Xüsusi
Polkovnik-leytenant: “Düşmən PUA-sını təhlil edəndə gördük ki...”
Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Adil Nastakalov Publika.az saytına geniş müsahibə verib. Müsahibəni təqdim edirik.
Tanıtım: Polkovnik-leytenant Adil Nastakalov 29 aprel 1975-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini yeddinci sinfədək doğulduğu rayonda alıb. 1989-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. 1992-ci ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Burada radioelektron mübarizə və radioelektron kəşfiyyat ixtisası üzrə təhsil alıb. Hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdiyi üçün müəllim işləməsi üçün məktəbdə laboratoriya rəisi vəzifəsinə təyin olunub. Xidmət zamanı müəllim, baş müəllim olub, sonra həmin sahədə kadrlar rəisinədək yüksəlib. Xidməti yerini dəyişməyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş idarəsinə təyin olunub. Adil Nastakalov əgər Ali Hərbi Məktəbdə daha çox elektronika və texnika, radiolokasiya kimi fənlərdən dərs keçirdisə, yeni xidmət yerində kompüter şəbəkəsi, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi sahəsinə keçib və daha çox səhra şəraitində telekommunikasiya mərkəzinin qurulması, idarə olunması, problemlərin aradan qaldırılması kimi məsələlərlə məşğul olur.
Vətən müharibəsinin iştirakçısıdır. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün “Hərbi xidmətlərə görə” və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Zəngilanın azad edilməsinə görə” medalları ilə təltif olunub.
– Cənab polkovnik-leytenant, Vətən müharibəsinə hazırlıq dövrünü necə xatırlayırsınız?
– Azərbaycan Ordusunun zabiti kimi bizim birbaşa vəzifəmiz daim döyüşə hazır olmaqdır. Biz hər hansı başqa qurumun nümayəndəsi deyilik və müharibəyə təsadüfən düşmürük. Bu bizim həyatımızın məqsədi, amalı, xidməti vəzifəmizdir. Təbii ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra biz məsələnin artıq ciddi relsə keçdiyini hiss etmişdik. Buna görə də hər bir təlim, hər bir planlama, hər bir görülən iş məhz qarşıdan gələ biləcək müharibə üçün nəzərdə tutulurdu. Bu sahədə hər hansı addım atırdıqsa, biz məhz hücum müharibəsinə hazırlaşırdıq. Çalışırdıq ki, əlimizdə olan hər bir vasitə mobil, sürətli olsun, yüksəkliyə qalxa bilsin, çətin relyefdən keçə bilsin. Biz çətin ərazi şəraitində rabitə və telekommunikasiya quracağdıq deyə çətin ərazidə rabitə və telekommunikasiya qurmaq imkanlarını da qiymətləndirirdik. Bu, döyüş hazırlığıdır, yəni bizim gündəlik fəaliyyətimizdir. Bir də var döyüşə hazırlıq. Döyüşə hazırlıq qarşıdan gələ biləcək konkret döyüş əməliyyatına hazırlıqdır. Biz də bunu nəzərə alaraq qoşunlarda, məhz bizim ixtisasımızla əlaqədar olaraq birlik və birləşmələrdə döyüşə hazırlıq dərəcəsini yoxlamağa başladıq. Aşkar olunan çatışmazlıqların dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görülürdü. Mən də cəbhə bölgəsində bütün bölmələrə və hərbi hissələrə gedərək heyəti buna hazırlayırdım və heyətin peşəkar səviyyəyə çatmasına nail olmasına çalışırdım. Burada yaxşı olmaq yetərli deyildi. Hətta, əla olmaq da bəlkə yetərli deyildi. Əlaların əlası olmaq lazım idi. Bu səbəbdən heyətin həm texniki vasitələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsinə, saz vəziyyətdə olmasına nail olmağa çalışırdıq. Ehtiyatların toplanılması, heyətin hər bir üzvünün bir-birini əvəz edə bilməsi məsələsinə də mühüm yer verilirdi. Çünki müharibədə bilirsiniz ki, ölüm və yaralanma hadisələri qaçılmazdır. Heyətin hər bir üzvü nəinki birbaşa təyin olunduğu vəzifədən irəli gələn tapşırıqların yerinə yetirlməsinə hazır olmalı, həmçinin, digər qonşu vəzifələrin tapşırıqlarını yerinə yetirə bilməli idi. Biz müharibədən öncə heyətin peşəkar vərdişlərinin ən yüksək səviyyəyə çatmasına nail olmağa çalışdıq. Müharibəni artıq Horadiz qəsəbəsində başladıq.
– Müharibədə əsas vəzifəniz nədən ibarət idi?
– Müharibədə bizim əsas işimiz idarəetmə məntəqələrində olan vəzifəli şəxslərin informasiya resurslarına əlçatanlığını təmin etmək idi. Bildiyiniz kimi müasir müharibələr artıq keçmişdəki kimi gözlə müşahidə edib, hər hansı iki-üç kəlmə deyilən məlumat mübadiləsi deyil. Müasir müharibədə həddindən artıq çox məlumat əldə etmə vasitələri, ələlxüsus video-müşahidə vasitələri var. Bu, həm məşhur pilotsuz təyyarələrin çəkdiyi kadrlardır, həm də xeyli sayda digər müşahidə vasitələrimiz var. Bunlar həm stasionar, həm də uçuş aparatlarında olan müşahidə vasitələridir. Bu müşahidə vasitələri bizə imkan verir ki, cari zaman ərzində döyüş meydanında baş verən hadisələri izləyək və istifadəçiyə bu məlumatı məhz cari zaman ərzində vermək lazım idi. Bunun üçün də cəbhə bölgəsində, döyüş gedə-gedə, mürəkkəb relyefə baxmayaraq, yüksək texnologiyalar əsasında işləyən hərbi təyinatlı telekommunikasiya şəbəkəsi qurulmalı idi. Biz bu şəbəkəni qurmaqla, onun planlanması, idarə olunması ilə məşğul idik. Mən öz tapşırığımı, öz sahəmin vacibliyini çox gözəl dərk edirdim. Ona görə də müharibədən öncə də bütün məsələlərə çox ciddiyyətlə yanaşmışam. Tabeliyimdə olan insanlara heç bir qüsuru, heç bir boşluğu bağışlamamışam. Nə də texniki vasitələrdə olan boşluğa göz yummamışam. “Olar, problem yoxdur, bununla edərik” deməmişəm. Hər şey ən yüksək səviyyəyə çatdırılıb. Çünki vacibliyini bilirdim.
– Aydındır ki, müharibədə iştirak edən hər bir şəxs özünəməxsus rol oynayıb və düşmən üzərində ümumi qələbənin əldə olunmasına töhfə verməyə çalışıb. Vətən müharibəsində pilotsuz uçuş aparatlarından da geniş istifadə olunub. PUA-ların müharibədə oynadığı rol barədə nələri qeyd edə bilərsiniz?
