Həkimlərin DƏHŞƏTLİ DÖYÜŞ XATİRƏLƏRİ: O, şəhidimizi görəndə ürəyi getdi, çünki... - FOTO
Bizi izləyin

Xüsusi

Həkimlərin DƏHŞƏTLİ DÖYÜŞ XATİRƏLƏRİ: O, şəhidimizi görəndə ürəyi getdi, çünki... - FOTO

Bir il əvvəl Azərbaycanın apardığı haqq mübarizəsinin ən dəhşətli səhnələrinə hamıdan birinci həkimlərimiz şahid oldu. Canını vətən uğrunda fəda edən igidlərimizin yarasına hamıdan birinci məlhəm çəkdilər... Dəhşətli döyüş səhnələrinin fonunda gecə-gündüz bilmədən ən ağır əməliyyatlar həyata keçirdilər, bəzən bir igidin ayağını, bəzən də qolunu amputasiya etmək məcburiyyətində qaldılar... Həkimləri bir qayda olaraq soyuqqanlı görməyə öyrəşsək də, etiraf edirlər ki, bu döyüşlərin soyuğu nə göyə, nə də yerə sığırdı. Hücumlar o qədər sürətli olub ki, bir gündə yüzlərlə xəstə və yaralı qəbul ediblər.

Publika.az Vətən müharibəsində əsgər, zabitlərimiz qədər misilsiz xidmətləri olan həkimlərin xatirələrini təqdim edir.

Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüş bölgələrində xidmət edən və adının məxfi qalmasını istəyən həkim xatirələrini bölüşərkən qeyd edib ki, dəhşətli ölümlərin şahidi olub. O bildirib ki, Azərbaycan əsgərinin qəhrəmanlıq və qüdrətinin dərki insan ağlının və gücünün fövqündədir. Həkim bütün gördüklərini danışmağa hələ hazır deyil:

“Keçən il bu vaxt tam hazır idik, şəxsi heyət lazım olanları qarşıda daşıyırdı, yerdə qalanları hərbi hissə binalarının tunellərinə yığırdılar. “Veş-meşokumun” içi dolu idi - sistem, iynələr, dərman, su, quru yemək - düz 34 kq. Üstəlik, bir PP makarov tapançası var idi, AK 7,62 idi. Yükü çiynimə alıb 40 metr arxaya - geriyə qaçırdım ki, bədənim uyğunlaşsın. Səhər cəbhə bölgəsinə yollananda yemək yeyə bilmədim, ancaq su içdim.

İlk dəqiqə belə başladı - Füzuli-Cəbrayıl istiqamətində 4 cəbhədən hücum əmri verildi, saat 8-ə 10-15 dəqiqə işləmişdi. İlk partlayış zibillik kimi köhnə yerdə oldu, ondan sonra bir dron qalxdı, həmin dronu ermənilər vuran kimi, bizim ilk atəş açıldı, ondan sonra onlar da güclü artilleriya atışı ilə hər yeri vurmağa başladılar, o qədər şiddətli idi ki, göydə bəlkə bir-birinə dəyirdi. Birinci səddi yarmaq üçün oranın komandanı ucadan qışqırdı, əsl dəhşət onda başladı. Tanklardan heç kim ürək etmədi. Şəhid Heydərov Amid ratsiyada qışqıra-qışqıra dedi ki, mən girirəm, istiqaməti yarıb keçdi, digərləri də arxasınca atış edə-edə getdi. Həmin vaxt Amidgilin tankı vuruldu, tankın lüləsi sola əyildi, ikinci dəfə də vurdular, onda tank yandı. Ratsiyada eşitdik ki, Amid tankdan çıxdı, başımı bir az qaldırıb gördüm ki, yanır, qışqırığı da gəlir. Ona kimi birinci sədd yarılmışdı, ikinci sədd üçün döyüş gedirdi. Biz ermənilərin postunda oturduq.

Onda şəhid və yaralı az idi, sonra uşaqlar ikinci hücuma getdilər, amma biri də sağ qalmadı, güllə yağış kimi yağırdı. O dəhşəti danışmaq istəmirəm, bunu deyə bilərəm ki, həmin vaxt danışa bilmədim, hərbçi yoldaşımı çağırmaq istədim, çağıra bilmədim. Özümü ələ aldım, uşaqlarla sürünə-sürünə yaralıları çəkməyə başladıq, həmin vaxt iki hissəyə ayrılan bir şəhidimiz var idi... Hərbçi yoldaşım onu görəndə ürəyi getdi. Yadıma salmaq istəmirəm, o dəhşəti sözlə çatdırmaq mümkün deyil, onu orada görüb sağ qalanlar başa düşə bilər...

Oktyabrın ortaları olardı, hərbi hissə maşınının yük yerinə ermənilərin atdığı top mərmisi düşmüşdü, D-30 mərmisi idi, mərmi partlamamışdı, ordakılar deyirdi bəxtimiz gətirdi. Gedib mərmiyə baxanda nə görsək yaxşıdır? Onlar qorxudan, ya da yadlarınadan çıxıbmı bilmirəm, top mərmisinə partladıcı bağlamamışdılar. Elə də topa qoyub atıblar, nə qədər güldük orda”.

Müharibənin ilk günündə ilk yaralıya ilk yardımı bu foto ilə ölümsüzləşdirən tibb işçisi o anları belə xatırlayır:

“Həmin yaralının sol ayağını qəlpə parçalamışdı, arterial damarından qanı güclə saxlamışdım, turna qoymaq olmurdu, sol əlimin iki barmağı ilə arterianı bud sümüyünə sıxıb sıxıcı qayçı ilə arterianın ağzını sıxdım, qanaxmanı dayandırdım, vena daxilinə də plazma köçürdüm ki, yarı yolda ölməsin. Sonra kapitan gəlib dedi ki, əlini çəkim, xatirə qalsın”.

Uzman Rəşad Sultan bildirib ki, həkim olsa da, parça-parça olmuş insan cəsədləri görmək və soyuqqanlığını qorumaq həyatının ən çətin missiyası olub. Ön xətdə xidmət edən tabor həkimi qeyd edib ki, yaralıları döyüş meydanından çıxarıb ilk yardım göstərərək təxliyə edib:

“Əvvəlcə bölgü oldu. Səfərbərliklə gələn bütün əsgər və zabitlər hərbi hissə daxilində bölmələrə paylandı. Düşdüyüm batalyonun tibb məntəqəsi çox təmiz və səliqəli idi. Amma bizi orada qalmağa aparmamışdılar. Həyəcan siqnalı ilə bütün bölmələr cəmləşmə rayonlarına çıxmışdılar. Mən də sonuncu maşınla 27-si 05:30-da çıxdım. Tibb məntəqəsində ancaq müharibədən öncə yarım gecə qaldım.

07:30-da bizim toplar gurlamağa başladı... Komanda gəldi, “Hamı blindaja!” Biz atırıqsa, onlar da atacaq. Blindaj qazmadır. Torpaq qazılıb, sonra üstü taxta ilə örtülüb, üstünə yenidən torpaq tökülüb. Təxminən 5x2 metr ölçüdə. Qəbir kimi bir şey. 10-15 nəfər birdən girdik ora: havasızlıq və torpaq qoxusu. Dedim burda havasızlıqdan ölməkdənsə, çıxıb qəlpədən ölsəm, yaxşıdır. Uzağı, mərmi gələndə tez girərəm. Yavaş-yavaş hamı çıxmağa başladı. Mərmi yaxınımıza düşdükcə müharibənin gerçəyi daha çox işləyirdi beynimizə.

Gecə o blindaj adlı qəbirdə yatmalı idik. Dedim, yox e, maşında yatacam, mərmidən ölərəm, o qəbirə girmərəm. Orda olduğum 1 həftə ərzində ora girmədim, ancaq yük maşınlarının yük yerində yatırdım. Gündüz vaxtı mərmi gələndə, sadəcə, yerə uzanırdım. Gecələr heç vecimə də almırdım”.

Cərrah-fleboloq İsmayıl Əsgərov bildirib ki, qəhrəman oğullarımızı yaralı görmək onu dərindən sarsıdıb:

“Keçən il bu gün - 27 sentyabr 2020-ci ildə müharibə başladı kəlməsini TV-dən eşidəndə daxilən məni qəhər boğdu. Bu müharibədə nələr yoxdur ki... Gözüyaşlı analar, bacılar, qardaşlar, yetim balalar, qaytarılmış qeyrət, şərəf, xalqın birliyi... 25 sentyabr hərbçi xanımını müayinə edərkən demişdi ki, doktor, Vətən müharibəsi başlayacaq. Əmin idim ki, bu dəfə mübarizə Aprel döyüşlərindən fərqli olaraq sona qədər davam edəcək. Xahiş etdim ki, göndəriş gələn kimi mənə xəbər olunsun. Adımı yazdıra bildim və 2 oktyabrda Vüqar doktor və Rəşad Babayevlə birlikdə gedə bildik. Müharibə müddətində ailəmə bir bəhanə ilə Bakıda evdə olduğumu deyirdim. Hər gün 100-ə yaxın yaralı qəbul olurdu. Hətta ilk gün 140-dan çox yaralı hərbçimizi görəndə mənəvi çökdüm. Nələr gördük, nələr edirdik, tək Allah bilir... Qoy bizimlə qalsın. Biz hələ arxa cəbhə idik, ön sıraları təsəvvür edə bilmərik. Hamımız xəstəliyi də, ölümü də dadacağıq. Kimin harda necə öləcəyini bilmirik, amma şərəfli ölüm hər kəsə qismət olmur. Bunu hamı bilir. Zirvələrə ucalan şəhidlərimizin ruhu önündə baş əyirəm. Allah rəhmət eləsin!

O vaxt bu siqareti atası üçün hədiyyə aparmaq istəyən əsgər qardaşımız verdi ki, yaralanıb. Aldığımız erməni postundadır. Bu siqareti möhkəm saxlamasını və mütləq atasına verməli olduğunu deyib geri qaytardım...”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm