Xüsusi
Məşhur kitabın müəllifi: "İran yazısına görə..."
Publika.az tanınmış səyahət bloqeri, tarixçi və fotoqraf İradə Qədirova ilə müsahibəni təqdim edir:
- İradə xanım, əvvəlcə sizi yaxından tanıyaq.
- İradə tarixçi, səyahət-bloqeri və fotoqrafdır.
- İstər səyyahların, istərsə də sıradan insanların səfərləri hər hansı bir qaçışdan başlayır. Kimdənsə və nədənsə qaçmağa çalışırlar, ya da kiminsə və nəyinsə axtarışına çıxırlar. Sizin axtarışlarınız necə başladı?
- Axtarışlarım fərqli oldu. Əvvəl kitabda oxuduqlarımı canlı görmək istəyi idi. Sonra yeni yerlər, yeni insanlar görüb tanış olmaq, yeni dillər eşitmək, fərqli mədəniyyətlərə toxunmaq istəyi oyandı. Bəzən itmiş özümün axtarışı oldu, bəzən də içimdəki çağırışın sorağı ilə yola çıxdım.
- İlk səyahətinizi necə xatırlayırsınız?
- Çox gözəl xatırlayıram. 2010-cu ilin yay aylarında rəfiqəmin dəvəti ilə Yunanıstana idi səfərim. Bir neçə şəhərə olan səfərim zamanı yunan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmişdim.
- O da doğrudur ki, səyəhətdən qayıdandan sonra əvvəlki olmuruq. Səfərlərdə özünüzə də tanış olmayan hansı tərəflərinizi kəşf etdiniz?
- Bəli, səfərə çıxan insanla qayıdan arasında çox fərq olur. Hər səfər məni bir cür dəyişib. Bütövlükdə ən maraqlı dəyişim o oldu ki, olqunlaşdım və çətinliklər qarşısında daha dirənişli oldum.
- Səhv etmirəmsə, adətən tək səyahət edirsiniz. Tək yola çıxmaq təhlükəli deyil?
- Xeyr. Olduqca zövq vericidir. Hətta hamıya məsləhət görürəm ki, ən azı ildə bir dəfə tək səyahətə çıxsınlar. Bu, çox önəmli və vacibdir.
- İradə xanım, səyahət maşurutlarınızı necə təyin edirsiniz?
- Arzularımın istiqamətləndiyi ölkələri ilkin olaraq seçirəm. Sonra onlarda tarixi abidələrin yerləşdiyi şəhərləri marşruta salıram. Lakin bəzən də dəvət edirlər. Və onların artıq planlanmasına cavabdehliyi itirirəm.
- Bəs səyahətlərə çox pul xərcləyirsiniz?
- Çalışıram büdcəmə uyğun olsun.
- Sizin üçün dünyanın harası ən təhlükəsiz və ən huzurlu yerdir?
- Elə yerləri axtarmaqdayam hələ...
- Hansı şəhərlərin gözəlliyi sizi heyrətə gətirib və təsirindən uzun müddət çıxa bilməmisiniz?
- Hindistanda Udaypur, İordaniyada Akaba.
- Sizin gözünüzlə Azərbaycanın təbiəti tam fərqli görünür, hər dəfə yenidən aşiq olursan. Bu qədər kəşf olunmayan yerləri necə tapırsınız?
- Tapan axtarandır deyə bir məsəl var. Olub ki, bir yer adına yola çıxmışam, lakin yolda fərqli bir istiqamət peyda olub. Bir çox yeni yeri yerli əhalinin köməyi ilə tapmışam.
- Dağ səyahətini daha çox sevirsiniz. Ölkəmizin ən hündür zirvələrini fəht etmisiniz. Həmin an keçirdiyiniz hissləri bizimlə bölüşün...
- Zirvələri biz fəth etmirik, onlar bizi fəth edirlər. İnsan təbiətin heç bir ünsürünü fəth edə bilməz. Zirvədə olarkən insanı gözəl və fərqli hisslər bürüyür. İlk növbədə büllur üfüqləri görürsən, sonra səmaya yaxınlığı hiss edirsən, sonra da ümumən olduğun yerin və anın möhtəşəmliyi hifz edirsən. Yenidən doğulursan elə bil.
- İşğaldan azad olunan şəhərlərimizdə gördükləriniz haqqında danışardınız. O şəhərlərin özəlliyini necə izah edərsiniz?
- İşğaldan azad olunmuş şəhərlərin hələ hamısında olmamışam. Olduqlarım haqda danışmaq isə hələ çox çətindir. 28 illik həsrətimiz olub. İndi gərək ki, hər mövsüm gedəsən, hiss edəsən və hansı xəzinəni geri qaytardığımızın fərqinə daha dərindən varasan.
- Alimlərin sözlərinə görə, dünyanın ən sağlam qidalanan ölkələri siyahısında İspaniya birinci, İtaliya ikinci, İslandiya isə üçüncü yerdə gəlir. Nəticələrlə razılaşırsınız?
- İtaliyadan başqa digərlərində olmamışam deyə bir söz deyə bilmərəm.
- Dünya ölkələrininin mətbəxləri ilə aranız necədir?
- Yaxşıdır. Qurman deyiləm ümumən. Lakin bir ölkəni daha yaxından başa düşmək üçün mətbəxini dadmaq çox önəmlidir.
- Ən riskli səfərləriniz hara olub və necə keçib?
- İran və Pakistan deyə bilərəm. Lakin dönüşdə "yaxşı ki, getdim" qənaətinə gəldiyim üçün başda keçirdiyim həyəcan sıfırlandı.
- Səyahət etdiyimiz ölkələrin iqliminə, adət və ənənələrinə daha tez alışmaq üçün oxuculara nə tövsiyə edərdiniz?
- İqlimə alışmaq fiziksəl, adət və ənənəyə alışmaq isə mənəvi məsələdir. Birində cisimlərini, ikinci də isə ruhlarını açıq etsinlər, gerisi düzələcək.
- Maraqlıdır ki, hansı xalqın mədəniyyəti sizə ruhən daha yaxındır?
- Bu suala cavab vermək üçün gərək hələ çox xalqın mədəniyyəti ilə tanış olam.
- Həyatınızın ən gözəl illərini səyahətlərdə keçirirsiniz, bunu ənənəni yaşa dolduqdan sonra davam etdirmək istərdinizmi?
- Əlbəttə. Və ən azı elə o yaşda səyahət verilişi aparmaq istərdim. Yaş məhdudiyyəti kompleksini qırmaq lazımdır.
- “Burda istədiyim kimi yaşayıram, istədiyim kimi geyinirəm, daha rahatam” və.s bu kimi cümlələri xaricə köçən azərbaycanlıların çoxundan eşidirik. Məsələ bundadır ki, bəzən milli mentalitet istəməsək də qarşımıza sədd qoyur və bunu aşa bilmirik. Sizdə vəziyyət necədir?
- Hər şey insanın öz daxili seçimindən və çərçivələrindən asılıdır. O baryerləri qoyan da insan özüdür, aşan da.
- Xarici ölkədə gördüyünüz hansı qaydanı, ənənəni və ya mədəniyyəti Azərbaycana gətirmək istərdiniz?
- Sakitliyi, rəngarəngliyi, tarixə hörməti.
- Həm də Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) baş katibisiniz. ATBA-da işlər necə gedir? Azərbaycanda turizm sahəsindəki əsas problemlər nələrdir?
- Dekabr ayından sədr müaviniyəm. ATBA-da işlər yaxşıdır şükür. İl başlayandan bu il edə biləcəklərimizə köklənmişik. Nə etməliyik, nələr edə bilərik və turizmə nə kimi töhfələr verə bilərik ətrafında layihələr, planlar düşünürük.
- Müəllifi olduğunuz “Əfşan” kitabından da danışaq. Bildiyim qədər İrandan bəhs etdiyi üçün çap olunmasında çətinliklərlə üzləşmisiniz.
- "Əfşan"ı özüm yazmışam deyə demirəm, lakin bu kitab özümə yolçuluqla yanaşı, özümüzə, mədəniyyətimizə sahib çıxmalı olduğumuz bir səfərdir. Sərhəddən o tayda hansı izlərimiz qaldığını unutmamalıyıq. Kaş ki, üzərində İran yazısına görə təqdimata "yox" deyənlər, deməzdi. Kaş ki, üzərində İran yazısına görə maddi dəstək verməyənlər, verərdi. Bir ölkə adına bu qədər “takıntılı” olmaq lazım deyildi. Əvəzində aylarla bestseller olan və özlüyündə bir ilk olan kitabda "imza"ları olacaqdı. Mən bir şey itirmədim onsuzda. Allah (c.c) mənə bu kitabı yazmaq gücü verdiyi qədər, ona işıq olacaq insanlar da yetirdi. O insanların da çoxu məhz oxuculardır.
Bu gün kitab ətrafında hər yeni görüş əslində "Əfşan"ın işığını genişlətməkdədir. Oxucularla hər görüşdə bir-birimizi daha yaxşı tanıyır, bir-birimizi dinləyir və sevgi ötürürük. Hər kəs önündə güclü qadın görür, lakin bəzən görüşə toparlanıb gəlmək özü nə qədər mənəvi güc tələb edir, bunu heç kim bilmir. Əvəzində hər görüşdən özüm də yenilənib geri qayıtmış oluram.
- Arzularınız sizi həmişə zirvəyə aparır? Onları həyata keçirə bilmək üçün nədən və hardan başlamalıyıq?
- Bəzən arzu dibə də çökdürür. Belə həyata keçən arzu da olub məsələn. Qorxmadan, ilk addımdan. Hər şey atılacaq ilk addımdan başlayır. Sonunu düşünmədən hərəkət etmək lazımdlr. Uçurum da olsa, külündən doğan insan daha maraqlı, güclü və hədəflırinə doğru daha məqsədyönlü olur.
Aytən Məftun
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