• USD 1,7000 0,00% EUR 1,9689 -0,24%
    • GBP 2,3344 +0,32% RUB 0,0239 +0,42%

Ermənistan Zəngəzur dəhlizini açmırsa, biz də Laçında... – Tahir Kərimli ilə MÜSAHİBƏ

  • Xüsusi
  • 22 Sentyabr 2021 13:18
  • 3 764 Baxış
Ermənistan Zəngəzur dəhlizini açmırsa, biz də Laçında... – Tahir Kərimli ilə MÜSAHİBƏ

Son günlər Azərbaycanın yerləşdiyi regionda hərəkətlilik hiss olunur. İran Arazın o tayında hərbi təlimlərə başladı. Ardınca Azərbaycan tərəfi Türkiyə ilə birgə hərbi təlimlərə start verdi. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarını araya vasitəçi saldı ki, İrəvan Ankara ilə ən ali səviyyədə dialoqlara hazırdır.

Üstəlik, İrəvan 10 noyabr bəyanatına zidd olaraq Zəngəzur dəhlizinin açılmasını yubadır. Rusiyalı sülhməramlılar da öz növbəsində Xocalıda təlimlərə başladı və üçtərəfli bəyannamənin müddəalarını pozdu.

Bütün baş verənlərlə bağlı suallarımızı Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimliyə ünvanladıq. Deputat Publika.az-a müsahibəsində bildirdi ki, Naxçıvandakı hərbi təlimlərin pərdəarxasında siyasi ismarışlar mövcuddur.

Müsahibəni təqdim edirik:

- Tahir bəy, Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb. Sizcə, bu hərbi təlimlərin siyasi pərdəarxası məqamları varmı? Bu hərbi cəmləşmələr kimlərə ismarış ola bilər?

- Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri kimlərəsə əzələ nümayişidir. Mən buna şübhə etmirəm. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Nəinki beynəlxalq əlaqələr prizmasında, eləcə də Qafqazda, Azərbaycan-Ermənistan münasibətlərində, o cümlədən Qafqazda böyük güclərin – Rusiyanın, Türkiyənin maraqlarının təmin olunması kontekstində bu məsələyə baxmaq olar. Hesab edirəm ki, bu təlimlər bir növ aqressiv formada elan olunmayan, Azərbaycan-Türkiyə qardaşlığının, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsinə, hərbi qüdrətimizin artmasına, hərbi birlik və ittifaqımızın dərinləşməsinə töhfəsini verən, onu təmin edən siyasi jestlər kimi də qiymətləndirilə bilər. Şübhəsiz ki, regionda digər dövlətlər də təlim keçirirlər. Hətta İran da Azərbaycanla sərhəd boyu ərazilərdə hərbi təlimlərə başladı. Bütün dövlətlər təlim keçirəndə rəsmi olaraq bildirirlər ki, bu, qonşu ölkəyə qarşı yönəlməyib. Məsələn, tutaq ki, Rusiya sərhəddə təlim keçirir, bildirir ki, bu, hər hansı qonşu ölkəyə yönəlməyib, əslində isə belə deyil. Hamı bilir ki, keçirilən hərbi təlimlərin hər birinin siyasi yükü var.

- Söhbət hansı siyasi yükdən gedir?

- Yəni həmin yerdə, həmin zonada hərbi qüdrətin artırılması, peşəkarlığın yüksəldilməsi, müdafiə potensialının möhkəmləndirilməsi ilk növbədə hərbi cəhətdən yaxınlaşmanı təmin edir. Eyni zamanda bu yaxınlaşmanı təmin edən siyasi jestdir.

- Rusiya sülhməramlıları Xocalıda hərbi təlimlərə başladılar. Həmin təlimlər zamanı 10 noyabr bəyannaməsinin müddəaları pozuldu. Təlimlərə helikopterlər cəlb edildi. Bu müddəa pozuntuları tez-tez baş verir. Azərbaycan belə olan halda Rusiyaya və Ermənistana hansı xəbərdarlıqları etməlidir?

- Məndə olan məlumatlara görə, dövlət və ya siyasi rəhbərlik səviyyəsində Azərbaycanla Rusiya arasında bu cür təmaslar var. Hər kəs anlayır ki, Qarabağdakı Rusiya sülhməramlılarının statusu hələ ki, müəyyənləşməyib. Bu status Azərbaycan tərəfi ilə də razılaşdırılmayıb. Sözsüz ki, baş verənlər Rusiya sülhməramlılarının istər beynəlxalq statusdan irəli gələn, istərsə də özünün boynuna götürdüyü funksiyalara uyğun deyil. Rusiya özünü burada hərbi baza kimi aparır. 10 noyabr müddəalarından irəli gələn bəzi məsələlər yerinə yetirilmir. Təbii ki, Azərbaycan tərəfi də baş verənlərə diplomatik kanallarla öz reaksiyasını verir. Düşünürəm ki, həmin qayda pozuntuları ilə bağlı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi, hətta parlament səviyyəsində etiraz etmək olar. Bu, mənim bir partiya sədri, deputat kimi düşüncələrimdir. Açıq şəkildə bildirmək olar ki, Rusiyanın bu hərəkətləri 10 noyabr 2020-ci il tarixində imzalanan, razılaşdırılmış üçtərəfli bəyannamənin müddəalarına uyğun deyil.

- Tahir bəy, ermənilər Zəngəzur dəhlizini açacaqmı? Dəhliz açılmamış artıq Ermənistanın baş naziri Türkiyə ilə ən ali səviyyədə danışıqlar aparmaq üçün qardaş ölkənin prezidenti ilə görüşmək istəyir. Hətta Gürcüstanın baş nazirini də araya vasitəçi kimi salıb.

- Zəngəzur dəhlizinin açılması Ermənistanın özünün də blokadadan çıxmasıdır. Bu, Azərbaycan, Rusiya, İranla dəmiryolu və şosse yolunun açılması imkanı deməkdir. Amma Ermənistan öz tərsliyindən dönmür. Hesab edirəm ki, belə olan halda 21 kilometri bizim nəzarətimizdə olan Ermənistandan Ermənistana olan yolu bağlaya bilərik. Biz orada postlar qurmuşuq, bizim də Zəngəzur dəhlizinin açılmamasına cavab olaraq bu cür addımlar atmaq imkanımız var. 10 noyabr bəyannaməsində bütün kommunikasiya xətlərinin açılması nəzərdə tutulur. Amma Ermənistan nəinki Zəngəzur dəhlizini açır, hətta razılıq bəyanatı da vermir. Müxtəlif manevrlər edir. Belə olan halda Azərbaycan niyə Ermənistan üçün kommunikasiya imkanları yaratmalıdır?! Həmin 21 kilometrlik yol bizim suveren ərazimizdir. Biz görürük ki, həmin yol vasitəsilə nəinki Ermənistana, hətta beynəlxalq hüquqla Azərbaycana məxsus olan ərazilərlə müxtəlif təyinatlı, şübhəli mallar daşınır. Düşünürəm ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində təkcə gömrük postları deyil, həm də müəyyən məhdudlaşdırıcı obyektlər qoyulmalıdır. Bu, mütləq olmalıdır. Hətta Zəngəzur dəhlizinin açılmamasının əvəzində biz Laçın dəhlizi ilə bağlı adekvat addımlar ata bilərik. Artıq bunun da vaxtı çatıb. Ən azından Rusiya tərəfi, onun prezidenti Qarabağı bizim suveren ərazimiz kimi tanıyıb və qəbul edib. O zaman Azərbaycan tələb qoymalıdır ki, Laçın dəhlizində bizim gömrük və sərhəd xidmətimiz fəaliyyətə başlasın. Heç olmasa bu kimi alternativ məsələləri qoymaq lazımdır. Vaxtilə Leninin bir kəlamı vardı, “İki addım irəli, bir addım geri”... Bəzən bu deyim tərsinə də yozulur, yəni diplomatiyada bunlardan istifadə etmək lazımdır. Özü də Azərbaycanın əlində hüquqi və siyasi əsaslar var.

- 44 günlük müharibədən əvvəl Azərbaycandan Ermənistana, Ermənistandan da Azərbaycana ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri gerçəkləşirdi. Xalq diplomatiyası adlanırdı bu gediş-gəlişlər... Müharibədən, qələbəmizdən sonra bu cür səfərlərə yenidən başlamaq olarmı? Bu cür addımlar prosesə nə kimi xeyir verə bilər?

- Açığını deyim ki, əvvəlki gediş-gəlişlər Azərbaycan ictimaiyyəti tərəfindən bəyənilmirdi. Azərbaycan ictimaiyyəti, cəmiyyətimiz, Silahlı Qüvvələrimiz müharibədən əvvəlki xalq diplomatiyasını qəbul etmirdilər. Bunu aqressor və təcavüzkarla Azərbaycan cəmiyyətini barışdırmağa yönəlmiş mənfi addım kimi qiymətləndirirdilər. Amma hesab edirəm ki, Xankəndi və onun ətrafındakı müəyyən yerlər qalmaqla bizim ərazi bütövlüyümüz təmin olunandan sonra bu cür addımların atılması pis olmazdı. Çünki artıq Qarabağdakı və Ermənistandakı ictimai xadimlər də hər şeyi yaxşı anlayırlar. Onlar başlarına dəyən dəmir yumruğun təsirini hiss etməyə başlayıblar. Bir sıra sosial şəbəkələrdə biz erməni ziyalılarının çıxışını müşahidə edirik. Onlar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirlər. Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatlar verirlər. Hesab edirəm ki, indi situasiya tamamilə dəyişib. Demək olar ki, 44 günlük müharibədən əvvəl heç kim bunu bəyan etmirdi. İndi bu cür yanaşmalar, müsbət tendensiyalar xeyli dərəcədə artıb. Belə bir vəziyyətdə xalq diplomatiyasının olması pis deyil. Məndə olan məlumata əsasən, vaxtilə Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında müəyyən telefon rabitələri olub. Müəyyən danışıqlar baş verib. Bu da onu deməyə əsas verir ki, hansısa yumşalma, anlaşma görünür. Əlbəttə, bütün bunlarla yanaşı, aqressiv yanaşmalar Ermənistanda da, Qarabağda yaşayan ermənilər arasında da var. Yenə də müəyyən revanşist qüvvələr qalmaqdadır. Amma revanşizm xeyli dərəcədə azalıb. Mən belə düşünürəm ki, bu istiqamətdə xalq diplomatiyasını bərpa etmək mümkündür.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR