Parisdəki hotelin sirri
Bizi izləyin

Köşə

Parisdəki hotelin sirri

Leyla Sarabi

Cəmi 2 il əvvəl özümü bədbəxt etməyin üsullarını sınaqdan keçirirdim. İstənilən hadisəyə süni kədər qatıb yaramı didirdim. Etiraf edirəm, yazılarım da bu lada köklənəndə, dozadan artıq göynəyirdi... göynədirdi... göynəyirdim.

Bəlkə də yaşadığım faciələrdən sonra barmaqlarımdan ağlamasaydım, psixoloji problemim ip söküyü kimi dolaşıb yolumda düyünləyəcəkdi. Həmin məqamda, zamanda əlimdən ən yaxşı gələn şey də bu idi yəqin. İnsanların mənimlə ortaq yoxluqlarını doldurub, yaralarından irin axıtmaq. Ömrünün məchul məqamında hələ ad qoymadığı orqanına dondurduğu şişi əridib məhv edirdim. Vicdanımı da yastığıma doldurub növbəti melanxolik günlə yuxumda vidalaşırdım.

Ətrafım məni qəmgin xoşlayırdı. Ailəm içimdəki Frida faciəsini bir yandan tumarlayır, digər tərəfdən fəryadıma heyran qalırdı. Qəribədir, axı göz önümüzdə böyüyən uşağın bir gün beyninin qurdlarını sapa düzüb, boynumuzdan asmağına alışmamışıq.

Sevmirəm. Qarşısındakından mərhəmət dilənən, hətta baş sığalı üçün bütün dəyərlərini qəpiyə çevirib küçələrə tökən beyinləri sevmirəm.

Özümün bu vəziyyətə düşdüyümü anlayanda ürpənməyə başladım.

Maraqlı düzəndir, eyni bədənə sığan minlərlə tale, fərqli vəziyyətlər... Bəlkə də həyatın mənası da bu nöqtədən boylanır. Özünü hamının yerinə qoymağın üçün ana təbiət səni kolleksiyasının bütün obrazlarına bürüyür. Yoxsa qınadığına bir gün haqq verib, qınandığını qucaqlamaq necə də çətin olardı.

Məni neqativdən arındırıb insan edən böyük sevgim səyahətdir. Məndən çox pulu, nüfuzu, dostu, bilmirəm cücəsi, pişiyi olanlara əsla qibtə etmirəm. Mən səyyahları sevirəm. Ayaq basdığı torpağın enerjisini içinə çəkənlər həssas yerimdir. Özüm də maddi durumum içimdəki Diogenlə uzlaşanda varımı-yoxumu çantama doldurub yola düşürəm. Axı hər səyahət yeni kitabdır.

Parisə növbəti səfərə çıxırdıq. Çox gözəl hotellərin birində təcili nömrə bron etdik. Bilənlər agahdır, Parisdə nadir hallarda sərfəli qiymətə təmiz, səliqəli hoteldə qalmaq olur. Məsələn, Almaniyada yerləşən eyni hotel şəbəkəsinin imkanları Fransadakı dörd ulduzlusundan qat-qat geniş və bir çox cəhətdən üstün olur.

Nəysə... İçəri girib, qeydiyyata yaxınlaşanda məlum oldu ki, məkan LGBT üzvləri üçündür. Qəribə aura yaranmışdı. Hətta dəhlizdə baxışları ilə bizi itələyən homoseksuallar gəzişirdi. Özümü tanıyandan homofob olmamışam. Amma o məqamda yad planetə düşmüşdüm.

İndi düşünürəm ki, yəqin onlar da bizim aramızda, gündəlik həyatda, mağazada, blokda, kafedə özlərini təhlükədə hiss edirlər. Halbuki çoxunun cinsəl seçimi bizim hotel bronu qədər məsumdur.

Bəlkə bu səbəbdən son illər özümdə insanların intiminə qarışmaq haqqı görmürəm. Bu cəhəti məndə bir az Avropa, bir az yaşayıb yazdıqlarım, müşahidələrim, səyahətlərim formalaşdırıb. Hər kəsi orientasiyası, stili, özünü ifadə şəkli ilə qəbul edirəm. Yetər ki, ətrafına çürütdüyü cəsədlərin külünü yox, sevgi toxumu səpsin.

Mən də belə xoşbəxtəm. Payızın saraltısı günəşin istisi kimi gözümü qamaşdırır. Artıq payız məni üzmür, melanxolikləşdirmir, yeni səyahətə səsləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm