• USD 1,7000 0,00% EUR 1,9253 -0,05%
    • GBP 2,2596 -0,19% RUB 0,0229 -0,44%

İran üçün alternativ yoxdur: Hansı razılıqlar əldə olunub? - Politoloq DETALLARI AÇIQLADI

  • Xüsusi
  • 21 Oktyabr 2021 15:41
  • 9 067 Baxış
İran üçün alternativ yoxdur: Hansı razılıqlar əldə olunub? - Politoloq DETALLARI AÇIQLADI

Ölkə başçısı İlham Əliyev Zəngilana səfər edərkən ictimaiyyət nümayəndələri ilə görüşdə söylədi ki, Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var, son proseslər də bunu göstərir.

Söhbət hansı irəliləyişdən gedir? Pərdəarxasında nələr baş verir? Daha hansı oyunçular bu dəhlizin açılmasında maraqlıdır?

Publika.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.

- İlqar bəy, Prezident Zəngilan səfəri zamanı söylədi ki, Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var. Ölkə başçısı hansı irəliləyişləri nəzərdə tuturdu?

- Doğrudur, ilk baxışda Zəngəzur dəhlizi ilə bağlı üzdə hər hansı bir dəyişikliyin, irəliləyişin baş verməsi müşahidə olunmur, nəzərə çarpmır. Amma son günlər baş verən hadisələri təhlil edəndə bu istiqamətdə irəliləyişlərin olmasını müşahidə edə bilərik. Bu həftə içərisində Rusiyadan böyük bir nümayəndə heyəti Ermənistana getdi. İlk növbədə Rusiya baş nazirinin müavini Overçukun başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri diqqət çəkdi. Bunun ardınca irihəcmli biznes-forum baş tutdu. Bu hadisələrdən daha əvvəl isə Rusiya Dəmir Yolları Ermənistana yeni yük qatarları göndərdi. Bu, yeni və bəlli bir proqram çərçivəsində həyata keçirilir. Həmin proqram da 2024-cü ilə qədər bir dövrü əhatə edəcək. Rusiyalı biznesmenlər bildiriblər ki, Ermənistana irimiqyaslı xərclər qoyacaqlar, investisiya yatıracaqlar.

- Bütün bunlar nədən xəbər verir?

- Bu, həmin Ermənistandır ki, 15 il öncə də vəziyyət eyni idi, indi də eynidir. Hətta son dövrlər Ermənistanda vəziyyət daha da mürəkkəbləşib. Soruşa bilərsiniz ki, Ermənistana investisiya yatırımı marağı haradan qaynaqlanır?! Özü də rusiyalı investorlar ürəklə bu sərmayə yatırımlarından danışırlar. Bütün bunlar ondan xəbər verir ki, həmin investisiyalar üçün indi siyasi baxımdan daha təhlükəsiz şərait yaranıb. İndiyə qədər Rusiya ilə Ermənistan arasında belə bir rabitə yox idi. Dəmir yolu rabitəsi mövcud deyildi. Digər rabitələr də bərbad vəziyyətdədir. Yalnız Yuxarı Lars istiqamətində avtomobil yolunun ümidinə qalmışdılar. Həmin yol da hər iki tərəfi qane etmirdi. İndi Zəngəzur dəhlizinin açılması imkan verir ki, Rusiyanın şirkətləri, malları Ermənistana problemsiz daxil olsun. Çünki münaqişə artıq arxada qalıb. Bu da yükdaşımaların həcminin artmasına səbəb ola bilər. Qırxdan çox vaqonun Ermənistana, daha doğrusu Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu Dairəsinə verilməsi o deməkdir ki, həcm artacaq. Həmin qurum da Rusiya Dəmir Yollarına tabedir.

- Bəs niyə Bakı bu barədə açıq ismarışlar verir, İrəvan isə yox?

- Doğrudur, Ermənistan siyasi rəhbərliyi Zəngəzur dəhlizilə bağlı bunları dilə gətirmir. Dolayı yolla bu gedişatların nəyə gətirib çıxaracağını düşünmək mümkündür. Digər tərəfdən, Zəngəzur dəhlizi imkan verəcək ki, rusiyalı investorlar daha təhlükəsiz şəkildə Ermənistana gedə, orada öz işlərini qura bilsinlər. Ermənistan mallarının da əsas bazarı Rusiyadır. Dəhliz imkan verəcək ki, Ermənistan da öz məhsullarını rahat şəkildə Rusiya bazarlarına çatdırsın. Burada əsas qarant isə Azərbaycandır. Hazırda Azərbaycan Rusiyanın, Moskva da Bakının qarşısında qarant olaraq çıxış edir. Çox güman ki, cənab Prezident Zəngilanda Zəngəzur dəhlizi ilə bağlı pərdəarxasında baş verən prosesləri nəzərə alaraq belə deyib. Düşünürəm ki, erməni tərəfi bir müddət bu irəliləyişləri gizlədəcək. Amma bu, çox uzunmüddətli deyil. Dünən də üçtərəfli komissiyanın görüşü baş tutub. Həmin görüşlərdə bu məsələlər müzakirə olunur. Yükdaşımaların hansı şərtlərlə aparılması, təhlükəsizlik məsələləri, zəmanətin kim tərəfindən verilməsi, yükdaşımaların xarakteri, həcmi ilə bağlı çox güman kimi danışıqlar gedir. Güman ki, erməni tərəfi də öz təkliflərini təqdim edir. Onlar İcevan-Qazax yolu ilə bağlı təkliflər irəli sürürlər. Biz buna da etiraz etmirik, fikirləşirik ki, həmin yolla da müəyyən yüklər daşına bilər. Həmin yüklərin nəinki Ermənistana, hətta Türkiyəyə də daşınması mümkündür. Ermənistanla Türkiyə arasında da Gümrü-Qars dəmir yolu xətti mövcuddur. Həmin yol vasitəsilə bir sıra yüklər daşına bilər. Bütün bunlar ondan xəbər verir ki, proseslər gedir. Sadəcə olaraq biz bunları açıq şəkildə ifadə edirik. Misal üçün, deyirik ki, bizdə Horadiz-Ağbənd yolu inşa olunur. Eyni zamanda Ordubad istiqamətində yollar tikilir. Amma Ermənistan tərəfi bunu demir.

- Səbəbi nədir? Paşinyan hökuməti nədən qorxur?

- Görünür, qorxurlar ki, ictimai reaksiyalar ola bilər. Eyni zamanda siyasi təzyiqlərin artmasından qorxurlar. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı heç nə demirlər. Yenə deyirəm, bu gün bu haqda fikir bildirmirlər. Amma sabah məcbur olub hamısını açıqlayacaqlar.

- Ötən həftə Azərbaycan tərəfi erməni diversantların bəzilərini Ermənistana qaytardı. Sizcə, onlar hansı şərtlər qarşılığında qaytarıldı?

- Bu, üçtərəfli komissiyanın iclasından öncə atılan addımdır. Onu göstərir ki, Azərbaycan öz xoşməramlılığını bir daha nümayiş etdirir. Eyni zamanda Bakı bu addımla öz siyasi iradəsini ortaya qoyur. Bundan əvvəl Ermənistan tərəfi Azərbaycana irad tuturdu ki, biz qarşı tərəfə necə etibar edək, etimad göstərək ki, onlar bizim “hərbçilərimizi” hələ də əllərində saxlayırlar, geri qaytarmırlar. Bu kimi fikirlər səsləndirirdilər. Belə olan halda etibarlılıq “itirdi” və digər layihələri həyata keçirmək çətinləşirdi. Onların arqumentləri bu idi. Biz bununla göstəririk ki, Ermənistana qarşı xoşməramlı addımlar ata bilərik. Bunun üçün Ermənistan tərəfi də əks addımlar atmağa hazır olmalıdır. Biz üçtərəfli komissiyanın iclasından öncə öz addımımızı atdıq. İndi qarşı tərəfdən analoji addım gözləyirik. Çox güman ki, Ermənistanın arqumentləri daha da zəifləyəcək. Bundan sonra üçtərəfli komissiyanın iclaslarında Azərbaycanla dialoq daha səmərəli ola bilər.

- Xankəndinə icazəsiz və qanunsuz yüklər daşıyan, Azərbaycan tərəfindən saxlanılan iranlı sürücülər də artıq geri qaytarıldı. Gələcəkdə İran da Zəngəzur dəhlizinə qoşulacaqmı?

- İranın başqa çarəsi yoxdur. İrandakı hansısa siyasətçinin nəsə deməsi mövcud reallığı dəyişdirə bilməz. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizindən başqa İran üçün alternativ yol yoxdur. Ermənistandan keçən yollar İran üçün Azərbaycandan keçən yolların alternativi ola bilməz. Çünki Ermənistandan keçən yol kənar yerlərdən keçir və mürəkkəb relyefləri əhatə edir. Təsəvvür edin, Lars yolu ilə TIR-lar keçir. Onlar saatlarla dar yollardan keçməlidirlər. Yük həcmi də az olacaq. Biri var TIR-larla, biri də var dəmir yolu ilə daha sərfəli şərtlərlə, daha irihəcmli yüklər daşıyasan. Düşünürəm ki, bunu İran nümayəndələri də bilir. Üstəlik, bu məsələdə Tehran Moskvadan da razılıq ala bilmədi. Rusiya tərəfi dolayı yolla bunlara dedi ki, artıq şərtlər dəyişib, biz özümüz də Azərbaycan tərəfi ilə məsləhətlər apardıqdan sonra maraqlarımızı təmin edə bilirik, bizi öz oyunlarınıza qatmayın, gedib Azərbaycanla məsləhətləşin. Çünki Azərbaycan ərazisidir və onun ərazisi ilə bağlı şərtləri Rusiya yox, Azərbaycan tərəfi müəyyənləşdirir. Rusiya İrana görə Azərbaycanla münasibətlərini pisləşdirmək istəmədi.

- Yəni cənub qonşumuzla münasibətlərimiz bundan sonra daha da yaxşılaşacaq?

- Yəqin ki, yaxın gələcəkdə Tehran-Bakı münasibətləri öz qaydasına düşəcək. Tarix də göstərir ki, Azərbaycan-İran münasibətlərinin alternativi yoxdur. Bu həm Azərbaycan, həm də İran üçün belədir. Çünki İranın Qafqazla ümumi sərhədinin 90 faizini Azərbaycan-İran sərhədi təşkil edir. Ermənistanla İranın sərhədi çox azdır. Şimal-Cənub dəhlizinin qurulması da İranla Azərbaycan münasibətlərinin normallaşmasından keçir. Bizim başqa cənub qonşumuz yoxdur. İran da, Azərbaycan da reallığı qəbul etməyə məcburdur. Gələcəkdə Qatarla, Pakistanla yükdaşımalar da İran ərazisindən keçəcək. İran bizim üçün alternativi olmayan ölkədir. Prezidentimiz də deyib ki, İranla münasibətlərin normal qaydada inkişafında maraqlıyıq. İran da analoji addımlar atacaq və vəziyyət yaxşıya doğru inkişaf edəcək.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR