Qazaxın 7 kəndi müharibə ilə qaytarılır? - Keçmiş nazir DETALLARI AÇDI (VİDEO)
Bizi izləyin

Xüsusi

Qazaxın 7 kəndi müharibə ilə qaytarılır? - Keçmiş nazir DETALLARI AÇDI (VİDEO)

Video əlavə olunub.

***

Ermənistanın Dilican (Tovuzqala) vilayətinin qubernatoru Hayk Qalumyan adıçəkilən ərazilərdə Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.

Ekspertlərin və erməni mediasının yazdığına görə, qubernator Qalumyanın bu addımının iki səbəbi ola bilər. Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir. İkincisi, Ermənistan bu kəndlərin qaytarılmasından imtina edir və müharibə hazırlıqlarına başlayır.

Açığını desək, hər iki variant gözləniləndir. O zaman belə bir sual ortaya çıxır: Bakı ilə İrəvan arasındakı diplomatik danışıqlar, siyasi manevr və ya uzlaşma imkanları tükənibmi ki, gücdən istifadə olunur?

Məsələ ilə bağlı keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənməyə çalışdıq. Müharibənin başlayıb-başlmamam ehtimalları ilə bağlı onun da proqnozlarını dinlədik.

Keçmiş XİN başçısı Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında söyləyib ki, əslinə qalsa, Qazaxın işğal altındakı 7 kəndinin və Naxçıvan istiqamətindəki Kərki kəndinin qaytarılması 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın birinci versiyasında var idi:

“Sonra həmin kəndlərin qaytarılması məsələsi sanki mətndən çıxarıldı. Bəziləri deyirdilər ki, Ermənistandakı daxili vəziyyətə görə bir sıra məqamlar – razılaşmalar kağızdan, həmin sənəddən çıxarılıb, belə fikirlər səsləndirilirdi. Doğrusu, çoxdan gözləyirdim ki, bu məsələ öz həllini tapacaq. Şəxsən məndə belə bir ümid var idi ki, bu mövzu tez bir zamanda həll olunacaq. Gördüyünüz kimi, məsələnin həlli bir qədər uzandı. İndi bəziləri deyə bilər ki, bu Ermənistana, oradakı seçkilərə görə idi. Hazırda hiss olunur ki, bu gündəmdə olan bir mövzudur. Hər halda, gözləyək. Biz başa düşməliyik ki, Ermənistanın hərbi müdafiə imkanları yoxdur, 44 günlük müharibədə tam şəkildə darmadağın olunub. İndi ermənilərin təxribatlara gücləri çatar, amma müharibə aparmağa yox. Hətta bəzən təxribatları törədənlər də Paşinyana qarşı mübarizə aparan qüvvələr ola bilər. Yəni biz bunu da istisna etmirik. Amma geniş hərbi əməliyyatlara Ermənistanın gedəcəyini hesab etmirəm. İstənilən halda bizim gücümüz, imkanımız var. Əgər sülh və diplomatiya yolu ilə olmasa, digər yolla biz öz torpaqlarımızın azad olunmasını təmin edəcəyik. Mən buna əminəm”.

"Ola bilərmi ki, baş nazir Nikol Paşinyan daxildəki rəqiblərini, eloktaratını və ictimaiyyətini kəndlərin qaytarılmasına razı salmaq üçün müharibəyə getməyə məcburdur, 7 kəndi də müharibə yolu ilə vermək istəyir", - sualına keçmiş xarici işlər nazirinin cavabı birmənalı olub:

“Yox, yox... Bunun ehtimalı çox azdır. Birincisi, Nikol Paşinyanın artıq bu məsələdə təcrübəsi var. Təxribatlar Ermənistan siyasətinin bir parçasıdır. Bu, onlar üçün mübarizənin ən asan növlərindən, üsullarından biridir. Təxribatlar ona görə baş verir ki, İrəvan təxribat baş verən ərazilərə hansısa qüvvələri cəlb etsin. Rusiya və ya Moskva buna getməzsə, digər qüvvələri münaqişəyə cəlb etməyə çalışır. Yəni, orada müşahidəçilər və ya başqa missiyalar olsun. Bununla da həmin güclərin arxasında gizlənərək İrəvan Qarabağa aid işğalçı siyasətini davam etdirmək istəyir. Amma inanmıram ki, Əfqanıstan hadisələrindən sonra Qərb ölkələrindən bu bölgəyə kimlərsə gəlsin. Bunun ehtimalı çox azdır”.

"Bu, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşmalar, kəndlərimizin güc yolu ilə qaytarılması üçün lokal müharibə şansları daha da çoxalıb? Yəni, siyasi yollar tükənibmi", - sualına isə Tofiq Zülfüqarovun cavabı birmənalı olmayıb.

Keçmiş nazir bildirib ki, hazırda Azərbaycan tərəfindən Ermənistana təzyiqlər var, bunu hamı hiss edir:

“Məncə, proseslərin axarını gözləmək lazımdır. Siyasi üslubların iki növü olur; gücün tətbiq olunması ilə bağlı hədələr, yəni “əzələ nümayişi” və faktiki olaraq gücün tətbiq olunması. Mən belə başa düşürəm ki, biz hazırda birinci mərhələdəyik. Biz torpaqlarımızın sonuncu qarışına qədər işğaldan azad olunması ilə bağlı siyasi iradəmizi nümayiş etdiririk. Bu baxımdan bizim siyasətimiz bu məsələdə israrlıdır. Yenə deyirəm, ermənilər də bunu yaxşı başa düşürlər. Onlar istəməzlər ki, ikinci dəfə zərbə alsınlar. Hər halda ağıllı olsalar, ikinci dəfə zərbə almayacaqlar (gülür)”.
Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm