Bakıda soyqırımı muzeyi yaradılacaq - CÜMƏ SÖHBƏTİ
Bizi izləyin

Xüsusi

Bakıda soyqırımı muzeyi yaradılacaq - CÜMƏ SÖHBƏTİ

28 avqustda Ballıqaya soyqırımının 29 ili tamam olacaq. 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşmışdılar.

Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. 5 nəfər ağır yaralandı. 4 nəfər yüngül xəsarətlə canlarını qurtara bildilər.

Bəs erməni yaraqlılarının günahsız insanlara qarşı bu cür amansız soyqırımı törətməsi nəyə hesablanmışdı? Biz bu soyqırımı dünyaya tanıda bilmişikmi?

Milli Məclisin deputatı Elman Məmmədovla Publika.az-ın “Cümə söhbəti”ndə Ballıqaya soyqırımından danışmışıq.

Elman Məmmədovun müsahibəsini təqdim edirik:

- Elman müəllim, Ballıqaya soyqırımından 29 il ötür. Ermənilərin Qarabağdakı növbəti soyqırımı haqqında nə bilirik? Ermənilərin günahsız, sivil insanlara qarşı bu soyqırımını törətməkdə məqsədi nə idi?

- Ballıqaya soyqırımı haqqında məlumatım var. Məndə bu barədə məlumat çoxdur. Çünki orada ermənilər tərəfindən qətlə yetirilən insanların çox yaxın qohum-əqrabaları Xocalıdan idi. Bu, böyük soyqırımıdır. Ermənilərin növbəti vəhşiliyidir. Eyni zamanda, ermənilərin bu hərəkətində qeyri-adi, təccüblü bir şey görməməliyik.

- Niyə? Nə üçün?

- Ona görə ki, ermənilərin bütün tarixini ancaq günahsız, qorunmasız, müdafiəsiz, silahsız insanları qətlə yetirmək əhatə edir. Bu sani həmin millətin tarixinə və xislətinə yazılıb. Ermənilər bütün tarix boyu körpə uşaqları, qocaları, xəstələri, günahsızları, heç bir günahı olmayanları qətlə yetiriblər.

- Ermənilər nə üçün həmişə günahsızları, qocaları və körpələri, sivil insanları amansızlıqla qətlə yetirir?

- Çünki bunların qanında, tərbiyəsində, genində bir türk-müsəlman düşmənçiliyi var. Bu ermənilərin genlərinə həkk olunub. Ermənilər heç zaman bu xislətlərindən əl çəkməyiblər. Bu gün də əl çəkmək istəmirlər. Yəni onlar bu cür amansız soyqırımlarını törətməkdə bir məqsəd güdürlər. Yaşadıqları ərazini müsəlmansızlaşdırmaq, türksüzləşdirmək niyyətindədirlər. Bütün qeyri-millətlərin həmin ərazilərdən izini, tozunu silmək istəyirlər. Tarixən də belə olub, bu gün də belədir, xislətləri dəyişmədikcə belə olacaq. Ancaq öz mövcudiyyətlərini orada təmin etməyi fikirləşirlər. Məqsəd budur. Yəni ermənilər tarix boyu müsəlmanlara və türklərə qarşı barışmaz düşmənçilik mövqeyində olublar. Bu gün də bu mövqelərindən əl çəkmirlər. Belə görünür ki, əl çəkmək fikrində də deyillər. Ballıqaya soyqırımı da onların növbəti bu cür əməllərindən biri idi. Yəni, Xocalıda, Meşəlidə, Qaradağlıda, Ağdabanda, Başlıbeldə və başqa yerlərdə törədilən soyqırımlar, kütləvi qırğınlar, qətliamlar hamısı bir-birinin davamıdır. Ermənilərin çirkin, murdar xislətlərinin əyani təzahürüdür. Bilirsiniz, dünya təcrübəsi var, dünyadakı müharibələrin təcrübəsi mövcuddur. Əsir götürülən hərbçidən söhbət getmir, söhbət girov götürülən mülki şəxslərdən söhbət gedir; bunların arasında qadınlar, uşaqlar, qocalar, azyaşlılar olur. Yəni, onlar döyüşçü, hərbçi deyil. Ermənilər belələrinə qarşı da xüsusi amansızlıq göstəriblər. Onların acizliyindən, gücsüzlüyündən istifadə edib ən ağır işgəncələr verə-verə onları öldürüblər, qətlə yetiriblər.

- Bu cür soyqırımların, qırğınların bir daha başımıza gəlməməsi üçün nələr etməliyik?

- Biz bunlardan nəticə çıxarmalıyıq. Çünki uzun illərdir ermənilər bu cür hərəkətləri ediblər. Bizə qarşı soyqırımlar, qırğınlar, qətliamlar törədiblər. Ancaq sonradan üstündən müəyyən vaxt keçəndən sonra unutmuşuq. Bizdə də bir unutqanlıq xəstəliyi var. Unutmuşuq, barışmışıq... Mənə belə gəlir ki, bundan sonra bu unutqanlıq xəstəliyindən azad olmaq lazımdır. Birdəfəlik qəbul etməliyik ki, ermənilər barışmaz düşməndir.

- Bəs Ballıqaya soyqırımını dünyada tanıda bilmişikmi? Tanıda bilməmişiksə, nələr etməliyik?

- Düzünü deyək, səmimi olaq, bu illər ərzində ildə bir dəfə anmışıq ki, ermənilər belə bir vəhşilik törədiblər. Ancaq indi, son dövrlərdə, hətta son iki-üç il ərzində, xüsusən də 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra bu kimi məsələlər mətbuat orqanlarında, televiziyalarda da işıqlandırılır. Eyni zamanda tarixçilərimiz tərəfindən də müəyyən qədər qabardılır. Ölkə başçısı və dövlət rəhbərliyi tərəfindən bu məsələ dünya ictimiyyətinə mütəmadi olaraq çatdırılır. Hələ ki, bunlar kifayət etmir, istədiyimizə nail ola bilməmişik. Biz Ballıqayada, Ağdabanda və digər yerlərimizdə - Qaradağlıda, Xocalıda, Meşəlidə - saymaqla qurtaran deyil - baş verən erməni vəhşiliyindən həmişə bəhs etməliyik. Onların dünyada tanıdılması ilə bağlı silsilə işlər görməliyik. Bu yaxınlarda Ağdamda alça ağacının altında bir körpə uşağın məzarı ilə bağlı film də çəkilmişdi. Məzar açıldı və o dəfn edilmiş körpə uşağın məzarının açılaraq onun cəsədinin başına ermənilər tərəfindən nə oyun gətirildiyinin şahidi olduq. Hesab edirəm ki, ermənilərin bu vəhşilikləri ilə bağlı çox dəqiq şəkildə və yorulmadan dünya ictimaiyyətinə məlumatlar çatdırmalıyıq. Bu kimi soyqırımları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara zorla eşitdirməliyik. Cənab prezidentimizin dediyi kimi, görmək istəməyənlərin də zorla gözlərinə soxmalıyıq. Yəni, bunu gör, bunu eşit, bunu bil!.. Bu erməni vəhşiliyidir, bu da onun törətdikləridir... Yəni, bunların vəhşiliyindən xəbəriniz olsun. Çox deməliyik, çox yazmalıyıq. Çox çalışmalıyıq ki, ermənilərin həqiqətdə kim olduğunu, hansı vəhşiliklər törətdiyini bütün dünyaya çatdıra bilək.

- Biz niyə Ballıqayada, Başlıbeldə, Ağdabanda, Meşəlidə, Qaradağlıda, Xocalıda baş verən soyqırımları ilə bağlı memorial komplekslər, abidələr ucaltmırıq? Bu cür abidələr olmalıdırmı? Necə olmalıdır? Bu, turistlərin, xarici qonaqların də diqqətini cəlb edə bilərmi?

- Təbii ki, olmalıdır. 1998-ci il tərəfindən ümummilli liderimiz tərəfindən Azərbaycanlıların soyqırımı haqqında sərəncam imzalandı. Orada belə bir bənd də var ki, Bakı şəhərində soyqırımı muzeyi yaradılsın və soyqırımı abidəsi ucaldılsın. Bu bənd var. Mən dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışam. İndi bu məsələ üzrə iş gedir. Özü də plan üzrə aparılır. Məndə bu barədə dəqiq məlumat var. Bu məsələyə rəhbərliyi də çox hörmətli Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva edir. Məhz onun rəhbərliyi altında bununla bağlı iş gedir. Soyqırımı muzeyinin olması, soyqırımı abidəsinin ucaldılması çox vacibdir. Bu soyqırımı abidələri, memorial komplekslər bir yerdə olmamalıdır. Paytaxtımızda, mərkəzdə olmaqla yanaşı, bütün respublika ərazisində - hər yerdə bu cür abidələr ucaldılmalıdır. Soyqırımı törədilən yerlər işağldan azad olunduqca həmin yerlərdə də bu cür abidələr olamalıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm