Köşə
Möcüzəyə döndüyüm o gün
Leyla Sarabi
Min doqquz yüz ən məsumuncu illər idi. 12-ci trimestrimi geridə qoyurdum. Bəstəboy alim bir nənəm vardı (ikincisi tələsik getmişdi). Elə bil nağıldakı qoğal hamıdan qaça-qaça qocalıb əldən düşmüşdü. Alma yanaqları, pambıq əlləri bir də sözünə baxmayan topal ayağı vardı (ikincisi hələ yorulmamışdı).
Hə, bir də dünyanı bəbəyinə dolayan yaşıl gözləri... Amma gözlərinin ikisi də birdən yorulmuşdu. Hər gecə 2 eynəyini üst-üstə taxıb, yatağının yanına məktəbli qız həvəsilə yığdığı qalaq-qalaq kitablarını oxuyurdu.
Qoca qoğalı çox sevirdim. Qəddar sayılmazdım, amma tənbəl ayağına için-için rişxənd eləyərdim. Hətta bir gün sobadan çıxardığı tərli bulkanı yeyə-yeyə nənəmin gəzməyini yamsılamışdım. Addımlarıma gülümsünmüşdü, mən də çox yaxşı iş gördüyümü zənn eləmişdim. Həmin günün sabahı möcüzəyə dönmüşdüm. Sol ayağımı dibindən dırnağına don vurmuşdu elə bil.
O gün topal gəzdim, nənəm baxdı ağladı, karma qollarını çırmayıb iplərini bir sutkalıq ayağıma bağladı.
Amma həmin vaxtlar karmanın böyük qardaşı bumeranq trend idi. Adına nə istəyirsiniz, deyin, əsas odur, vəhşi körpə beynimin çakrası aralanmışdı. Atdığım daşın gec-tez dönüb alnıma dəyəcəyini anlamışdım.
Karma, karma deyirik, amma hali deyilik axı... Bəlkə o da mənasını bilmədiyimiz “brend” kimi qədim maldarların heyvanlarına vurduqları damğaya bənzər nəsnədi.
Bu gün indus olan da, olmayan da azca vicdan sahibidirsə, karmasını aydınlatmağa çalışır. Bilmədiyi əsas məqam var ki, məsələ karmanın çıxılanını toplanana çevirmək deyil, ondan qurtulmaqdır. Müqəddəs Qurular əlyazmalarında karmanı iblisə bənzədirlər. Səni caynağına keçirdisə, köləsinə dönürsən. Əməllərin də yeni tanrın Karmanın əsarətində hesablanır. Bir əmma da var ki, karma həyatımızın stabilliyini qoruyur. Yaşadığımız hər saniyə hissiyat orqanlarımızdan içimizə duyğu seli tökülüb yaddaşımıza hopur. Ən ali mübarizəmizin əsas silahı da, həyat binamızın bünövrəsi də bu paradoksdur. Yəni karma ilə də olmur, karmasız da... Amma gərək bunu dərk edəcək kapasiteyə sahib olasan.
Hə, bir də latıncada “capasite” sözü vardı axı... Türklərin dilindən eşitməmiş olmazsınız. Kitab-kitab yazıb dönə-dönə söy(lə)mək istədiklərimi ifadə edən cəmi səkkiz hərf və səkkiz min məna. Məsələn, siz sübhün qaranlığından gecənin işığına qədər Afətə şeş-beş püskürüb Nəsiminin sümüklərini sızıldadırsınız. Mən buna vaxt sərf etmirəm. Çünki insanların kapasitesinin həcmi ilə sülh və barış içindəyəm. Boğazına qədər tıxanmış çuvalı açıb içinə “IQ” doldurmağa çalışsanız, ya “I” töküləcək ya da “Q”... Həm də lap nənəm gəlsin, karmaya çoxdan tövbəliyəm.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI