Ölümündən 67 gün sonra dəfn edilən şəhidin atası SİRLƏRİ AÇDI: Yuxuda gördüm ki, yelləncəkdə... - FOTO
Bizi izləyin

Xüsusi

Ölümündən 67 gün sonra dəfn edilən şəhidin atası SİRLƏRİ AÇDI: Yuxuda gördüm ki, yelləncəkdə... - FOTO

Atasının dilindən 18 yaşlı şəhidimiz Cabar Əkpərovun dünyaya həm gəlişini, həm də gedişini hüzün-hüzün seyr edirəm. Həsrətin ən ağır notlarına köklənən xatirələri dinlədikcə gözümün önündə qorxmaz, mərd, sözündə və əməlində bütöv olan bir əsgər canlanır. Dərk edirəm ki, döyüş meydanlarında torpağın müdafiəsinə qalxan oğullarımızın şücaətləri və qəhrəmanlıqları haqqında nə qədər az bilirik. Ruhun böyüklüyü, xarakterin gücü qarşısında baş əyməli olduğumuz neçə-neçə qərhəmanın tale yolu ilə biz hələ tanış deyilik.

Publika.az oxucuları bu yazıda 18 yaşlı qəhrəman şəhid Cabar Əkpərovun ömür yolu ilə tanış edib.

Dosye:

Cabar Əkpərov 2002-ci il 17 iyul tarixində Xaçmaz rayonunda dünyaya gəlib. Orta təhsilini Xaçmaz rayonu Müşfiq kənd orta məktəbində alıb. 2016-2018-ci illərdə kikboks idman növü ilə məşğul olub. İdman sahəsində bir çox nailiyyətlər əldə edib, medal və fərmanlarla təltif olunub. Azərbaycanda keçirilən dünya çempionatında qara kəmər qazanıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, Cabar Əkpərov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

View this post on Instagram

A post shared by Şəhid Əkpərov Cabar (@sehid.ekperov.cabar)

Cabarın uşaqlığından söz açan şəhid atası Əşrəf Əkpərov danışır ki, oğlu kəndin hörmətli gənclərindən olub:

“Oğlumla həmişə fəxr etmişəm, qohum-əqrəbanın sevimlisi idi. Məndən çox Cabarı tanıyırdılar. 18 yaşı olsa da, çox hörmət qazanmışdı. O qədər gözəl xasiyyəti vardı ki, bu barədə günlərlə danışa bilərəm. Uşaqlıqdan idmana maraq göstərib. İdman üzrə 9 medal, 13 diplomu var. Bərbərliyi də bacarırdı, həm də çox gözəl rəqs edərdi. Evin ilki idi, ona görə də bütün məsuliyyət onun çiyinlərinə düşürdü. Bir dəfə də olsun bizi incitməyib, yalana qarşı xüsusilə həssaslığı var idi, haqsızlığı da heç vaxt bağışlamazdı. İnsanlarla çox rahat dil tapırdı. Onunla hər mövzuda söhbətləşə bilərdin.

2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Cəmi 2 ayın əsgəri olmasına baxmayaraq, döyüşlərə qatılıb. Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da müharibə yoldaşları ilə birlikdə mühasirəyə düşüb. Əsgərlərin çoxu mühasirədə şəhid olub”.

Odlu-alovlu döyüş bölgəsinə yollanmazdan əvvəl Cabar Əkpərov anasının doğum gününü sonuncu dəfə təbrik edib və ondan hallallıq alıb:

“Amma anasına müharibə barəsində bir kəlmə danışmayıb. Deməyib ki, cəbhə bölgəsindədir, hər zamankı kimi deyib-gülərək sağollaşıb. Heç kimə əziyyət verməzdi. Hər zəng edəndə “Mən çox yaxşıyam” deyirdi. Onda Rusiyada idim. Oğlumla sonuncu dəfə sentyabrın 24-də danışmışdım. Nə biləydim ki, bir neçə gündən sonra Cabar xalqın qəhrəmanına çevriləcək...”

67 gün oğlundan xəbər ala bilməyən Əşrəf Əkpərov deyir ki, oğlunun cənazəsi tapılana qədər bir an belə ümidlərini üzməyiblər. Cabbarın sağ-salamat evə qayıdacağı günü səbirlə və mətanətlə gözləyiblər:

“Son zəngi sentyabrın 30-da oldu. Bir neçə gün gözlədik, oğlumdan nə zəng gəldi, nə də bir soraq. Sonra axtarış verdik, noyabrın 18-i Rusiyadan gəldim, hərbi hissələrdə oldum, Hərbi Prokurorluğa getdim, Prezident Aparatına və digər orqanlara məktub yazdım, komandirləri bizə dedi ki, Murovdadırlar, ona görə zəng çatmır. Halbuki oktyabrın 1-də şəhid olublar, cəsədləri neytral bölgədə qaldığı üçün təhvil verə bilməyiblər. Sonra morqları gəzib bir-bir tanınmaz hala düşən şəhidlərə baxdım... O günlərdə nə yaşadığımı demək çətindir, bircə onu deyim ki, dözülməz idi... Dekabrın 6-da axşam saatlarında Hərbi Prokurorluqdan xəbər verdilər ki, DNK testi təsdiqlənib, oğlunuzun cənazəsini sabah göndəririk. Şəhid olandan 67 gün sonra dəfn olundu”.

Cabarı şəhid olan gün yuxuda gördüyünü deyən qəhrəman atası onu xilas edə bilməməyin ağrısını ömür boyu qəlbində daşıyacağını bildirir:

“Yuxuda gördüm ki, yelləncəkdə yellənir. Sonra qalxmaq istəyir, amma qalxa bilmir. İpləri tutub saxlasam da, bir faydası olmur. O, bir də cəhd edəndə yuxudan ayıldım. Fikirləşdim ki, bu, nə yuxu idi... Onda işarələrə inanmaq istəmirdim, ağır gəlirdi. Ümid edirdik ki, bəlkə əsir düşüb, bəlkə sağ-salamatdır...

Ürəyimdə oğluma deyə bilmədiyim o qədər söz yığılıb ki... Pandemiya səbəbilə nə əsgər gedəndə, nə də andiçmədə gedə bildim, oğlumla son dəfə sağollaşa bilmədim. Cabar bütün uşaqlardan seçilirdi, hər işi bacarırdı, nə yorular, nə də bezərdi. İndi bizə ondan qalan fotolardır tək təsəllimiz...

Arzum sadəcə odur ki, Müşviq kəndində oğlumun adına bir bulaq inşa edilsin. Bunun üçün artıq bələdiyyə və icra nümayəndəliyinə müraciət etmişik, söz veriblər ki, bir neçə aya həll olunacaq. Ümid edirik ki, bulaq tezliklə hazır olar”.

Əşrəf bəy qürurla vurğulayır ki, biz bu gün şəhidlərimiz sayəsində sülhün və harmoniyanın hökm sürdüyü müstəqil, firavan ölkədə yaşayırıq. Xalqımız şəhidlərin miras qoyduğu sakit səmanın qədrini bilməlidir, eyni zamanda övladlarımızı vətənpərvərlik, öz tarixinə, əcdadlarının irsinə hörmət ruhunda tərbiyə etməliyik.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm