Professor 27 sentyabr barədə tarixi faktları açdı: “Dövlətin bu nigaranlıqdan xəbəri var idi”
Bizi izləyin

Xüsusi

Professor 27 sentyabr barədə tarixi faktları açdı: “Dövlətin bu nigaranlıqdan xəbəri var idi”

Professor 27 sentyabr barədə tarixi faktları açdı: “Dövlətin bu nigaranlıqdan xəbəri var idi”

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Tarix elmləri doktoru, professor Ədalət Qasımov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi və vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Beləliklə də Azərbaycan Ordusu Ali baş Komandanın rəhbərliyi altında yeni tarix yazdı.

Publika.az professorla müsahibəni təqdim edir.

- İllərlə gözlədiyimiz haqq savaşımız 27 sentyabrda başladı və tarixin qızıl səhifələrinə həkk olundu. Ədalət bəy, İkinci Qarabağ müharibəsinin başlaması Azərbaycanın son 250 illik tarixində başqa nələri dəyişdi?

- Ermənilərin Cənubi Qafqaza köçürülməsi regionda ardıcıl olaraq Azərbaycan ərazilərinin işğala məruz qalması və Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratması ilə nəticələnmişdi. Uzun illər Azərbaycan işğala məruz qalmışdı, azərbaycanlılar düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi əzab-əziyyət içində yaşayırdı. 27 sentyabr müharibəsinin başlaması ilə nəinki ermənilərin böyük Ermənistan ideya və xülyasına birdəfəlik son qoyuldu, erməni faşizmi də iflasa uğradı.

Ermənilərin təxribatından sonra Azərbaycan əks-hücuma keçdi, tarixi ədalətin bərpası uğrunda mübarizəsinə başladı. Ermənistanı kapitulyasiya aktına məcbur etməklə Azərbaycan dünya dövlətləri içərisində geosiyasi maraqlar çərçivəsində öz regional gücünü göstərdi. Ermənilərin böyük Ermənistan arzu və istəklərini dəstəkləyən dünya lobbilərinin və havadarlarının qurduğu yalanlarına isə son qoyuldu. Azərbaycan bu qələbəsi ilə sübut etdi ki, ermənilərin mifik gücü heçdir və ənənəvi işğalçılıq siyasətindən qaçmaq lazımdır.

- Torpaqlarımızın illərlə işğalda qalması zaman-zaman cəmiyyətdə nigaranlığa səbəb olurdu. Öz ərazilərini azad etmək üçün Azərbaycan niyə 30 il gözləməli oldu?

- 20-ci əsrin sonunda dünyada gedən geosiyasi dəyişikliklər fonunda çox böyük problemlər meydana gəlmişdi. Ermənilər istər postsovet məkanında, istərsə də dünyanın bir sıra başqa dövlətlərində yaranan xaosdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi. Regionda erməni mifi yaradılması dünya erməni lobbisinin bir nömrəli işi idi. Azərbaycan yalnız 1994-cü ildə atəşkəsin elan olunmasına nail oldu. Biz beynəlxalq qanunların işləyəcəyinə etibar edir və bu haqsızlığa son qoyulacağını güman edirdik. Vaxtaşırı cəmiyyətdə də haqlı narazılıqlar hiss olunurdu, təbii ki, dövlətin bu nigaranlıqdan xəbəri var idi. Lakin nəticə göstərdi ki, real tarixi müharibə şəraitinin yaranmasını gözləməklə Azərbaycan çox düzgün addım atıb. Demək olar ki, bütün sahələrdə hazırlıq tədbirləri görüldü, ordu quruculuğuna xüsusi diqqət yetirildi.

Biz 30 il ərzində beynəlxalq güclərə və qanunlara, o cümlədən BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetiriləcəyinə inanırdıq. Buna baxmayaraq, torpaqlarımızın azad olunması istiqamətində heç bir addım atılmadı. Üstəlik, 2020-ci ilin iyul ayında ermənilər Tovuz istiqamətində yeni cəbhə yaratmaq həvəsinə düşmüşdülər. Belə olan halda tam əminlik yarandı ki, beynəlxalq güclər ərazilərimizin azad olması prosesində maraqlı deyil. Odur ki, Azərbaycanın əks-hücuma keçməsinə və torpaqlarımızın azad olunmasına qərar verildi.

- Birinci Qarabağ müharibəsi ilə müqayisə etsək, Azərbaycanın İkinci Qarabağ müharibəsinin taktika və strategiyası Ermənistan ordusundan nə ilə fərqlənirdi?

- Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan yeni qurulan bir dövlət idi, doğru-düzgün müharibə strategiyası yox idi və hakimiyyətdə pərakəndəlik hökm sürürdü, orduda quruculuq mümkün deyildi. Aydındır ki, ordu quruculuğu olmayan bir dövlət heç bir irəliləyişə nail ola bilməz. Eyni zamanda Azərbaycan informasiya blokadasında idi. Bu, Azərbaycan üçün müsbət gələcək vəd etmirdi. Tez-tez hakimiyyət dəyişikliyi, siyasi sabitliyin, ordu quruculuğunun olmaması Birinci Qarabağ müharibəsində müsbət nəticələr əldə olunmamasına dair fikir formalaşdırırdı. Burada ermənilərə olan böyük güclərin köməyi və dünya erməni lobbisinin yüz illər boyu apardığı təbliğatın da rolu var idi.

Amma İkinci Qarabağ müharibəsində Azərbaycan artıq bütün informasiya blokadasını yarmışdı, dünya dövlətləri içərisində regionda öz sözünü deyən bir dövlətə çevrilmişdi, hərbi qüdrətini gücləndirmişdi. Beləliklə, Azərbaycan artıq geosiyasi və iqtisadi baxımdan öz torpaqlarını işğaldan azad etməyə tam hazır idi. Siyasi sabitliyin əldə olunması və təşkilatlanması İkinci Qarabağ müharibəsinin qələbəsini şərtləndirirdi. Qələbənin əsasını təşkil edən başlıca səbəblərdən biri də güclü liderin apardığı müdrik, qətiyyətli və cəsarətli siyasət idi. Ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynadı.

- Rusiya sülhməramlılarının Qarabağa gəlişi həqiqətən lazım idi, yoxsa bu, mövcud siyasi vəziyyətin tələbi idi?

- Təbii ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini istəməzdik, qonşu dövlətin regional maraqları və regionda sülhün təmin edilməsi baxımından məcburi addım idi. Sülhməramlıların Qarabağda fəaliyyəti müvəqqəti məsələdir. Müəyyən bir vaxtdan sonra onların regiondan çıxması gözlənilənir.

Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın Ermənistan qarşısında öhdəlikləri olduğu üçün bu addımları atmağa məcbur idi. Sülhməramlıların Qarabağa gəlişinə mane olmaq çətin idi. Rusiya regionun güclü dövlətlərindən biri olduğu üçün tarixi şəraitdən bu şəkildə istifadə etdi. Odur ki, Azərbaycanın getdiyi güzəştlər tarixi şəraitdən irəli gəlirdi. Buna baxmayaraq, qarşıya qoyulan tələblər rus sülhməramlıları tərəfindən yerinə yetirilməyəndə hakimiyyət tərəfindən zaman-zaman haqlı etirazlar səsləndirilir və öz öhdəliklərini yerinə yetirmələri tələb olunur.

- Məlumdur ki, Ermənistan həmişə təcavüzkar mövqe sərgiləyib. Necə düşünürsünüz, Azərbaycanın əldə etdiyi qələbə onları bu mövqedən yayındırmağa nail olacaq? Ümumiyyətlə, bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı səviyyədə inkişaf edəcək? Bu məsələdə tarixi faktlar bizə hansı yolu göstərir?

- Ermənistanın kapitulyasiyası, Türkiyənin regional qardaş dəstəyi və Azərbaycanın bu gün regionda yürütdüyü balanslaşdırılmış siyasət onu deməyə əsas verir ki, bundan sonra düşmən nə qədər təxribatçı addımlar atsa da, müharibə aparacaq gücdə deyil. Separatçı dövlətin mövqeyini dəstəkləyən qüvvələr olsa belə, Azərbaycana tabe olmaqdan başqa çarələri qalmayacaq. Qarabağın az bir hissəsində qalan separatçılar da yaxın vaxtlarda tabe olacaqlar. Tarixi gedişat və bu gün regionda gedən proseslər də bunu göstərir.

- Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərərin 50 milyard dollardan dəfələrlə artıq olduğu deyilir. Onu da bilirik ki, Ermənistan bu təzminatı ödəmək gücündə deyil. Bu halda Azərbaycan təzminatı necə ala bilər?

- Son 30 ildə ərazilərdə yeraltı və yerüstü sərvətlərimiz talanıb, eyni zamanda ekosistemə ciddi zərbə vurulub. Bu, həqiqətən böyük bir zərbədir, tək Azərbaycan üçün deyil, bəşəriyyət üçün böyük təhlükədir. Ermənistan bütün bunlara görə cavabdehlik daşıyır. Bir neçə il aparılan müharibədən sonra bu vandalizmi Ermənistan dövlət səviyyəsində həyata keçirib. Odur ki, bu təzminat istənilən halda ödənilməlidir. Ermənistanın təzminatı ödəməyə gücü çatmazsa, onu torpaqla əvəz edə bilər. Məlum məsələdir ki, Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb. Odur ki, bu variant daha məqbuldur və bunun üzərində operativ işləmək lazımdır.

- Müharibənin gedişatında pandemiyanın hansı rolu oldu?

- 2020-ci ilin iyul ayında Ermənistan hakimiyyəti Tovuz cəbhəsində kəmərlərə və enerji xətlərinə qarşı təxribat törətməklə münaqişəni alovlandırdı. Ermənistan hakimiyyəti ilə cəmiyyət arasında bir uçurum yaranmışdı. Belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Azərbaycanı Qarabağ cəbhəsindən yayındırmağa, bununla da cəmiyyət arasında rəğbət qazanmağa çalışırdı.

Müharibənin pandemiya şəraitində başlamasının müsbət tərəfləri var idi. Düşmənin daxilimizdə olan hansısa əlaqələri ilə hərəkətə keçə bilməməsi, informasiyaların müharibə şəraitində ötürülməməsi və sızmaması üçün karantin rejimi əlverişli oldu. Müharibə dövründə internet resurslarının, gediş-gəlişin bloklanması casus şəbəkələrinin əlaqələrinin kəsilməsinə səbəb oldu. Bilərəkdən və ya bilməyərəkdən müharibənin hansı istiqamətdə getdiyi barədə lazımsız məlumatların sızmasının qarşısı alındı.

- İkinci Qarabağ müharibəsi dünya tarixində hansı izləri qoydu?

- Bütün dövlətlərin İkinci Qarabağ müharibəsi barədə analitik təhlilləri var. Xüsusilə Rusiya, Böyük Britaniya və Fransa 44 günlük müharibə ilə bağlı təhlillər aparmağa davam edir, müxtəlif fikirlər var. Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar və təcrübələr bu gün amerikalı hərbçilər tərəfindən diqqətlə öyrənilir. Bu təhlillər onu göstərir ki, Azərbaycan Ordusu adını dünya hərb tarixinə yazdı. 44 günlük savaş dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, hər kəs müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun şahidi olsun.

Aytən Məftun

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm