Opera və Balet Teatrının səhnəsi hələ bu qədər ağır simfoniya eşitməmişdi: "Burnuma yaralılardan əcəl qoxusu gəlirdi" - ÖZƏL
Bizi izləyin

Xüsusi

Opera və Balet Teatrının səhnəsi hələ bu qədər ağır simfoniya eşitməmişdi: "Burnuma yaralılardan əcəl qoxusu gəlirdi" - ÖZƏL

Birinci hissəni buradan oxuya bilərsiniz

Balaca taburetimdə oturub, onun "dönüşünü" gözləyirdim. Geri qayıtdı və dedi ki, atam sağdır. Bircə qarnında ağrı var. Şiddətli ağrı. Çoxlu qan itirib, haldan düşüb. Amma sağdır. Ona görə bizə məktub yazmır. Anam lap körpəliyimdən mənə almanca Mələk duası öyrətmişdi, xüsusən də müharibə illərində bu duanı dilimə gətirməyi qadağan etmişdi. Ağıllı uşaq idim. Odur ki, duanı udmuşdum. O da lap dərinimə qədər yol almışdı. Hər atamı düşünəndə, yaxud anam üzüləndə, duanı içimdə qışqırırdım.

Bir gün anamla sovqat almağa yollandıq. Küçədə bir neçə qadının kimisə döydüyünü gördük. Anam müdaxilə etmək istəyəndə gördü ki, döyülən alman rəfiqəsi Emmadır. Emma ilə uşaqlıqdan dostluq edirdilər. Hətta şvab icmasının mütəmadi təşkil olunan görüşlərinə də birgə gedirdilər. Emma anamı görüb, gözü ilə sərt işarə etdi ki, uzaqlaşaq. Əslində hər ikisi mənə görə narahat idilər. Elə ilk döngədə gözdən itdik. Həmin gecə iki azərbaycanlı rəfiqəsi Emmanı qapqara hicaba büküb, bizə gətirdilər. Çünki bu geyimdə diqqət cəlb etmirdi. Azərbaycanca isə doğma dili kimi danışırdı. Anam gecə boyu Emmanın yaralarını sarıdı. Qabaq dişlərini vurub qırmışdılar. Anam ağlaya-ağlaya Emmanın üzünə tikiş atır, müharibəyədək necə gözəl olduğunu xatırlayırdı. Səhərə yaxın rəfiqələri bədbəxt qadını apardılar. Bir daha nə Emmanı, nə də həmin rəfiqələrini gördük.

Anam pərişan idi. Yenə dərin düşüncəyə dalıb, lap uzaqlara getdi. İstənilən halda ilk vəzifəmiz sağ qalmaq idi. Heç olmasa cəhd etməliydik. Şəhər almanların nəzarətinə keçmədən, qaçmalıyıq-dedi. Gəmilərə mindirilib, kütləvi şəkildə Özbəkistana sürgün edilən almanlara qoşulmağa qərar verdik. Digər yollar artıq bağlı idi. Anam sürgünə göndərilən qohumları arasında hələ də kiminsə sağ qaldığına ümid edirdi. Qalmasa belə sürgün olunmağa könüllü idi. Dünyanın hər yerində olduğu kimi gedəcəyimiz yerdə də həkimə hava kimi ehtiyac vardı.

Evdə bir neçə əşyamız qalmışdı. Hətta çemodanlarımız da yox idi. Anam dəri divanımızın üzünü səliqə ilə kəsib iki yol çantası hazırladı. O çantamı hələ uzun illər məktəbə götürəcəkdim.

Əmin idi ki, atam sağdır, müharibə bitər-bitməz gəlib bizi tapacaq. Bakıda qala bilməzdik. Alman ordusu şəhərə girsəydi, bizi vətən xainliyinə görə güllələyəcəkdi, yaxud da anamı öz ordularında həkim kimi çalışmağa məcbur edəcəkdilər. Qırmızı Ordu da bizi sağ qoymayacaqdı. Odur ki, yeganə çıxış yolumuz sürgün idi.

Yol boyu ac qalmayaq deyə anam anasının toxuduğu gözəl naxışlı dəsmalları söküb, yumaqları çantasına doldurdu. Gəmidə bəxtimiz gətirsə, yumaqları satıb, çörək alacaqdıq. Qapını açarla bağladı. Oğurlanası əşyamız da qalmamışdı. 37-ci ildə həbs olunan babamın anama hədiyyə etdiyi "Zinger" tikiş maşınını isə qaranlıq düşən kimi həyətdə basdırdı. Səhər erkən oyanıb, atama yollamaq üçün ard-arda iki məktub yazdı. Birincisi çatmasa da ikincini mütləq oxuyacaq. Çünki sağdır! Çünki mütləq gəlib bizi tapacaq!

Gəmiyə minməyimizə 5 dəqiqə qalmış, məktubun birini atamın xidmət etdiyi hərbi hissəyə yolladıq. İkincini isə bağçamızın yalnız valideynlərimin bildiyi küncündə basdırdıq.

Anam hər iki valideynimin adını, soyadını, peşəsini və ünvanımızı mənə əzbərlətdi. Hər ikimiz ürəyimizdə Mələyi çağıra-çağıra gəmiyə minməyə hazırlaşırdıq. Bəzən yol boyu gəmiləri bombalayırdılar. İnsanlar sürgün həyatını dadmadan, suya qarışırdılar. Mən hər şeydən xəbərdar idim. Çünki anam həmişə mənə hadisələri bəzəmədən izah edirdi.

Sərnişinlərin yanında qara hicaba bürünmüş azərbaycanlı qadın bizi izləyirdi.

Anama yaxınlaşıb, qulağına nə isə dedi, ovcuna kağız parçası qoydu və gözdən itdi. Anam həm azərbaycanca, həm rusca, həm də almanca sərbəst danışırdı. Qəfil ayaq saxlayıb, geri qayıtdıq. Anam ovcunu açıb ölüm xəbəri oxuyacağını gözləyirdi.

Əksi baş verdi. Atam yaralı olduğunu və Opera və Balet Teatrının binasındakı hospitala gətirildiyini yazırdı. Bir də deyirdi ki, bizim üçün çox darıxıb.

Evə qaçıb, əşyalarımızı otağın mərkəzinə atdıq. Azadlığına qovuşan quş kimi teatrın binasına uçduq. Binanın dəhlizləri gah yaralıları, gah da küçədəki yük maşınlarına meyitləri daşıyan xərəklə dolub daşırdı.

Binanın divarlarından qanla dərmanların bir-birinə qarışdığı əcəl qoxusu gəlirdi. İçəri girən kimi anam pasportunu göstərib, ərinin yanına gəldiyini dedi. Gözətçi cavab verdi ki, pasport bəs etmir, buraxılış izni olmalıdır. Anamın sənədinə göz gəzdirərkən, milliyətini oxuyub, pasportu yerə tulladı. Anam əyilib, sənədi götürən məqamda ayağı sürüşdü. Qırmızı Ordunun əsgəri yerə yıxılan anama qışqırmağa başladı. Birdən mənə div cəsarəti gəldi. Anamı balaca bədənimlə gizlədib, yaralı Pyotr Koçetkovun qızı olduğumu və atamı görmək istədiyimi dedim. Hər ikimizin ürəyi Mələk duası ilə çırpınırdı və bu səsləri yalnız biz eşidirdik. Arzumuz yenə çin çıxmışdı. Kənardan səs gəldi: "Doktor Kreyteri yaralı əri Koçetkovun yanına buraxın". Əsgər tez kənara çəkildi: "Buyurun". Qulağımıza inanmadıq. Anam tez ayaqlandı. Əlimdən tutub, palataya tələsdi. Hospitalın baş həkimi Doktor Əliyev (soyad şərtidir, lakin dəqiq azərbaycanlı idi) təbəssümlə bizə baxırdı. İllər sonra öyrəndik ki, yaralıların içində atamı tanıyıb, bizə gizli məktubu güvəndiyi yaxın qohum ilə çatdıran məhz o imiş. Doktor Əliyev Dəmiryol Xəstəxanasında anamla birgə çalışmışdı. Bizə nəvazişlə gülümsəyib, can qurtarmağa tələsdi.

Teatrın dəhlizi, otaqları, səhnəsi hələ bu qədər ağır simfoniya eşitməmişdi. Az qalsın tavana qədər düzülən çarpayılarda yaralılar ağrıdan zarıyır, həkimləri səsləyirdilər. Bu xaosun düz episentrində ayaq saxlayıb, qışqıra-qışqıra atamı çağırdım. Bir anda binaya sükut çökdü. Qonşu otaqdan ağ saqqalı qoca lal fəryadı ilə "Roza, Lileçka... Qızlarım.. Burdayam" deyib bizi səslədi. Anam tez yaralı qocanın çarpayısına yaxınlaşdı. Çox qəribə idi, bu sısqa, əldən düşmüş kişi atam kimi baxırdı, səsini də atamdan oğurlamışdı sanki...

Ona doğru addımladıqca, anladım ki, bu mənim atamdır.

Çarpayının kənarında oturduq. Öncə gözlərimiz danışdı, barmaqlarımız qucaqlaşdı. Sonra anam atamın durumuna göz gəzdirdi. Tanıdığım ən yaxşı həkimlərdən idi doktor Kreyter... Sanki insanları sağaltmaq peşəsi yox, diaqnozu idi. Atamın gözünə baxan kimi anladı ki, yaşayacaq. Sadəcə çox zəifləyib, bədənində taqət qalmayıb. Güllə bağırsağından girib, kürəyindən çıxmışdı. Qəribədir ki, mənim də burnuma atamdan qan və dərman iyi gəlirdi, amma bu əcəl qoxusu deyildi.

Atam kilsə tərbiyəsində böyümüşdü. İnqilaba qədər ən böyük arzusu rahib olmaq imiş. Amma hüquqşünaslığı seçmişdi. Savaş yoldaşları ondan xahiş edirdilər ki, qəfil ölsələr, atam son dualarını oxuyub, ruhlarını təmizləsin. Bizə danışırdı ki, müharibədə canını tapşıranların hər biri üçün son ayini yerinə yetirirmiş. Fərq etməz, Qırmızı Ordunun əsgərləri olsun, yaxud faşist döyüşçüləri...

Atam savaşa belə tərif verirdi: "Müharibə öldürəcəklərimin və məni öldürəcəklərin əfv duasıdır".

Gəlib çatana qədər atam bütün əfv dualarına layiq olmuşdu, zənnimcə. Sağ qalması da möcüzə idi. Ömrünün son gününədək qafqazlıların qardaşlıq gücü və ailə məhəbbətinə rəğbətlə yanaşırdı. Çünki Bakıya dönə bilməsinin əsas səbəbkarları osetinlər olmuşdular.

Atamla yanaşı digər yaralıların da şücaətini dinləyib ağlayırdıq. Onlar isə yorğun körpə kimi gözlərini yumub dincəlirdilər. Həmin məqamda anamla mən bütün yaralı qəhrəmanların ailəsinə, doğmasına çevrilmişdik. Çoxu bizimlə söhbətdən sonra bu dünyadan əbədi getdilər. Son evləri isə Opera və Balet Teatrı oldu.

Məncə, 3 yaşlı körpəliyimin "ata" bağırtısı teatrda səslənən hər gözəl ariya ilə, zərif baletlə birgə hələ də notlarda yaşayır. Böyüyəndən sonra da bu teatrın tamaşalarına gələndə, dəhlizlərində can verən yaralıları xatırlayırdım.

Biz artıq getməli idik. Anam xəstələrə verilən yeməyə diqqətlə baxdı. Güllə yarası olanlar ümumiyyətlə kələm yeməməlidir. Çünki bu tərəvəz gec həzm olunur. Xüsusən də atamın durumunda kələm onu öldürə bilərdi. Anam atama sərt tapşırıq verdi ki, bu yeməkdən dilinə də vurmasın. Əlavə etdi, biz sabah sənə nahar gətirəcəyik, hətta su içsən belə bir qurtumla kifayətlən. Dodaqlarını yaşlasan, daha yaxşı olar.

Atamın hər zaman ideal bədən quruluşu olmuşdu. Elə müharibədən öncə də az yeyirdi. Yaralananda isə bir müddət yalnız su içirdi. Bəlkə də bu səbəbdən sağ qalmağı bacarmışdı.

Anam digər yaralılara da xəbərdarlıq etsə də, tibb bacıları onu palatadan çıxardılar. Mübahisə etməyə qorxurdu. Atamı görməyə icazə verməzlər deyə ehtiyatlı davranırdı.

Evə qayıdan kimi nənəmdən qalma yumaqları satıb, atama yemək üçün ərzaq aldıq. Ertəsi gün hospitalın qapısında növbəyə durduq. Atamı özüm yedirtmək istəyirdim. Hospitala girən kimi tibb bacısı önümüzü kəsib, bütün yaralılar kimi atamın da öldüyünü bildirdi.

- Evə dönün, vətəndaş. Ərinizin ölüm kağızını yollayacağıq.

Dəhlizin ortasında kar olub, qadının üzünə baxırdıq. Anam özünü toplayıb, qırıq səslə:

- Necə yəni ölüb? Axı durumu qənaətbəxş idi...

- Dünən nahardan sonra çoxu dünyasını dəyişdi. Həmçinin sizin əriniz.

- Axı mən ona demişdim ki, heç nə yeməsin. İnanmıram sizə, mənim sözümdən çıxmaz.

Anam haldan düşüb yerə çökdü. Mənsə ürəyimdə Mələyə dua edərək, atamın palatasına qaçdım. Mələyim yenə məni yarı yolda qoymamışdı. Atam sağ idi.

Bütün tibb işçiləri şokda idi. Axı palatadakı bütün xəstələr ölmüşdü. Bu necə olur? Yəqin səhv etmişik.

Bizi atamın yanına buraxdılar. Sevincimizdən göz yaşlarımız bir-birinə qarışmışdı. Atam bizə baxırdı. Nə yaxşı ki, anama güvənib kələm şorbası yeməmişdi.

Anam isə həyatının ən çətin savaşına hazırlaşırdı. Atamı evə aparmağımız üçün hamıya yalvarmağa başladı. İzn verin, mən özüm onu sağaldacam-deyirdi.

İllər sonra anamın dəfn mərasimində də atam eyni şücaəti göstərmişdi. Anam katolik idi. Kirxa isə artıq bağlanmışdı. Pravoslav rahib bildirdi ki, katolikin ölüm duasını oxuya bilməz. Atamla dini mövzularda mübahisə etmək mümkün deyildi. Bir nəçə dəqiqədən sonra gənc rahiblə razılaşıb, sevimli arvadını son mənzilinə yola salmağa nail olmuşdu.

Anama bir odeal və yardım üçün əsgər verdilər. Atamı üşüməsin deyə öncə anamın paltosuna, sonra isə odeala bükdük. Həmin gün Bakı xəfif qara bürünmüşdü.

Xərəyin bir tərəfindən anam, digərindən əsgər yapışdı. Mənsə qürurla xəstəmizin yeməyini aparırdım.

Nəhayət ən dəyərli yükümüz artıq evimizdə idi. Atam sakitcə uzanır, bəzənsə huşunu itirirdi. Amma Mələyim, anam və mən onun gəlişi üçün hər şey edirdik.

Anam tez-tez atamı yedirdir, çimdirir və yaralarını sağaldırdı. O yatanda isə, ən doğmamızı seyr edib, xoşbəxt olurduq. Sanki bu geniş dünya üçümüzdən ibarət idi. Başqa heç kim, heç nə yox idi.

Bir axşam atamdan soruşdum, müharibə nə vaxt bitəcək?

Dedi, tezliklə biz qələbə çalacağıq və mən ona bütün qəlbimlə inandım. Həmin gecə müharibə başlayandan bəri anam ilk dəfə gülümsədi və mənə dedi ki, səni yatırmaq vaxtıdır.

Atam sağalandan sonra əvvəlki iş yerinə - Bakı Dəmiryoluna qayıtdı. Bizsə hər gün ona nahar apardıq. Artıq anamı döyməyə heç kim cəsarət etmirdi. Çünki bütün şəhərin gözü önündə Qırmızı Ordunun yaralı əsgərini çiynində evinə daşıyıb, sağaltmışdı.

Bilirsiniz, hansı dildə danışırsa-danışsın, hamımızı qoruyan Mələk var. Əminəm, o heç kimi yarı yolda qoyub qaçmır.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm