Xüsusi
İlkin Süleymanovun məhkəməsi necə yekunlaşacaq?
12:30
Əvvəlki yazılar:
1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR
2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ
3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR
4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ
5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?
6. İlkin Youtubedə Nərminə nələr göstərirdi? İTTİHAM AKTININ GİZLİNLƏRİ
7. Nərminin ailəsinin dəhşət və ibrət dolu “Sarı taksi” yalanı
8. Nərmının qara yubkası necə cıns şalvar olur? MÜTƏŞƏKKİL MÜƏMMALAR
9. Nərmin işində qəfil peyda olan cins şalvar iziylə... - SAXTAKARLIĞIN ANATOMİYASI
10. İstintaqın İlkinə şərik axtarmaq cəhdləri - MƏTANƏT - VƏFADAR OYUNU
11. O meyit həqiqətən Nərminindirmi?
XII yazı
İlkin Süleymanovun məhkəməsi sona yaxınlaşdıqca ittiham aktı zəlzələyə məruz qalan köhnə bina kimi uçulur, dağılır. Məlum olur ki, istintaq ya qatili (qatilləri) örtbasdır etmək, ya da daha böyük ehtimalla, cinayətkarı tapa bilmədiyi üçün xəyali ssenari əsasında ittiham hazırlayıb. Ancaq bu ittiham və sübutlarla İlkin Süleymanovu məhkum etmək mümkün deyildir.
Gəncə Ağır Cinayət Məhkəməsinin ədaləti bərpa edəcəyinə inamımız tamdır. Çünki ədalətin zəfər çalacağına inanmamaqdan böyük ədalətsizlik ola bilməz. Ancaq əks vəziyyətdə, üstəlik növbəti instansiya məhkəmələri anoloji münasibət göstərəcəyi təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinin adekvat qərar verəcəyi şübhəsizdir. Son illərin rezonans doğuran və siyasi tərəfi olmayan bir cinayət işində bu qədər ədalətsiz qərarın verilməsi Azərbaycan məhkəmə sistemi üçün presedent sayıla bilməz. Bu mənada məhkəmənin adekvat qərarı ədalət sisteminə inamı bərpa edəcəkdir.
Məhkəmə sona yaxınlaşdıqca, biz də prosesin nə ilə yekunlacağını təxmin etməmişdən əvvəl cinayətin motivi haqqında istintaq orqanının gəldiyi nəticəni xatırlayaq: “İlkin Süleymanov Quliyev Şərifin evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündən yaranmış alçaq niyyətlə...”. Bu motivlə cinayət törədilməsi ucuz Hindistan filmlərində belə rast gəlmədiyimiz süjetdir. Üstəlik, istintaq materiallarında İlkin Süleymanovun heç bir psixoloji xətəlikdən əziyyət çəkmədiyi barədə psixoloq rəyi ola-ola...
Cinayət işinin əsaslarına nəzər salmadan eləcə prosedur məsələlərinə baxaq. İlkini Nərminlə birgə görən, onun evdə saxlanılmasına şahidlik edən, ya da bu cinayət əməlində iştirak edən heç bir şəxs müəyyən edilməyib. Ona görə də təsvir hissəsi İlkin Süleymanovun imtina edilmiş ifadəsindən başqa heç bir mənbəyə malik deyildir.
Cinayət Prosessual Məcəllənin 126-cı maddəsinin 6-cı bəndi son dərəcə konkretdir: “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər”.
Burdan başa düşüldüyü kimi, İlkin Süleymanovun ifadəsi heç bir halda ittihamın əsası sayıla bilməz. Ancaq istintaq öz ssenarisi üçün dəlil tapa bilmədiyindən belə bir səhlənkarlığa yol verib.
İşin ən tragikomik tərəfi istintaqın şahid kimi göstərdiyi dörd şəxsin (ikisi polis, ikisi məhkum) ifadələri də İlkindən “eşitdiklərinə” əsaslanır. Ancaq bu ifadələrin də heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki CPM-in 126-cı maddəsinin 3-cü hissəsində belə deyilir: “Şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi istifadə edilə bilməz”. Bu konteksdə də həm polislərin, həm də məhbusların ifadələrinin sübut hesab olunmadığı aydınlaşır.
İlkin Süleymanovun evindən götürülən qan izlərini araşdıran məhkəmə-bioloji ekspertizası onların Nərmin Quliyeva ilə eyni qan qrupuna aid olduğunu müəyyən etmişdir. Halbuki istintaq ekspertiza qarşısında həmin qan qrupunun Nərmin Quliyevaya aid olub-olmadığı sualını qoyduğu halda ekspertiza həmin qanın Nərminə aid olduğunu təsdiqləməmiş, dolayı bir cavab vermişdir. Qanın Nərmin Quliyevanın qan qrupuna aid olması heç də Nərminə aid olması demək deyil. Ancaq istintaq bu ekspertizanı belə saxta ittihamın dəlili kimi göstərməkdən çəkinməmişdir.
Nərmin Quliyevanın 47 gün saxlanıldığı və öldürüldüyü iddia edilən evdə ona aid nə bir qan ləkəsi, nə bir saç, dırnaq, dəri parçasının aşkarlanmaması təkcə həyatın təbii axışına yox, eləcə də tibbi ekspertizanın prinsiplərinə ziddir.
İlkin Süleymanovun təzyiq altında verdiyi ifadə (və ilk məhkəmə prosesində imtina etdiyi) ittihamın əsası kimi qəbuledilməz olduğu kimi ekspertizanın da gəldiyi nəticələr nəinki ittihamı dəstəkləmiş, əksinə ona qarşı təkzibedilməz sübutlar yaratmışdır. Bir sözlə, istintaqın irəli sürdüyü ittihamı əsaslandıran heç bir sübut qalmamışdır.
Bəs ədalətin qələbə çalması üçün hansı yollar mövcuddur? Ən ədalətli olan dövlət ittihamçısı cinayət təqibindən imtina etməsidir. Başqa sözlə desək, dövlət ittihamçısı ittihamdan imtina edərək təqsirləndirilən şəxsin işinə bəraət verilməsini tələb edə bilər. Məhkəmə cinayət təqibindən imtina vəziyyətində işə xitam verərək təqsirləndirilən şəxsi azadlığa buraxmalıdır.
Əlbəttə, prokurorun qərarından asılı olmayaraq məhkəmənin də təqsirləndirilən şəxsi azadlığa buraxmaq səlahiyyəti var. Ancaq, ittiham aktı prokurorluq tərəfindən hazırlandığı üçün bu qurumun öz səhvindən imtina etməsi daha ədalətli və hüquq ideallarına uyğun bir qərar olacaqdır.
Qan Turalı
-
Sağlamlıq09:56Hamının istifadə etdiyi bu məşhur dərman faydasız imiş - Həkim səbəbi açıqladı
-
Region09:27Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər - Foto
-
Avto08:36Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb? - VİDEO
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı





































