Mənim ən şirin yuxum 90-larda qalıb
Bizi izləyin

Köşə

Mənim ən şirin yuxum 90-larda qalıb

Mənim ən şirin yuxum 90-larda qalıb

Hələ doğulmamışdım. Həyatımın yolunda ayaq izi yox idi. Hələ sağalmamışdım. Bədənimin xəstəlikdən xəbəri yox idi. Hələ barışmamışdım. Küsməyə adamım da yox idi.

Məncə, ən doğru ölçü vahidi qum dənəsidir. Elə mən də qum dənəsi boyda düşünməyə vaxt tapan kimi ovulub yerə tökülürəm. Elə bu kainat daha çox bərkə-boşa düşməyimi istəmir. Ona görə fikirlərim ən şirin yerində oyandığım yuxu kimi yarımçıq qalır.

Mənim ən şirin yuxum 90-larda qalıb axı. O vaxtlar telefon epoxası intibahını yaşayırdı. Sosial şəbəkələr çərçivələrimizi darmadağın etməmişdi. Tanımaq istədiyimiz adamın internet hesabını günün sübh ucundan gecə zülmətinə qədər izləmirdik. İnsanlar telefonda limitsiz danışırdı, telefonda qum dənəsi qədər susurdu, yeni dəbə düşən mahnılarda telefonlarda kiminsə qulağına pıçıldanırdı.

Heç sevmirdim ev telefonu, şəhər telefonu ifadələrini... Sanki çöl telefonu da varmış kimi, sanki kənd telefonu da demək zərurəti varmış kimi. Elə mən də bu nəsnəyə ad tapmamış özümü qacetin laməkan virtuallığında itirdim.

Hə bir də o telefonlarda... həmin ev-çöl, şəhər-kənd telefonlarında başqasının reallığına arada nüfuz etdiyimiz qarışan xətt problemi vardı. 1 neçə dəqiqəlik də olsa, yadların intiminə qonaq olurduq. Qəribə həyəcan basırdı adamı. Şəhərin bir ucunda kimsə sənin onu eşitdiyini anlamadan ürəyinin bitlərini təmizləyir.

O vaxt üçün qəribə olsa da, indi sosial şəbəkələrdə gündəlik rutinimizə çevrilən və bəlkə də mutikultural mədəniyyət. Mən həmin o qum dənəsini içimə axıtdıqca, öz həyatımı qarışmış xətlər kimi kənardan səssiz-səmirsiz dinlədikcə anlayıram ki, bütün dərdlərimizin toxumu sevgidir.

Dünyanı sevgi xilas edəcəkmi? Əsla! Sevdikcə səhvlərinə çəhrayı eynəkdən baxdıqlarımızın ultrabənövşəyi şüaları dərimizə ləkələr atdıqca, onlar özlərini bəzəyib bizi lüt qoyduqca dünya gözəlləşmir.

Əslində heç dünyanı gözəlləşdirmək də zərurətimiz deyil. Başqasının sərhədlərini tapdamadıqca, qüsurlarımızı orijinallığa çevirdikcə, dünyanı öz taleyinin axarına, sevgimizdən bezmişləri öz boşluqlarının mərkəzinə buraxıb yolumuza davam edə bilərik.

Mükəmməlləşəcəyikmi? Çətin! Böyüyəcəyikmi? Bəlkə də... Dünyanı saçının bir telinə dəyişmədiyimiz uşağımızın da, bizdən çimdik-çimdik can qoparan sevgilimizin də bizə qarşı ən kəskin silahı sevgimizdir. Həyatımıza guya bizə dərs vermək öhdəliyi varmış kimi girib çıxanların da, hər dəfə xəstə yatağına düşüb-qalxmağımızın da, barmaqlarımızdakı xətləri çapıq izlərinə çevirənlərin də hədəfi boğazımızdan keçirməyib onlara saxladığımız qırmızı almanı çürütməkdir. Bəlkə də bədxərcliyə gərək olmayan əsas dəyər pulumuz yox, özümüzük.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm