• USD 1,7000 0,00% EUR 1,9719 -0,54%
    • GBP 2,3391 -0,18% RUB 0,0244 +0,82%

Tehranda bir neçə bomba partlasa, İran-Azərbaycan müharibəsi... - Türk ekspertdən SENSASİYA /VİDEO

  • Xüsusi
  • 8 Oktyabr 2021 16:25
  • 14 539 Baxış
Tehranda bir neçə bomba partlasa, İran-Azərbaycan müharibəsi... - Türk ekspertdən SENSASİYA

Video əlavə olunub.

***

Son günlər Azərbaycan-İran münasibətlərində gərginlik yaşanır. Hətta cənub qonşumuz Azərbaycan-İsrail münasibətlərinə görə Bakıya “əzələ nümayişi” göstərir. Bu məqsədlə İran ordusu Arazın o tayında hərbi təlimlərə də başladı.

Üstəlik, son günlər yayılan məlumatlara görə, 44 günlük müharibə dövründə İran Ermənistana Arazın o tayından kəşfiyyat məlumatları ötürüb. Söhbət İranın 80-90 əsgərinin Xudafərin həndəvərindən ordumuzun əməliyyat planları ilə bağlı məlumatlar ötürməsindən gedir.

Bəs indiki mərhələdə İran-Azərbaycan “soyuq savaşı” nə ilə nəticələnə bilər?

Bütün bunları “Cümə söhbəti”ndə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktayla müzakirə etdik.

QAFSAM rəhbəri Publika.az-a müsahibəsində bildirdi ki, ən pis ssenari kimi İran-Azərbaycan müharibəsi başlaya bilər.

- Hasan bəy, 44 günlük müharibə dövründə İranın Ermənistana Arazın o tayından kəşfiyyat məlumatları ötürməsi ilə bağlı iddialar var. İran ordumuzun əməliyyat planları ilə bağlı hansı məlumatları ötürüb?

- Azərbaycanın 44 günlük Qarabağ müharibəsindəki uğurlarının PUA və donanma texnologiyalarından istifadə olunaraq əldə edildiyi ilk gündən bəri mətbuatda öz əksini tapan nüanslardandır. Bütün diqqətlər bu texnologiyaya yönəldilmişdi. İran isə şimalında baş verən hadisələrdən narahatlığını daim ifadə edirdi. Çünki Birinci Qarabağ savaşında İran Ermənistana dəstək vermişdi. Elə bu münaqişə də Qafqazda Rusiya-İran ittifaqı nəticəsində meydana gəlmişdi. Nəticədə Qarabağ ermənilər tərəfindən işğal edilmişdi və oradakı separatçı rejim və onların “idarəetməsi” İran üçün böyük bir üstünlük sayılırdı. Son 30 illik zaman zərfində həm Rusiya, həm də İran bölgədəki mövcud geosiyasi vəziyyətdən öz xeyirlərinə istifadə etdilər. Türkiyə və Azərbaycan arasında süni şəkildə yaradılan bufer zona Türk dünyasının sonrakı və ya gələcək inkişafına böyük maneə idi. Sentyabrın 27-də Qarabağ müharibəsi başlayanda İran bu savaşın qısa və orta perspektivdə özünə zərər verəcəyini hesablayaraq Ermənistana dəstəyini davam etdirmək haqqında qərar qəbul etdi.

- Bəs sonra nə baş verdi? Xudafərin körpüsü yaxınlığında 70-80 nəfərə yaxın iranlı hərbçinin radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləməsi doğrudurmu?

- Müharibənin ilk günlərində PUA texnologiyası ilə məhv edilən hədəflər televiziyalarda göstərildi. Bundan narahat olan İran dərhal hərəkətə keçdi. İran rəsmiləri PUA-ların və digər döyüş silahlarının siqnallarını kəsə bilən, ermənilərə qan ağladan müasir pilotsuz uçuş aparatlarının daha böyük təsirlərinə son qoyacaq texnologiya ilə təmin etmək üçün Ermənistanla əlaqə saxladılar. Amma bu mövzuda ciddi razılaşma olmadı. Burada Nikol Paşinyanın məsələyə münasibəti də vacibdir, çünki o, müharibənin uzanmasını istəmirdi. Buna baxmayaraq, İran Araz çayı sahilində qurduğu elektron monitorinq sistemi ilə müharibəni izlədi və Ermənistan ordusuna maddi-texniki dəstək verdi.

- Nəticə nə oldu? İran arzusuna çata bildimi?

- İran Azərbaycanın Türkiyə və İsraildən aldığı yeni texnologiyasını zərərsizləşdirə bilmədi və müharibənin sonunda Azərbaycan erməni işğalı altındakı torpaqlarını xilas edə bildi. Burada bir məsələni də qeyd etməyi vacib sayıram; taktika və strategiya olaraq Azərbaycan 44 günlük müharibədə birbaşa Xankəndini vurmadığı üçün hazırda bir çox problemlə üz-üzədir. Bakı müharibənin qalib tərəfi olsa da, hazırda bir çox problemlə üzləşməkdədir. Bu problemlərin ən önəmlisi İranın Azərbaycana münasibətidir. İran müharibə zamanı Ermənistana istədiyi yardımı göstərə bilməsə də, Tehran hazırda ortaya çıxan problemlərdən istifadə etməyə çalışır. İran istəyir ki, heç olmasa, bundan sonrakı nəticələr Ermənistanın xeyrinə olsun. Xüsusilə də müharibənin sonunda Bakıda keçirilən Qələbə paradı zamanı Türkiyə Prezidenti Ərdoğanın oxuduğu şeir İranı ciddi narahat etdi. Hətta İranın Xarici İşlər Nazirliyi ilə “fikir mübadiləsi aparmaq” pərdəsi altında Türkiyənin Tehrandakı səfiri İran XİN-ə çağırıldı.

- Tehranla Bakı arasındakı son gərginliklərin pərdəarxasında hansı amillər dayanır?

- Son bir ay ərzində İrandakı mülki və hərbi məntəqələrdə təxribatın baş verməsi İranı həddən artıq narahat etdi. Tehran bu hadisələrin arxasında Bakının olduğunu iddia edərək Araz çayı xəttində Azərbaycana qarşı “əzələ nümayişi” hesab olunan hərbi təlimlərə başladı. Daha dəqiq desək, Tehran Bakıya güc göstərişi olan təlimlər keçirməyin “zəruriliyini” hiss etdi. İran xüsusilə də Azərbaycan-İsrail münasibətlərində yüksələn inkişafdan olduqca narahatdır. Tehran bunu açıq şəkildə büruzə verir. Qarabağ savaşında İranın gözləntilərinin əksinə olaraq Azərbaycanın qalib gəlməsi, eləcə də Azərbaycan-Türkiyə-Pakistan-İsrail arasındakı münasibətlərin sürətli inkişafı İranı narahat edən əsas amillərdəndir. Ümumiyyətlə, İranın irəli sürdüyü iddiaların heç bir əsası yoxdur və absurddur. İranda baş verən təxribatların arxasında Azərbaycanın olması isə Tehran rəsmilərinin uydurmalarından və fantaziyalarından başqa bir şey deyil. Hətta bu, müzakirə mövzusu belə deyil. Fəqət, İran rəsmilərinin canını qorxu bürüyüb ki, guya Azərbaycanda İsrail hərbi bazası qurulub. İran özünün şimal bölgəsində qurulduğunu iddia etdiyi həmin “bazalara” görə narahatdır. Elə buna görə də İran Azərbaycana qarşı əsassız iddialarının sayını artırıb və müxtəlif səpkili “əzələ nümayişləri” də buna görədir. Bu artan gərginlik müharibəyə çevrilməsə də, qısa və orta perspektivdə Cənubi Qafqazın gündəmini ciddi şəkildə təşkil edəcək. Türkiyə bütün hallarda və istənilən şərtlər daxilində Azərbaycanın yanında olacaq. Eyni zamanda Pakistan da Azərbaycanın yanındadır. O ki, qaldı Azərbaycan-İsrail münasibətlərinə, Azərbaycan müstəqil dövlətdir, kimlə istəyirsə, onunla da müstəqil şəkildə münasibətlərini qura, inkişaf etdirə bilər. Bu səlahiyyət Azərbaycanın özünə aiddir. Bu məsələdə nə İranın, nə də Türkiyənin Azərbaycanın kimlə münasibət qurmaq siyasətinə müdaxilə etmək haqqı var. İranın Azərbaycana qarşı birbaşa açıq müharibə aparması mümkün deyil.

- Görünən odur ki, İran Azərbaycanla bağlı müəyyən məsələlərdən panikaya düşüb. Tehranın “panik-atak” keçirməsinin səbəbi nə ola bilər?

- Azərbaycanın milli dövlətçiliyinin daha da möhkəmlənməsi üçün milli ideologiyaya ehtiyacı var. Heç şübhəsiz ki, bu da türk milliyyətçiliyi idelogiyasıdır. İran Azərbaycanda öz təsir dairəsini itirib. Üstəlik, İran anlayır ki, öz ərazilərində türklər milli oyanış mərhələsindədir. Bunları müşahidə etdikcə İran ciddi şəkildə panikaya düşür. Hadisələrin belə bir inkişaf xətti götürməsi İranı narahat edir, buna görə də Tehran Cənubi Qafqazda itirdiyi nüfuzunu geri qaytarmaq üçün Türkiyə və Rusiya ilə görüşlər keçirməyə can atacaq.

- İndiki mərhələdə İran-Azərbaycan müharibəsi gözləniləndirmi?

- İran bölgədə müharibə riski ilə üzləşmək istəmir. Buna baxmayaraq, qeyd etdiyim kimi, Azərbaycan-İsrail münasibətləri İranı ciddi şəkildə narahat edir. Eyni zamanda son dönəmlər İranda qeydə alınan ard-arda təxribatlara görə, rəsmi Tehran baş verənlərin səbəbini Azərbaycan-İsrail münasibətlərində axtarır. Günahkar kimi Təl-Əviv-Bakı münasibətlərini görür. Əgər yaxın günlərdə Tehranda bir neçə bomba partlasa, bu, istər-istəməz İranın Azərbaycana qarşı daha sərt mövqe tutmasına səbəb olacaq. Çünki İranın açıq şəkildə xarici düşmənə ehtiyacı var. İran öz xalqına böyük bir uğur bəxş etmək üçün Azərbaycanla qısamüddətli müharibəyə başlaya bilər. Bu, çox zəif bir ehtimal olsa da, belə bir yanaşmanı da diqqətdən kənarda qoymaq olmaz. Tehran Bakı ilə açıq savaşa girmək istəməsə də, Azərbaycanın daxilində aranı qarışdıra bilər. Ən pis ssenari kimi düşünmək olar ki, İran-Azərbaycan müharibəsi başlasın, təbii ki, bu, bir ehtimaldır. Amma belə olan halda İranın daxilindəki türklər elə İranın özünə qarşı səfərbər ola bilərlər.

- İranın indiki məqamda nüvə silahına sahib olması bölgədə hansı narahatlıqlar yarada bilər?

- Hazırda İran nüvə silahı əldə etmək üçün çox böyük mübarizə aparır. ABŞ və İsrail isə bunun qarşısını almağa çalışır. Məhz buna görə də İrana qarşı hərbi əməliyyat ola bilər.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR