Xüsusi
2 saat ərzində 80 erməni əsgərini… - Snayper “Qəqəni” ilə ÖZƏL SÖHBƏT/VİDEO
Video əlavə olunub.
xxx
Budəfəki həmsöhbətimiz 44 günlük Vətən müharibəsində tarix yazan igidlərimizdən biri, əfsanəvi “Qəqəni” snayper qrupunun komandiri, “Qəqəni” ləqəbli Elçin Kazımovdur. Onunla qələbəmizin sirlərindən danışdıq. “Qəqəni” söylədi ki, bizim gənc əsgərlərdəki vətənpərvərlik heç ermənilərin “xüsusi təyinatlı” bölmələrində yoxdur.
Əfsanəvi kəşfiyyatçı-snayper, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı Elçin Kazımovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Sizə necə müraciət edək, “Qəqəni”, yoxsa Elçin Kazımov?
- Elə “Qəqəni” kimi...
- Qəqəni bəy, Azərbaycan kəfiyyatçısı ilə erməni kəşfiyyatçısı arasında nə kimi fərqlər var?
- Azərbaycan kəşfiyyatçısı bütün dünyada öz sözünü deyib. Azərbaycanın hərbi kəşfiyyat bölmələri yüksək səviyyəli təlimlərə malik dəstələrdən ibarətdir. Bizim böyüklərimizin, generallarımızın bilik və bacarıqları sayəsində Azərbaycan kəşfiyyatı bugünkü qüdrətinə gəlib çatıb. Buna ancaq maşAllah demək olar. Düşmən kəşfiyyatının xarakterinə gəldikdə isə, onlar da bizim kimi güclü olmaq istəyirlər, amma alınmır. Faktlar da göz qabağındadır. Bütün sosial şəbəkələrdə düşmənin hərbi kəşfiyyatı ilə bağlı paylaşılan videolara baxın, görünən odur ki, onlar heç nə bacarmırlar. Sadəcə keçi kimi tullanıb-düşməyi bacarırlar. İfadəmə görə üzr istəyirəm, siçan kimi dəlmə-deşik qazıb oraya girirlər və çıxmırlar... Onların bacardığı arxadan zərbə vurmaqdır. Allahın qəzəbindən qorxmayan ateistlərdir, onlar ancaq yalan danışmağı, iftira atmağı bacarırlar. Əllərindən ancaq belə şeylər gəlir. Erməni kəşfiyyatı ancaq belə şeylərdə təcrübəyə malikdir.
- Bəs onların “022” saylı xüsusi təyinatlıları haqqında fikirləriniz necədir?
- Düşmənin “022” saylı hərbi hissəsinin yalnız adında xüsusi təyinatlı sözləri yazılıb, vəssalam. Özlərində heç bir xüsusi təyinatlılıq yoxdur. Bir sözlə, Ermənistan hərbi hissələrinin tərkibindəki “xüsusi təyinatlılar” başqa ölkələrin muzdlu qatilləridir. Hər ölkənin xüsusi təyinatlılarından bir-iki “priyom” götürüblər və beləliklə özlərini “xüsusi təyinatlı” adlandırıblar. Amma bacarıqları yoxdur.
- Ümumiyyətlə, xüsusi təyinatlı nə deməkdir?
- Xüsusi təyinatlılar ölümə qol çəkirlər. Amma ermənilərin “xüsusi təyinatlılarında” bu anlayış yoxdur. Azərbaycan Ordusunun xüsusi təyinatlılarına baxın. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənə Şuşanın dağlarına qalxmaq qismət olmasa da, Şuşanın dağlarına qalxan oğulları gördük. Təkcə biz yox, bütün dünya buna şahidlik etdi. Bax, xüsusi təyinatlı onlardır. Canında, qanında, ürəyində Vətən sevgisi olmayan insanda xüsusi təyinatlılıq missiyası alınmayacaq. Bu, mənim fikrimdir. 44 günlük müharibə göstərdi ki, ermənilərdə vətən sevgisi yoxdur. Onların heç vətəni də yoxdur. Heç özləri də bilmirlər ki, haradan gəliblər.
- 44 günlük müharibədə erməni “xüsusi təyinatlıları” ilə qabaqlaşdınızmı?
- Vallah, bizə deyirdilər ki, üstünüzə erməni “xüsusi təyinatlıları” gəlir. Amma mən onlar tərəfdən hansısa xüsusi təyinatlı addım görmədim. Mənim elə igidlərim, elə canavarlarım var idi ki, əmr verirdim, icra edirdilər, “dur” əmrini verəndə elə bil “qabağa get” əmri verirdim. Yaxşı mənada sözə baxmırdılar, ancaq qabağa getmək istəyirdilər. 18 nəfərlik qrupumun hər bir əsgəri bu cür idi. Təlimdə qazandıqları təcrübəni döyüşdə sərgiləyirdilər. Həmişə qabağa, ən qaynar nöqtəyə can atırdılar. Çox şükür Allaha, nəticə də həmişə yaxşı olurdu. Doğrudur, biz erməni “xüsusi təyinatlıları” ilə qarşılaşmışdıq, elə ordumuzun bütün bölmələri ilə üz-üzə gəlmişdik. Fakt faktdır, onlar elə deyildilər. Fakt qoysunlar ki, Ermənistan “xüsusi təyinatlıları” Azərbaycan Ordusuna qarşı hansısa uğurlu əməliyyat keçiriblər. Yoxdur belə bir fakt, ortaya heç nə qoya bilməyəcəklər. Bizdə yeni əsgərliyə gələn, dörd-beş ayın hərbi qulluqçuları var idi. Onlar tam peşəkar təlim almamışdılar, amma könüllü olaraq gəlib bizə qoşulmuşdular. Bizim zabitlərimiz o cür əsgərləri qabağa buraxmırdılar. Yavaş-yavaş, təlimlərdən keçə-keçə döyüşlərə qoşulurdular. Onu da deyim ki, döyüşlər gedə-gedə bizim gənc əsgərlərə təlimlər keçirilirdi. Mən də öz dəstəmə döyüşlər gedə-gedə təlimlər keçirdim, buna baxmayaraq, həmin döyüşçülərimiz canla-başla hərbi əməliyyatlarda iştirak edirdilər. Bacardıqlarından da artığını ortaya qoyurdular. Onların manevrləri sayəsində Ermənistanın “xüsusi təyinatlıları” siçan tələyə düşən kimi düşürdülər. Azərbaycan Ordusunun xüsusi təyinatlı uşaqları təlimlərdə görəcəklərini elə döyüşdə təcrübə kimi qazandılar. Döyüş prosesində o uşaqların necə savaşdığını seyr edəndə düşünürsən ki, bu, doğrudanmı bizik?! Övladlarımız yaşındakı uşaqların döyüşünə baxanda düşünürdük ki, bunlar təbiətən, ruhən xüsusi təyinatlılardır. Elə gənc əsgərlər var idi ki, deyirdilər ki, mən yutubdan xüsusi təyinatlıların təlimlərinə baxıb çox şeyi öyrənmişəm. Göz təlimləri almışdılar. Sadəcə göz təlimi alan uşaqlar 44 günlük müharibədə öz döyüş qabiliyyəti ilə nəyə qadir olduqlarını ortaya qoydular. Onların hər biri xüsusi təyinatlıların keyfiyyətlərini özlərində cəmləyən döyüşçülər idi. Həmin gənc əsgərlər deyirdilər ki, komandir, içimizdə Xocalı qisası var, əlimizdən gələnin daha artığını eləməliyik. Görün, nə qədər vətənini, xalqını sevən övladlarımız var ki, onlar sadəcə özlərini göz təlimləri ilə yetişdiriblər. Əgər bunlar tam peşəkar təlimlərdən çıxsaydılar, görün nələr edərdilər...
- 44 gün ərzində ən yaddaqalan döyüşünüz nə vaxt olub? Müharibə ərzində neçə erməni hərbçisini məhv etmisiniz? Sayını bilirsinizmi?
- Heç bir döyüşçü neçə düşmən əsgərini məhv etməsini hesablamır. Xatirində də saxlamır. Yaddaşımda bircə o qalıb ki, biz qalib gəldik. Biz neçə erməni hərbçisini öldürdüyümüzü hesablamırdıq, sadəcə iki, üç, dörd, beş kənd götürdüyümüzü sayırdıq. Rayon mərkəzi, sonrakı kəndlər; Cəbrayıl, Füzuli, Qubadlı... Məsələn, gedib erməni leşinin üstünə çıxırdıq, bilmirdik ki, bunu mən, yoxsa əsgərim vurub.
- 80 nəfər düşmən əsgərini necə məhv etmişdiniz?
- Bu, Cəbrayılın Dağ Tumas kəndində baş vermişdi. Biz ələ keçirilmiş erməni toplarının yanında toplandıq. Sağ tərəfimiz Laçın, arxamız Cəbrayıl, sol tərəfimizdə Zəngilan, önümüz isə Qubadlı istiqamətinə idi. Hətta erməni polkovnikinin “Ural”ını da gətirmişdik. Bizim uşaqlar isə yuxarıda ermənilərin qalıqlarını “təmizləyirdilər”. Ermənilər “blindaj”lardan, hərbi sursat yeşiklərinin altından çıxıb “Ural”ı işə salıb qaçmaq istəyəndə biz yetişdik. 6 əsgərim və bir də mən idim. Həmin müddətdə biz “Ural”ı bizdən arxadakılara təhvil verdik və bir neçə saat gözlədik. Bir qədər sonra bir “Niva” gəldi, bildirdi ki, buranı təcili tərk edin, Laçın istiqamətindən 80 nəfərlik erməni qrupu gəlir. Mən uşaqlara dedim ki, tələsməyin, onsuz maşın da yoxdur, piyadayıq. Biz bura qaçmağa gəlməmişik. Uşaqlar da ki, canavardırlar. Mənə dedilər ki, komandir, mövqeyimizi alaq?! Biz bir az qarşı tərəfə getdik, Laçın istiqamətinə tərəf hərəkət elədik. Çünki həmin yollar bir az minalanmışdı. “Ural”ı götürdüyümüz təpəliklərdə mövqeləndik. Bir də gördüm ki, üstümüzə bir sürü adam gəlir. Doğrusu, əsgərlərimin şəhid olmasından, əsir düşməsindən qorxdum. Dərhal ara məsafəsi ilə onlara qarşı mövqe tutduq. 15-20 metrdən bir snayper, sonra bir “PK”, ardınca avtomat, sonra yenə snayper... Uşaqları bu cür düzdüm. 8 snayper əsgərim və 10 nəfər kəşfiyyatçı əsgərim, bir də mən... Uşaqları yerləşdirdikdən sonra özüm də sağ və sol cinahlarda yerimi dəyişə-dəyişə işləyirdim. Uşaqlara sadəcə bir əmr verdim: yalnız tək-tək atın. Patronumuz o qədər də çox deyildi. Söylədim ki, bacardığımız qədər atacağıq, imkan olsa, əlbəyaxa çıxacağıq, mümkün olmasa, geri çəkiləcəyik. Şükür Allahın birliyinə, nəticə kifayət qədər yaxşı oldu. Uşaqlar çox yaxşı döyüşdülər, yerindən tərpənən ermənini vururdular. Özü də əminliklə nişan alırdılar. Həmin 80 nəfərin bir neçəsini bizim uşaqlar, canavarlarım məhv elədi. Dağın üstündə koordinat götürən erməni əsgərlərini gördük. Oranı “USV” ilə vura bilmədik. Çünki dağın o tərəfi idi. Binoklla baxanda gördüm ki, oradan üstümüzə ya mərmi yağacaq, ya da əlavə qoşun göndərəcəklər. Bir qədər sonra üstümüzə snaryad atmağa başladılar. Özü də üç-üç, beş-beş yox, yeddi-yeddi, səkkiz-səkkiz atırdılar. Çox şükür, yaralımız, şəhidimiz olmadı. Bir də binoklla baxdım ki, bizim “MAZ” gəlir. “MAZ”ın sürücüsü peşəkar idi, torpaq yolda tozu qaldırıb, sonra asfalt yolla davam edirdi. Erməni də tozu görüb oranı vururdu (gülür). Bir sözlə, bizə tuşlanan minomyot atəşini özünə çəkdi. Həmin gəncəli Orxan bizim yanımıza necə gəldi, bizi mühasirədən necə çıxardı, onu bir Allah bilir. Bütün bunlar iki saatın içərisində baş vermişdi. 80 erməniyə qarşı 19 nəfər döyüşdük və onları yerlərində otuzdurduq. Sol və sağ cinahlar işləyirdi, orta gözləyirdi. Sonra əksinə... bu qayda ilə düşməni çaş-baş salmışdıq.
- Bəs müharibənin bitməsini eşidəndə harada idiniz?
- Müharibənin bitməsini Qubadlıda eşitdik. Doğrusu, bir qədər kədərləndim ki, niyə bitdi. Sonradan məlum oldu ki, bu, Ermənistanın kapitulyasiyasıdır. Yəni tam məğlubiyyətidir. Ondan sonra ürəyimiz sakitlik tapdı. Amma atəşkəsdən sonra da Qubadlı istiqamətində müharibə tam bitmədi, ermənilər ara-sıra atırdılar və cavablarını da layiqincə alırdılar. Bu gün əsgərlərimlə yenə əlaqə saxlayıram. Deyirlər ki, komandir, müharibə başlasaydı, yenə gedərdik.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO