəliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (hazırda Heydər Əliyev adına Hərbi İnstitut adlanır) qoşun kəşfiyyatı ixtisası üzrə ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində qoşun kəşfiyyatı ixtisası üzrə dinləyici kursu keçib. Sonra müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq hərbi hissələrdə xidmət edib. 2020-ci il sentyabrın 28-dən etibarən müdafiə nazirinin əmri ilə ixtisasına uyğun olaraq müvafiq hərbi hissəyə təyin olunub və 44 günlük Vətən müharibəsində iştirak edib. Müharibədən sonra yenidən təhsil müəssisəsinə müharibədən əvvəlki vəzifəsinə təyin olunub.
Döyüş tapşırıqlarını icra edərkən göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, Müdafiə nazirinin əmrinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətlərə görə” medalla təltif edilib. Həmçinin, Silahlı Qüvvələrin yaradılmasının yubiley medalları ilə təltif olunub.
– Cənab polkovnik-leytenant, Vətən müharibəsində iştirakınızın ilk günlərini necə xatırlayırsınız?
– Vətən müharibəsində bizim şəxsi heyətimizin çoxunun səfərbərlikdən gələn heyət olmasına baxmayaraq hər bir hərbi qulluqçunun döyüş əzmi var idi. Hər bir hərbi qulluqçuda igidlik nümunəsi var idi. Müharibədən, verilən döyüş əmrlərinin icrasından heç biri çəkinmirdi. Axıradək döyüşməyə hazır idilər. Hamı üçün sevindirici oldu ki, müharibə 44 gün çəkdi və bu 44 gün ərzində biz istədiyimiz nailiyyəti əldə etdik. Ümumiyyətlə, hərbi qulluqçularda Ali Baş Komandanın da dediyi kimi böyük bir əzmkarlıq var idi. Yəni, heç kim geri addım atmaq istəmir, hamı irəli getmək istəyirdi.
– Döyüş əməliyyatlarından daha çox yadınızda nə qalıb? Təkrar-təkrar xatırladığınız elə bir hadisə və ya an varmı?
– Biz oktyabr ayından etibarən Cəbrayıl istiqamətində gedən döyüşlərə cəlb olunduq. Sonra Qubadlının Xanlıq, Qubadlı şəhəri və digər kəndlərində döyüşlərdə iştirak etdik. Bir əsgərimiz var idi. Onun təyin olunduğu ixtisasa uyğun olaraq biz onu müharibənin ən qaynar hissəsinə aparmırdıq. O isə həmişə bizə sual verirdi ki, digər əsgər yoldaşlarımı aparırsız, bəs məni niyə aparmırsız? Nəticə etibarilə Zəngilanda sonuncu dəfə əməliyyatda olanda o əsgər öz ixtisasına uyğun olaraq müşahidədə ikən düşmən gülləsinə tuş gəldi və şəhid oldu. O əsgər oktyabr ayından etibarən həmişə döyüşlərdə iştirak etmək istəyirdi. Özünün ikinci döyüş tapşırığında şəhid oldu. Həmin əsgər müharibənin qurtarmağına 3-4 gün qalmış, təxminən noyabrın 6-7-də şəhidlik zirvəsinə ucaldı. O hadisə heç vaxt mənim gözümün önündən getmir. Üzücü hal olsa da o əsgəri, o əsgərin döyüş əzmini hal-hazırda da əsgərlərlə, kursantlarla danışanda nümunə gətiririk. Yəni, insanlar var idi ki, ölümdən belə qorxmurdular, əksinə şəhid olmaq, şəhadət zirvəsinə ucalmaq istəyirdilər.
– O əsgər hansı səbəbdən döyüş əməliyyatlarına aparılmırdı?
– Onun ixtisası müşahidəçi olduğu üçün heç vaxt döyüşlərə girmirdi. Zəngilan istiqamətində də müşahidəçi vəzifəsini yerinə yetirəndə düşmən gülləsinə tuş gəldi və şəhid oldu. Onu ürəyindən vurmuşdular.
– Döyüş yolunuz hansı ərazilərdən keçib?
– Cəbrayıl, Qubadlı istiqamətində və Zəngilanda döyüşmüşük. Müharibənin hardasa son 10 günündə Zəngilan istiqamətində müharibədə olduq.
– Müharibə günlərində bütün Azərbaycan xalqının ürəyi ordumuzla birgə döyünürdü. Bəs ön cəbhədən baxdıqda arxa cəbhə necə görünürdü?
– Biz arxa cəbhədən arxayın idik. İstər mülki insanlar, istərsə də Müdafiə Nazirliyinin arxa cəbhə-təminat qurumları müharibə günlərində bizə hər hansı kasadlıq yaşamağa imkan vermədilər. Müharibə getsə də, artilleriya atəşləri susmasa da təminat qurumları bizi vaxtlı-vaxtında hər bir şeylə təmin edirdilər. Biz arxa cəbhənin dəstəyini öz üzərimizdə hiss edirdik. Bilirdik ki, haradək getsək də qoşunlarımız bizi tək qoyan deyillər. Ona görə də istər əsgərlərdə, istərsə də komandir heyətində belə bir əminlik var idi ki, bizim hara getməyimizdən asılı olmayaraq Müdafiə Nazirliyinin arxa cəbhə qurumları bizi tək qoymayacaq və hər bir şeylə təmin edəcəklər. Bundan əlavə mülki insanlar, bütün dövlət, bütün xalq ordumuzu dəstəkləyirdi.
Mülki insanların ordumuza dəstəyi ilə bir məqamı qeyd etmək istərdim. Biz müharibədən əvvəl Füzuli rayonunda yerləşən kəndlərdən birində yerləşmişdik. Orada təlimlərimizə davam edirdik. Məktəbin direktoru Əlihüseyn müəllim başda olmaqla bütün kənd sakinləri bizə o qədər doğma münasibət bəsləyirdilər ki, bizim heç bir əsgər və komandir heyəti orada özünü yad hiss etmirdi. Təlimlərdən sonra müəyyən istirahət vaxtlarımız olurdu. Mülki insanlar demək olar ki, evlərində nə varsa, gətirib bizə verməyə, bizi hər bir şeylə təmin etməyə çalışırdılar. Düzdür, Müdafiə Nazirliyi bizi hər bir şeylə tam təmin etmişdi. Lakin buna baxmayaraq onlar təkliflərindən geri qalmır, israr edirdilər. Biz döyüş sərəncamı almamışdan əvvəl, müharibəyə təxminən 10-15 gün qalmış orada təlimlərimizi davam etdirirdik. Yəni, o kəndi xüsusi vurğulamaq istəyirəm. O kənddə olduğumuz müddət ərzində Bakıdan və Azərbaycanın digər yerlərindən mülki əhali öz yardımını əsirgəmirdi. Biz o yardımları gələcək üçün yığıb saxladıq. Və bu yardımları yığıb saxlamağımızın sonra bizə böyük faydası oldu.
Həmin kəndin camaatı sağ olsunlar, biz orada olduğumuz müddət ərzində özümüzü heç vaxt yad hiss etmədik. Buradan bütün heyətimiz adından həmin kəndin camaatına dərin minnətdarlığımı bildirirəm. Gəldiyimiz gündən etibarən bizim hər bir dərdimizə şərik oldular, köməklik göstərdilər, yardım etdilər. Buna görə onlara təşəkkür edirəm.
– Müharibənin başa çatması xəbərini günün hansı saatında və harada aldınız?
– Müharibənin başa çatdığı günün səhəri bizim güclü bir əməliyyatımız olacaqdı. Bir adsız yüksəkliyə hücum əməliyyatı planlaşdırırdıq. Biz ona tam hazırlaşmışdıq. Hardasa noyabrın 9-dan 10-na keçən gecə idi. Artıq hazırlıq işləri başa çatmış, hamı da bir-biri ilə halallaşmışdı. Təxminən 14 nəfərlik heyətimiz var idi. Noyabrın 10-u gecə saat 2 radələrində uşaqlardan birinin qohumu mobil telefonla zəng etdi ki, bəs televiziya ilə belə bir məlumat açıqlanıb. Biz inanmadıq. Sonradan daxili rabitəmizlə komandanlıqla əlaqəyə çıxdıq. Məlum oldu ki, səhəri günə təyin olunan hücum əməliyyatı dayandırılıb və düşmən geri çəkiləndən sonra biz gedib həmin yüksəkliyi rahatlıqla aldıq.
– Hansı rayonun ərazisində idiniz?
– Həmin vaxt biz Qubadlı rayonunun ərazisində idik.
– Bəs o adsız yüksəkliyin önəmi nədən ibarət idi?
– Həmin yüksəklikdə düşmənin könüllülərdən ibarət bir qrupu yerləşmişdi və strateji əhəmiyyət daşıdığı, bizim qoşunların daha irəli fəaliyyətində böyük rol oynadığı üçün həmin yüksəkliyi tutmuşdular. Buna görə də o yüksəkliyi almaqla bağlı tapşırıq olmuşdu. Məqsəd o idi ki, biz qoşunlarımızı daha da irəli çəkə bilək.
– Qarşı tərəfin mənəvi-psixoloji durumu necə idi?
– Düşmən 30 il idi ki, orada möhkəmlənmişdi. Onlar istər fortifikasiya qurğularını, istərsə də mühəndis maneələrini yüksək səviyyədə hazırlamışdılar. Bizim nə vaxtsa hücuma keçəcəyimizi gözləmirdilər. Ancaq onlar bizim döyüş əzmimizi gördülər. Müəyyən istiqamətlər var idi ki, onlar da döyüş əzmi göstərirdi. Ancaq bizim ordumuzun döyüş əzmi qarşısında tab gətirə bilmirdilər. Elə istiqamətlər də var ki, onlar ordumuzun səsini eşidib arxaya baxmadan qaçırdılar.
– Maraqlı bir məqama gəlib çatdıq. “Ohanyan xətti” deyilən bir müdafiə xətti var idi. Ordumuzun bu möhkəm eşalonlaşdırılmış müdafiə xəttini yarması barədə nələri qeyd edə bilərsiniz?
– Mən həmin istiqamətlərdə gedən döyüşlərdə olmamışam, amma zabit yoldaşlarımla söhbət zamanı onlar bildiriblər ki, düşmən orada həddindən artıq gücləndirilmiş müdafiə sektoru yaratmışdı. Həmin müdafiə sektorunu bizim Hərbi Hava Qüvvələri ilə birlikdə Quru Qoşunları yardı. O müdafiə xəttini yarandan sonra qoşunlarımızın həmin istiqamətdə gedən əməliyyatları daha da intensivləşdi.
– Müharibə dövründə bizim qoşun növləri arasında qarşılıqlı əlaqə necə qurulmuşdu?
– Biz hərbi məktəbdə müəllimlərimizdən öyrənirdik ki, Birinci Qarabağ müharibəsində qarşılıqlı rabitə əlaqəsi bir o qədər güclü olmadığı üçün çox vaxt tapşırıqları uğurla yerinə yetirmək mümkün olmurdu. Ordunu rabitəsiz təsəvvür etmək mümkün deyil. Hansısa tapşırığın yerinə yetirilməsi rabitəsiz qeyri-mümkündür. Amma Vətən müharibəsində qoşunların bir-biri ilə mütəmadi qarşılıqlı əlaqəsi döyüş nizamnaməsinə uyğun olaraq təşkil olunmuşdu. Raket və Artilleriya qoşunları vaxtlı-vaxtında zərbələr endirirdilər. Quru Qoşunları da tədricən hərəkətini davam etdirirdi. Eynilə Hərbi Hava Qüvvələri ilə qarşılıqlı əlaqə yüksək səviyyədə qurulmuşdu. Yəni, hər bir qoşun növü öz öhdəsinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirirdi. Bu müharibədə elə bir qoşun növü olmadı ki, öhdəsinə düşən vəzifəni layiqincə icra etməsin.
– Döyüş yoldaşlarınızın şəhid olduğu an keçirdiyiniz o ağır hissləri bir neçə cümlə ilə necə ifadə edə bilərsiniz?
– Şəhidlərimiz təbii ki, yoldaşlarımız, qardaşlarımızdır. Qardaşlarımızın şəhid olması hardasa ani ruh düşkünlüyü və məyusluq yaratsa da qisas hissi ruh düşkünlüyünü aradan götürürdü. Biz peşəkar hərbi qulluqçu olduğumuz üçün döyüşü davam etdirməli və onların qisasını almalı idik. Mən düşünürəm ki, biz onların qisasını düşmən ordusundan layiqincə aldıq.
– Siz müharibədən çox-çox əvvəl xidmətə başlamısınız, müharibədə iştirak etmisiniz və hal-hazırda da xidməti davam etdirirsiniz. Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumu, şəxsi heyətin döyüş əzmi müharibədən əvvəl, müharibə dövründə necə idi və indi necədir?
– 2001-ci ildən hərbi xidmətdəyəm. Bizim bütün fəaliyyətimiz, döyüş hazırlığımız müharibə istiqamətində getsə də müharibənin olacağına bəlkə də hardasa inanmayanlar var idi. Amma Ali Baş Komandanın bir əmri ilə hamı müharibəyə səfərbər oldu. Və həqiqətən də nəinki hərbi qulluqçular, bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir yumruq kimi birləşdi.
Müharibədən qabaq da hərbi qulluqçularımızın döyüş əzmi yüksək idi. Müharibədən sonra isə xüsusi bir əhval-ruhiyyə yarandı. 90-cı illərin əvvəllərində düşmən bizim torpaqlarımızın 20 faizini işğal etmişdisə, bu müharibədən sonra torpaqlarımızı geri qaytarmaqla düşmənə layiqli cavab verdik. Eyni zamanda Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasını aradan qaldırdıq. Bu gün də hər bir hərbi qulluqçu Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazırdır.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...