– Biz informasiya ilə işləyirdik. İnformasiya təkcə PUA-lardan gəlmirdi. Amma PUA-lar bir yenilik idi və daha yüksək imkanlar yaradırdı. Çünki PUA-lar kəşfiyyat-zərbə maşınıdır. Bəzən belə halda, yəni hədəf aşkar olunan andan hər hansı atəş vasitəsinin lüləsindən mərminin çıxdığı ana qədər keçən müddət uzun ola bilər. Yəni, bu müddəti minimuma endirmək üçün yüksək sürətli, yüksək məhsuldarlıqlı, dayanıqlı telekommunikasiya şəbəkəsi olmalıdır. Qarşılıqlı fəaliyyət öncədən təlimlərdə yüksək səviyyədə təşkil edilməlidir. Amma burada söhbət silahlı PUA-lardan – Bayraktar TB2-dən gedir. O özü kəşfiyyat edə və dərhal da yüksək dəqiqliklə atəş aça bilir. Bu, qoşunlarımıza böyük üstünlük verirdi. Düşmənin arxadan gələn dəstəyini neytralizə edirdi və düşmənin ön cəbhədə olan qüvvələri çarəsiz hala qalaraq ruh düşkünlüyünə düşürdü. Siz doğru vurğuladınız. Hər bir qoşun növünün, hər bir peşə sahibinin, hər bir mütəxəssisin, zabitin, gizirin, əsgərin özünəməxsus danılmaz və kiçildilməz vəzifəsi vardı. Mən hətta bunu bir riyazi funksiya kimi təqdim edəsi olsam, deməliyəm ki, burada toplama əməli deyil, vurma əməlidir. Vurma əməlində istənilən vuruq sıfıra bərabər olsa, nəticə sıfırdır. Ona görə də burada heç kimin işini azaltmaq olmaz. Hətta yemək bişirən bir şəxsin vəzifəsi çox vacib idi. Həyatını riskə ataraq bir mərmini, sursatı döyüş meydanına daşıyan heyətin, təminatçıların vəzifəsi çox vacib idi. Təsəvvür edin ki, yanacaq-sürtkü materialını gətirən böyük bir sistern döyüş meydanında hərəkət edir. Bunun özü böyük bir hədəfdir. Onlar bəzən gözlə görünməyən şəxslər kimi görünə bilər. Ələlxüsus, cəbhəni ilk yaran bizim piyada qoşunlarının əsgər, gizir və zabitlərini, cəbhəni ilk yararaq canlarını verən tankçılarımızı xüsusi vurğulamaq istərdim. Onlan düşmənin ilk zərbəsini öz üzərlərinə götürdülər. Bir çox döyüş yoldaşlarımız məhz birinci gündə şəhid düşdülər. Məhz birinci gündə 30 il ərzində mühəndis istehkam qurğuları, vallar, mina sahələri qurmuş, düşmənin keçilməz “Ohanyan xətti” deyilən səddini keçməyə canını qoyan uşaqlarımız oldu. Onların zabit, gizir, əsgər, pulemotçu, tankçı, mühəndis istehkam vasitəsini idarə edən, yolu açan olmasından asılı olmayaraq hər biri bir qəhrəmandır. Allah onların yerlərini cənnətlik etsin. Onların şücaəti, qəhramanlığı üzərində yeni nəsil yetişdirmək də hər birimizin boynumuzun borcudur. Onların əmanətinə sahib çıxmaq, daha gözəl cəmiyyət, dövlət qurmaq mənə elə gəlir ki, hər bir kəsin vəzifəsidir.
– Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun müharibədə qazandığı təcrübənin hazırda dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində tədris edildiyini dəfələrlə bildirib. Bu baxımdan bilmək maraqlıdır; 44 günlük Vətən müharibəsində istifadə olunan taktika və strategiyaların digər müharibələrdə istifadə olunan taktika və strategiyalardan əsas fərqi nədən ibarətdir?
– Bu müharibənin digər müharibələrdən fərqi ondan ibarətdir ki, burda istifadə olunan vasitələr, texnologiyalar, metodlar indiyədək olan heç bir müharibədə tətbiq olunmamışdı. Məsələn, PUA-lar çıxma ərəfəsində idi. Amma onların müharibədə tutaq ki, vacibliyini, rolunu hər kəs dərk etməmişdi. İnformasiyanın vacibliyi, informasiyanın vaxtlı-vaxtında çatdırılması, vahid idarəetmə mərkəzindən bütün infrastrukturun idarə olunması, cari zaman ərzində qərarların verilməsi çox vacib idi. Əsasən də video-informasiyanın verilməsi, canlı yayımda video-konfransların keçirilməsi, canlı yayımda hədəfin, düşmən qoşunlarının hərəkətinin müşahidə edilməsi, hədəflərin, zərbə vasitələrinin seçilməsi və digər bütün proseslərin avtomatlaşdırılması və sürətini qaldırmaq, həm zaman itkisinin olmaması, həm də atəşin dəqiqliyini təmin etmək üçün müasir rabitə və IT vasitələrinin çox böyük rolu var. Bu sahədə olan mütəxəssislərin də peşəkarlıq qabiliyyətləri çox yüksək olmalıdır. Bizim heyətimizdə də hər kəs təbii ki, qələbəni daha da yaxınlaşdırmaq üçün öz işinin öhdəsindən gecə-gündüz yüksək səviyyədə gəldi.
– Azərbaycan Ordusunun gücü, qüdrəti, döyüş hazırlığı və əzmi barədə sizin fikirlərinizi bilmək istərdik...
– Əlbəttə, dövlət rəhbərliyinin, ordu rəhbərliyinin yüksək qayğısı nəticəsində ordumuz kəmiyyətdən keyfiyyətə doğru böyük inkişaf yolu keçib. Kəmiyyətdən keyfiyyətə sözünü xüsusi vurğulamaq istərdim. Yəni, artıq kütləvi atəş vasitələrindən yüksəkdəqiqlikli vasitələrə keçid idi. İnformasiyanın ötürülməsində ortada olan ara vasitələrinin minimuma endirilməsi, informasiya əldə etmək üçün atəş və zərbə sahəsindən uzaqdan odun idarə olunması, heyətimizin döyüş tapşırığını yerinə yetirə bilməsi, düşmənin bizə zərər vura bilməyəcəyi məsafədən bizim ona zərər vura biləcəyimiz strategiyası, konsepsiyası, vasitələrin avtomatlaşdırılması, insan xətalarının minimuma endirilməsi, insanların peşəkarlıq qabiliyyətinin yüksəldilməsi bütün bunlar çox vacib amillərdir. Sıravi əsgərdən peşəkar orduya keçid, bütün yüksək texnoloji və yüksək bilik, peşəkarlıq tələb edən mövqelərdə müddətdən artıq çavuşların təyin olunması peşəkar orduya keçidin göstəricisidir. Harada azca da olsa peşəkarlıq tələb olunursa, orada müddətdən artıq hərbi qulluqçunu cəlb edərək, ona uzun müddət təlimlər keçərək o orada daha peşəkarlaşır, bu sahədə yüksək səviyyəyə çatır, işini yüksək səviyyədə yerinə yetirə bilir.
Biz ətrafımzda olan digər bölgə dövlətlərinə nisbətən biz XX əsrin ordusunu yox, XXI əsrin ordusunu qururuq. Biz XXI əsrin ordusunda avtomatlaşdırmanın, idarəolunmanın, dəqiqliyin, uzaq məsafənin, kontaktsız döyüşün, informasiya müharibəsi, psixoloji müharibənin rolunu çox gözəl dərk edirik. Ona görə də bütün resurslar buna doğru yönəlir. Dəqiqliyi artırmaq, insan itkisini minumuma endirmək, düşmən üzərində elə bir üstünlüyə malik olmaq ki, ordumuzun adının çəkilməsi, hər hansı hərəkətə başlaması belə onların bütün döyüş əzmini sındırsın, ruh düşkünlüyü yaratsın. Mən qürurla deyə bilərəm ki, “Yaşma” kod adı altında olan xüsusi təyinatlılarımız hər hansı hərəkətə başlayarkən belə düşmən vahiməyə düşür və onların qarşısından qaçmağa çalışırdı. Hər kəs onlara bənzəməyə çalışır, digər qoşun növləri də onlar kimi yeriməyə, onlar kimi geyinməyə onlar kimi hərəkət etməyə çalışır. Ondan sonra komando hərbi hissələrin yaradılmasını, onların birgə təlimlərini, komando xüsusi təyinatlıların döyüşdə rolunu qeyd edə bilərik. Təcrübələr göstərdi ki, yüksəkdir və minimal itki ilə düşmənə maksimal zərər vurmağa imkan verir. Ona görə də kəmiyyətdən keyfiyyətə, peşəkarlığa doğru inkişaf gedir.
Texniki vasitələrdə isə dəqiqlik və məsafə böyüyür. Kəşfiyyat vasitələrində pilotsuz video-müşahidə imkanlı vasitələrə üstünlük verilir ki, cari zaman ərzində informasiya ötürülsün. Məsələn, biz düşmənin vurulub yerə düşən pilotsuz uçuş aparatlarını təhlil etmişik. Görürük ki, o, kamera qoyub, foto çəkilişlər edib enəndən sonra bu məlumatları verəcəkdi. Yəni, canlı ötürmək imkanı yox idi. Ancaq bizim canlı ötürmək imkanımız var. Hətta canlı atəş vasitələrini idarə etməyə imkanımız var. Biz bu üstünlüyə nail olmuşuq. Məsələn, bizim görünən qəhrəmanlarımız xüsusi təyinatlılar olduğu kimi görünməyən qəhrəmanlarımız, görünməyən güc strukturlarımız var. Onların da rolunu azaltmaq olmaz.
Vurğulamaq istərdim ki, müharibədə təkcə ordu döyüşmür, xalq döyüşür, dövlətin bütün strukturları döyüşür. Hər bir qurum bu qələbəyə öz töhfəsini verir. Mən digər silahlı qüvvələrimizin qəhrəman oğullarına da minnətdarlığımı bildirmək istəyirəm. İstər Daxili Qoşunların, istər Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları, istər kəşfiyyat, əks-kəşfiyyat qurumları, istər fövqəladə hallar qurumları-yanğınsöndürənlər, ilk tibbi yardım edən mülki həkim personalımız üzərlərinə düşən işi yüksək səviyyədə yerinə yetirdilər. Adi su təsərrüfatından tutmuş yol çəkənlər, telekommunikasiya-rabitə qurumları bizə çox böyük dəstək verdilər. Biz bu müharibəyə bir ailə kimi birlikdə girdik. Dövlət bir maşına, bir yumruğa, cənab prezidentin dediyi kimi dəmir yumruğa çevrildi və birlikdə zərbə endirdik. Mən xalqımızın verdiyi dəstəyi, göndərdiyi yardımları, məktubları çox yüksək dəyərləndirirəm. Bütün bunlar bizə elə mənəvi ruh yüksəkliyi verirdi ki, biz geri əliboş qayıtmağı özümüzə ar bilərdik. Orada hər bir kəs özünün şəxsi davasına, şəxsi müharibəsinə girmişdi. Təkcə ümumi dövlətin, ümumi ordunun tapşırığı deyildi. Həm də hər bir kəsin şəxsi davası idi. Bizim torpaqlarımızın işğal olunması, bu qədər insanımızın qaçqın və köçkün həyatı yaşaması hər birimizi ağrı-acı içində yaşadırdı. Ələlxüsus, mənim 1989-cu ildən başlayan bütün hərbi karyeram düşmənin bizə təcavüzü və ən azı ona qarşı qisas gününün gələcəyi şüarı, hissi altında keçib. Bu, bizim birbaşa vəzifəmizdir. Amma xalqımızın bizimlə birlikdə olması, vəhdət təşkil etməsi, xalqımızın duası, sevinci bizim üçün çox mühüm idi. Bizim ordumuz xalqımızı bir daha sevindirmək, bir gün də tez sevindirmək üçün istənilən fədakarlığa getməyə hazır idi. Müharibədə elə bir gün olmurdu ki, xalqımız hər hansı yaşayış məntəqəsinin azad olunması xəbərini eşitməsin. Orada hər kəs bunun üçün çalışırdı. Bu elə gücün özüdür.
Səxavət Həmid
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU