Şuşa fatehinin dəhşətli döyüş xatirələri: “Kəlmeyi-şəhadətini oxuyub can verdi”
Bizi izləyin

Xüsusi

Şuşa fatehinin dəhşətli döyüş xatirələri: “Kəlmeyi-şəhadətini oxuyub can verdi”

Düz 44 gün atdığınız hər addımdan xəbər hazırladıq. Düz 44 gün çəkdiyiniz hər tətik bizə ümid verdi. Düz 44 gün yumruğunuz hər havaya qalxanda belimiz bir az da dikəldi. Qəhrəmanlarımızın dilindən çıxan döyüş xatirələrini hələ də hamımız acgözlüklə oxuyub genetik kodlarımıza köçürürük. Və bu hekayələri hələ neçə-neçə gələcək nəsillər eşitməkdən nə doyacaq, nə də yorulacaq. Məndən soruşsanız, bu müqəddəs tarixin şahidi olmaq hər bir azərbaycanlının başına gələ biləcək ən gözəl hadisədir. Və nə yaxşı ki, biz bu tarixin bir parçası olmuşuq.

Haqq mübarizəmizin qalib igidlərindən olan Abdulla Musayev Publika.az-a döyüş xatirələrini bölüşüb. Müharibənin ilk günlərindən ən qızğın döyüşlərdə iştirak edən qazimiz həm də Şuşa fatehlərindəndir.

Hərbçini ruhlandıran tək bir hiss var - intiqam!

Müharibə xəbərini 27 sentyabr səhər saat 7-8 arası öyrəndik. Onda Beyləqanda təlimlərdə idim. Tapşırıqları alıb Füzuli istiqamətindən yola düşdük. Düşmən üzərinə sevinə-sevinə irəliləyirdik, 8 il Beyləqanın N saylı əməliyyat taborunda xidmət etmişəm. Bilən bilir ki, tapşırıqları necə uğurla yerinə yetiririk. Düşmənin ön xəttini yaran ilk biz olduq və 3 hissəyə verilən tapşırığı 1 saata yerinə yetirib içəri girdik. Təlimlərdə hərtərəfli təkmilləşmişdik, həm silah-sursat, həm də döyüş taktikası baxımdan böyük təcrübə qazanmışdıq. Əlbəttə ki, qorxusuz insan yoxdur, amma 30 il ərzində xalqımızın başına gətirilənləri düşünmək bütün qorxuları əridib yoxa çıxarırdı.

Arxa cəbhənin orduya verdiyi dəstəyi hiss edirdik, hətta canlı şahidi olmuşduq. Döyüş tapşırıqlarını alıb yola düşəndə mülki əhali bizi alqışlarla yola salırdı, yolların kənarı millətlə dolu idi, hər kəs gücü çatan qədər yardım etməyə çalışırdı, biri bizə su uzadır, digəri uzaqdan siqaret qutuları atırdı... Maşının qarşısını kəsib bizi xeyir-dua ilə yola salırdılar. Əslində, verilənlərə ehtiyacımız yox idi, dövlət bütün ehtiyaclarımızı qarşılamışdı. Amma xalqın gözündəki işığı və sevgini görmək bizə ifadəolunmaz güc verirdi. Bu sarıdan nigaranlığımız yox idi. Deyirlər ki, bütün insanların şəxsiyyəti dar gündə üzə çıxır. Xalqımız həqiqətən əsl milli kimliyini bir yumruq olmaqla müharibə zamanı göstərdi.

Təhlükəyə sarılmaq

Keçdiyimiz hər yol, hər döyüş əməliyyatı riskli idi, davam olaraq ölümlə üz-üzə qalırdıq. Ən ağır döyüşlərimiz Füzuli Cəbrayıl arasında - 40 metrə deyilən bir yerdə oldu, düşmənin ən möhkəm mövqeyi orda qərarlaşmışdı. Bu ərazidə şəhidlərimiz çox oldu. Keçdiyimiz istiqamətdə ermənilərin keçilməz manqaları var idi. Döyüş əmri veriləndən 10-15 dəqiqə sonra zirehli maşınlarını dağıtdıq, bəziləri öldü, qalanları qaçmaq istəyirdi ki, maşınları şəxsi heyətlə qarışıq vurduq. Qorxaq millətdirlər, bunu özləri də sübut etdilər. Şuşa istiqamətində gedən döyüşlər də ağır idi, biz orda xüsusi təyinatlıları dəstəkləyirdik.

Ailəmlə döyüşə girməzdən əvvəl sağollaşmışdım. 15 gün evlə danışmağa imkanımız olmadı. 15 gün sonra evə yığanda çox sevindilər ki, sağam. Müharibənin üzü sərtdir, ölümdür, sizə xoş xatirələr, şirin heyakələr danışa bilməyəcəm. Çörək kəsdiyimiz oğullar qucağımızda can verirdi... Özünlə tək qalanda müharibənin hər saniyəsi lent kimi gözünün önündən keçir... İnanmırsan ki, o yerlərdən sağ-salamat keçə bilmisən. Təəssüf ki, o igidlərimizin çoxu indi həyatda deyil. Döyüş yoldaşım Məsimov Nicat ailəsini bizə əmanət edib, kəlmeyi-şəhadəti oxuyub gözümüzün önündə can verdi... Bir güllə yarası almışdı, onu döyüş bölgəsindən çıxarmaq istəyəndə snayperlə bir də vuruldu...

Cəbrayılda ərazini alıb postda oturmuşduq, sentyabrın 30-u idi, 200-ə yaxın şəxsi heyətlə, texnikasız piyada düşmən üstümüzə hücuma keçdi. Orda minomyot mərmisi atdılar, səngərin üstünə düşdü, döyüş yoldaşım Naillə mən yaralandıq. Qəlpə yarası mənim qoluma girdi, onun qarın nahiyəsini dağıtdı... Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatıldım. Hazırda səhhətim normaldır, qəlpə hələ də qolumda qalıb. Müharibə məni çox dəyişdi, həm sağlamlıq, həm də psixoloji baxımdan. Ağır əməliyyatlar keçirdim. Amma bu gün mən daha qürurluyam. 44 gün sonra həyatımda baş verən ən böyük dəyişiklik o oldu ki, 30 il işğalda olan torpaqlarımızı azad etdik, ana və bacılarımızın qisasını alıb şərəfimizi ucaltdıq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm