• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Bakı Laçın dəhlizindəki özbaşınalıqlara qarşı hansı addımlar ata bilər? - MÜSAHİBƏ

  • Xüsusi
  • 13 Sentyabr 2021 13:45
  • 1 689 Baxış
Bakı Laçın dəhlizindəki özbaşınalıqlara qarşı hansı addımlar ata bilər? - MÜSAHİBƏ

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Müdafiə Nazirliyinə və Xankəndidəki sülhməramlıların kontingentinə xəbərdarlıq məktubu ünvanladı. Məktubda açıq şəkildə bildirilidi ki, üçüncü ölkənin yük maşınları və digər nəqliyyat vasitələri Azərbaycan ərazisindən keçə bilməz. Təbii ki, burada söhbət son günlər qeyri-qanuni yolla Azərbaycan ərazilərinə keçən İran maşınlarından gedir. Hətta onların fotoları və videoları da yayılmışdı. Ardınca isə Bakı daha sərt addımlar atdı.

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postlarımız quruldu. Xüsusi təyinatlı polislərimiz oraya yerləşdirildi və nəzarət gücləndirildi. İndi həmin ərazidən keçən İran maşınları daha ciddi şəkildə yoxlanılır. Bu yerdə ölkə başçısının baş verənlərlə bağlı hələ həftələr öncə səsləndirdiyi bir fikri xatırlatmaq istərdim: “Bizim hər şeydən xəbərimiz var”...

Bəs nə baş verir? Azərbaycan Laçın dəhlizindəki özbaşınalıqlarla bağl daha sərt addımlar ata bilərmi?

Sualalrımıza cavab tapmaq üçün Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışdıq. Partiya sədri Fəzail Ağamalı Publika.az-a müsahibəsində bildirdi ki, Azərbaycan yaxın vaxtlarda Laçın dəhlizində öz postlarını quracaq.

- Fəzail bəy, Azərbaycan Müdafiə Nazirliyinin Xankəndindəki sülhməramlıların komandanlığına və Rusiya Müdafiə Nazirliyinə göndərdiyi xəbərdarlıq məktubundan sonra Gorus-Qafan yolunda polis postumuz quruldu. Nə baş verir?

- Görünən budur ki, indi Rusiya və İran əvvəlki ənənələrinə söykənərək ermənilərin yanındadır. Niyyətləri odur ki, ən müxtəlif yollarla ermənilərin və onların tör-töküntülərinin Xankəndində, onun ətrafında məskunlaşmasını sona qədər qoruyub saxlamaqdır. Eyni zamanda, onların yaşayışını stimullaşdırmaqdır. Beləliklə, bu yaranı Azərbaycanın içərisində qoruyub saxlamaqla onun qaysaq bağlamasına imkan verməməkdir. Yəni, gələcəkdə ən müxtəlif yollarla bu imkandan istifadə eləsinlər. Azərbaycana təzyiqlərini bu yolla davam etdirməyi düşünürlər.

- Bu layihə İran və Rusiya ilə məhdudlaşır, yoxsa işin içərisində başqa güclər də var?

- Xeyr, təkcə İran və Rusiya ilə bu məsələ bitmir. Amerika Birləşmiş Ştatları və Fransa da bu layihənin içərisindədir. Bu günlərdə Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Tireysi sərsəm bir bəyanatla çıxış edib. O, belə bir fikir səsləndirib ki, güya Qarabağ münaqişəsi həll olunmayıb. Səfirin sərsəmləməsinə görə, qondarma dqr-in “statusu” məsələsi öz həllini tapmayınca, bu məsələnin həllini bitmiş hesab etmək olmaz. Beləliklə, onlar münaqişə dönəmindəki ampulalarındadırlar. Yəni, artıq bütün kartlar açılıb. Azərbaycan torpaqlarının işğal edilməsində və otuz il bu işğalın qorunub saxlanmasında ABŞ, Rusiya, Fransa və İran həlledici rol oynayıblar. Çox qəribədir ki, bu gün ABŞ ilə İranın, eləcə də Vaşinqtonla Moskvanın arasında çox gərgin münasibətlərin olmasına baxmayaraq, işğala məruz qalmış torpaqlarımızın bir hissəsində məskunlaşan ermənilərə münasibətdə onlar eyni mövqedən çıxış edirlər. Onların bu riyakarlığı anlaşılan deyil. Bu ərazilər dünya səviyyəsində Azərbaycan əraziləri kimi tanınır. Onların bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır. Onlar son addımları ilə beynəlxalq hüquq normalarına qeyri-səmimi münasibət sərgilədiklərini bir daha nümayiş etdirdilər.

- Azərbaycana qarşı gələn bu “dördlük” praktikada ermənilərə nə kimi dəstək verir

- İndi daha çox hər kəs öz funksiyasını yerinə yetirir: . ABŞ və Fransa bəyanatlar verir, Rusiya sülhməramlıları ermənilərin yanında olduqlarını göstərirlər. Rusiya humanitar yardım adı altında onlara hərtərəfli kömək göstərir, Qarabağdan getmək istəyən ermənilərin qarşısını alırlar. Azərbaycan Bayrağı altında yaşamaq istəyən sadə ermənilərə imkan vermirlər. Dediyim kimi, Rusiya ən müxtəlif yollarla ermənilərin sülhməramlıların nəzarətində olduğu ərazilərdə məskunlaşmasını təmin etməyə çalışır. Digər tərəfdən, İran hər zaman olduğu kimi, indi də Ermənistana nəfəslik açıb. Ona hərtərəfli yardım göstərir, bu yardımı davam etdirməkdədir. Ərzaq və yanacaq yardımları göndərilir. Hələ mənşəyini bilmədiyimiz başqa “yardımlar” da var. Ona görə də vəziyyət bütün mənzərə və kartlarla açıqdır. Hər şey artıq göz önündədir, çünki vaxtilə işğal olunmuş ərazilərimizdə bizim nəzarət etmək, müşahidə aparmaq imkanlarımız olduqca məhdud idi. İndi həmin ərazidə baş verənlərin hamısı Azərbaycanın ovcunun içindədir, hər şey aydın görünür.

- Bəs bundan sonra Azərbaycan daha hansı sərt addımları ata bilər?

- Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri səviyyəsində konkret bəyanatlarını verib, konkret addımlar atmaqdadır. İrandan Azərbaycana gələn Gorus-Qafan yolunda polis postları qurub. Oradan keçən və şübhə doğuran İrana məxsus yük avtomobilləri və digər nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılır. Hətta bütün sənədlər də giriş-çıxış postlarında diqqətlə yoxlanılır, nəzərdən keçirilir. Əminəm ki, həmin postlardakı nəzarət daha da sərtləşdiriləcək. Buna mənim qətiyyən şübhəm yoxdur.

- Azərbaycan bundan sonrakı mərhələdə hansı addımlar ata bilər? Laçın dəhlizində postlar qurmağımız mümkündürmü?

- Təbii ki, biz bundan sonrakı mərhələdə Laçın dəhlizində postlarımızı qurmalıyıq. Mənə elə gəlir ki, orada sərhəd deyil, gömrük postları mütləq olmalıdır. Eyni zamanda, Azərbaycanın xüsusi təyinatlı qüvvələrindən ibarət xüsusi post da yaradılmalıdır. Çünki orada ən müxtəlif təxribatlar da ola bilər. Belə olan halda, həmin təxribatların qarşısını almaq üçün xüsusi təyinatlılarımız hərəkətə keçməlidir. Əgər Rusiya buna bu və ya digər şəkildə etiraz etsə, Azərbaycanın və beynəlxalq qanunların çərçivəsində cavab verməlidir. Bu məsələdə Rusiyanı razı salmaq məcburiyyətində deyilik. Çünki o ərazilər beynəlxalq müstəvidə Azərbaycanın bir hissəsi kimi qəbul olunub. Ən pis vəziyyətdə Rusiya sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçən yük avtomobillərini tam nəzarətə götürməliyik. Mənə elə gəlir ki, biz bu yolla vəziyyətə tam şəkildə nəzarət edə bilərik.

- Rusiya bizə Laçın dəhlizində post qurmağa icazə verəcəkmi?

- Laçın dəhlizində post qurmağımıza Rusiyanın icazə verməsinə o qədər də ciddi ehtiyac yoxdur. Çünki Laçın Azərbaycanın ərazisidir. Beynəlxalq sənədlərdə də Azərbaycan ərazisi kimi tanınıb. Bu məsələ həm də 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Üç il ərzində alternativ yol açılmalıdır. Sonra Laçının içərisindən keçən dəhlizə son qoyulacaq və gediş-gəliş başqa yolla həyata keçiriləcək. Beləliklə, Laçın dəhlizi Azərbaycanındır. Dövlətimiz Ermənistanla Laçın dəhlizini birləşdirən nöqtədə həm nəzarət, həm də gömrük postunu qura bilər.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR