• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Qarabağda bundan sonra nə baş verəcək? - DETALLAR

  • Xüsusi
  • 10 Noyabr 2021 17:46
  • 2 954 Baxış
Qarabağda bundan sonra nə baş verəcək? - DETALLAR

Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində söyləyib ki, 10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın geosiyasi reallıqlardan maksimum şəkildə yararlanması kimi xarakterizə olunmalıdır.

İlqar Vəlizadənin Publika.az-a müsahibəsini təqdim edirik:

- İlqar müəllim, 10 noyabr üçtərəfli bəyanatının birinci ildönümü ərəfəsində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfərini Ermənistanın bəyannaməyə hörmətsizliyi adlandırmaq olarmı?

- Deməli, Moskvada müdafiə nazirlərinin görüşü keçiriləcək. Azərbaycanın və Ermənistanın da müdafiə nazirləri həmin görüşlərdə iştirak edəcək. Karapetyanın Qarabağa qanunsuz səfəri də Moskvadakı görüşlər öncəsi baş verdi. Artıq Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. Əslində həmin bəyanatda bütün səbəblər göstərilib. Necə deyərlər, bunun şərhə ehtiyacı yoxdur. Amma Arşak Karapetyanın Xankəndiyə səfəri təxribat xarakterlidir. Bunu açıq şəkildə demək lazımdır. Çünki bu səfər Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü ərəfəsində gerçəkləşdirildi. Həmin görüşlərlə bağlı müəyyən sənədlər də hazırlanır. Məlum sənədlərin hazırlanması ərəfəsində Arşak Karapetyanın Xankəndiyə səfərindən, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarından Ermənistanın mövqeyi açıq görünür.

- Görünənlər əsasən nələrdir?

- Görünən odur ki, Ermənistan növbəti günlərdə baş tutması gözlənilən üçtərəfli görüşə tələsmir. Yumşaq dillə desək, bu, belədir. Çünki Kremlin sözçüsü Dmitri Peskov da bəyan etmişdi ki, üçtərəfli görüş gözlənilir. Üstəlik, Azərbaycan tərəfindən də bu görüşlə bağlı mənfi reaksiya yox idi. Ermənistanın baş naziri isə özünü elə göstərdi ki, guya üçtərəfli görüşdən xəbəri yoxdur. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi konstruktiv addımlar atmağa tələsmir. Üçtərəfli görüşdə müzakirə olunacaq məsələlərlə bağlı Ermənistanın öz yanaşmaları var. Düşünmək olar ki, həmin üçtərəfli görüş post-müharibə dövrünün reallıqlarını möhkəmləndirməyə xidmət edəcək. Daha doğrusu, post-müharibə dönəmində yeni reallıqların müəyyənləşdirilməsi istiqamətində addımlar olacaq. Görünən odur ki, Ermənistan tərəfi bunu istəmir. İrəvan indi köhnə gündəliyi bərpa etmək niyyətindədir.

- Söhbət müharibədən əvvəlki gündəlikdən gedir?

- Bəli, belə ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qondarma qurumun quldur dəstələri ilə görüşməsi ondan xəbər verir ki, İrəvan hələ də köhnə xülyalarla yaşayır. Ermənistan yenə də Qarabağdakı qondarma “ordu”nu bərpa etmək niyyətindədir. Bu da post-münaqişə dövrü münasibətlərin normallaşmasına zərbədir. Pozucu, destruktiv xarakter daşıyır.

- Bakıdan fərqli olaraq İrəvandan üçtərəfli görüşlə bağlı müsbət impulslar yoxdur. Gözlənilən üçtərəfli görüş baş tutmaya bilərmi?

- Əslində bu görüş elə Ermənistan tərəfinin mövqeyinə görə yubanır. Hələ bir müddət də bu görüşün baş tutması yubana bilər. Çox güman ki, görüş öncəsi hazırlanan sənədlərdə Ermənistan tərəfini “narahat edən” məqamlar var. Elə ona görə də erməni rəsmilər həmin görüşlə bağlı bu cür fikirlər səsləndirirlər. Həmin görüş isə konkret addımların atılmasına hesablanıb. Məntiqlə baxdıqda həmin görüşdə post-münaqişə dövrünün reallıqlarını möhkəmləndirən addımlar olmalıdır. Çox güman ki, İrəvan bunu istəmir.

- Ermənistanı bu qədər “narahat edə biləcək” hansı addımlar atıla bilər?

- Həmin görüşdə atılacaq addımların çərçivələri də bəllidir. Buraya kommunikasiya xətlərinin açılması daxildir. Eyni zamanda dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın işə başlaması aiddir. Konkret, müəyyən olunmuş prinsiplər üzrə həmin komissiya öz işinə başlamalıdır. Həmin prinsipləri dövlət başçıları da təsdiq etməlidirlər. Ermənistan tərəfi bu prinsiplərlə razılaşmır. Xəritələrlə bağlı onların fikirləri də hazırda ortalığa atılır. Guya onlar istəyirlər ki, burada 1920-ci illərin xəritələri əsaslı rol oynasın. Yeri gəlmişkən, Rusiya tərəfi də bunu istəmir. Moskva çalışır ki, 1970-ci illərin xəritələri üzərində iş getsin. Bu məsələ ilə bağlı bir sıra xırdalıqlar var. Eləcə də üçtərəfli iqtisadi komissiya öz işinə başlamalıdır. Bu məsələdə də konkret danışıqlar var. Rusiya baş nazirinin müavini və üçtərəfli komissiyanın sədri Aleksey Overçuk bununla bağlı keçən həftə İrəvana səfər etmişdi. Həmin məsələlərlə bağlı Rusiya ilə Ermənistan arasında fikir mübadiləsi də aparılıb. Amma görünən odur ki, rəsmi İrəvan bu məsələdə də tələsmir. Üçtərəfli komissiyanın gündəliyində konkret məsələlər dayanır. İndi nəqliyyat xətlərinin işlənməsinin prinsipləri, xətlərin bərpası, gömrük rüsumları ilə bağlı məsələlər, yükdaşımaların hansı həcmdə gerçəkləşdirilməsi ilə bağlı detallar müzakirə olunur. Yəqin ki, həmin detallarla bağlı Ermənistan tərəfinin narazılıqları var. Yenə də bu kimi nüanslar açıqlanmır. Ona görə də üçtərəfli görüşün reallaşmasına tələsmirlər. Baş nazirin müavinləri və digər səviyyələrdə olan razılıqlarını təsdiqləmək məqsədi ilə üçtərəfli görüşlər keçirilməlidir. Bunu da ermənilər istəmir.

- Qarabağdakı qanunsuz hərbi birləşmələr yenə də təxribatlara əl atdılar. Azərbaycan tərəfi bu təxribatlara qarşılıq olaraq Laçın dəhlizini bağlaya bilərmi?

- Ermənilərin Xankəndi istiqamətindəki hərəkəti də təxribatdır. Guya ermənilər noyabrın 8-də Xankəndinin “su xətlərinin bərpası” adı altında təxribatlara əl atdılar. Niyə bu hadisə 8 Noyabr Zəfər Gününə təsadüf edirdi?! Bu kimi təxribatlar Azərbaycanın dövlət başçısının, eləcə də yüksək səviyyəli dövlət rəsmilərinin regiona səfəri ərəfəsində gerçəkləşdi. Həmin məsələni daha əvvəlki tarixlərdə də tənzimləmək olardı. Başqa vaxta keçirmək də olardı. Deməli, təxribat cəhdi idi. Yəni qəsdən olan bir şeydir. Ermənilərin növbəti təxribat addımıdır. Görünən odur ki, Ermənistan tərəfi bu kimi təxribatlarla növbəti üçtərəfli görüşün yubadılmasına nail olmaq istəyir. Son nəticədə öz gündəliklərini regionda yürütməyə cəhd göstərirlər.

Laçın dəhlizi şərti olaraq bağlana bilər. Hazırda biz bu addımı ata bilmərik, çünki bu, təkcə ermənilərlə bağlı amil deyil, biz bu məsələdə Rusiya tərəfi ilə əlaqəliyik. Bu məsələdə Rusiyanın da maraqları nəzərə alınır. Çünki dəhliz ermənilərin əlində deyil, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətindədir. Hələ ki, diplomatik və digər metodların tükəndiyini düşünmürəm. Fikrimcə, biz bu məsələləri Rusiya tərəfi ilə ətraflı şəkildə müzakirə edəcəyik. Artıq bu haqda da müzakirələr gedir. Çox güman ki, Zakir Həsənovun Moskva səfəri zamanı bu məsələlər də müzakirə olunacaq. Yəqin ki, Həsənovun Şoyqu ilə görüşləri də gerçəkləşəcək. Bu və ya digər şəkildə bu məsələ öz həllini tapmalıdır. Hər halda bu məsələyə Türkiyə tərəfi də qoşula bilər. Türkiyə parlamenti Qarabağdakı türk hərbçilərinin fəaliyyətini bir il də uzatdı. Bu da ondan xəbər verir ki, bu məsələ Ankaranın da gündəmindədir.

- İlqar müəllim, bu gün həm də 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın birinci ili tamam olur. Bu bəyannamə Azərbaycan diplomatiyası üçün uğur sayıla bilərmi?

- Əlbəttə, uğur sayıla bilər. Doğrudur, bu məsələdə müxtəlif fikirlər səsləndirilir. Bunların içərisində Rusiya sülhməramlıları ilə bağlı fikirlər də var. Həmin fikirlər də açıq formadadır. Bəzi analitiklər düşünürlər ki, bu məsələdə bizi fakt qarşısında qoyublar. Amma bu, belə deyil. Geosiyasi reallıqlar var. Azərbaycan bu geosiyasi reallıqlardan maksimum şəkildə yararlandı. Biz real həyatda yaşayırıq. Biz də istərdik ki, Qarabağdakı bütün ərazilər tamamilə Azərbaycanın nəzarəti altında olsun və bu, çox sürətlə baş versin. Amma ortadakı geosiyasi reallıqlar nəzərə alınmalıdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan həmin geosiyasi reallıqlardan maksimum şəkildə yararlana bilib. Hazırda aparılan işlər onu göstərir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə özünə uyğun təhlükəsizlik sistemini tam şəkildə qurub. Öz müdafiəsini həmin ərazilərdə tam şəkildə möhkəmləndirib. Düşünürəm ki, bundan sonrakı növbəti addım bütün ərazilərin tam şəkildə Azərbaycanın nəzarəti altına verilməsi ilə nəticələnəcək.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR