Bircə sən ölmə...
Bizi izləyin

Köşə

Bircə sən ölmə...

Leyla Sarabi

Leyla Sarabi

İlıq yay gecəsi idi. Təbiət özündən o qədər məmnundu ki, qaranlığa bürünmək istəmirdi. Ay da işığı ilə Günəşi kölgədə qoymuşdu.

Həyətin düz mərkəzində durub gözünü Aya zillədi. Mən səni Günəşdən çox sevirəm. Sən uşaqlığımın ən isti nağıllarının qəhrəmanısan. Qaynar göz yaşlarımı damcı-damcı topladığım sirr mücrümsən. Sən necə vəfalısan, əzizim?! Onları hər gecə ətrafına səpələyib, sübh tezdən yenidən gözdən uzaq yerdə gizlədirsən. İllərlə günahlarım artdıqca bəmbəyaz üzünü palçığa batırmısan. Sənə hər baxanda o ləkədən utanıram. Yaxşı ki, Günəş deyilsən, yoxsa gözümü qamaşdırardın. Sən ki bilirsən, göstəriş üçün parlayan eşqlərdən uzağam.

Səmaya baxdıqca hava yerinə qorxu ilə nəfəs almağa başladı. Artıq ayaqları yerdən üzülmüşdü. Birdən özünü ulduzların içində, ayın lap bir addımlığında tapdı. Ömür boyu dişimizlə, dırnağımızla can atdığımız məhəbbətə qovuşmaq qədər ikinci böyük boşluq varmı, ilahi.

Xəzərin həzin laylası fikrini göydən alıb yerə çırpdı. Yalın ayaqlarını isti torpağa elə böyük sevgi ilə basdı ki, enerjisindən qum dənələri cana gəldi. Nə yaxşı bu şəhərin kirli-paslı dənizi var. Bu şəhərin dənizi də insanına oxşayır, əhvalı yaxşı olanda hətta insanını oxşayır. Nə yaxşı ki, Bakının ətrafında dövrə vurub, öz qumunda boğulan 32 kəndi var.

*****

Yayın tən ortasında Bakı kəndləri qarışqa kimi qaynayan şəhərlilər üçün cəhənnəmdən qaçışdır. Elə kəndlilər üçün də Bakının dəbli incə qızları, rəngli şortlu oğlanları əsl ekzotikadır. Görəsən dünyanın Azərbaycan qədər ziddiyətli ikinci məmləkəti varmı? Bu ölkədə ”rayonlu-bakılı” soyuq müharibəsi azmış kimi, bakılı və bakı kəndlisi adlı qəribə savaş tendensiyası da mövcuddur. İçimizdəki qırğınlıqların mənbəyinə çata bilməyəndə də məğlubiyyət topumuzu qarşı tərəfin qapısından keçirdirik. "Top" dedim, yadıma düşdü. Heç futbola ən çox baxmaq üstündə uşaq kimi mübahisə edən bakılı-rayonlu duetinə şahid olmusunuz?

- Siz rayonlular səhərdən axşama qədər fermada, kolxozda işləyəndə, bizim evlərdə hamı dünya çempionatına baxırdı.

- Siz bakılılar gözünüzü açandan zavodda fəhləlik eliyəndə biz hərəmiz bir yüksək vəzifənin başında oturmuşduq.

Sanki 5 yaşlı iki uşaq hansının daha çox velosiped sürdüyünü müzakirə edir. Görəsən dünyanın ikinci belə ziddiyətli milləti varmı? VAR!

Məsələn, alzaslı fransız oğluna ancaq öz vilayətindən qız almaq istəyir... Təsəvvür edin ki, həmin oğlan da gəlib azərbaycanlı qızla evlənir və “fransız-azərbaycanlı” adlı daha bir savaş tendensiyası formalaşır. Onda görürsən ki, kəndlisi, şəhərlisi, savadlısı, cahili ilə bütöv bir xalqın övladısan və sən bu torpağa aidsən. Hələ o fransız xalqının bir qüsurunu qaynar şiş eliyib, gözünü dağlayanda “Mənim Azərbaycanım” adlı qalaq-qalaq kitab yazmaq sevdasına da düşürsən. Anlayırsan ki, səni yaşadan orqanların qanlı savaşı vücudunu məhv etməkdən başqa bir şey deyil.

*****

İki ildir bütün ailə anasının vücud savaşının əsiri idi. Bu iki ildən uzanıb gələn acılarını ayağının altına sərsəydi, bəlkə də bütün dünyanı dolaşardı.

Xəzərin dalğaları da hardasa lap uzaqlardan həzin musiqi tapıb, əlindən tutub özü ilə gətirirdi. O da nazlı gəlin kimi yenə qaçıb gizlənirdi.

Tez əlini atıb, telefonunu çıxardı. Düz 10 dəqiqə vaxt keçib. Çoxdandır özü ilə tək qalmağın bu qədər zövqlü olduğunu unutmuşdu. Yalın ayaqları ilə qaçaraq evə elə girdi ki, bostanın yanında yuxulayan sarı pişik də hənirtiya diksindi.

- Bağışla, dərmanının vaxtıdır axı biraz gecikdik.

- Narahat olma, özüm içdim. İndi yatacam, sən də get yat.

- Sən ki, bilirsən mən bu vaxtlar yata bilmirəm.

Otağın düz küncündəki yatağa masa birləşdirmişdilər. Üstündə termos, bir qucaq dərdə çarə olmayan dərman, nə vaxtsa yeyiləcəyinə ümid bəsləyən büzüşmüş yay meyvələrindən başqa, bir də yumşaq yastıq vardı.

Gəlib yataqda onun yanında oturdu. Təyyarədəki narahat oturaq yatışını xatırladı. Axı insan 2 saatdan çox bu yatışa tab gətirə bilməz. Sən nə zülm çəkirsən, əzizim, deyə düşündü, amma üzünə taxdığı saxta gülüşünü əzmədən söhbətə başladı.

- Bu gecə mən də səninlə yatacam. Görüm, oturub yatmaqdan nə zövq alırsan.

- Tez yorularsan. Gah başımı yastığa qoyuram, gah da geriyə söykənirəm. Bilirsən, son vaxtlar bədənimi rentgen kimi görməyə başlamışam. İçimdə bir şiş var, saatbasaat böyüyüb, boğazıma doğru qalxır.

- Sənə elə gəlir. Aldığın kimyaterapiyaların ağırılarıdır, içində qalıb. Maye qəbul elədikcə təmizlənəcəksən.

- Artıq su içməyə də bədənimdə boş yer qalmayıb. Sən sağalacağıma hələ də inanırsan?

- Əlbəttə, inanıram.

İnsanın danışdığı şirin yalan dənizində özünün boğulmağı necə də acı mənzərədir. O an özü də bu yalandan ayılmaq istəmirdi. Başını divara düzülən yastıqaların birinə söykəyib, yumaq kimi büzüşərək mürgülədi. Zülmət yuxunun içində elə xoşbəxt idi ki... Lap uşaq vaxtı onun saçını barmaqlarının arasında bərk-bərk tutub yatdığı kimi rahat nəfəs alırdı. Hətta o da bir dəfə saçını kəsdirmişdi ki, 4 yaşlı cəlladını bu vərdişdən soyutsun. Amma işə yaramamışdı. Yenə sarılıb yatmağa bir ovuc saç tapmışdı.

İndi vəziyyət başqalaşmışdı, dəyişmişdi, qəddarlaşmışdı. Bədəninə dolan zəhər damcıları saçının tellərini xəzəl kimi yerə səpmişdi. Artıq onun nə oxşamağa, nə qorxudan sarılmağa bir teli də qalmamışdı. Tək təsəllisi ağır-ağır gəlib gedən nəfəsi idi.

Birdən gözünü açdı. Bu qaynar yay gecəsində onun buz kəsən əllərini ovuclarına alıb, pıçıldadı: “Sən ölmə, yoxsa mən rahat yata bilməyəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm