Ən yanlış tibbi fakt budur
Bizi izləyin

Köşə

Ən yanlış tibbi fakt budur

Ən yanlış tibbi fakt budur

Bəzi hallarda etdiyimiz səhvlərin altında mütləq bir doğru payı olur. Amma çox vaxt büdrəməyimizə nə qədər fəlsəfi don geyindirsək də, yanlış elə yanlışdır.

Əsla bu səhvi etməsəydim, öz yolumu tapmazdım demirəm. Məncə, insan ən acı təcrübəsindən sonra duruma uyğunlaşmağını, o qarışıqlığın içində var olmağa çalışmağını böyük cəsarət zənn etdiyi üçün özünü öyməyə başlayır. Bəlkə də buna görə xırda uğurlarına taleyin əsəri deyib, "bərkə düşmədən, zirvəyə çıxmazdım" adlı hipotizlər uydurmazdı.

Mənim vətəndaş mövqeyim də, içimdəki şəxsiyyət vəsiqəsi almaqdan imtina edən havadakı kimliyim də çoxdan belə möcüzələri rədd edir. Yəni doğrudanmı düşünürsən ki, qarşına çıxan vicdansıza yem olan qürurunun parçalarını yapışqanlı birləşdirib daha uğurlu həyata başlayırsan?! Əslində bizdən çimdik-çimdik qoparılan sinirimiz, güvənimiz, məsum baxışlarımızın yerində tikan bitir. Bəlkə də yaşadıqlarımızdan sonra dörd yanımıza tikdiyimiz hündür hasarlarımız bizi qorumağın ideal yolu deyil. Əslində "gücləndim" saydığımız o mifin altında incinən mənliyimiz, bir də dadmayacağımız ən körpə duğularımız can verir.

Məsələn, 10 yaşımda ağladığım faciəmi 20 yaşımda orta statistik hadisə zənn edirəmsə, 20 yaşımda can atdığım insanlar 30 yaşımda lax yumurta kimi üfunətə bürünürsə, mən sinəmə böyüməyim, müdrikləşməyim münasibətilə saxta medallar asmıram. Bəlkə xəmirimi yoğurub acıtmasaydılar, qaynar sobada bişirib üzümü qızartmasaydılar, sonra dişlərinə çəkib tikə-tikə yeməsəydilər öz tarlamda küləklərə dost olardım. Bilmirəm, hərdən bərkimədən öncə o pambıq, naşı mexanizmim üçün darıxıram. Bəlkə də sərt tənqidlərin qarşısında aciz idim, bəlkə də normadan artıq yasa batırdım, amma ən xırda sevinclərin içində lap dərində boğula bilirdim. Hadisələri idarə edə bilmirdim, amma duyğularımın çalarları daha zəngin idi.

Eşitdiyim ən absurd fakt var. Guya insanın gözündən başqa bütün orqanları qocalmağa məhkumdur. Elə yanlış müşahidə, bəlkə də tibbi faktdır ki... Deməyin ki, ananız öləndən sonra axıb gedən göz yaşlarınızın ardınca əvvəlki işıltı ilə baxmısınız. Deməyin ki, bir vaxtlar ən adi şeylərə baxıb alovlanan bəbəkləriniz yenə eyni nəsnələrdən qığılcımlanır. İnsanın gözündə hər şey adiləşir. Dəhşət sandığınız qəza xəbərlərinə bir müddət sonra baxmağa cəsarət etdikcə, ruhu çıxan canları qucaqladıqca, görmək istədiklərinizin xəyalı da xatirənizdən silindikcə, gözləriniz də daşlaşır... baxışlarınız da sərtləşir... Uzaqdan pıçıldayan keçmişin nəğməsi, qonşudan gələn ananın yeməyinin ətri, ağacların tumurcuqlarından qopub tökülən ləçəkləri bir anlıq gözünə ox olub batdıqca, özünü kənardan izləyirsən. İstəsən də, mümkün deyil itirdiyin "sən"ləri tapıb içində bəsləmək.

Bəlkə də buna görə böyüdükcə böyüməyin bir işə yaramadığını anlayırsan. Bir yaran sağalmadan, ard-arda yoluna tökülən ifrat təcrübə parçalarına ilişib küt ağrı ilə qidalanırsan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm