Xüsusi
Qafqaz İslam Ordusu Bakını işğaldan necə azad etdi?
15 sentyabr Bakının işğaldan azad edildiyi gündür. 1918-ci ilin 15 sentyabrında – yəni 103 il bundan əvvəl Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakıya daxil oldu. Bakını daşnak-bolşevik qüvvələrin tapdağından təmizlədi.
Qafqaz İslam Ordusu bu müddət ərzində nələr etmişdi, nələri qurban vermişdi, qarşısına hansı çətinliklər çıxmışdı sualına cavab tapmaq üçün tarix elmləri doktoru, professor Solmaz Tohidinin fikirlərini öyrənməyə çalışdıq.
Professor Publika.az-a müsahibəsində söylədi ki, Azərbaycan və Türkiyə əsgərlərindən ibarət bu ordu 15 sentyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
- Solmaz xanım, 15 sentyabra qədər Qafqaz İslam Ordusu hansı yollardan, sınaqlardan və çətinliklərdən çıxaraq Bakıya çata bildi?
- Bilirsiniz, iyul ayının 6-da Türkiyədən Azərbaycana 65 zabit və 2475 sıravidən ibarət ikinci hərbi birləşmə yola salındı. Eyni zamanda Nuru Paşa Bakı üzərində Osmanlı hərbi qüvvələrinin yürüş etdiyi kimi görüntünü dəyişmək üçün Qafqaz İslam Ordusunda yeni təşkilatlanma apardı. Mürsəl Paşanın rəhbərliyi altında Bakı-Şərq cəbhəsi quruldu, hərbi qüvvələr iki – Şimal və Cənub qruplarına ayrılaraq podpolkovnik Osman bəyin və Həbib Səlimovun komandanlığına verildi. Şimal qrupu Şamaxı, Cənub qrupu isə Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləməli və qarşılarındakı düşmən qüvvələri darmadağın edərək Bakıya yaxınlaşmalı idi. İyul ayının ortalarında Şimal qrupunun birləşmələri Şamaxı istiqamətində hücuma keçdilər.
- Qarşıya qoyulan vəzifə nədən ibarət idi?
- Qarşıya qoyulan vəzifə Qızıl Ordu birliklərini mühasirəyə salmaqla onların Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi. Bir neçə gün davam edən və son dərəcə ağır coğrafi şəraitdə aparılan döyüş əməliyyatları nəticəsində erməni-bolşevik qüvvələrinin bu bölgədə əsas qərargahı olan Mədrəsə erməni kəndi alındı, iyul ayının 20-nə kimi isə Şamaxı şəhəri və bütünlükdə qəzanın əraziləri düşməndən azad edildi. Lakin ordu komandirləri Amazasp və Kazarov başda olmaqla erməni dəstələrinin müqavimət göstərə bilməyib Bakıya doğru qaçması nəticəsində qarşıya qoyulan vəzifəni sonadək yerinə yetirmək - Qızıl Ordu birləşmələrini tam darmadağın etmək və beləliklə onun yenidən öz qüvvələrini toplamaq və möhkəmlətmək imkanının qarşısını almaq mümkün olmadı.
- Məğlub olan ermənilər qaçarkən hiyləgərliklərə əl atdılarmı?
- Əlbəttə... Həmin dövr Sovet qoşunlarında siyasi rəhbər kimi xidmət edən Anastas Mikoyan Şaumyana göndərdiyi teleqramda türk qoşunlarının hücumu qarşısında cəbhədəki mövqelərini əmr olmadan tərk edən və bütün briqadasını özü ilə aparan Amazaspı xəyanətdə ittiham edərək məhkəməyə verilməsini tələb edirdi. Lakin erməni birləşmələri Şamaxı qəzasından sadəcə qaçmırdı, onlar yol boyu bir daha artıq dağıdıb yandırdıqları kəndlərə girərək təsərrüfatlarını bərpa etməyə çalışan kəndliləri öldürür, rastına gələn əmlakı və məhsulu isə talan, qarət edirdilər. Bu işdə yerli erməni əhalisi əsgərlərə dayaq olur, azərbaycanlılara öz kəndlərinə qayıtmağa imkan vermirdi. Odur ki, türk hərbi birləşmələri Şamaxının təkrar hücumlara məruz qalan kəndlərini bir-bir azad etməli və yerli əhalini öz məskənlərində yerləşdirməli olurdu. Türk qoşunlarının hücumu qarşısında Şamaxı qırğınlarında ən fəal şəkildə iştirak etmiş erməni əhalisi də erməni qoşunları ilə birgə Bakıya qaçırdı. Şamaxı faciələrində ermənilərin müttəfiqi olmuş və sonradan ayrıca hərbi birləşmələr kimi bolşevik-erməni ordusuna cəlb edilmiş qəzanın molokan-rus əhalisi isə türk qoşunlarının hücumu qarşısında bolşevik komissarı A.Mikoyanın bütün təkid və təhdidlərinə baxmayaraq, cəbhəni tərk edərək öz kəndlərinə qayıtdılar, türk komandanlığının təklifini qəbul edərək silahlarını təhvil verdilər və təhlükəsizliklərinə təminat aldılar.
- Bakıya yol nə zaman açıldı?
- Türk İslam Ordusunun Şimal qrupu Şamaxı-Mərəzə, Cənub qrupu isə Salyan-Neftçala bölgələrini, iyulun 27-də isə Hacıqabul məntəqəsini aldıqdan sonra ordu qarşısında Bakıya doğru əsasən düzənlik və su olmayan ərazilər açıldı. Ay yarımdan bəri daimi döyüşlər aparan Qafqaz İslam Ordusu verdiyi itkilərlə bağlı hərbi gücün azalmasından əlavə, silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklərlə üzləşirdi. Ordunun hərəkəti çox vaxt nəqliyyat, qatar, mənzil təşkilatı, ərzaq ehtiyatı olmadan yürüdülürdü. Cəbbəxana çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Sursat yoxluğundan əsgərlər bir çox döyüşlərdə süngü hücumuna keçir, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalır, hətta qalib gəlmək imkanı yüksək olan bir sıra əməliyyatlarda geri çəkilmək əmri alırdılar. Lazımi ləvazimat olmadığından ordunun istehkam qurmaq imkanları məhdud idi. Bolşevik-erməni birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolları ətrafında yararlı su, ərzaq mənbələrini məhv edirdilər. İxtisaslı mütəxəssis tapmaq çətin olduğundan dağıdılmış rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmaq işləri ləng gedirdi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə get-gedə artırdı. Məsələn, Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Bununla belə, Şamaxıda bir qədər yubanmaq, hərbi sursat və 15-20 günlük ərzaq ehtiyatı hazırlamaq barədə verilən təklifə Nuru Paşa “dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini” və Bakının tezliklə ələ keçirilməsinin vacibliyini bildirirdi.
- Bakıya doğru ilk hərəkətə, yürüyüşə nə zaman başlanıldı?
- 1918-ci il avqustun 5-də səhərə yaxın Türk İslam Ordusu bütün istiqamətlərdən Bakıya doğru hərəkətə başladı və qarşısındakı rus-erməni-ingilis hərbi qüvvələrini addım-addım geri çəkilməyə vadar etdi. Şimal qrupu Bayıl yüksəkliklərini ələ keçirərək Bakıya yaxınlaşdı. Şəhərə ziyan verməmək üçün top atəşləri yalnız əsgər səngərlərini nişan alırdı. Düşmənin telefon danışıqlarından məğlubiyyət qarşısında şəhərin, o cümlədən neft mədənlərinin yandırılıb-dağıdılması planlarının müzakirə edildiyi məlum oldu. Bakının azad edilməsi zamanı şəhərin xarabazarlığa çevrilməsinin qarşısını almaq ordunun əsas vəzifələrindən birinə çevrildi.
- Bakıya hücumun ilk saatları necə keçdi?
- Bakıya hücumun ilk saatlarında düşmənin birinci müdafiə xəttini yaran türk-azərbaycanlı birləşmələr getdikcə hərbi sursatın çatışmazlığı ilə üzləşdilər, xüsusilə top mərmilərinin qurtarması piyada hissələrin ağır itkilər verməsi ilə nəticələndi. Yaranmış vəziyyətdə təşəbbüsü ələ alan düşmənin hücumu dəf edilsə də, həmin gün şəhəri almağın qeyri-mümkün olduğu aydınlaşdı. Düşmənin Xəzər gəmisindən açdığı top atəşlərini susdurmaq, hava hücumundan qorunmaq, telefon və teleqraf rabitəsini qaydaya salmaq üçün lazımi sursat və avadanlığın olmaması döyüşləri davam etdirməyi təhlükəli edirdi. Odur ki, daha çox itki verməmək üçün böyük dəyanət və fədakarlıqlar göstərən, sürünərək düşmən səngərlərinə çatan türk-azərbaycanlı əsgər və zabitlərinə geri çəkilmək əmri verildi. Ordunu bir yerə yığmaq, qüvvələri toplamaq və yüksəkliklərdə mövqe tutmaq, kifayət qədər silah-sursat və əsgəri kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamaq qərara alındı. Bununla da Bakının azad olunması düz 40 gün təxirə düşdü.
- Bəs Bakıya hücumun başladığı ilk günlərdə şəhərin özündə hansı hadisələr cərəyan edirdi?
- Bakı uğrunda döyüşlərin başlandığı vaxtdan şəhərin özündə hadisələr sürətlə bir-birini əvəz edir, hakimiyyətlə cəmiyyət arasında gərginlik və xaos gündən-günə güclənirdi. 1918-ci ilin martından sentyabradək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi erməni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı Lyadovun şəhadətinə görə, “daşnak zabitlərinin başçılıq etdiyi və demək olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərindən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məşğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. Şəhərdə hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr, açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşahidə olunurdu. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə daha çox təhdidedici xarakter alırdı. Hər gün Gəncədən hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə türklərin yardımı, sonradan isə Qafqaz cəbhəsini yarmış türk qoşunlarının şəhərə yaxınlaşması barədə xəbərlər gəlirdi. Yayın ortalarında Bakı şəhərinin özündə Bakı Sovetinin vəziyyəti güclü surətdə sarsılmışdı. Digər siyasi qüvvələrin - sağ eserlərin, menşeviklərin və sair - bolşeviklərə qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, son nəticədə nə çar ordusunun polkovniki Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının genişmiqyaslı yardımına ümidlər özünü doğrultdu. Birinci Dünya müharibəsində Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin rəhbəri, siyasi görüşlərinə görə qatı monarxist, osetin əsilli Biçeraxov İrandakı ingilis hərbi qüvvələrinin komandanlığı ilə gizli razılığa gələrək Bakı Xalq Komissarları Sovetinə müraciət edib, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxovun 1500 nəfərlik kazak dəstəsindən istifadə etmək məcburiyyətində qalan Şaumyanın razılığını alandan sonra bu hərbi qüvvələr 1918-ci il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxarılmışdı. Lakin Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxovun bolşeviklərlə və şəxsən Şaumyanla əməkdaşlığı baş tutmadı. Nəticədə Biçeraxov Bakı bolşevik liderlərinə qarşı bir sıra ittihamlar irəli sürərək Türk-Azərbaycan qoşunlarının Bakıya sürətli yürüşü qarşısında iyulun 30-da, artıq Qızıl Ordu birlikləri ilə kiçik silahlı münaqişələrə girən öz ordusunu cəbhə xəttindən çıxardı. Dağıstanda bolşeviklərə qarşı üsyan qaldırmış qardaşı Konstantinin köməyinə getdi. Biçeraxovun bu addımını xəyanət adlandıran qırmızı komissarlar artıq bütün ümidlərini Rusiyadan gözlədikləri hərbi köməyə bağladılar.
- Vladimir Lenin Bakıya bolşeviklərin gözlədiyi “köməyi” göndərdimi?
- Bakıda Sovet hakimiyyətinin düşdüyü vəziyyətin bütün ciddiliyini başa düşən Lenin Petrovun başçılığı ilə 780 nəfərlik yüksək döyüş məharətinə malik və yaxşı silahlanmış ordu birləşməsini Ukrayna cəbhəsindən çıxararaq Bakıya göndərdi. İyulun 19-da Bakıya çatan və vəziyyəti öyrənən Petrov Bakı və ətrafında yaşayan rus fəhlə və kəndlilərinə müraciət edərək Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsi silaha sarılmağa çağırdı. Petrovu bu addımı atmağa vadar edən səbəb yalnız türk qoşunlarının qarşısını kəsmək üçün peşəkar və “xalq azadlığı yolunda canlarını fəda etməyə hazır” orduya olan ehtiyac deyil, həm də 60-70% ermənilərdən ibarət Qırmızı Orduda hökm sürən intizamsızlıq, döyüşdən yayınma və xüsusilə fərarilik hallarının artması idi. Təsadüfi deyil ki, cəbhədə və Qırmızı Orduda vəziyyəti dəyişmək üçün Petrovun və Bakı komissarlarının bütün cəhdlərinə baxmayaraq, xüsusilə Şamaxı məğlubiyyətindən sonra şəhərdəki gərginlik getdikcə artmaqda davam edirdi. Qafqaz İslam Ordusunun Bakı yaxınlığında dayanması, şəhərin qeyri-bolşevik rus və erməni əhalisinin artmaqda olan qorxu və həyəcanı bir tərəfdən şəhərin özündə hökm sürən özbaşınalıq, anarxiya, aclıq, ərzaq, xüsusilə çörək qıtlığı, digər tərəfdən bolşeviklərin hakimiyyətini sarsıdır, Bakının “xilası” üçün ingilisləri dəvət etmək çağırışları güclənirdi. Bakı komissarları 25-26 iyul tarixlərində keçirdikləri fövqəladə iclaslarda Sovet Rusiyasından 5 gəmi silah, ərzaq və s. gəldiyi haqda məlumatlar yayaraq ingilis hərbi qüvvələrinin türk ordusu qarşısında dura bilməyəcəyinə dair dəlillər gətirsə də, iclasdakı daşnaklar və menşeviklər ingilislərin Bakıya dəvət edilməsinə qərar verdilər. Bu halda Şaumyan və silahdaşlarının rəhbərlikdən gedəcəkləri haqda bəyanatlarının heç bir təsiri olmadı. Erməni mənbələrində Şaumyanın hakimiyyətdən imtina etməsinin başqa bir versiyası göstərilir: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyişdirilməsi – şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi. İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiyaların, hərbi hissələrin və erməni milli şurasının nümayəndələri - Rostom, Petrov, Amazasp, Əmiryan və digərləri hospitalda, general Baqratuninin çarpayısının ətrafında toplaşmışdılar. General Baqratuni sual verdi: “Bizim cəbhədə nəyimiz var? Cavab belə oldu: “Bir neçə yüz nəfər”. Onda Baqratuni yaxın günlər ərzində bolşeviklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki, Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər gözləyirlər. General Baqratuni dedi ki, bu, azdır və buna ümid etmək olmaz. İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan cavab verdi: “İngilisləri heç bir halda”. General Baqratuni qeyd etdi ki, mənəvi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı. İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir”.
- Bəs bolşeviklər “Sentrokaspi”yə hakimiyyəti nə zaman təhvil verdilər?
- Beləliklə, 1918-ci il iyulun son günlərində tam tənəzzülə uğrayan bolşevik hökuməti öz səlahiyyətlərini könüllü surətdə təhvil verərək hakimiyyətdən kənarlaşdı. Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyət özünün yalnız iki əməli ilə – şəhər əhalisini az da olsa, ərzaqla təmin edə bilməsi və Bakının “müdafiəsi” üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər erməni milli şurasının İrana ezam olunmuş üzvləri M.Ter-Poqosyanın və S.Araratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlardan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi”. Erməni mənbələrinin iddia etdiyinə görə, şəhərdə olduqları müddətdə ingilislər yerli hökumətdən qərarlaşdıqları kimi “25 pud deyil, əvəzi ödənilmədən 62.420 pud benzin aldılar. Bunun müqabilində isə gözlənilən sayda qoşun belə gətirmədilər”. Bakıdakı erməni-rus qüvvələrindən əlavə, Azərbaycanın cənubunda, Lənkəran bölgəsində yerləşən və bolşevik hakimiyyətini tanımayan keçmiş Çar Rusiyası sərhəd və hərbi birləşmələri, eləcə də rus əhalisi İrandakı ingilis qüvvələrinin komandanı general Denstervil ilə əlaqə yaratmış, türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, Muğan düzündə yaşayan rus əhalisinə hərbi təlimlər verilməsini xahiş etmişdilər. Kifayət qədər silahlanmış, yaxşı ərzaq ehtiyatları olan bu hərbi qüvvələrin də xahişini ingilislər məmnuniyyətlə qəbul etmişdilər. Avqustun ilk günlərində Xırdalan-Biləcəri istiqamətində şiddətli döyüşlər getdiyi, Bakının qərbindəki Qurd qapısı təpələrinin isə Qafqaz alayı tərəfindən tutulduğu və artıq Bakının mənzərəsinin türk qoşunlarına açıldığı vaxt şəhərdən qərargaha gələn bir məlumatda Ənzəlidəki ingilis qoşunlarının 48 saat ərzində diktatura hökumətinə köməyə gələcəyi, Petrovun əsgərlərinin də hələlik şəhəri qoruduğu, lakin banklarda olan pul və qiymətli əşyaları gəmilərə yükləyib qaçmağa hazırlaşdıqları xəbər verilir, Bakının tezliklə ələ keçirilməsi üçün tələsməyin vacibliyi vurğulanırdı. Avqustun 3-də, Bakının artıq mühasirəyə alındığı bir şəraitdə Şərq cəbhəsi komandanı Mürsəl Paşa Bakıdakı Erməni Milli Şurasına məktub göndərərək şəhəri döyüşsüz təhvil veriləcəyi halda milli və dini mənsubiyyətindən asılı olmayaraq Bakının bütün sakinlərinin hüququnun qorunacağı, xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verdiyini bildirdi. Məktubda əgər şəhər təslim olmazsa, axıdılacaq qanlara və dəymiş zərərə görə Erməni Milli Şurasının cavabdeh olacağı vurğulanırdı. Erməni Milli Şurası bu məktuba cavab vermədi.
(Ardı var)
Tural Turan
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO