Köşə
Tanrı qədər qəddar, Şəhriyar qədər anasız...
Leyla Sarabi
Məncə, bir kişinin yetişə biləcəyi ən qüsursuz məqam gözündən incilər tökdüyü o saflıq zirvəsidir. Səbəbinin nə fərqi var? Kişi o an lal dilindən süd dilənən körpədən də məsumdur.
Məncə, bir qadın ağlayırsa, qəlbini boşaldır, yox bir kişi ağlayırsa, qəbrini doldurur. Bir qadının ürəyindən əllərinə tökülən hər damcı su can yükünü azaldır. Bir kişinin gözlərindən sinəsinə axıtdığı özü boyda qan yüküdür. Kişi ağlayırsa, içindəki körpəsinin hər nöqtəsi dəlik-deşikdir. O günahsızın yaralarını sarmağa nə əli çatır, nə ah-vayını susdurmağa dili yetir. Çarəsizlik adında al qan qurğuşuntək göynədir bozarmış yanaqlarını.
Və məncə qadının hər göz yaşı bir savaşlıq silahdır, kişinin hər göz yaşı o silahdan ölənlərin məzarı.
Mən özümlə nə vaxt tanış olmuşam? Bağçadan elə indicə qayıtmışam. Anam mənə boyumu aşan, dünya boyda şar alıb. Arzularını da içinə üfürüb, bərk-bərk sıxıb əlimə. Sol yanımda anamın qaynar günəş məhəbbəti, sağ yanımda atamın bumbuz, sərin sevgi seli. Bəs mən nədən natamamam ilahi? Axı bu gün yenə o ağlayırdı. Axı yenə allah onu ögey ana olub allahsızca döyürdü. Mənim ən saf eşqim anasız, yetim Şəhriyar bu gün yenə gəlmişdi. Özümü xatırladığım gündən bəri insanın anadan yetim qaldığının ilk sübutu Şəhriyar...
Hər axşam valideynlər can parçalarını bağçadan aparmağa gələndə günün həsrəti bal olub dillərindən axırdı. Hər dəfə də adını xatırlamadığım o tərbiyəçinin oğlunu incitdiyindən söz salardılar.
Adını xatırlamadığım o tərbiyəçi dul kişiyə ərə getmişdi. İndiki ağlımla düşünürəm ki, sözün öz mənasında ərə getmişdi. Bəlkə də zorla ərə verilmişdi. Tanımadığı, sevmədiyi dul kişiyə zorla arvad olmuşdu. Üstəlik, iki qız da doğmuşdu tanımadığı, sevmədiyi yad kişiyə. O kişinin də ölən arvadından Şəhriyar adlı acı bir xatirəsi qalmışdı. Bizim bu tərbiyəçinin qızları ilə birgə böyüyürdük bağçada. Şəhriyar artıq məktəbə gedirdi. Dərsi bitən kimi də ögey anasının yanına gəlirdi, günü də bizimlə keçirdi. Şəhriyarla tərbiyəçi ana"sız"lığı bir-birinin ən böyük cəzası idi sanki. Allahın cəzası qadın bağçada yatmayan, yeməyən, əlindən oyuncaq düşürən bütün uşaqların acığını Şəhriyardan çıxırdı. Siz yəqin göyçək Fatma nağılı ilə böyümüsünüz. Mənsə bəxtsiz Şəhriyar nağılının bir personajı olmuşam. Adını xatırlamaq belə istəmədiyim tərbiyəçi qadın öz qızlarının tək telinə qıymazdı, əvəzində Şəhriyarın saçını süpürgə edərdi. Öz qızlarının bir damcı göz yaşında boğulub, Şəhriyarı qanlı yağışda isladardı. Bəzən hətta qızları bəhanə ilə ağlayıb, Şəhriyarı şərləyirdilər, döyülməyinə tamaşa etməkdən güc alırdılar. İndi düşünürəm onlar da ən az Şəhriyar qədər günahsızdılar. Axı insan tanrı qədər günahsız, tanrı qədər qəddar doğulur. Seçəcəyi tərəfə də ana işıq tutur. Hər ana da ədalətli tanrı ola bilmir, necə ki, tanrı hər övladına ana ola bilmir.
Nağılvari gerçək xatirimdən adını sildiyim o tərbiyəçi qadın hər dəfə Şəhriyarın gözünü oyub, kor qoyanda qaçıb əlindən tuturdum. Mən o an Şəhriyarın diləndiyi sevginin ən xırda qəpiyi idim bəlkə də. Amma körpə əlimdən, qanmaz ürəyimdən təkcə bu gəlirdi.
Anamın yeməyi ağız dadımı yaratdığı kimi, Şəhriyarın göz yaşları da təsəvvürümdəki ən saf kişi təsvirini çəkirdi.

Şəhriyarı tanıdığım yaşımın yanına bir sıfır da gəlib indi. Amma mən hələ də kişinin günahlarını göz yaşı ilə yuduğuna inanıram.
Sən indi hardasan, Şəhriyar, heçmi sevilmədin? Yenəmi birindən eşq dilənirsən? Yenəmi bir ögey qadın heysiz gözlərini oyur? Gəl, Şəhriyar, gəl əylən, sənə göz yaşından çay demişəm!
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?




































