Xüsusi
Rusiya Ermənistanı niyə silahlandırır və Qarabağda nələr olacaq? - Tural Abbaslı DETALLARI AÇDI
Son günlər mediada yayılan xəbərlərə görə, Rusiya Ermənistana silah yardımlarını artırıb. Bir çoxları bu silahların Moskva tərəfindən İrəvana qarşılıqsız olaraq verildiyini iddia edir.
Azərbaycan prezidenti İlham Əliyev Kəlbəcər və Laçına səfərləri zamanı Ermənistanı silahlandıranlara qarşı xəbərdarlıq etdi. Moskava da İrəvanı silahlandırmasına haqq qazandıraraq söylədi ki, “suveren hüququ”dur.
Belə yerdə sual ortaya çıxır: Rusiyanın Ermənistanı güc balansını bərabərləşdirmək üçün yenidən silahlandırması yenidən müharibəyə səbəb ola bilərmi?
Ağ Partiya sədri Tural Abbaslı Publika.az-a müsahibəsində Rusiyanın Ermənistanı silahlandırmasının arxasındakı xəbərlərdən danışıb. Partiya sədri Bakının Moskvanın bu addımına qarşılıq olaraq nələr edə biləcəyindən də danışıb.
- Tural bəy, 44 günlük müharibədən sonra Rusiyanın Ermənistanı silahlandırmasının arxasında nə dayanır? Bu regionda yeni müharibəyə gətirib çıxara bilərmi?
- Təbii ki, istənilən silahlnama son nəticədə silahlı qarşıdurmalara, müharibələrə gətirib çıxarır. İstənilən yerdə belədir. Yəni bir ölkə silahlanırsa, əvvəl-axır bu və ya digər formada həmin silahlardan istifadə edəcək. Hazırkı məqamda Rusiyanın Ermənistana açıq şəkildə, gizlətmədən qarşılıqsız olaraq silah verməsi əslində Moskvanın regiondakı vəziyyətin sabitləşməsində maraqlı olmadığının göstəricisidir. Rusiya silahları pulla satmır. Ermənistana maddi qarşılıq güdmədən hədiyyə edir, bağışlayır. Hətta bununla bağlı rəsmi Bakının narahatlığına cavab verərkən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd elədi ki, Rusiya özü kimə istəsə, silah sata bilər, bu onun suveren hüququdur. Üstəlik, heç kim buna qarışa bilməz-cavabını verdi. Kreml yenə açıq şəkildə ifadə etdi ki, rəsmi Moskva Bakı və İrəvan arasındakı balansın bərpa olunmasının tərəfdarıdır. Bu gün vəziyyət o yerdədir ki, Azərbaycan ordusu 44 günlük müharibədə qalib gəlib və hazırda bizim silahlı qüvvələrimiz çox güclüdür. Ermənistan ordusu məğlubdur və yox dərəcəsindədir. Belə demək mümkündürsə, Azərbaycan Ermənistandan dəfələrlə güclü olduğu üçün İrəvan heç bir məsələni diktə edə bilmir. Heç bir məsələnin üzərində dayanmaq iqtidarında deyil. Ümumi şəkildə ifadə etsək, cığallıq edə bilmir. Çünki Azərbaycanın gücü var və bu güc faktoru ilə məsələni həll edir. Belə olan halda Bakı ilə İrəvan arasındakı Qarabağ problemi birdəfəlik həll olunacaq.
- Belə olan halda Moskva nələləri itirə bilər?
- Belə olan halda Rusiyanın bu regionda “ağsaqqallıq” etmək imkanları məhdudlaşacaq. Demək olar ki, bu imkanı qalmayacaq. Ona görə də Rusiya çalışır ki, çox sürətli şəkildə Ermənistanı silahlandırsın. Ermənistan ordusunu yenidən bərpa eləsin. Ən azından güc balansını yaxınlaşdırsın və bu balans bir-birinə bərabər olsun. Beləliklə, bu addımı ilə Moskva konfliktin süni şəkildə uzanmasına çalışır. Bir daha qeyd edirəm, konfliktin uzanması və birdəfəlik həll olunmaması Rusiyanın regionda qalmasını labüdləşdirir. 10 noyabrda Azərbaycan ərazilərinə “sülhməramlı” adı ilə daxil olan Rusiya indi də keçmiş “status-kvo”nu bərpa etməyə çalışır.
- Bəs Azərbaycan Rusiyanın Ermənistanı silahlandırmasına qarşı hansı adekvat addımlar atmalıdır?
- Təbii ki, Azərbaycan buna qarşı çıxmalıdır. Rusiyaya etirazlarını bildirməlidir. Eyni zamanda, Ermənistanın silahlanmasına paralel olaraq özü də sürətlə silahlanmalıdır. Bu prosesi Ermənistandan ikiqat artıq sürətlə gerçəkləşdirməlidir. Rusiyanın bu cür hərəkətlərinin mənasız olduğunu əməldə sübut etməlidir. Azərbaycan dolayı yolla Rusiyaya izah etməlidir ki, nə qədər silah verirsən ver, Ermənistanla Azərbaycan arasındakı güc balansı yaxınlaşa bilməyəcək. Yəni Azərbaycan hər zaman Ermənistandan üç-beş dəfə güclü olacaq.
- Prezident Əliyev də Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı sərt xəbərdarlıq etdi. Rəsmi Bakının əlində bu silahlanmanın qarşısını almaq üçün bəyanatlardan, notalardan başqa hansı imkanları var? Müttəfiqimiz Türkiyə bu silahlanmanın qarşısını almaq üçün hansı addımlar ata bilər? Ölkə başçısının bununla bağlı sərt ritorikalarının sonu nə ilə bilər?
- Bilirsiniz, Azərbaycan Rusiya ilə müqayisədə çox kiçik dövlətdir. Həm silah, həm ordu, həm ərazi, həm təbii sərvətlər baxımdan müqayisə olunmayacaq dərəcədə kiçikdir. Təssüflə qeyd etməliyik ki, bu günə qədər Rusiyanın qarşısında təklənmiş formada dayanmışıq. Biri var, Rusiyanın qarşısında dayanan Gürcüstan – Avropanın, dünyanın bütün dəstəyini öz arxasına alıb, biri də var Ukrayana – o da Avropanın və dünyanın aparıcı güclərinin bütün dəstəyini alaraq Rusiya ilə üz-üzə durub. Bir də özümüzü müqayisə edək; Rusiya ilə üz-üzə dayanmaqla bərabər, ABŞ-la, Avropa ilə də qarşı-qarşıyayıq. Yəni dünyanın əksər böyük gücləri ilə qarşı-qarşıya olan bir Azərbaycan var. Belə olan halda Azərbaycanın Rusiyaya təsir imkanları minimuma enir. Manevr imkanları da demək olar ki, sıfıra bərabər olur. Amma Azərbaycan Türkiyə, Pakistan, Ukrayna kimi müttəfiqlərindən istifadə edərək Rusiyaya real formada təsir etmək imkanlarından yararlana bilər. Hardasa belə ehtimallar var. Xüsusən də Türkiyə vasitəsi ilə... Bilirsiniz ki, Rusiya Türkiyə ilə müttəfiqlikdə maraqlıdır. Azərbaycan elə gedişlər etməlidir ki, Türkiyə Azərbaycanın maraqlarını Kremlin qarşısında şərt kimi qoysun. Bunun nə qədər mümkün olub-olmayacağını zaman göstərəcək. Eyni zamanda, Azərbaycan çalışmalıdır ki, Rusiyada öz diasporunu gücləndirsin. Yəni, onu təşkil etsin, şəbəkələndirsin. Bu gün Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Amma ölkəmiz bu 2 milyon əhalidən öz maraqları naminə təsir rıçaqı kimi istifadə etməyib. Daha doğrusu, edə bilməyib. Eləcə də Rusiyanın daxilində türk-islam təfəkkürünün daşıyıcıları olan kifayət qədər millətlərin nümayəndələri var. Halbuki Azərbaycan onlardan da Rusiyanın daxili siyasətinə təsir etmək üçün yararlana bilər. Bunu da edə bilmir. Əslində Azərbaycanın Rusiyaya təsir etmək imkanları var. Amma dövlətimiz bu təsir imkanlarından istifadə etmək üçün kadr potensialının, bilik və bacarıqlarının olması məsələsi sual altındadır.
- Ermənistanın Dilican vilayətinin qubernatoru ötən gün Azərbaycanla sərhəddə yerləşən erməni vətəndaşlarının təxliyəsi ilə bağlı sərəncam imzaladı. Həmin əhali 1990-cı illərin əvvəllərində Qazaxın 7 kəndinin işğalından sonra süni şəkildə anklavlara yerləşdirilmişdi. Əhalinin təxliyəsi Qazaxın 7 kəndinin sülh, ya müharibə yolu ilə qaytarılmasına bir işarədir? Yəni, Paşinyan dilemma qarşısında qalıb həmin 7 kəndi təxribatlara və buna Azərbaycanın cavab tədbirləri fonunda qaytara bilərmi?
- Düşünmürəm ki, Ermənistan həm Qazaxın 7 kəndi, həm də Kərkiyə görə Ermənistan yeni müharibəyə başlasın. Unutmayaq ki, Ermənistan 44 günlük müharibədən sonra Ağdam, Laçın və Kəlbəcər kimi rayonları döyüşsüz təhvil verdi. Çünki İrəvan artıq ordusunun yox olduğunu gördü. O gündən bu vaxta qədər böyük miqyasda nəsə dəyişməyib. Mən inanmıram ki, Paşinyan bundan sonra həmin kəndlər uğrunda müharibəyə hazırlıq görsün və müharibəyə girsin. Çünki Paşinyan seçkiləri təzəcə udub. Xalqdan etimad səsi alıb. O, bu gücdən istifadə edərək həmin kəndlərin müharibəsiz qaytarılmasını təmin edə bilər. Təbii ki, əgər bunu istəsə... Məndə yaranan təəssürat ondan ibarətdir ki, Ermənistan bu kəndlərin qaytarılması ilə bağlı psixoloji olaraq barışıb. Həm əhali, həm də siyasi rəhbərlik olaraq... Sadəcə olaraq Paşinyan bunun qarşılığında nələrsə almaq üçün bu məsələlər uzadılır. Zəngəzur dəhlizinin açılması da eyni məntiqlədir. Artıq Ermənistan cəmiyyəti müharibə istəmir. Çünki müharibənin acı nəticələri ilə üz-üzə gəldilər. Biz deyirik ki, revanşistlər və ya başqaları var. Onlar da çox az bir qismi təşkil edirlər. Artıq sadə erməni vətəndaşı övladının gedib ona aid olmayan torpaqlar uğrunda ölməsini istəmirlər. Ermənistanda hazırda belə bir əhval-ruhiyyə var. Bu gün Ermənistandakı əhval-ruhiyyə daha çox Ermənistanın müstəqilliyinin taleyilə sıx bağlıdır, nəinki yeni torpaqlar və ya işğalda saxladığı digər ərazilər... Bu baxımdan Ermənistanın həmin kəndlər uğrunda müharibə aparacağı inandırıcı deyil. İşğal altındakı kəndlərin qaytarılması da bir qədər zaman alacaq. Bu da təbiidir. Ermənistan çalışacaq ki, həmin kəndlərin qarşılığında Azərbaycandan siyasi, iqtisadi müstəvidə nələrsə qoparsın. Yəni qarşılıqsız verməsin. Amma Azərbaycan qalib tərəfdir və qarşılıqsız olaraq həmin əraziləri qaytaracaq, inşallah.
Tural Turan
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq

















.jpg)
















