Mələyə çevrilmiş baş mühasib
Bizi izləyin

Köşə

Mələyə çevrilmiş baş mühasib

Leyla Sarabi

Leyla Sarabi

Səhərin heç bilmirəm saat neçəsi. Ruhum bədənimə enmədən, tələsik geyinib, evdən çıxmışam. Təpədən dırnağa əsəbdə qovruluram. Liftə minib, hiddətimi öz qulağıma qışqırıram. Axı niyə ofislərdə iş saatları gecələr olmasın? Mənim ki, beynim qaranlıqda daha sağlam düşünür. Hisslərimə gecələr daha doğru ad qoya bilirəm. Fikirlərim də öz məcrası ilə gedir.

Mərtrəbəbaşı lifti saxlayıb, mənə yol yoldaşı olanlara də baxıb, lap dəliyə dönürəm. Ay insan, mən hələ özümə gəlməmiş, kimliyimin fərqinə varmamış, halımı niyə sorursan? Səhərin sübhündə özünü belə gümrah hiss etməyin üçün bu qoca dünya sənə nə əsas verib? Şəffaf güzgüdən üzümə boylanan bulud gözlərimə baxıram. Başqa vaxt fərqinə varmadan qırpdığım kipriklərimi bir-birinə toxundurmaq da enerjimi alır. Üstündən daş asılan kipriklərim iki sevgili kimi qovuşub, ayrılmaq istəmir. İnanmayacaqsınız, amma bu an dilim də ağzıma ağırlıq edir. Heç olmasa, 5 dəqiqə tez oyanıb, kofe içərdim. Bəlkə yuxum da rəhm edib, 1-2 saatlıq məndən uzaq qaçardı.

Belə ümidsiz sabahlarda lift də sanki yuxusunu yarım qoymaq istəmir. Tərpəndiyini belə hiss elətdirmir sənə, tənbəl. Bu 13 mərtəbəni yerə enənə qədər yorğun fikirlərin şəhər-şəhər, diyar-diyar bütün dünyanı gəzir. Mən nə tez qocaldım. Əvvəllər daha tez açılardı səhər. Üstəlik, 30 yaşın ağırlığı da çökür ruhsuz bədəninə. Birdən rastıma o çıxır. Yaşının ağırlığının altında ikiqat qalan yumaq qarı. Əslində hər səhər gördüyüm bu aciz varlıq bu gün lap gözümü oyur. Hər addımına sanki dünyanı alıb, özü ilə daşıyan qadın, səni yaradan da varlığını unudub artıq. Bütün emosiyalarımı üzümü bürüdüyüm şərfimlə birgə bükmələyib, çantama qoyuram. Binanın önündəki alçaq pilləkənləri yüksək dağ kimi aşmağa çalışan bu köməksizə yaxınlaşıb, əlimlə dəstək verirəm.

- Məndən bərk yapışın. Hansı blokda yaşayırsınız?

- (Titrək səslə) 16-da - buz kimi barmaqlarımı bərk-bərk sıxır.

- Qorxmursunuz, evdən tək çıxmağa? Axı yıxıla bilərsiniz.

- Ötən il bərk yıxılmışdım. Möhkəm qar yağırdı. Mən də mağazadan qayıdırdım. Ayağım necə sürüşdüsə, bir də oyandım ki, yerdə uzanmışam. Sağ olsunlar, qonşular birtəhər evə apardılar.

Büllur vaz kimi ehtiyatla qollarından tutub, suallar yağdırmağa başlayıram.

- Əlinizdəki həsir zənbildə nə var?

- Balıqdır. Mən hər gün balıq alıram. Cavanlıqdan çox sevirəm.

- Tək yaşayırsınız?

- Bir oğlum da var, özü də cavan, yaraşıqlı oğlandı. Elə özün kimi bir qız tapsan, evləndirərdim.

- Neçə yaşı var oğlunuzun?

- 52. Amma bir dəfə evli olub, boşanıb.

- Niyə?

- Arvadı ukraynalı idi. Onları da bilirsən də, ərlərinə xəyanət edirlər, bir yerdə otura bilmirlər. Gözləri-başları qaynayır.

- Bəs özünüz haralısınız?

- Mən asetinəm. 25 yaşımdan Bakıda yaşayıram. Artıq 60 ildir... Amma təəssüf, dilinizi öyrənə bilməmişəm.

Qarını blokun liftinə aparan 50 addımlıq yolu bəlkə də 50 dəqiqəyə irəliləyirəm. Əvəzində 60 il əvvəlin Bakısına səyahət imkanı qazanıram.

- Əvvəllər belə deyildi. Koloniya vaxtından baş mühasib işləmişəm. Ərimlə maaşımız ayın sonunadək bəs edirdi. İndi hər şey bahalaşıb. Hətta krossvord da. Bəzən bütün cavabları bilirəm, amma xanaları gec doldururam ki, oğlum bir də artıq pul verməsin.

- Elə bir oğlunuz var?

Sualı verər-verməz, qarının gözündən muncuq kimi tökülən yaşlarda boğuluram. Bu qocaların göz yaşlarından da torpaq qoxusu gəlir. Günahlarına bürünən körpə məsumiyyətli baxışlarını qaldırıb, "qızım keçən il öldü", - deyir.

- Hələ nə yaşı vardı axı. Cəmi 55… Onun yerinə mən ölməli idim.

- Mənim anam da ötən il o yaşda dünyasını dəyişib. Anlayıram sizi.

Tez cəsarətini toplayıb:

- Sən hələ uşaqsan. Özünü vaxtsız qocaltma. Hər fəsli sev. İnsanları dəyişdirməyə çalışma, özün də dəyişmə. Bax mən gedib, bu balığı qızardacam, ləzzətlə yeyib, krassvordumu əlimə alıb oturacam. Bu dəfə simiclik etməyəcəm. Oğlum anası üçün yaxşılıq edib, bu ay birini artıq alar.

30-cu ilimlə aramda olan buzlar bir anda əriyir, ruhum da bir nəfəslə içimə dolur. Bitməsini səbirsizliklə gözlədiyim yolun sonuna yaxınlaşdığım üçün bir az üzülürəm deyəsən.

Liftin düyməsinə basıb, nənəni marafona hazırlayırmış kimi tapşırıqlar verirəm:

- Ehtiyatlı olun. Yanınıza gələcəm tez-tez.

- Gözləyəcəm. İxtisasını bilmədim amma…

- Jurnalistəm.

- Şad oldum. Mən də baş mühasibəm…

Baş mühasibi göyə yola salıb, ayaqlarımı ümidlə yerə basıram. Quş kimi yüngülləşən fikirlərimdə gündəlik işlərimin bölgüsünü aparıram. Hə, bir də axşam evə dönəndə mütləq balıq alıb, qızardacam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm