• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Bakı anti-terror əməliyyatı əmrini nə vaxt verəcək? - POLİTOLOQ DETALLARI AÇDI

  • Xüsusi
  • 20 Avqust 2021 17:20
  • 3 674 Baxış
Bakı anti-terror əməliyyatı əmrini nə vaxt verəcək? - POLİTOLOQ DETALLARI AÇDI

Son günlər Ermənistan silahlı qüvvələri ilə yanaşı Qarabağdakı qanunsuz silahlı birləşmələr də atəşkəsi tez-tez pozmağa başlayıb. Qarabağdakı terrorçular Şuşa və digər istiqamətlərdə atəşkəsi pozurlar. Artıq bu yolla onlar Azərbaycanın səbrini də tükədirlər.

Belə olan halda oratayan bir sual çıxır: Azərbaycan Qarabağda anti-terror əməliyyatlarına başlayacaqmı?

Politoloq İlqar Vəlizadə ilə “Cümə söhbəti”ndə elə bu istiqamətdə söhbətləşmişik.

Politoloqun Publika.az-a müsahibəsini təqdim edirik:

- İlqar bəy, son günlər erməni terrorçularının Qarabağdakı silsilə təxribatlarına Bakının cavabı nə olacaq? Anti-terror əməliyyatlarına başlaya bilərikmi?

- Ermənilərin Qarabağ bölgəsində təxribatlarına Azərbaycan ancaq güc yolu ilə cavab verə bilər. Yəqin ki, bu kimi nüanslarda diplomatik cavablar əbəsdir. Bilirsiniz, hazırda Qarabağın dağlıq ərazisində məskunlaşan qanunsuz silahlı birləşmələr faktiki olaraq terror fəaliyyətləri ilə məşğul olurlar. Onlar regionda qeyri-qanuni olaraq məskunlaşıblar. Eyni zamanda, onlar öz-özlüyündə ümumiyyətlə, qeyri-qanuni qurumdurlar. Məsələn, Ermənistanla danışıqlar aparmaq olar. Ermənistan öz rəsmi qoşunlarına cavabdeh ola bilər. Qarabağdakı qanunsuz silahlı birləşmələr isə separtçılardır. Buna baxmayaraq, açıq şəkildə Ermənistanın silahlı birləşmələri ilə bağlılıqları var. Amma İrəvan onlara yiyə durmur. Deyirlər ki, Qarabağdakı separatçıların bizlərə aidiyyəti yoxdur, sadəcə olaraq dəstək verdiklərini bildirirlər. Madam ki, Qarabağdakı silahlı qüvvələrin yiyələri yoxdur, o zaman biz anti-terror əməliyyatı keçirib onları cəzalandırmalıyıq. Rusiya da separatçılara yiyə dura bilməz. Ona görə də terrorçu qruplaşmalara qarşı hansı dillə danışılırsa, onlarla da həmin dildə danışmalıyıq.

- Yəni söhbət anti-terror əməliyyatlarından gedir?

- Bəli, ancaq anti-terror əməliyyatları ilə onlara qarşı mübarizə aparmaq olar. Çünki başqa üsul, üslub qalmır. Vaxtilə danışıqlar prosesi gedirdi. Danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində aparılırdı. Ortalıqda başqa şərtlər, faktorlar var idi. Həmin nünanslar artıq geridə qalıb.44 günlük müharibənin yekununda imzalanan üçtərəfli bəyanata əsasən həmin qanunsuz silahlı birləşmələr ümumiyyətlə, Qarabağda olmamalıdırlar. Madam ki, onlar Qarabağda qalmaqda davam edirlər. Əgər üçtərəfli sazişə əməl etmirlərsə, deməli, ikiqat qanunsuz hərəkətlərə yol verirlər. Belə olan halda bizim başqa çıxış yolumuz qalmır. Ona görə də onlara qarşı hərbi əməliyyatlar həyata keçirilməlidir.

- Artıq Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin birinci müavinləri səviyyəsində işçi qrup da fəaliyyətə başlayıb. Bir yandan təxribatlar baş verir, digər yandan İrəvan Bakı ilə danışıqlar masasına əyləşir. Bu işçi qrupun fəaliyyətindən hansısa yenilik, irəliləyiş gözləməyə dəyərmi?

- Bu, ermənisayağı danışıqlardır. Təcrübə də onu göstərir ki, ən kritik vaxtda ermənilər bu cür təxribatlara yol verirlər. Misal üçün hansısa danışıqlar yekunlaşmaq üzrədir, hansısa qərarların qəbul edilməsi ilə bağlı prinsipial razılıq əldə olunur, dərhal atəşkəs pozulur. Təxribatlar baş verir. O zaman İrəvan tərəfi də deyir ki, baxın, atəşkəs pozulub, biz əldə olunmuş razılıqlara əməl edə bilmərik. Təxminən belə bir ssenari o vaxtlar da mövcud idi. Hətta bu ssenarini 44 günlük müharibədən öncə dəfələrlə “sınaqdan keçirmişdilər”. Düşünmürəm ki, praktiki cəhətdən də ermənilər bu yanaşmadan əl çəkiblər. Yenə də biz bu qəbildən olan ssenarilərə rast gəlirik. İş orasındadır ki, zəmanə dəyişilib. O vaxt onlar bunu edəndə Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Minsk qrupu da əsas məsələləri qoyub ikinci məsələyə keçirdilər, atəşkəsin pozulmasından danışırdılar (gülür). İndi Minsk qrupu da yoxdur, arxivə atılıb. Həmin dövrdəki vəziyyət də arxivə göndərilib. Həmin dövrdəki oyunların da indi heç bir əhəmiyyəti yoxdur. Biz ermənilərə göstərməliyik ki, 44 günlük müharibədən əvvəlki oyunları oynamağın zamanı deyil, bu əbəsdir.

- Anti-terror əməliyyatları üçün siyasi zaman da yetişibmi? Prezidentin Kəlbəcərdə ermənilərə və onların havadarlarına göndərdiyi mesajlar həmin siyasi vaxtın yetişməsindən xəbər verirmi?

- Prezidentimiz Rusiya prezidenti Vladimir Putinlə danışıb. Görüşüblər və ətraflı şəkildə fikir mübadiləsi aparıblar. Yəqin ki, bütün məqamları müzakirə ediblər. Xarici İşlər naziri Ceyhun Bayramov da rusiyalı həmkarı Sergey Lavrovla görüşüb və danışıqlar aparıb. Yəqin ki, bu məsələni də ətraflı şəkildə müzakirə edib. Ola bilər ki, arada başqa danışıqlar da olub. Bunu da istisna etmək olmaz. Hər şey açıqlanmır. Açıq deyək ki, bu məsələlərdə biz Rusiya ilə təmaslarda oluruq. Biz angti-terror əməliyyatlarına başlasaq, heç kəsə sürpriz olmayacaq. Öncədən biz xəbərdarlıq edəcəyik. Müəyyən razılıqlar olmasa da, bir sıra məsələlərdə ortaq məxrəcə gələcəyik ki, həmin əməliyyatları aparaq. Burada bir həssas məsələ də var.

- Söhbət hansı həssas məqamdan gedir?

- Burada həssas məqam ondan ibarətdir ki, orada rusiyalı sülhməramlılar da var. Əlbəttə, Azərbaycan istəməz ki, orada rusiyalı sülhməramlılara hansısa xəsarət yetirilsin. Onlar orada ortalıqda qalsınlar. Ermənilər də bundan istifadə etsinlər. Yeri gəlmişkən, elə Ermənistan tərəfi tez-tez deyir ki, güya burada rusiyalı sülhməramlılara təhdidlər var. Biz buna yol verə bilmərik. Eyni zamanda, belə bir durumun yaranmasına yol verməklə ermənilərə əlverişli vəziyyət yaratmış olarıq. Biz buna yol verə bilmərik. Yəqin ki, anti-terror əməliyyatları ilə bağlı bütün məsələlər razılaşdırılmış qaydada keçirilə bilər. Amma ermənilər bizə başqa yol qoymurlar. Əgər onlar bizim üçün başqa çıxış yolu saxlasaydılar və ya onların havadarları ermənilərə təsir göstərib separatçıları bu yoldan çəkindirsəydilər ssenarilər başqa cür ola bilərdi. Amma indiki vəziyyətdə, təxribatlar silsiləsi fonunda bizim başqa çıxış yolumuz qalmır. Bizi çıxılmaz vəziyyətə salırlar. Yeri gəlmişkən, 44 günlük müharibədən sonra da bizi çıxılmaz vəziyyətdə qalaraq biz bu addımı atdıq. Tovuz hadisələri, eləcə də digər hərbi təxribatlar bizə başqa çıxış yolu qoymadı. Yenə deyirəm, biz Rusiya tərəfinə hər şeyi izah edirik, göstəririk. Deyirik ki, bizim başqa yolumuz qalmır...

- Azərbaycan-Əfqanıstan əlaqələrinin bundan sonrakı taleyi ilə bağlı da bir sual vermək istəyirəm. Əfqanıstan 44 günlük Vətən Müharibəsində bizə siyasi dəstək vermişdi. Bu gün isə "Taliban" Əfqanıstanda hakimiyyəti ələ alıb. Azərbaycan taliblərlə münasibət quracaqmı? Bundan sonra iki ölkə arasındakı münasibətlərin taleyi necə olacaq?

- Açığını deyəcəyəm, burada məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Yəqin ki, "Taliban"la danışıqlar aparmaq lazım gələcək. Baxın, bütün xarici qüvvələr "Taliban"la danışıqlar aparır. Çin, Rusiya, ABŞ Talibanla danışıqlara gedir. Ən azından danışıqlarda Talibanı tərəf-müqabili kimi tanıyırlar. Avropa İttifaqı da bu yaxınlarda bəyan edib ki, "Taliban"la danışıqlar aparacaq. Ancaq onu rəsmiləşdirmək çox çətin olacaq. Çünki "Taliban" terrorçu qrupdur. Terror mahiyyətli və terror təşkilatları siyahısında yer almış bir qurumdur. İndi biz rəsmi şəkildə onlarla əlaqə qura bilmərik. Əlaqə qurmaq üçün Taliban terrorçu təşkilatların siyahısından çıxarılmalıdır. Digər tərəfdən, yəqin ki, qeyri-rəsmi danışıqlar aparmaq mümkündür. Çünki burada təhlükəsizlik və digər məsələlər var. Misal üçün Lazuri dəhlizi deyilən bir layihə var. Məsələn, bu layihənin reallaşdırılması üçün də müəyyən addımlar atılıb. Düşünürəm ki, həmin layihə kənara atılmayacaq, bu və ya digər şəkildə reallaşdırıla bilər. Bununla bağlı danışıqlar və ya sövdələşmələr aparılması mümkündür. Amma indiki mərhələdə "Taliban"la rəsmi münasibətlərin qurulması mümkün deyil.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR