Xüsusi
Polkovnik-leytenant detektiv romanından danışdı: "Bütün əsərlərimdə yaşadıqlarımın izləri var"
Bir neçə ay əvvəl “Heroqriflərin sirri” adlı yeni romanı çapdan çıxan detektiv yazıçı Elbrus Kəlbiyev bu janrın ədəbiyyatda və həyatımızdakı rolundan danışıb. Yazıçı, eyni zamanda insanları cinayət törətməyə sövq edən səbəbləri və qadın qətllərinin artması ilə bağlı fikirlərini bölüşüb.
Publika.az detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevlə müsahibəni təqdim edir:
- Elbrus bəy, əvvəlcə sizi yaxından tanıyaq.
- 1977 ci ildə Lerik rayonu Çayrud kəndində ziyalı ailəsində anadan olmuşam. 1994 cü ildə orta məktəbi, 1998-ci ildə ali hərbi məktəbi psixoloq ixtisası üzrə bitimişəm. O vaxtdan 2017-ci ilədək milli orduda zabit kimi xidmət etmiş, polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlmişəm. 2017 ci ildə ehtiyata çıxdım və yaradıcılqla məşğul olmağa başladım. İlk kitabım 2019-cu ildə, son kitabım bir ay əvvəl çapdan çıxıb.
Ailəliyəm. İki övladım var.
- Deyərdim ki, hərbidən ədəbiyyata keçid təsadüfi hadisədir. Bəs hansı hekayənin və ya kitabın təsirindən sonra yolunuzu ədəbiyyatdan saldınız?
- Yolumu ədəbiyyata konkret olaraq hər hansı bir əsər salmadı. Daim düşünürdüm ki, şahmat ilə detektivin çox gözəl əlaqəsi ola bilər. Bu mövzuda nəsə tapıb oxumaq istəyirdim, əslində. Tapmayanda özüm yazdım. Ədəbiyyata gəlişim belə oldu.
- Elbrus bəy, müəllifi olduğunuz “Şahmat qaydaları ilə qətl”, “Ölülərin pıçıltısı”, “Kobranın ölüm rəqsi”, “Şeytan ruhunun ləpiri”, “Utancaq qatil”, “Heroqliflərin sirri” kitablarının hər biri detektiv janrda yazılıb. Niyə məhz bu janrda yazmağa qərar verdiniz?
- Bir çox janrda yazılmış əsərlər oxumuşdum. Lakin detektiv ən sevdiyim janr olub. Özüm də xidmətdə olarkən ibtidai istintaq işləri ilə birbaşa məşğul olmuşdum deyə, bu janrın sirlərini yaxşı bilirdim. Bu səbəblə detektiv janrı seçdim.
- Əsərlərinizdə oxuculara çatdırmaq istədiyiniz əsas mesaj nədir?
- Əsərlərimdə oxucuya çatacaq çoxsaylı mesajlar var. Cəmiyyətdə tutduğu mövqeyindən və peşəsindən olmayaraq hər kəs, valideynlər də, gənclər də, sevənlər də, yeniyetmələr də, hətta məmurlar da özünü əsərlərimdə görə bilər və özünə aid çox faydalı mesajları ala bilər. Əsas mesajlar ali insanlıq hisslərinin, ədalətin, mərhəmətin, xeyirxahlığın, dürüstlüyün və sair bu kimi ali dəyərlərin əsərlərimin ideya xəttində ön sırada olmasıdır.
- Detektiv yazar olaraq fikriniz maraqlıdır. Sizcə, insanları cinayətə sövq edən səbəblər nələrdir?
- Valideynlər uşaqlarının fizioloji olaraq böyüməsinə çox diqqət edərlər. Məsələn, normal qidalandırmağa çalışar, xəstələnibsə, dərhal müalicə etməyə səy göstərərlər. Onların sağlam böyüməsi, fiziki inkişafı, təhsili daim diqqət mərkəzində olar. Lakin onların daxili aləminin necə formalaşmasına çox az diqqət ayırarlar. Məsələn, uşaq kiçik yaşlarından yalan danışsa da, buna diqqət etməz, tənbeh etməz, düz yol göstərməzlər. Uşaq, ya heyvanı, ya da başqa bir uşağı incidər, yenə fikir verməzlər. Orta məktəb yaşlarından siqaret çəkər, bir az böyüyəndən sonra evə gec gələr, tufeyli həyat tərzi keçirməyə başlayar, pis vərdişli dostlar tapar, yenə etinasız qalarlar... Beləliklə, böyüməkdə olan gəncin daxili, xarakterləri getdikcə pis səmtə yönələr. Artıq bu gənc potensial bir cinayətkara çevrilir və şərait yarandığı zaman o cinayəti törədir.
Bu, əsas səbəbdir. Əlbəttə, əlavə səbəblər də çoxdur. İqtisadi çətinliklər, insan həyatında baş verən bir çox sosial-psixoloji faktorlar da cinayətə səbəb ola bilir.
- Elbrus bəy, bəzi cinayət hadisələrinə sosial mediada bildirilən rəylər ikrah doğurur. Bəziləri hesab edir ki, öldürülən adam buna layiq idi. Hansısa halda cinayətkara haqq qazandırmaq olarmı?
- Cinayətkar cinayəti özünü və ya yanındakı birini təhlükədən qorumaq üçün törədibsə, onun əməlinə yalnız bu halda haqq qazandırmaq olar. Dinimiz də, qanunvericiliyimiz də bu cür hallarda hadisə törətmiş şəxsin tərəfindədir. Düşünürəm ki, qalan heç bir halda cinayət törətmiş şəxsə haqq qazandırmaq olmaz. Ələlxüsus bu cinayət şəxsiyyət əleyhinə yönəlibsə. Hər bir çətin vəziyyətdən mütləq bir çıxış yolu var. Bu cür vəziyyətlərdə psixoloji olaraq güclü və bir az da düşüncəli olmaq lazımdır ki, cinayət törətməyəsən.
- Azərbaycanda qadına qarşı cinayətlərin sayı hər il daha çox artır. Yaradıcılıqda bu mövzu sizin diqqətinizi çəkir?
- Bu hal məni də bir yazıçı kimi çox narahat edir. İstər qadın, istərsə kişilər tərəfindən cinayətkarlığın artması, fikrimcə, müvafiq dövlət qürumları tərəfindən araşdırılmalı, köklü səbəbləri öyrənilməli və qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Yenə o məsələyə qayıdırıq ki, uşaqların təlim-tərbiyəsi ilə vaxtında və düzgün, həm evdə, həm də məktəbdə məşğul olmaq lazımdır.
- Personsjlarınız real həyatdan götürülmüş qəhrəmanlardır, yoxsa hamısı təxəyyülünüzün məhsuludur?
- Personajlarımın hamısı təxəyyülümün məhsuludur. Lakin bütün əsərlərim həyatla çox sıx bağlıdır. Konkret olaraq həyatdan götürməsəm belə, hər bir personajımdan real həyatda minlərlədir. Bu də əsərlərimi çox maraqlı edir. Çünki oxucular orada yaşadıqları həyatın bir çox səhifələrini, özlərinə tanış simalar görürlər.
- Bəzən deyirlər ki, detktiv yüngül janrdır. Siz bununla razısınız?
- Bu fikirlə tez-tez rastlaşıram. Və hesab edirəm ki, bu fikir kökündən yanlışdır. Ədəbiyyatın ən başlıca məqsədi insanı düşündürmək, həyatın mücərrəd səhifələrini oxucuya göstərib bu cür vəziyyətlərdə necə davranmalı olduqlarını aşılamaqdır. Detektiv əsəri oxuyan oxucu əsərin əvvəlindən sonunadək düşünür, axtarır. Bu yolla da onun beyni düşünməyə, analiz etməyə vərdiş edir. Onun tənqidi təfəkkürü özü də hiss etmədən oyanır, inkişaf edir ki, tənqidi təfəkkür şüurun “qapısı” hesab olunur. Detektiv janr ümumilikdə oxucununun beynində neyronlar arasındakı rabitələri çoxaldır. Kafkanın özü də bu fikirdə idi, o, axtarmağı, düşünməyi detektiv janrın üstünlüyü kimi dəyərləndirmişdi. Bundan əlavə detektiv əsərlərdə "xeyir"lə "şər"in mübarizəsi daim ön sıradadır və ədalətin zəfəri ilə başa çatır. "Şər" daim tənqid olunur, "xeyir" isə baş roldadır. Bu kimi çox misallar çəkə bilərəm. Bütün bunlar varkən, detektiv janr necə yüngül və ya qeyri-ciddi ədəbiyyat hesab oluna bilər? Hə, əgər bütün əsər sırf cinayət işi materialı kimi təqdim olunursa, onda əlbəttə ki, ədəbi romandan uzaq görünəcək. Çalışmışam ki, əsərlərim bu cür olmasın. Əsərlərimdəki personajların heç biri sıradan deyil. Onların sırasında alim, həkim, yazar, mühəndis, polis, arxeoloq, valideyn, övlad, aşiq, tələbə və başqa peşə sahibləri var. Hər personajın daxili aləmi göstərilib. Dünəni, bu günü, tutduqları xeyirxah və yanlış əməllər əks olunub. Cəmiyyətin sosial-psixoloji problemləri və onların həlli yolları göstərilib. Və bu kimi daha onlarla məqamalar. Detektiv janrı ədəbiyyatın riyaziyyatı hesab edirəm.
- Detektiv janrda çəkilən xarici filmlərdə xəfiyyə obrazlarına tez-tez rast gəlirik. Maraqlıdır ki, Azərbaycanda bu işlə məşğul olan insanlar var?
- Bildiyim qədər yoxdur. Lakin səhv edə bilərəm. Hər halda, bu barədə deyilmir. Bizdə insanlara hüquqi yardımı vəkillər göstərir. Hər hansı bir vəkil bu və ya digər hallarda xəfiyyə fünksiyasını da yerinə yetirə bilir. Çünki onların da dəlil toplamaq, şahidlərlə söhbət etmək, onlardan məlumat toplamaq kimi səlahiyyətləri var.
- “Əqrəb mövsümü” serialı bir daha təsdiqlədi ki, detektiv janra maraq böyükdür. Sizcə, bu janr həm tamaşaçılar, həm də oxucular arasında niyə çox sevilir?
- Ümumilikdə insanlar üçün macəra və sirlər daim maraqlı olub. Bu, insanın genetikasında var. Axtarnaq, tapmaq, gərgin hadisələrin şahidi olmaq, adrenalin yaşamaq və sair. Detektiv əsərlər bu cür hadisələr ilə zəngin olduğu üçün oxucular tərəfindən daim sevilib. Bu, tək bizdə yox, hər yerdə belədir.
- Bir çox hallarda hər gözəl əsərin avtobioqrafik tərəfi də olur. "Ölülərin pıçıltısı", "Utancaq qatil" və digər kitablarınızda həyatınızdan izlər varmı?
- Demək olar ki, bütün əsərlərimdə yaşadıqlarımın izləri var. Bunsuz mümkün deyil yazmaq. Yazar ilk növbədə öz hisslərini tərcümə edib ağ vərəqlərə səpələyir. Yaşadıqları, görüb-götürdükləridir onun bazası.
- Əsərlərinizdə sujet xətti boyu qatili və ya cinayətkarı gizli saxlamaq çətindir?
- Qatili gizli saxlamaq ən çətin işlərdən biridir. Bunun üçün xüsusi ustalıq lazımdır. Və bu iş hər növbəti əsərdə daha da çətinləşir. Çünki getdikcə, oxucu sənin dəsti-xəttinə bələd olur. Cinayətkarı harada, necə gizlədəcəyini daha asan təxmin edir. Lakin hələ ki, “bu çətin işin öhdəsindən gəlməyə yüksək səviyyədə nail ola bilmişəm" - deyə bilərəm. İndiyədək heç bir oxucu son səhifələrdən əvvəl, əslində nələrin və necə baş verdiyini təxmin edə bilməyib.
Aytən Məftun
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar