Şuşada ilk dəfə Xocalı filmi çəkildi: Ermənilər BUNU İZLƏSƏ... - FOTO
Bizi izləyin

Xüsusi

Şuşada ilk dəfə Xocalı filmi çəkildi: Ermənilər BUNU İZLƏSƏ... - FOTO

Kino və teatr rejissoru, ssenarist, yazıçı, şair İlqar Safat Xocalı faciəsinin 30 illiyinə həsr etdiyi “Doğma torpaq” filminin çəkilişlərinin artıq başa çatdığını deyib. Bir çox nüfuzlu kino festivallarında uğurla çıxış edən rejissor bildirib ki, “Doğma torpaq” Şuşada ilk dəfə lentə alınan ekran əsəridir.

Publika.az İlqar Safatla müsahibəni təqdim edir:

- İlqar bəy, Birinci və İkinci Qarabağ müharibəsi mövzusunda çəkdiyiniz “Doğma torpaq” filminin çəkilişləri artıq başa çatıb. Ekran işi barədə bir qədər məlumatlıyam, amma istərdim ki, oxucuları hekayə ilə siz tanış edəsiniz.

- Belə bir layihə ilə tamaşaçılar qarşısına çıxmaq çoxdankı arzum idi. Bu münaqişənin nəticələrindən bütün xalq əziyyət çəkdi, xüsusilə bizim nəsil üçün çox ağrılı dövr oldu. Qarabağ hadisələri haqqında film çəkməyi özümə borc bilirdim. Amma əlimdə məni razı salan bir ssenari yox idi. Üzərində uzun müddət düşündüm. İş elə gətirdi ki, İkinci Qarabağ savaşının əvvəllərində ssenari yazmağa başladım. Layihənin həm ssenaristi, həm də quruluşçu rejissoruyam. Ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb.

Detalları açmaq istəmirəm, spoyler də verməyəcəm. Yalnız onu deyə bilərəm ki, bu, 80-ci illərin əvvəllərindən sovet dönəmini, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulmasını, Qarabağın və Azərbaycanın ona bitişik rayonlarının erməni təcavüzkarları tərəfindən işğalını və Xocalıda törədilmiş soyqırımını əhatə edən bir hekayədir. Filmin qəhrəmanı Xocalı faciəsinin şahidi olan bir kəşfiyyatçıdır. Onun uşaqlıq xatirələrinə böyük yer vermişik, eyni zamanda Azərbaycanın qələbə qazanmasını və Şuşanın azad olunmasını da görə biləcəyik. Bu, Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş epik hekayədir. Hazırda filmin montajı gedir. Premyera fevralın 26-na planlaşdırılır, ümid edirəm ki, o vaxta tam hazır olacaq.

- Xocalı hadisələrini filmə köçürmək böyük məsuliyyətdir. Bu ağırlığın öhdəsindən necə gəldiniz?

- Həqiqətən də böyük bir məsuliyyətdir, uzun müddət bu mövzuya müraciət etməməyimin səbəbi də budur. Başa düşürdüm ki, çox həssas mövzudur. “Doğma torpaq” azad edilmiş Şuşada çəkilmiş ilk tammetrajlı filmdir. Ağrıların yaşandığı, qəhrəmanlarımızın qanının töküldüyü küçələrdə işləmək və Azərbaycanın döyünən ürəyində olmaq hamımız üçün çox həyəcanlı idi.

- Hansı problemlərlə qarşılaşdınız?

- Çəkilişlər çətin oldu. 2 ilə yaxın Uzaq Sibirdə yaşamışam və bilirəm ki, şaxtalı havada film çəkmək nə deməkdir. Texniki avadanlıqlarda problemlər ortaya çıxa bilir. Bütün hallarda biz hər işin öhdəsindən gəldik, kütləvi səhnələrdə mindən çox insan iştirak edib. Milli kinomuzda məcburi köçkünlərin Qafanı necə tərk etdiklərini ilk dəfə biz göstərəcəyik. Hər şey elə buradan başlamışdı. Təəssüf edirəm ki, bu fakt xüsusi işıqlandırılmır. Bəzən deyirlər ki, münaqişə Sumqayıt hadisələrindən başladı. Belə deyil, Sumqayıt hadisələrindən əvvəl - 1987-ci ilin sonlarında azərbaycanlılar öz tarixi torpaqlarından - Qafan rayonundan qəddarlıqla deportasiya olundu. Bütün faciələr elə bundan sonra başladı.

- Ermənilərin xalqımızın başına açdığı oyunlar təsvir olunub?

- Əlbəttə, Xocalı səhnələrini çəkmək asan olmadı, bütün dəhşəti göstərmək olardı, lakin ssenari və struktura əsasən biz bu hadisələrə qəhrəmanın gözü ilə baxacağıq.

- Çingiz Mustafayevin çəkdiyi kadrlardan istifadə olunub?

- Xronikaya müraciət etməmişik, sənədli kadrlardır. Hər halda kadrların təbii alınmasına nail olmuşuq. Sözsüz ki, fotolara və tarixi faktlara əsaslanmışam. Xocalı faciəsi gənclik illərimə təsadüf edir, yaddaşımda dərin izlər qoyub. Layihəyə uzun illər hazırlaşmışam, oxumuşam və araşdırmışam. Ssenari bir günün içində ərsəyə gəlməyib, 5 il ciddi hazırlıq gedib, onun üzərində illərin zəhməti yatır.

- Aktyor oyunu ilə xəyallarınızda qurduğunuz obrazlar bir-biri ilə uzlaşırdı?

- Aktyor oyunundan xeyli razı qaldım, genişmiqyaslı layihədir, orda həm Xalq artistləri, həm Əməkdar artistlər, həm də gənc aktyorlar rol alıb. Baş rolda Rüstəm Cəbrayılov çəkilib. O, öz rolunu layiqli şəkildə yerinə yetirib. “Doğma torpaq”da Rüstəmi tamam başqa bir ampluada görəcəyik.

- Niyə baş rolda hər hansı peşəkar aktyoru deyil, Rüstəm Cəbrayılovu görmək istədiniz?

- Hiss etdim ki, bu, onun roludur. At minməyi öyrəndi, köhnə model avtomobillər sürməli oldu, dağlarda, meşələrdə ağır şərtlərdə işlədi. Rüstəm etibarlı və sadiq yoldaşdır, xüsusilə çətin bir yola çıxırsınızsa. Bəxtimiz gətirdi ki, birlikdə işləmək şansı qazandıq.

- Müharibə filmlərimizi ermənilərin izləməsini istərdim.

- Hansı reaksiyanı verəcəklərini təxmin etmək olar. Biz burada erməni işğalçılarının törətdiyi hərbi cinayətləri və onların ağır nəticələrini göstərmişik. İstərdim ki, film az da olsa, onların mövqelərini dəyişsin, hadisələri yenidən nəzərdən keçirsinlər. Onlar öz səhvlərini görməli və dərk etməlidir, həm də qəbul etməlidir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Biz qonşu dövlətlərik, heç bir ölkə yoxa çıxmayacaq, əsrlərlə yanaşı yaşamağa məcburuq. Tarixi heç bir halda unutmamalıyıq, onlar da düzgün nəticə çıxarmalıdır ki, bu münaqişə nəsildən nəslə ötürülməsin.

- Vətənpərvərlik motivini filmə köçürə bildinizmi?

- Hamı kimi müharibənin gedişatını həyəcanla izləyirdim. Hər gün ifadəolunmaz hisslər keçirir və səbirsizliklə cənab Prezidentin çıxışlarını gözləyirdik. Şübhə etmirdik ki, Azərbaycan zəfər çalacaq. Üstündən bir il keçsə də, həyatım boyu belə dərin emosiyalar yaşamamışdım.

- Necə düşünürsünüz, dövlət başçısı bu filmi necə qiymətləndirəcək?

- Ümid edirəm ki, bəyəniləcək və düzgün qiymətləndiriləcək. Bu film Xocalı faciəsinə həm bir vətəndaş, həm də rejissor olaraq şəxsi münasibətim və ədalətli mövqeyimdir. “Doğma torpaq” mənim üçün bir ürək məhsuludur. Maksimum dərəcədə məsuliyyətlə yanaşdım. Çəkilən materiallardan görünən odur ki, güclü bir film olacaq.

- Ekran işinin festivallara göndəriləcəyini oxudum.

- Təəssüflər olsun ki, erməni vandalizmi dünyada kifayət qədər tanıdılmır. Bu baxımdan nə qədər çox insan baxsa, bu, bizim üçün bir o qədər yaxşıdır. Dünya bizim ağrımızı, hekayəmizi və ən nəhayət öz torpaqlarımız uğrunda apardığımız haqlı mübarizəni görməlidir.

- İlqar bəy, siz həm də dünyanın bir çox önəmli kino festivallarında iştirak etmisiniz. Bu tədbirlərdə ölkəmizə və yerli filmlərə maraq hansı səviyyədədir?

- Maraq böyüyür. Los-Anceles kinoteatrlarında filmimiz nümayiş olunanda öyrəndim ki, çoxu ümumiyyətlə Azərbaycanı tanımır. Artıq situasiya dəyişir, Azərbaycanı dünyaya tanıda bilirik, filmlərimizi dünya arenasına çıxarmaq bizim başlıca hədəflərimizdir. Filmin beynəlxalq festivallarda nümayişi bizim üçün çox böyük uğurdur. Biz öz ölkəmizi təmsil edirik. Fikrimcə, bu, müəyyən dərəcədə Azərbaycanın özündə də kinematoqrafiyanın inkişafına stimul verir.

- Artıq arzunuzu reallaşdırmısınız. Yaradıcı proses sizə nələr qatdı?

- Montaj hələ tam bitməsə də, vətəndaş borcumu yerinə yetirmiş oldum. Məni illərlə sıxan kədərdən qurtuldum, yüngülləşdim. Öz-özümə bəli, sən bunu bacardın dedim. “Doğma torpaq” yaradıcılığımda dönüş nöqtəsi olacaq, bu, xüsusi bir hekayədir. Artıq ağlımda yeni ideyalar dolaşır. Planımda var ki, bu hekayə əsasında trilogiya çəkim. Filmə baxandan sonra başa düşəcəksiniz ki, bu, nə üçün vacibdir.

- Bu gün Azərbaycanda hansı mövzuda filmlərə daha çox ehtiyac var?

- Burada hər hansı menyu olmamalıdır. Hər bir rejissorun həyata baxışı və təcrübəsi müxtəlifdir. Hadisələrə hər kəsin yanaşması da fərqlidir. Əsas odur ki, rejissor səmimi olsun və onu düşündürən bir film çəksin. Onda bu, insanlara da maraqlı olacaq. Səmimi film mütləq öz tamaşaçısını tapacaq.

- İlqar bəy, söhbətimizdən gəldiyim nəticə budur ki, sakit təbiətiniz var. Rejissor pultu arxasında da bu sakitliyi qoruya bilirsiniz?

- Mənə hamı deyir ki, belə sakit rejissor görməyiblər. Rejissor sakit olar, gərginlik, təşviş və isterika özünəinamsızlıqdan doğur. Rejissor özünə əmin olmayanda və nəyi necə edəcəyini bilməyəndə səbəbsiz yerə qışqırmağa və səni günahlandırmağa başlayır. Öz günahımı heç kimin üzərinə yıxmıram. Nəyi və necə görmək istədiyimi bilirəm, əlavə gərginliyə və emosiyalara vaxtım yoxdur. Sadəcə problemləri yoluna qoymağa çalışıram.

- Özünüzdə tərbiyə etdiyiniz bu sükutu hansı fəlsəfəyə borclusunuz?

- Bu, buddizm, ya da başqa bir dinlə bağlı deyil. Yəqin ki, emosional yetkinlik, həyat və ya iş təcrübəsi öz sözünü deyir, daxili disiplin önəmlidir. Onsuz da xaosun içində işləyirik. Ətrafda baş verənləri hiss etmək, daxili harmoniyanı qorumaq və bu xaosu gözəl bir sənət əsərinə çevirmək mənim vəzifəmdir. Sakitliyi qorumasam, bu qarışıqlığın bir hissəsi olacam. Buna icazə verə bilmərəm.

Aytən Məftun,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm