Köşə
Bu uşaqlar gələcəkdə nostalgiya deyib nəyi əzizləyəcəklər?
Hotelin foyesində müsahibimi gözləyirəm. Gah qar kimi şəffaf güzgülərdə əl izləri qoyan, gah da mərmərin üstünə uzanıb ayağını yerə döyən ərəb uşaqların bekar cingiltiləri... Bir yandan da üçüncü baharını yaşayan avropalı cütlüklərin turistvari yeni macəra həzzi... Bu dünyəvi koloritin içinə hind filmlərindən 3 nəfər qonaq gəlir. Biri digərlərinə nisbətən gəncdir. Telefonda kiminləsə görüntülü danışır. Bütün foyeni fırlanır. Künc-bucaqdakı dekorativ vazlardan tutmuş, kreslo-divana qədər məkanın bütün detallarını göstərməyə çalışır. Birdən kameranı mənə tuşlayır. Pancab ingiliscəsində, çox mimikalı, yetərincə filmsəl şəkildə deyir:
- Xahiş edirəm, anama əl yelləyin.
(Qanqanın bütün əzabı qadının üzünə çöküb)
Eyni anda xəyalım həm rəqs edir, həm də eşqə düşür… belə çox anasallaşır.
Bəlkə də çox xırda detaldır. Bəlkə də bu oğlan ilk dəfədir, bahalı hoteldə qalmağı ilə anasını sevindirir. Amma necə zərif jestdir, necə təmənnasız nəvazişdir.
Beynimin bir küncü yorğun gecədən oyanır. Əslində, həyatımızı önümüzə qatıb o qədər qaçırıq ki, yatanda da yorğunluğumuz yorğanın altında gizlənmir. Dərin yuxu bizim mühit üçün yad anlayışdır. İstəyirsən 24 saatı yatağından qalxma, yenə sərxoş boşluq çökür içinə. Meditasiya dediyin tük yüngüllüyünə bəzən ömür boyu çata bilmirsən. İstəyirsən göz yaşı divarına yanağını sürt, gündə 5 dəfə möhürə alnını qoy, kilsədə günahını keşişin yaxasına tök... Hələ yaranmayan dinlərə pənah apar. Bu sivilizasiya, beynimizdəki tükənməyən informasiya tornadosu, ağlımızı aşan texnoloji yeniliklər bizi can verməyə qoymur.
Yəqin ki, gələcək insanla keçmişin adamları arasında trans halıyıq. Əslində, dadmaq istəmədiyimiz halların ərəfəsiyik. Yaxşı ki, bəzən keçmişdən kimsə ömrümüzə qonaq gəlib ruhumuzu 1 məqamlıq da olsa, oyadıb gedir.
Günümün saatları arasında rabitəni tamam itirib, yenə içimdəki robotun əmrinə tabe bir məntəqədən digərinə qaçıram. Keçidin yanından ötənlərə zillənir baxışım. Heç kim ürəkdən gülmür, heyrətlənmir, təəssüflənib üzülmür. Uşaqdan böyüyə hamının üzündə şəraitə, mövsümə uyğun maskalar, kədərli barmaqlarına çökən yorğunluq rəqsi…
Böyüklərin maskalarını qoparmağa həvəsim də qalmayıb. Amma zəmanənin uşaqlarını belini çökdürəcək qədər nə yora bilər? Boylarından hündür, sevinclərindən ağır məktəb çantalarımı?
Plastik burma qablarda tərkibi bilinməyən rəngli şirələrə, baldan, qozdan əsəri olmasa da, dünyanın ən bahalı desertlərinin dadını kölgədə qoyan İran şirniyyatlarına, xırda pullarımızın qənimi olsa da, bizə əsl sevginin tərifini əzbərlədən “Love is” saqqızlarına tükənməyən həzzimizi, dərimizi oyub ən təmiz kimliyimizi üzə çıxaran günəşə sevgimizi indiki uşaqlar qacetlərə dəyişibmi?
34-ün astanasında olan mən kitab mağazasında simvolik satılan “Love is”ləri ovuc-ovuc alıb xoşbəxt oluramsa, bu uşaqlar gələcəkdə nostalgiya deyib nəyi əzizləyəcəklər?
Fikirlərim göyün qatlarını yırtıb ünvanına çatmağa macal tapmamış, gözüm 2 uşağı addım-addım izləyir. Nə əyin-başları, nə də əhvalları soyuq boz mövsümə uyur. Hərəsinin əlində bir böyük gül dəstəsi tində ulduz kimi yerə səpələnən işıqlı rəsm əsərlərinin üstünə hücum çəkirlər. Gül satmaqdan çöpə dönən bumbuz barmaqlarını rəmlərə tuşlayıb bir cüt lampaya sevinən uşaqlar texnologiya erasının sakinləri olmağa pulları çatmadığı üçünmü belə məsum qala biliblər?
Belə çıxır ki, insanı insan saxlayan, dünyəvi tamahdan qoruyub, bünövrəsini bərkidən imkan qıtlığıdır.
Yarıtox qarınla, yalın ayaqla için-çölün bərkiyirmi?
Ehtiyac doğmalığın bağlarını daha möhkəm düyünləyirmi?
Bu, başqa günün, bəlkə də ayın, ilin mövzusudur. Amma mən yorğun şəhərin küçələrinə tökülən ulduzlara toxunub isinən çöp barmaqları izləyə-izləyə bədənimə ağır gələn qalın paltomdan qurtulmağa məqam axtarıram.
Bəlkə hər sutkaya sığan 1 saatı sən də bütün ehtiyaclarını, borclarını, məcburiyyətlərini unudub, yerdə ulduz axtarasan?
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar