Şeytan donu geyinmiş Həvva
Bizi izləyin

Köşə

Şeytan donu geyinmiş Həvva

Şeytan donu geyinmiş Həvva

Leyla Sarabi

Yenə Günəş ilk eşqini xatırlayıb, göz yaşını yuxulu şəhərin üstünə tökürdü. Yenə bu sevginin zəhərini zərrə-zərrə udub, dərisindən ağlayanlar sabahın binaları tikilən dünənki məhəllənin sınıq-salxaq avtobusuna doluşurdu. Bu məhlənin tozu-kiri sakinlərin beynini də kirəcləyib elə bil. Hər yalınayaq, çılpaqçiyin kiminçünsə turşaşirin şərab, zərif pendir ətridir. Yox, yox, bu bənzətmə zamanına, məkanına çox yad qaldı. Üzərində sarımsaqlı xaş gəzişən araq gölü tam yerinə oturdu. Bütün günah zillət dolu gözlərdəki yırtıcını oyadan şeytan donu geyinmiş həvvalardadır. Özünüzçün yaşamağa dərin yuxu bəs etmirmi? Nakam qurdların hisslərini niyə sınağa çəkirsiniz?

Amma o da qərarından dönmürdü. Hər səhər dalanlarda gizlənib, qurbanını gözlərilə soyunduran bu qurdların nəfslərini yenənədək ən gözəl ətəklərini, yeltək yüngül donlarını geyəcəkdi. Əmin idi, vaxt gələcək bu cəmiyyət qadınının dəriüstü sərvətinə çirkabdan don biçməyəcək.“Yox mən göz terroruna qurban getməyəcəm”.

Beyninin yuxulu zərrələrini bircə-bircə oyadaraq avtobusa yaxınlaşdı. Sürücü qarışıq, qocasından uşağınadək hamının baxışları qısa, yaşıl, ipək donunun üzərində toqquşaraq sürüşdü. Özünü, üzünü çoxdan unudub gücdən düşmüş oturacağa əzab verib oturdu. Eynəyinin altında gizlətdiyi yorğun gözlərini yumub, gecə gördüyü yuxunu xatırlamağa çalışdı. Tək yadına düşən qırmızı cildli kitab oldu. Demək yuxum rəngli idi. Nə qəribə dünyadır, insan yuxusunda allahlıq sevdasına düşür. İstəyəndə dünyanı ağ-qara görür, gözü alışmayanda hər yanı yeni rənglərə boyayır. Bəlkə də bu dünyada olmayan, ayıq gözlə görə bilməyəcəyimiz rənglər səpir ətrafına. Yeni dillər yaradir. Ətiri eşidə, dadı görə, musiqini qoxlaya bilir. Yəqin yuxu ölüm adlı ləziz filmin anonsudur. Sən o filmi görəndə hissələrin buxarlanıb kainata yayılır. Dönüb Tanrı olursan. Öz dünyanı istəyinə uyğun qurub, bu gün yerdən göyə yağış yağdırırsan, sabah aydan günəş doğurursan. İstəklərin, arzuların tükənəndə parçalarını bir-bir yığıb, bu dünyaya qayıtmağa can atırsan. Cəmi bir parçanı tapıb tam ola bilmirsən. Çırpınsan da, yorulsan da sən bugündən tanrısan ki, tanrısan.

Ölümü düşündükcə rəngi saraldı. Nə yaxşı ki, hələ təkcə yuxular var. Bax, məsələn, indi yatmış olsaydım, pəncərədən küçəyə zibil atan qırmızısaç xala, qulaqcıqda iysiz, dadsız mahnılardan ölüm həzzi duyan yeniyetmə oğlan ilə birgə yuxum rəngsiz-ruhsuz olardı. Birdən avtobus mənzilbaşına çatdı. Hər tərəfi dəli qəhqəhə bürüdü. Rəngsiz sərnişinlər bir-bir avtobusdan enməyə başladı. Hamı təlaş içində üzünü saqqal bürümüş nimdaş libasını toz basmış oğlana baxırdı. Heç bilirsiniz nəyə gülürəm, dedi. Qəssabdan soruşuram, yaponlar ağıllıdır, yoxsa ərəblər, deyir ərəblər, soruşuram niyə? Deyir, Bakıya gəlib bizə xeyir verirlər. Keçən dəfə biri məndən 3 qoç aldı. 4-nün pulunu verdi. Axı bu yazıq nə bilir ki, yapon nəcisdən də ət düzəldir. Hələ dünən biri deyir, niyə bu qədər gülürsən? Bəs mən sizə gülməyim, gündə bir robot düzəldən yapona gülüm?

Dəlini dinləyə-dinləyə gözlərinə rəng gəldi. Hamı öz marşrutuna tələsirdi. O isə geriyə baxa-baxa divanə qəhqəhəni dinləyirdi. Bu gülüşdən səma 10 rəngli göygurşağına boyandı. Kaş ki, dəlilərçün xəstəxana əvəzinə, böyük şəhər tikilərdi. Rəngsizlərdən, ətirsizlərdən qaçan hər kəs o şəhərdə gizlənərdi.

Artıq günün yarısı gün vurub əritmişdi. Amma o dəli fikrindən çıxmırdı. “Mən əminəm, sən gecələr yatağına girəndə filmdəki təlxək libası geyinmiş müdrik kimi əynindəki divanəni soyunursan. Sonra bizi bircə-bircə xatırlayıb, səhərədək kif bağlamış ağlımıza ağlayırsan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm