Rusların Qarabağa erməni əsgərləri daşımasının SƏBƏBİ ORTAYA ÇIXDI - Eks-nazirlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Rusların Qarabağa erməni əsgərləri daşımasının SƏBƏBİ ORTAYA ÇIXDI - Eks-nazirlə MÜSAHİBƏ

Video əlavə olunub.

***

Dünən Azərbaycan İrana nota təqdim etdi. Tehranın Bakıdakı elçisi Xarici İşlər Nazirliyinə çağrıldı. Bakının etirazının məramı Azərbaycandan icazəsiz İran yük maşınlarının Laçın dəhlizindən keçməklə Xankəndinə daxil olması idi.

Bundan bir qədər əvvəl isə Müdafiə Nazirliyi öz bəyanatında Rusiyanı sülhməramlı missiyasını yerinə yetirməməkdə, Ermənistanın isə bir sıra gərginliklər yaratmaqda günahlandırdı. Görünən odur ki, Bakının səbri daşıb. Bəs bu yeni anti-terror əməliyyatlarının göstəricisi ola bilərmi?

Mövzu ətrafında yaranmış suallara keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovla aydınlıq gətirməyə çalışdıq.

Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində söylədi ki, anti-terror əməliyyatları ən son mərhələdə gerçəkləşə bilər.

- Tofiq müəllim, ötən gün iki mühüm hadisə baş verdi: İrana nota təqdim olundu və Ermənistanın havadarı Rusiyanın isə 10 noyabr öhdəliklərini yerinə yetirmədiyi bildirildi. Hər iki addım Bakının səbrinin daşdığını göstərir. Nə baş verir? Baş verənlər Azərbaycanı anti-terror əməliyyatlarına təhrik edə bilərmi?

- Doğrusu, hesab edirəm ki, Qarabağda Azərbaycan anti-terror əməliyyatlarını ən axırıncı halda həyata keçirə bilər. Yəni, ən son varinatda Bakının bu varinata əl ata biləcəyi qənaətindəyəm. Hələlik siyasi addımların davamı olacaq. Söhbət ondan gedir ki, ermənilərin yaydığı məlumata görə, bu ilin martından hərbçilər rotasiya məqsədilə Ermənistandan Qarabağa göndərilmirdi. Buna son qoyulmuşdu. İndi isə yayılan məlumatlara görə, güya bu proses yenidən baş verməkdədir. Yəni, yenidən Ermənistandan Qarabağa hərbçilər göndərilir.

- İndiki məqamda Ermənistandan Qarabağa hərbçilərin göndərilməsinin səbəbi nədir?

- Doğruusu, özüm üçün belə qənaətə gəldim ki, deyəsən Rusiya sülhməramlıların nəzarət bölgəsində - Qarabağda yaşayan ermənilərin hazırda sayları o qədər kəskin azalıb ki, onlar post xidmətlərini də təmin edə bilmirlər. Söhbət orada daimi yaşayan əhalinin sayının azalmasından gedir. Hətta onlardan post növbələrini də təşkil edə bilmirlər. Sayları azaldığı üçün postlarda yerləşdirilməli olan canlı qüvvəni Ermənistandan göndərirlər. Təbii ki, bunlar Azərbaycanın maraqlarına daban-dabana zidd olan bir addımdır. Azərbaycan həmişə belə məsələlərə qarşı çıxıb və bundan sonra da qarşı çıxacaq. Heç bir halda buna yol vermək olmaz. Çünki keçən ilin müharibəsinin əsas məqsədi ondan ibarət olmuşdu ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünə və təxribatlarına son qoyulsun. Həmçinin təcavüzün nəticələri aradan götürülsün. Yəni, Azərbaycanın ərazisində heç bir Ermənistan hərbçisi qalmamalıdır. Bu məsələdə Azərbaycan israrlıdır. Bu şərtin həyata keçirilməsi üçün Bakı öz addımlarını atacaq. İkinci məsələ ondan ibarətdir ki, bu mövzu istər-istəməz Laçın dəhlizi məsləsini də yenidən aktuallaşdırır. Yəni, Azərbaycan çoxdan tələb edir ki, Laçın dəhlizinə nəzarət həm də bizim tərəfimizdən həyata keçirilsin. Azərbaycan buna məcburdur. Ona görə ki, hərbçilər, Ermənistanın rəsmiləri, ümumiyyətlə, Ermənistan vətəndaşları – çünki onlar Azərbaycan üçün xarici ölkə vətəndaşları sayılır – bizim ərazimizə gəlməsinlər. Bu baxımdan haqqında bəhs etdiyim məsələ də son dönəmlər aktuallaşıb. Hesab edirəm ki, yenidən gündəmə gətirilib. Bununla bağlı üçüncü məsələ odur ki, Ermənistan rəsmi olaraq, yəni baş nazir səviyyəsində öz öhdəliklərindən imtina edib. Elə Laçın dəhlizi məsələsinin gündəmə gətirilməsinin səbəblərindən biri də budur. Söhbət 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən gedir. Bu məsələyə Zəngəzur dəhlizinin açılması da daxildir. İrəvan bu məsələyə eksperiental xarakter vermək istəmir. Sadəcə deyir ki, bu dəhliz kommunikasiya yolu olmalıdır.

- Əgər belədirsə, Azərbaycan Laçın dəhlizini nə üçün ermənilərin gediş-gəlişi üçün açıb?

- Bəli. Bu məsələ de-fakto eksperiental xarakter daşıyır. Yəni, həmin dəhlizə nəzarət sülhməramlılardadır. Zəngəzur dəhlizinə nəzarət isə rusiyalı sərhədçilərdə olmalıdır. Amma Ermənistan buna imkan vermir. Eyni zamanda, imkan vermək də istəmir. Artıq bu kimi mövzular yenidən aktuallaşıb. İstisna etmirəm ki, hansısa mərhələdə siyasi əlaqələrin yenidən gündəmə gəlməsi məsələsi aktuallaşacaq. Bu məsələ mütləq şəkildə vasitəçilərin iştirakı ilə müzakirə olunub öz həllini tapmalıdır.

- Bakı ötən gün Tehrana da nota verdi. Söhbət Bakının icazəsi olmadan İran maşınlarının Laçın dəhlizindən keçərək Xankəndinə daxil olmasından gedir. Sizcə, Bakının notası öz təsirini göstərəcəkmi?

- Bilirsiniz, bu mövzunu İranın istəyinə bağlamağın tərəfdarı deyiləm. Laçın dəhlizində bizim nəzarətimiz olsa bu məsələ öz həllini tapacaq. İstər İrandan avtomobil gəlsin, istərsə də başqa yerdən... Bu məsələni ciddi şəkildə həll etmək lazımdır ki, Azərbaycan arxayın olsun. Yəni, orada separatizm meyllərinə dəstək olan heç bir addım atılmasın. İstər Ermənistan, istərsə də digər tərəfdən hər hansı təxribatçı addımlara yol verilməsin.

- Ermənistanın baş naziri deyir ki, biz sülhə hazırıq. Azərbaycan tərəfi də Ermənistana sülh müqaviləsi ilə bağlı gündəlik təqdim etdiyini açıqlayıb. Hiss olunur ki, tərəflər və vasitəçilər arasında rabitə qırıqlığı var. Necə düşünürsünüz, əgər bir müddət sonra hər hansı bir razılıq işartısı olmasa, anti-terror əməliyyatları labüdləşə bilərmi?

- Bu məsələ onu göstərir ki, Ermənistan danışıqlar görüntüsünü yaratmaq istəyir. Yəni, İrəvan öz üzərinə götürdüyü öhdəliklərdən qaçmağa çalışır. Ermənistan uzun-uzadı danışıqlar prosesi ilə sülh müqaviləsinin aktuallığını azaltmağı düşünür. Bu, İrəvanın praktikasıdır. Onlar bu praktikadan dəfələrlə istifadə ediblər. Bizim tərəfdən isə deyilir ki, öhdəliklərini konkret olaraq yerinə yetir. Bakının mövqeyi budur ki, ancaq ondan sonra danışıqlar ola bilər. Hər halda bəzi fikirlər səslənir ki, ermənilər öz öhdəliklərindən qaçmağa davam edəcəklər. Yəni, vaxtı çatan kimi biz bu məsələdə gücdən istifadə etməli olacağıq.

- Rusiya amilini neytrallaşdırmaq üçün Azərbaycan Türkiyə hərbçilərini də sülhməramlı adı altında bölgəyə çağıra bilərmi? Onsuz da türkiyəli hərbçilər Monitorinq Mərkəzində təmsil olunurlar...

- Rusiyanın mövqeyi hələ də tam aydın deyil. Söhbət həm Laçın, həm də Laçın dəhlizinə aid məsələlərə Moskvanın baxışından gedir. Eyni zamanda, buraya yuxarıda sadaladığım məsələlər də daxildir. Yəni, xaricdən – Ermənistandan silahlı qüvvə gətirib orada post-patrul xidmətini təşkil etmək məsələsində də rusların mövqeyi aydın deyil. Bu baxımdan hələ baxmalıyıq, düşünməliyik... Başa düşüləndir ki, Rusiya orta mövqe seçib. Həm Azərbaycan, həm də Ermənistan tərəfinin xoşuna gəlməyə çalışır. Ona görə də qarşıdurmaların baş verməsi, anti-terror əməliyyatlarına başlanılması, Türkiyə hərbçilərinin bu kimi məsələlərdə iştirakı ən axırıncı məsələlərdir. Bu, sonranın söhbətidir. İndi görünən odur ki, hazırda həm Türkiyə, həm də Rusiya tərəfindən siyasi əlaqələr canlanmalıdır. Belə olan halda real vəziyyət tam şəkildə aydın olacaq. Ermənistanın mövqeyi tam olaraq aydındır. Demək olar ki, İrəvan öz gələcək mövqeyini tam olaraq açıqlayıb. Ermənistan öz sərhədlərini tanımır. Öz beynəlxalq sərhədlərinə hörmət etmirlər. Xəyallarındakı “sərhədlər”dəm dəm vururlar. Onların konstitusiya və müstəqillik aktlarında başqa sərhədlər var. Onlar əvvəlcə öz sərhədlərini tanıyıb hörmət etsinlər, sonra bunu bizdən tələb etməyə haqqları çata bilər. Ermənistandakı bir sıra dairələr yenə də öz xəstə təfəkkürlərində qalırlar.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm