CİA-nın gizli qolu USAİD ifşa edildi: Bakıya qarşı hansı ssenarilər var?
Bizi izləyin

Nida Təhlil

CİA-nın gizli qolu USAİD ifşa edildi: Bakıya qarşı hansı ssenarilər var?

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstanda hakimiyyət çevrilişi hazırlayır. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan etdi və onun bəyanatı hansısa iddia, yaxud ittiham yox, bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin məxfi araşdırmalarına əsaslanır. Gürcüstan DTX-sının araşdırmasında USAİD-in ölkədə çevriliş planlarına maliyyə ayırdığına dair konkret faktlar təqdim edilir. Çevriliş planı oktyabr-dekabr aylarında icra edilməli idi, lakin USAİD-in Gürcüstana göndərdiyi və yerli təşkilatlardan hazırladığı şəbəkə ifşa olunduğu üçün baş tutacağı ehtimalı aradan qalxmış kimi görünür. Hərçənd, Tbilisi və Vaşinqton arasında son dövrlər müşahidə edilən çatlar fonunda bu cəhdlərin davam edə biləcəyi də gözləntilər arasındadır.

USAİD-in adının çevriliş planlarında hallanması ilk dəfə deyil. Gürcüstan DTX-sı bu təşkilatın çətiri altında çevriliş hazırlayanların hələ 2003-cü il “qızılgül inqilabı”nın təşkilində də iştirak etdiyini açıqlayıb, hərçənd, son 20 ildə Tbilisi-Vaşinqton münasibətləri ABŞ-ın istəyinə uyğun davam etdiyi bu fakt gündəmə gətirilmirdi. Rəsmi Tbilisi Vaşinqtonun istəklərini yerinə yetirməkdən imtina etməyə başlayan kimi Gürcüstanda 2003-cü il hadisələrinin təkrarlanması ssenariləri də gündəmə gəldi. Və USAİD bu prosesdə lokomotiv rolunu oynayır.

Niyə USAİD?

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin iki üzü var: görünən və görünməyən;

Görünməyən üz – çevriliş hazırlıqları görünən üzün – demokratiya, insan haqlarına dəstək, sahibkarlıqdan tutmuş səhiyyəyə qədər müxtəlif sektorlara yardım - altında gizlədilir. Əgər ABŞ hansısa ölkədə hakimiyyət çevrilişi həyata keçirmək istəyirsə, USAİD-in “qrant layihələri” ilə topladığı və hazırladığı şəbəkə aktivləşdirilir. Gürcüstanda baş verənlər bunun son nümunəsidir.

Gerçəkdə isə USAİD ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əlavə qolu olaraq yaradılıb və bunun tarixi yeni deyil. Hələ 1957-ci ildə ABŞ xarici ölkələrdə polis qüvvələrinin formalaşdırılması işini həyata keçirən İctimai Təhlükəsizlik İdarəsini (OPS) yaratdı. Ameriaklı jurnalist Eva Golinger “CİA USAİD-dən kamuflyaj kimi istifadə edir” başlıqlı məqaləsində Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinə istinadən yazır ki, OPS USAİD-in filialı kimi fəaliyyət göstərirdi və əsas məqsəd casus şəbəkəsinin qurulması olub. Hədəf coğrafiyası isə Latın Amerikası, Asiya və Yaxın Şərq idi. ABŞ Konqresi 1974-cü ildə OPS-nin fəaliyyətini dayandırdı. Lakin USAİD-in CİA-nın qolu kimi fəaliyyəti günümüzdə də davam edir. Bu təşkilatın CİA-nın planlarında iştirakına dair çoxsaylı məlumatlar var.

- Vyetnam müharibəsi zamanı CİA ilə birlikdə həyata keçirilən qanlı Feniks əməliyyatı;
- Kuba, Venesuela, Haiti, Uruqvay və digər ölkələrdə çevriliş cəhdləri;
- Afrika ölkələrində hakimiyyət dəyişikliklərinin həyata keçirilməsi;
- 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı”;
- 2004-cü ildə Ukraynada “narıncı inqilab”;
- 2005-ci ildə Qırğızıstanda “zambaq inqilabı” və s;


ABŞ kəşfiyyatı bu və bunun kimi çevriliş planlarının maliyyəsini və təşkilini məhz USAİD üzərindən həyata keçirib. ABŞ-ın çevriliş planlarına dair bir neçə kitabın müəllifi olan kanadalı jurnalist Jan-Gay Allard yazırdı ki, USAİD-in çirkin işinin ən bariz nümunələrindən biri Uruqvaydır.

“USAİD Uruqvayda sol hərəkatının məhv edilməsi üçün polis qüvvələri hazırlayır və onlara işgəncə metodları öyrədirdi”, - jurnalist bu haqda yazır.

Eva Golinger isə yazır ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə özəl təşkilatlar, incəsənət sektoru, dini təşkilatlar, dövlət orqanları, ümumilikdə bütün sahələr üzrə şəbəkələşmə qurur və lazım olanda ABŞ-ın çevriliş planlarını dəstəkləyir.

Əgər əvəllər CİA USAİD-dən yanlız cəbhə kimi istifadə edirdisə və agentliyin əməkdaşları gerçəklərdən məlumatsız idilərsə, bu gün artıq hər şey ortadadır. USAİD-in “nizəsi” Vaşinqtona “düşmən” hesab olunan hərəkat və ya dövlətlərə qarşı yönəlib. USAİD artıq rəsmi olaraq hərbi agentliyə çevrilib”, - amerikalı jurnalist qeyd edir.

Azərbaycan cəmiyyəti üçün bütün bunlar o qədər də təccüblü deyil, çünki bu gün Gürcüstanın üzləşdiyi və rəsmi səviyyədə dilə gətirilən USAİD “nizəsi” onillərdir bizim ölkəmizə qarşı tuşlanıb və ən dəhşətli məqam hədəfin təkcə hakimiyyət yox, həm də Qarabağın işğalını legitimləşdirmək olmasıdır.

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayanda USAİD haqda müsbət imic yaradılmışdı. Bizə “demokratiyanı” gətirəcəkdilər. Lakin çox keçmədi bu təşkilatın məqsədinin ölkədə xaos və gərginliyin yaradılması, Azərbaycanın müstəqil siyasətdən imtina etməyə məcbur edilməsi, bunu qəbul etməyən milli hakimiyyətin hədəf alınması olduğu ortaya çıxdı.

2003-cü ildə baş verən xaos və qarşıdurmanı körükləyənlər Bakının tinlərindən boylanan eyni şəbəkənin üzvləri idi. Buna nail ola bilməsələr də sonradan təşkilatlanma sürətlə aparıldı və belə demək mümkünsə, “hər daşın altından” USAİD çıxırdı. Bura USAİD-lə yanaşı, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar da daxil edə bilərik. Əslində isə bu təşkilatların eyni hədəf və məqsəd ətrafında birləşdiyi də sirr deyil.

Bu şəbəkənin Azərbaycanda konkret fəaliyyət istiqamətləri var idi:

- Lazımi anda hərəkətə keçirmək üçün gənclərin təşkilatlandırılması;
- Müxalif media və təşkilatların maliyyələşdirilməsi, siyasi qüvvələrə maliyyənin bu ad altında ötürülməsi;
- Regionlarda müxtəlif layihələrin icrası ilə “icmalaşma” adı altında şəbəkənin qurulması;


2013-cü ildə Bakıda “facebook inqilabı” adlandırılan qarşıdurmanın yaradılması cəhdi bu şəbəkəni böyük ölçüdə ifşa etdi. Həmin vaxt ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə və konkret şəxslərə paylamış, bu vəsaitin müqabilində Bakının mərkəzində xaos ssenarisini tətbiq etməyə cəhd etmişdilər. Bu ssenaridə əsasən NİDA, “Dalğa” kimi gənclər təşkilatları istifadə edilirdi. Cəhd baş tutmadı, amma planlar rəfə qaldırılmayıb.

2014-cü ildə müxalif media və təşkilatların maliyyələşdirilməsi üzərindən şəbəkələşməyə başladılar. Və bu prosesdə əsas lokomotiv yenə USAİD idi. Təşkilat Azərbaycana ayırdığı 2,4 milyon dollarlıq qrant layihəsinin məhz öz şəbəkəsinə çatması üçün gizli maliyyələşmə mexanizmi tətbiq edirdi: qalib olacaq təşkilatlar və maliyyənin ayrılacağı layihələr öncədən müəyyənləşdirilir, qısa müddətli qrant müsabiqəsi elan edilir və bu müddətdə digər təşkilatlar nəinki layihənin hazırlanmasını, ümumiyyətlə sənədlərin toplanmasını belə həyata keçirə bilmirlər, nəticədə öncədən seçilən təşkilatlar və hazırlanan layihələr qalib olur;

“Qalib təşkilatlar” USAİD-in (arxasında dayanan CİA-nın) tapşırığı ilə vətəndaş “aktivliyi” adı altında şəbəkələr formalaşdırır, müxtəlif iddiaları gündəmə gətirməklə gərginlik yaradılır və Azərbaycanda hakimiyyətə qarşı təzyiq rıçaqları hazırlayırdı.

Gizli maliyyələşmənin ifşa edilməsi USAİD-in Azərbaycandakı fəaliyyətinin qeyri-şəffaf olduğunu ortaya çıxardı və 2017-ci ildə təşkilat fəaliyyətini məhdudlaşdırdı. Həmin tarixdən sonra iki istiqamətdə işin aparıldığı müşahidə edilib.

Birincisi, əsas diqqətin regional layihələrə ayrılması;

Məqsəd paytaxda ifşa olunmuş fəaliyyətin bölgələrdən başlayaraq, yenidən həyata keçirilməsi və “icmalaşma” adı altında özlərinə bağlı şəbəkənin genişləndirilməsi idi.

İkincisi, maliyyə axınının istiqaməti dəyişdirildi;

Qeyri-şəffaf fəaliyyəti ifşa olunana qədər USAİD və onun çətiri altında fəaliyyət göstərən təşkilatlar siyasi qruplara maliyyəni özlərinə bağlı “media” və “QHT”-lər üzərindən ötürürdüsə, daha sonra bunu Gürcüstan üzərindən etməyə başladılar. Mexanizm belə idi: USAİD Azərbaycan üçün ayırdığı maliyyəni Gürcüstandakı şəbəkəsinə köçürür, Azərbaycandakı şəbəkənin üzvləri Tbilisiyə “turist səfərləri” təşkil edərək, dollarları ölkəyə nəğd şəkilində daxil edirdi. AXCP funksionerlərinin və onlara yaxın jurnalistlərin ifşa edilərək, qanun qarşısına çıxarılması bunu ispatladı (Oxu: Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası).

Bu fakt USAİD-in Gürcüstanda böyük şəbəkə yaratdığını da bir daha təsdiq edir və bu gün Gürcüstan hakimiyyətinin üzləşdiyi təhlükələrin arxasında həmin şəbəkə dayanır.

Azərbaycan dövləti milli maraqlara söykənən siyasəti və xalqın dəstəyi ilə ölkəmizə qarşı bu cəhdlərin qarşısını aldı. Bu gün xalq-iqtidar birliyi milli maraqlarımıza qarşı risklərin önündə qalxana çevrilib, torpaqlarımızın azad edilməsi, bir əsrlik erməni separatizminə son qoyulması bu birliyi, bu gücü daha da gücləndirib.

Lakin bu, kənar qüvvələrin ölkəmizə qarşı planlarından əl çəkdiyi demək deyil. O baxımdan, Gürcüstanda baş verən təhlükəli cəhdlərin
Azərbaycanda da təkrarlanması planlarının olması istisna edilməməlidir. Xüsusilə proseslərin inkişafı bu ehtimalları ön plana çxıarır.

Cənubi Qafqaza təsir uğrunda aparılan mübarizə açıq müstəviyə keçib. 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yarandı, bu ilin 20 sentyabr tarixində Qarabağda həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra isə bu reallıqlar tamamlandı. Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Və rəsmi Bakı regiona sülhün gəlməsi, Cənubi Qafqazda üç ölkənin eyni çatı altında əməkdaşlığının qurulması perspektivindən çıxış edir. Bunun fonunda Türkiyə və Rusiya kimi region ölkələri bölgədə belə bir perspektivin yaranmasına çalışırlar. Bu situasiya Qərb ölkələrinin bölgədə xaos üzərindən həyata keçirmək istədikləri ssenarilərin önündə əngəldir. Təsadüfi deyil ki, ABŞ və Fransa kimi ölkələr regiona məhz Ermənistan üzərindən müdaxilə etməyə çalışır. Gürcüstanın üzləşdiyi vəziyyət də bundan qaynaqlanır, çünki rəsmi Tbilisi bu dəfə öz milli maraqlarını kənar oyunçuların maraqlarına qurban verməkdən imtina edir. İndi Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan regional əməkdaşlıqdan yana olsa da, digər ölkəsi Ermənistan “müdaxilə qapısı” olaraq qalmaqdadır.

Burada iki məqamı xatırlatmaq lazımdır:

1. ABŞ-ın bu ilin mart ayında açıqladığı “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənədi müxtəlif regionlarda “rəngli inqilab” ssenarilərinin işə düşdüyü, yaxud bu istiqamətdə fəaliyyətə başlanıldığı perspektivini aktuallaşdırdı (Oxu: ABŞ “rəngli inqilab” planını açıq elan edir: Bakı nəyə diqqət etməlidir?).
2. Bu sənədin icrası – “rəngli inqilab”ların maliyyələşdirilməsi və həyata keçirilməsi USAİD-ə həvalə olunub: təşkilata rəhbərlik edən Samanta Poverin erməni lobbisinə yaxınlığı sirr deyil, hətta qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edəcək qədər ermənipərəstdir və bu amil erməni diasporu/lobbisinin Azərbaycandan intiqam almaq üçün Samanta Poverin vasitəsilə USAİD-in “nizəsini” Bakıya doğru çevirə biləcəyi riskini ön plana çıxarır;

Bu təhlükəni aktuallaşdıran daha bir məqam isə USAİD-in Azərbaycandakı fəaliyyətində əsas ağırlığı “nowar”çılara verməsidir.

“Müharibə əleyhdarı” kimi çıxış edən bu şəbəkənin əsas çağırışları Ermənistanın maraqlarının müdafiə edilməsidir. (Oxu: Gah “feminist”, gah “anti-militarist” adı ilə Ermənistana işləyən xain şəbəkə). Hələ 44 günlk müharibədən öncə - torpaqlarımızda işğalın davam etdiyi vaxt eyni şəbəkə status-kvonun qorunub saxlanılması planına töhfə verirdi. Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun işğalçılara qarşı əks-hücum əməliyyatının dayandırılması çağırışları etdilər. 44 günlük müharibədən sonra isə Qarabağda qalan separatçı-terrorçuların müdafiəsini həyata keçirirdilər. Artıq torpaqlarımızda erməni separatizmi ləğv edilib, lakin USAİD-in dəstəklədiyi “nowar”çıların beynəlxalq müstəvidə Azərbaycana qarşı aparılan “etnik təmizləmə”, “deportasiya” kimi iddiaları dəstəkləməyə hazırlaşdığı, o cümlədən, Azərbaycan-Ermənistan arasında mümkün sülh müqaviləsində erməni maraqlarından çıxış edəcəkləri gözləniləndir. Ermənistan və erməni diasporu\lobbisi bu şəbəkədən öz maraqlarını təmin etmək üçün istifadə etdiyi kimi, ABŞ-ın da onlar üzərindən rəsmi Bakıya təzyiq rıçaqları yaratmaq, Cənubi Qafqazda mövcud siyasi mənzərəni dəyişdirmək cəhdi aydın görünür.

Və 2014-cü ildəki gizli maliyyələşmə mexanizminin təkrarlanması da diqqəti bu risklərə yönəldir.

USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb, bura Azərbaycan da daxildir. Gizli maliyyələşmə mexanizmi ilə vəsaitlərin ayrılmasında “nowar”çılara, “feminizm” adı altında fəaliyyət göstərən şəbəkələrə üstünlük verilir. NED də 2022-ci ildə Azərbaycanda təşkilatlara ayırdığı 1 milyon 100 min ABŞ dollarını gizli mexanizmlə öz şəbəkəsinə daxil olan təşkilat və şəxslər arasında bölüşdürüb.

Bu o deməkdir ki, USAİD-in rəhbərliyi altında Azərbaycanda gizli təşkilatlanma aparır və lazımi məqamda bu şəbəkə dövlət və milli təhlükəsizliyimizə qarşı xaos planlarının icrasına başlaya bilərlər. Bu planlarda əsas maraqlı tərəf də məhz Ermənistan və Qərb ölkələrinin paytaxtlarında yuvalanmış erməni diasporu/lobbisidir. Artıq sirr deyil ki, hədəf “demokratiya”, “insan haqları”, yaxud siyasi hakimiyyət yox, bu ad altında dövlətimiz, Azərbaycanın 100 il sonra qazandığı tarixi zəfərdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm